Dərs
Hekayə
Onlayn ingilis dili qrupunda iki
nəfər oğlan idik. Müəlliməmiz isə qara saçları və qara qaş-gözüylə
çox gözəl görünən təxminən
24-25 yaşlı bir qız idi. Onun ailəli olub-olmadığını
bilmirdik. Amma zahiri
görkəminə qarşı
laqeydliyinə və heç vaxt bəzənib-düzənməməsinə əsasən zəif ehtimalla da olsa,
belə düşünürdüm
ki, o, ailəlidir.
Bəzən dərs vaxtı fikrim yayınıb başqa yerlərə gedəndə,
bir də o vaxt ayılırdım ki, qulaqlarım, ekranın o tayında danışan müəlliməni
eşitmək əvəzinə,
sinsi oğrular kimi o 25 yaşlı qızın oturduğu otağın qapısını
açıb evin başqa otaqlarına getmək və hardansa bir uşaq
səsi eşidib geri qayıtmaq üçün məni öz arxasınca sürüyür. Mən xəyalən ekranın o tayına adlayaraq müəllimənin arxasında
görünən televizorun
yanından keçib,
sakitcə otağın
qapısını açır
və sağa-sola boylanaraq digər otaqlara bir-bir göz qoyarkən taxtın üstündə
uzanıb telefonla oynayan bir kişi və beşikdə yırğalanan
bir körpə görüb geri qayıdırdım.
Belə
vaxtlarda müəllimənin
təkrar-təkrar mənə
səsləndiyini eşidən
kimi vəziyyətdən
çıxmaq üçün
kiçik bir yalan uydurur və:
- Deyəsən, səsdə
problem var e, - deyərək,
yalandan kompüteri qurdalamağa başlayırdım.
Qrupdakı digər tələbə
iş yoldaşım idi, amma bir həftə
əvvəl bütün
iş yerləri yeni yayılmağa başlayan virus səbəbindən
bağlandığına görə
biz o müəllimənin ailəli
olub-olmamasıyla bağlı
müzakirəmizi ikimizin
də evinə yaxın olan parkda axşam gəzintisi zamanı aparırdıq və o, mənim çoxdankı ehtimalımın nə üçün yanlış
olduğunu izah edirdi:
- Kosmetika vurmamağının
evli olmaqla nə əlaqəsi? Ona görə vurmur ki, bütün günü evdədi.
Amma ümumiyyətlə, məncə,
ailəli deyil, şansını bir yoxla istəyirsən.
Nə vaxtacan subay qalassan? Ailə həyatı yaxşı
şeydi.
Beşinci onlayn görüşümüzdən
sonra müəllimə
dərslərə bir
həftəlik fasilə
vermək məcburiyyətində
olduğunu dedi və mən yalnız, həmin həftəni ingilis dili dərsləri olmadan keçirdiyim vaxt anlaya bildim
ki, özümdən başqa heç kəsin yaşamadığı
bu kirayə evin divarları, indiyə qədər gündüzlərimi işdə,
axşamlarımı isə
siqaret tüstüləri
ilə dumanlanan və nərd-domino şaqqıltılarının, müştəriləri ən
qəmli musiqi kimi ovutduğu çayxanalarda keçirdiyim
üçün mənim
üstümə gəlmirmiş. Məni darıxmaqdan və sıxıntıdan saxlayan
şeyin ingilis dilinin özündən daha çox, həftədə üç
dəfə üzünü
gördüyüm o qız
olduğunu da o günlərdə hiss elədim.
Və həmin
vaxt qərara gəldim ki, bu dəfə dərsə başladıqdan
sonra ona daha fərqli nəzərlərlə baxım.
Yəqin, elə bu qərarı
verdiyim üçün
növbəti həftə
dərsə başlayanda
o, mənim gözlərimə
daha gözəl, daha xoş göründi. Hətta mən,
illərdir yaşamadığım
sevgi duyğusunun yenidən ürəyimə
girməyə başladığını,
qapısı ağzında
gözlənilməz ayaq
səsləri eşidib
qulaqlarını şəkləyən
adamların təəccübü
və qorxusuyla hiss etdim. Amma bu təəccüb
və qorxunu xoşbəxtliklə əvəz
etmək mənim üçün çətin
olmadı. Bu hissin şirinliyindən gecələr yuxuya gedərkən pəncərədən
çölə baxa-baxa
həyatın çox
gözəl olduğunu
düşünür və
o qızın bəzək-düzəksiz,
sadə üzünü
gözlərim önündə
canlandıraraq növbəti
dərsin gəlişini
arzulayırdım.
Növbəti dərsdə bizim iki nəfərlik qrupa başqa bir tələbə də daxil oldu. Bizlə təxminən
eyni yaşlarda olan həmin oğlanın dərs vaxtı gah açıq, gah da bağlı qalan kamerası onun yaraşıqlı simasından əlavə, həm də evinin içini göstərərək bizə
onun nə qədər varlı olduğu ilə də bağlı məlumat verirdi. Hər gün qarşısında
nə cür danışacağımı xəyal
etdiyim müəlliməni
sonrakı dərs ilk dəfə olaraq kosmetikayla gördüm.
Onun daha da gözəlləşdiyini
hiss etsəm də, bu məni, nədənsə,
narahat elədi. Və mən dərs boyu onun yeni
tələbəylə ünsiyyətinə,
o tələbəylə necə
davrandığına fikir
verərkən bu narahatlığımın səbəbini
anladım. Növbəti üç dərsdə də o, kosmetikalı idi və həmin
dərslərin birində
saçını adi
formada yığsa da, digərlərində saçına nəsə
bir dəyişiklik edib daha fərqli
gözəllikdə görünməyi
bacarmışdı. Sonrakı dərsdə
isə həmin oğlan daha qrupda yox idi,
çünki müəllimənin
dediyinə görə
o, hazırlığa fərdi
şəkildə davam
etmək qərarını
vermişdi.
Ayın axırına yaxın dərsləri dayandırdım. Növbəti ayın ortalarında isə həmin oğlanın instaqram profilində bir axşamüstü paylaşdığı
şəkli gördüm.
Bir-birindən yapışan iki
əlin sahiblərindən
biri yəqin ki, özü idi, amma incə
və gözəl görünən digər
əlin sahibinin üzü görünmürdü.
Onun üzünü təxminən
iki ay sonra həmin oğlanın profilindəki digər şəkildə görə
bildim. Onlar yan-yana dayanmışdılar
və əllərində
nikah şəhadətnaməsi
tutmuşdular. Altına "sevgi virusdan daha güclüdür"
yazılan şəkildə
qızın üzü
yenə də kosmetikalı idi. Mən onun tanış simasına
bir qədər tamaşa etdikdən sonra uzandığım çarpayıda gözlərimi
tavana zillədim, ac olduğumu hiss elədim, axşam yeməyi üçün aşağı
düşüb marketdən
nələrsə almalı
olduğumu xatırladım,
amma o qədər yorğun və həvəssiz idim ki, gözlərimi yumub elə bu vəziyyətdə də yuxuya getməyi daha üstün tutdum.
2020 mart, 2021 may
Təvəkgül BOYSUNAR
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.-S.11.