Bir kəndin manifesti
Hekayə
Vallah, bu əhvalat nə vaxt olub, heç özüm də
bilmirəm. İndi oturub bunun zaman təfərrüatına
varası olsaq, əhvalat uzandıqca uzanacaq. Odur ki, birbaşa mətləbə xitab eləməkdən
yanayam.
Bu söhbət adını bilmədiyiniz və buna
heç də gərək olmayan balaca bir kənddə baş
verib.
Olur e, iraq olsun, ölüm ölümü əvəz
eləyir; filankəsin meyiti soyumamış bəhmənkəsin
xəbəri gəlir, filankəsin azanı verilib
qurtarmamış, başqasının qara xəbəri
yayılır. Hə, bax belə şeylərə
biz tərəflərdə "Kəndə Əzrayıl gəlib"
deyirdilər. Hətta o Əzrayılın
kənddən biryolluq çıxıb getməsi
üçün qurban deyənlər, fitrə
çıxaranlar da olurdu.
Amma əhvalatımızın vaqe olduğu kənddə
işlər tam tərsinə gedirdi. İndi deyəcəksiniz
ki, təki ölüm olmasın, təki canımız salamat
olsun, bunun qəribə tərəfi nədir?
Kənd mollası Xudayar da əvvəl-əvvəl belə
düşünürdü - hamı kimi. Amma iş o yerə
çatdı ki, Xudayar əmi düz doqquz ay, doqquz gün,
doqquz saat idi ki, "Molla əmi, filankəs də Allahın dərgahına
təşrif etdi" cümləsinə həsrət
qalmışdı. Sözün düzü, kişi
əvvəllər bunu dərd eləmirdi, daha doğrusu, dilinə
gətirməyə utanırdı. Ki məgər
kimə demək olar ki, sən Allah, bu kənddə niyə
ölən yoxdur? Heç rəvadırmı
ki, kiməsə deyəsən, ay mən deyən, niyə
yıxılıb ölmürsən? Adama deyərlər,
a kişi, yetmiş beş yaşın var,
belə ölmək arzulayırsan, get gir qəbrə də. Day camaatın öldü-qaldısı ilə nə
işin?
İş
o həddə çatmışdı ki, Xudayar az
qala mollalığı da yadırğamışdı. Çıxış yolu kimi hər gün bir qəbrin
başında yasin oxumağa başlayan molla beləcə bu
doqquz ayda qəbiristanlığı düz üç dəfə
o baş-bu baş gedib-gəldi. Axırda
çar-naçar keçən ayın ortalarında qonşu
kəndin mollasına da ağız açdı ki, sən Allah,
arabir məni də gör. Biz tərəflərdə
əməlli-başlı
"kasıbçılıq"dır. O kənddə
də ki, rəqabət, maşallah olsun, güclü idi. Qonşu mollaya nə lüzum? Kəsəsi,
molla Xudayarın sözü elə dediyi kimi də havada
qalmışdı. Dönüb-dolanıb
yenə də bərk yapışmışdı öz kəndindən.
Molla
Xudayarın narahatlığı üzərinə
yavaş-yavaş kənd içində də
pıçapıçlar başladı ki, o da kənd
ağsaqqallarını bir araya toplamağa fürsət
tapdı:
- Camaat!
Əvvəla, Allah-Taala özü cəmi müsəlmanları
hifz eləsin, biz də onun içində, - deyə sözə
başlayan molla bu çıxışı, yalan olmasın, bəlkə,
beş aydır ki, məşq edirdi. - Amma
məlumunuz üzərinə, kəndimiz elə bir bəlamı
deyim, xeyirmi deyim, vallah, heç özüm də bilmirəm,
bildiyim odur ki, bu işdə nəsə var. Ölüm bizdən
üz döndəribdir. Allah öz dərgahının
qapısını biryolluq bizim kənd üçün
qapayıb.
-
Şeytan işidir, molla əmi! - Kəndin gətir-götür
işlərinin qabaqda gedəni Murtuz idi. - Vallah, çörəyimizin
duzu da gedib. Mən həftəyə üç-dörd qəbir
qazan adam idim, anamın
canıyçün. İndi hardadır e o
günlər?! Ayaqyolu qazmaqla, çəpər
tutmaqla bir çatan külfət saxlamaq olar?
Murtuzun bu sözündən sonra yerbəyerdən "Lənətlənmişik!",
"Qurban demək lazımdır!", "Mən
üç dənə qoç qurban deyirəm!" kimi qəribə-qəribə
fikirlər məclisi başına götürdü. Xudayar camaatı birtəhər
sakitləşdirib düz beş aydır
ki, üzərində işlədiyi
çıxışına davam elədi.
-
Hamınızı başa düşürəm,
nigaranlığınızı da annıyıram. Amma mənim qammadığım bir şey var ki, məgər
bu doqquz ayda heç birinizin orası-burası da
ağrımayıb? - Mollanın bu sözündən sonra
adamlar qəribə təhər-tövürlə bir-birlərinə
baxır, ağrıyıb-ağrımadıqlarını
soruşurdular.
- Bax elə
götürək, Kazım kişini. - Xudayar irəli
şığıdı, Kazımın qolundan
yapışıb onu irəli çəkdi. - Ay Kazım, bir
yerin ağrıyıb eləmir ki?
- Yox, ay kişi, vallah, tırp kimiyəm, - deyən
Kazım qaqqanaq çəkib elə güldü ki, protez
dişləri yerindən oynadı. Amma heç
kəsin gülmədiyini görüncə özünü
yığışdırıb keçdi adamların
arasına.
-
Şeytan əməlidir, vallah, Murtuz demiş, kişi
bizdən üz döndərib, - kənd müəllimi Balayar
portfelini sinəsinə sıxıb sözə başladı.
- Nə günah eləmişik, nə qələt yemişik,
bilmirəm, amma kəndimiz misilsiz bir bəlaya düçar
olub. - Balayar müəllim bir az ara verib
davam elədi:
- Təklif
edirəm ki, molla əmi, kəndin dörd bir yanında o
kişiyə qurbanlar kəsək, əfvinə
sığınaq, bizi bağışlaması
üçün dualar edək. Yalvaraq, yapışaq... Biz
qulların əlindən başqa nə gəlir ki?..
- Halal
olsun!..
- Sağ
ol, məllim!
- Var ol!
Yerbəyerdən Balayar müəllimin təklifinə dəstək
nidaları gəldi.
- Vallah,
bir dənə öküzüm var, onu elə bəsləyirəm,
elə bəsləyirəm, and içirəm ki, kim birinci başın yerə qoydu ha, bax onun
ehsanına peşkəş edəcəm, öz
canımçün. - Qəssab Camalın bu sözündən
sonra yenə də yerbəyerdən təkliflər, iradlar
bir-birinə qarışdı, molla Xudayar təzədən səs-küyü
sakitləşdirib düz beş aydır
ki, hazırladığı çıxışına davam
elədi:
- Balayar məllimin
təklifi yaxşı təklifdir, mən razı. Elə günü sabahdan hər dəngədə
bir dənə qoç kəsək, Allah yolunda kasıb-kusuba
paylayaq. Hər namazda hammız bir
ağızdan Allah-Taalaya bizi bağışlaması
üçün dualar edək.
- Eləyək!
- Bəli,
bəli!
- Sağ
ol, ay Xudayar!
- Allah səni
üsdümüzdən əysiy eləməsin!
- Ay Allah,
keş günahımızdan...
Yenə də
yerbəyerdən dualar, təkliflər yüksəldi, Xudayar
boğazını arıtlayıb növbəti dəfə
adamları sakitləşdirdi və düz beş
aydır ki, hazırladığı
çıxışına davam elədi:
- Mənim
də bir təklifim var, camaat. - Adamların səsi, tamamilə,
kəsildi. Yetmiş beş yaşlı
mollanın, sözsüz ki, bu çıxılmaz və misli
görünməmiş vəziyyətdə təklifi
hamıya maraqlı idi. - Təklif edirəm ki, Seyran kişinin
evinin yuxarı başında, bələdiyyə binasına tərəf
o açıqlıqda - əli ilə həmin tərəfi
göstərərək davam etdi, - iri bir yas çadırı
quraq. - Adamların sükutu hələ də davam etməkdə
idi. - Məncə, bununla, Əzrayılın yadına sala bilərik
ki, arabir, bizim kəndə də baş çəksin...
Molla
Xudayar fikrini tamamlayıb bir az duruxdu,
ardından: "Hə, Qasım kişi, nə deyirsən?"
deyib kəndin digər ağsaqqallarının da
ağzını aradı. Qasım kişi
ora-bura baxıb boynunu elə bükdü ki, sanki bu sualı
qaldırmağa gücü çatmadı. Eləcə
əyilib qaldı bir kənarda.
Heç
kəsin danışmağa cürət eləmədiyi bir məqamda
adamların arasından titrək bir səs hamının
beynini girinc edən həmin o sualı verib dərhal da susdu:
-
Çadır, nəmənə, ay Xudayar?
Bu sualdan ürəklənən adamlar təzədən
qaynaşmağa, fikir içindən fikir
çıxarmağa başladı.
- Diri-diri
basdıraqmı camaatı?
-
Heç elə şey olar?..
- Xudavəndi
aləm, özün bizi qurtar...
Xudayar təsəkəsini
çıxarıb, o üz-bu üzünə baxdı,
ardından onu təzədən başına keçirib
boğazını arıtladı:
-
Özüdür ki var, camaat! O çadırda dirilərimizə
yas verəcəyik, üç, yeddi, qırx keçirəcəyik,
ehsanı, canamazı da üstündə... - Molla
sözünü bitirər-bitirməz yenə də yerbəyerdən
etiraz səsləri yüksəldi.
- Xudayar kişi, indi deyirsən ki, məni diri-diri
basdırıb halvamı yemək istəyirsən? - Kəndin
feldşeri Cəbrayıl yarızarafat, yarıciddi soruşdu.
- Yox, ay kişi! Səni niyə
basdırırıq? Səni oturdacam məclisin
düz başında, öz halvanı da özün yeyəcəksən,
day nə istəyirsən ki?
Feldşer
Cəbrayıl bir o yana baxdı, bir bu yana,
axırda çar-naçar "Nə deyim, vallah?" deyib
geri çəkildi. Cəbrayılın cavabdan qane
olmadığını görən molla səsini bir az da qaldırdı:
- Bapbalaca
bir kəndik, hamının dolanışığına da bələdik.
Hüzürümüzü diriykən vermək
ən yaxşı çıxış yoludu. Beləcə Əzrayılın da yadına
düşər ki, biz tərəflərə də səfər
eləsin. Üstəlik, bu camaat
dolanmalıdı, ya yox?
- Bəli,
bəli!
- Kişi
düz deyir!..
- Sağ ol,
ay Xudayar!..
Adamların dəstək sədalarını eşidən
molla daha da ürəkləndi.
- Bayaq
özünüz Murtuzun dediklərini eşitdiz. Həftəyə üç-dörd qəbir
qazıb çörəkpulu edən Murtuz indi bəs nəynən
dolanmalıdı?
- Allah
balanı saxlasın, Xudayar kişi! - Murtuz
adamları yarıb irəli çıxdı. - Sənin
başına dönərəm, de, qadası, de, ağrın
alım, de!
- Yaxud bu
Namiq yazıq. Kənddə ayda, ildə bir dəfə
toy olar ki, onu da aparıb mərkəzdəki sarayda edirik.
Bəs bu kişi çadırını
kimin qapısında qursun?
Lap elə götürək mənim özümü. Bu doqquz ayda
ölülərinizdən xəbəriniz olubmu heç?
O qəbiristanlığı düz üç dəfə o
baş-bu baş yasin oxuya-oxuya gedib-gəlmişəm. Biriniz üç manatınızdan keçibsizmi?
- Allah
balanı saxlasın!
- Sağ
ol səni, Xudayar!
- Var ol!
- Kişi
düz deyir! Gələ bu beş manatı
da qoy cibinə, - Camal irəli çıxıb mollanın əlini
sıxdı, - axşam da arvad yuxuma girib, sən Allah, ona bir
yasin oxuginən!
- Camaat, mən
razı! Elə günü sabah
çadırı quraq, hə, nə deyirsiz? - Balayar müəllimin
də razılıq verməsi ilə işin böyük qismi
həll olundu.
Bir
neçə dəqiqə davam edən sükutdan sonra
adamların arasında təzədən
pıçapıçlar başladı və ardından bu təklifə
görə molla Xudayara dualar yağış kimi
yağmağa başladı...
***
Bir həftəyə yaxın idi ki, kəndin bələdiyyə
binasının yaxınlığında iri və təmtəraqlı
çadır qurulmuşdu. Kəndin xeyir-şər
çadırlarına düz on il idi Namiq
baxırdı. O yazıq da düz doqquz aydır ki, demək
olar, itirilib-axtarılmırdı. Yazıq
heç səsini də çıxara bilmirdi. Amma məlum söhbətdən sonra
çadırı elə sevincək, elə xürrəm qurdu
ki, gəl görəsən. "Allahımıza
and olsun, elə bilirəm ki, öz toyumdur, təki bu bəla
bizdən əskilsin" deyən Namiq, üstəlik, bu doqquz
ay ərzində heç də bekar qalmayıbmış, sən
demə. Çadırın pərdələrini
dəyişmiş, içində yay üçün sərinlədici
sistem, qış üçünsə
qızdırıcı qurub-qoşmuş, qab-qacaq dəstini də
ən yaxşı şəkildə yeniləmişdi. Amma kənd arvadları eşidəndə ki,
ağsaqqalar "Əzrayılı kəndə dəvət
edir", onlar da Əzrayılı hörmət-izzətlə
qarşılamaq üçün evdəki ən bahalı
qab-qacaqlarını gətirib düzmüşdülər
masaya.
Camal da neçə gün idi ki, söz verdiyi
öküzü gətirib çadırın yanına
bağlamışdı. Camaat da bir ucdan yoncadan, yemdən
daşıyırdı. Öküz indi
rahat yüz iyirmi kilo olardı, amma nə fayda?! Nə
Əzrayıl gəlirdi, nə də ölən
tapılırdı...
***
Bugünkü yas mərasimi Kazım kişinin idi. Kazım məclisin
baş tərəfində molla Xudayarın yanında oturub gəlib-gedənləri
salamlayır, "Allah rəhmət eləsin" deyənləri
şəxsən özü yola salır və bundan məmnun
görünürdü.
- Allah sənə
qəni-qəni rəhmət eləsin, ay Kazım!
- Sağ
ol, ay Camal, səninçün olsun.
- Allah
qoysa, Allah qoysa...
- Allah
özü bizi bağışlasın.
- Amin!
Molla Xudayar o biri dünyadakı haqq-ədalət məclisindən,
Allahın savab-günah tərəzisindən, cənnət-cəhənnəm
məsələsindən dəm vururdu ki, bu vaxt çadırın
çölündə bir hay qopdu ki, gəl görəsən. Adamlar
hövlnak özlərini bayıra atdılar.
Budur, kəndin o biri başından balaca bir qaraltı və
tozanaq görünür, qaraltı yavaş-yavaş
yaxınlaşdıqca bunun bir at və üzərində bir nəfər
uşaq olduğu sezilirdi. Uşaq "Əzrayıl
əmi gəldi, Əzrayıl əmi gəldi" deyə-deyə
çadıra tərəf çapırdı. O,
çadırın yanına varana qədər dua-duanı əvəz
elədi, şükürlərin sədası ərşə
çıxdı.
- Noolub, a
bala, nə həşir salmısan? Nə
Əzrayılı?
Uşaq çatar-çatmaz atdan düşüb
ağzını çadırın girişindəki su
çəlləyinə dirədi. İçib yanğısını
söndürəndən sonra dedi:
- Molla əmi,
"Alaqapı"da ("Alaqapı" kəndin giriş
qapısı idi) at arabası qəzaya uğrayıb. Kəndin
baytarı Həsənağa kişi bir dənə
iri camış vurub, özü də, arabası da
yumbalanıb düşüb çaya. Seyid Rza kişi
tez məni bura göndərdi ki, sizi muştuluqlayım. Eheyy!
Əzrayıl əmi gəlir eeey, Əzrayıl!!! - Uşaq təzədən
ata minib çığıra-çığıra kəndin
içərilərinə doğru çapmağa
başladı.
Bir anda çadırın ətrafında vurhavur
başladı.
Adamlar "Şükür, ay Allah" deyib
mollanın əlini-ətəyini öpə-öpə Həsənağanın
yas məclisinin hazırlığına başladılar.
Molla Xudayarın göstərişi ilə
çadırda Kazımın şəklini
çıxarıb yerinə Həsənağanın şəklini
yapışdırdılar. Qəssab Camal
bir hərəkətlə yüz iyirmi kiloluq dananın boynunu
burub yıxdı yerə, "Allah sənə rəhmət eləsin,
ay Həsənağa, kişinin sözü bir olar" deyib
dananın başını kəsdi. Qəbirqazan
Murtuz Həsənağanın boynunu-buxununu öyrənib
götürüldü qəbiristanlığa.
- Murtuz, rəhmətlik
Salman kişinin yanında qazginən, əmisidir. - Xudayar təsəkəsini
çıxarıb dərin bir ah çəkdi.
Doqquz aylıq ölüm xəbərinə həsrət
qalan kənd camaatı bircə saatın içində yas məclisinə
hazırlıqları tamamilə yekunlaşdırdı. Xudayarın
göstərişi ilə hamı bir nəfər kimi
çadıra yığılıb Seyid Rzadan gələcək
xəbəri gözləməyə başladı. Bu
vaxt çadırın nimdaş, yamaqlı xalçadan
hazırlanmış qapısı açıldı, Kazım
kişi əlində tüfəng içəri
daxil oldu. Bayaqkı haray-həşir ölü
sükutla əvəzləndi. Kazım
tüfəngi sinəsinə basıb məclisin yuxarı
başına doğru addımladı.
- Ədə, Xudayar, dirimə hörmət
qoymamağın bəs deyil, üstəlik, mənim yas məclisimi
də urvatdan salırsan?
Molla Xudayar əlləri əsə-əsə stəkanı
yerə qoyub ayağa qalxdı.
- Yox,
ay...
- Kəs ə!
- Kazım tüfəngin nişangahını tarazlayıb
düz Xudayarın sinəsinə tuşladı.
- Sənə
sual verirəm: bu gün kimin yasıydı?
- Sənin,
Kazım, sənin... - Xudayar arxa-arxaya gedərək
çadırın dirəklərinə söykənib
dayandı.
- Bəs
başının üstündəki o yerdə Həsənağanın
şəkli nə gəzir ə? - Kazım çənəsini
az-maz yuxarı qaldırıb şəklə işarə elədi.
- Ay
Kazım, özün bilirsən ki, bunu Əzrayılı oyuna
gətirmək üçün...
- Kəs ə,
dedim sənə! Bəyəm Həsənağa
mənnən artıq kişidi?
Molla
Xudayar nə cavab verəcəyini bilməyib əllərini yana açdı. Arabir titrəyə-titrəyə
"Ay Kazım, ay Kazım" deməkdən başqa əlindən-dilindən
bir şey gəlmirdi. Məclis
iştirakçıları da sadəcə olanlara tamaşa eləməklə
kifayətlənirdilər. Hamı hadisənin
şokunu yaşayırdı.
- Bir halda
ki, deyəcək sözün yoxdu, onda noolar, mənə də
Kazım deyərlər! - Kazım tüfəngi bir dəfə
də möhkəmcə sinəsinə sıxıb
başını yellədi:
- Xudayar,
mən belə hörmətsizliyin altınnan
çıxammaram, dədəmin qəbri, - deyib tətiyi
çəkirdi ki, Seyid Rza çadıra daxil oldu.
- Camaat, Həsənağa
sağdı!
Bu sözü eşidən molla elə bil təzədən
doğuldu. Tez masanın bu biri tərəfinə atlanıb
Kazımı qolundan yaxaladı. Bunu görən
məclis iştirakçıları da ayaqlanıb
Kazımı sakitləşdirməyə başladılar, əlinə-ayağına
düşdülər.
- A kişi, sən Allah, qanqaraçılıq
salmayaq.
- Bu dana
da sənin qismətinmiş, canımçün, halal
xoşun! - Camal şirin dilini işə saldı.
- Yas
davası eləmirsən, ay Kazım?! Di buyur, bu da yasın,
ha-ha-ha!..
***
Cəmi yarım saat sonra hər şey qaldığı
yerdən davam edirdi. Kazım kişi məclisin baş tərəfində
oturub başının üstündəki şəklə
baxa-baxa adamları salamlayır, "Allah rəhmət eləsin"ləri
şəxsən özü qəbul edir və bundan misli
görünməmiş məmnunluq duyurdu...
Nihat PİR
Ədəbiyyat qazeti.- 2022.- 15
yanvar.- S.10-11.