Pəncərə – fantaziya
("Yusif Səmədoğlunun mifoloji
poetikasına giriş"dən)
Xeyli vaxtın
söhbətidir.
Frankfurtda Hötenin muzeyində gəzib dolaşırdıq
(görkəmli Azərbaycan
filosofları Rəhman
Bədəlov və Niyazi Mehdi də
orda idilər. Niyazi müəllim xatırlayar
yəqin...). Bələdçi
birinci mərtəbədə
pəncərəni göstərib
dedi ki, Hötenin anası orda oturub saatlarla
küçəyə baxırdı...
Pəncərə "başqa" dünyanın
mistik mövcudluğudur. Pəncərənin
metaforik -mistik mənası demək olar ki, bütün
poetik sistemlərdə,
bir çox dillərin metafizik mahiyyətində əksini
tapıb. Amerika filosofu - transdentalisti H.Toronun gündəliyində
(təsadüfən rastıma
çıxdı!) bu
cümlələrə diqqət
yetirək: "Mən
meşədə bir təmizlənmiş yerə
gəlib çıxmışdım,
orda qarın içində yalnız körpə otlar və quru yarpaqlar
görünürdü, amma
təəssürat elə
idi ki, sanki
açıq pəncərəyə
yaxınlaşmışam. Ətrafa boylanıram və baxıram". (Toro H.Gündəliklər Toro H.Ali
qanunlar. s.364, rus dilində).
XX yüzilin məşhur rus mistiki, filosofu Pavel Florenski uşaqlıq xatirələrində pəncərə obrazından mistik detal kimi bəhs edir: "Adı və sadə görünən bir nəsnə (...) belə çox vaxt mənim diqqətimi cəlb edirdi. Və birdən məlum olurdu ki, bu - boşuna deyil. Həmin sadə və adi hadisə nəyisə xatırladır və bu dünyanın fövqündə duran, ya da daha dəqiqi, ondan dərin olan özgə, neumenal bir şey görünür. Güman edirəm ki, bu, həmin duyğu və qavrayışdır ki, fetiş yaranır: adi daş, kirəmit, kötük özünü heç də adi şeylər kimi göstərmir və başqa dünyaya pəncərə olurlar. Uşaqlıqda bu hallar dəfələrlə başıma gəlib..." (Florenski P.A. "Uşaqlarıma. Keçən günlərin xatirələri". s.671, rus dilində)
Bu xatirə mətni əslində onun özünütəhlil, özünüdərketmə "seansıdır", öz içinə səyahətdir.
Əlbəttə, mən indi bu iki sitatı müqayisə etmək fikrindən uzağam. Sadəcə Y.Səmədoğlu poetikasına keçid kimi yazıram. Və aşağıdakı qeydlər Yusif Səmədoğlu qəhrəmanlarının davranış semiotikası haqqında deyil, ruhların "hərəkət təcrübəsi" haqqındadır, yəni onların məkan-istiqamət (genişlik, uzaqlıq, yuxarı-aşağı, dərinlik, yüksəklik və s.) yaşantısını anlamaq imkanıdır.
Pəncərə Yusif Səmədoğlunun mifoloji-mistik dünyasının əsas işarələrindən biridir. "Qətl günü" romanının qəhrəmanları "başqa dünya"nın sakinləri ilə münasibətləri həm də pəncərə vasitəsilə qururlar. Onlar pəncərədən yalnız qaraltı görürlər.
"Qaraltı" - kölgələrin, naməlum varlıqların atributudur. Kölgələr isə ruhlar, yuxular səltənətinin təzahürüdür.
Romanda pəncərə real obrazları mifik obrazlara - "qaraltılara" (Tatar Temir, doxtur Mahmud, Zülfüqar, Sarıca oğlu Məhəmməd...) çevirir. Bu qaraltıları nə səsdən, nə üzdən tanımaq olmur:
"...darvaza bərk-bərk döyüldü və eşikdən bir yeniyetmə səsi eşidildi:
- Mahmud doxtur, ay Mahmud doxtur!
Mahmud uşağın səsini
tanıdı: Moşunun,
Zülfüqar kişinin
nəvəsinin səsi
idi. Cəld pəncərəyə yanaşıb bir tayını açdı,
başını eşiyə
çıxartdı.
- Ayə Moşu, sənsənmi?
Pəncərəyə doğru bir qaraltı gəldi"
Salatın həkimin gəlişini
pəncərədən görür:
"Şükür gəldilər!
- deyib Salatın
az qala üzünü
pəncərə şüşəsinə
yapışdırdı, eşikdəki
nəmişlik şüşəni
bumbuz eyləmişdi.
Diqqətlə eşiyə baxdı,
Moşunun, Mahmudun, bir də tatar
Temirin qaraltısını
gördü - üçü
də həyətdəki
tut ağacının altında
dayanıb, deyən söhbət edirdilər".
Zülfüqar kişi yataq xəstəsidir. 21-ci
ildə beşaçılanla
öldürdüyü Peykanlı
uryadniki Sarıca oğlu Məhəmmədin
ruhu kabus kimi onu izləyir:
"Zülfüqar kişinin
yatdığı otağın
ensiz pəncərəsi
arxasından gələn
səs ona həm tanışdı, həm də yaddı. Kimdi bu görən,
a başına dönüm?
Kişi tab eləmədi,
çarpayıdan enib
çəkələklərini geyindi, ağ
tuman - köynəkdə
yavaş-yavaş pəncərəyə
yanaşıb eşiyə
baxdı. Aşağıda
tut ağacının altında
bir qaraltı gördü, amma bu qaraltının kim olduğunu
ayırd edə bilmədi. Düzdür, qübbənin ortasındakı
ay lap günəş kimi
yanırdı, göyün
üzündə isə
bir dənə də bulud yoxdu,
amma qaraltının sifəti görünmürdü.
(...) tələsik pəncərəni
taybatay açıb başını eşiyə
uzatdı və özü öz səsindəki ötkəmliyə
təəccüb edib,
qaraltıdan soruşdu:
- Kimsən, bala?
- Mənəm, Zülfüqar,
Sarıcaoğlu Məhəmmədəm"
Bəlkə də bu bir
mistik təsadüf idi ki, Yusif
Səmədoğlunun sevimli
optik əşyaları
(eynək, fotoaparat) əslində pəncərənin
simvolik əvəzedicisi
idi. Pəncərə şüşəsi kimi, eynək də, fotoaparat da sanki baxış
bucağını dəyişdirir.
Eynək
şüşəsindən, fotoaparat obyektivindən görünən
predmetlər, insanlar öncə "qaraltı"
kimi lentə hopur. Fotolyonkaya öncə obrazların
"neqativi" - qaraltısı,
kölgəsi düşür.
Kölgə fotoçapın, yaxud insanın fotosurətidir. Kölgə heç
zaman aid olduğu varlıqla üst-üstə
düşmür. Kölgə insanın
vücudu ilə birləşəndə, insanın
özündən seçilməyəndə
ölüm özünü
yetirir. Kölgə, fotoneqatif, qaraltı
ölüm çevrəsinin
obrazlarıdır.
Mənə elə gəlirdi
ki, o, eynəyi ilə, fotoaparatı ilə bizi, yəni "bu dünya"nın adamlarını, ruhlar kimi görüb qavrayır.
...Yusif Səmədoğlu
xəstəxanada yatırdı. Sağalacağına ümid yox idi.
Xəstəxana pəncərəsinin "o tərəfi" isə ölüm məkanı, ruhlar, əbədi yuxular səltənəti idi.
Axırıncı dəfə pəncərə
şüşəsində bir qaraltı göründü, soruşdu:
- Kimsən?
- ...
Və qaraltı uzaqlaşdı...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.-
2022.- 15 yanvar.- S.14.