20 mart
İndi
yaxşı anlayıram
"Ayrılıq" üç-beş sözə
sığdıra biləcəyimiz
cümlələr deyilmiş.
"Ayrılıq" pencəyinin
sağ cibindən çıxan
doğma xətlə
yazılmış "nərdivan"
şeiridir.
"Ayrılıq" sonuncu dəfə söykəndiyin
divarın
əzbərlədiyim bir neçə santimetrlik yeridir.
"Ayrılıq" ölüm
deyil,
ölmək deyil,
"Ayrılıq"
heç vaxt şuxluğunu itirməyən,
aramızda yaşayan
diridir.
İndi
yaxşı anlayıram
Bir dəfə vidalaşa bilməyəndə insan
hər gün vidalaşmalı olur doğmalarıyla.
Hər dəfə
də bir başqa cür.
Bakının boz və solğun küçələrində,
"Ayrılıq" çiyinlərimizə
ən ağır yük kimi
Hər dəfə
bir başqa cür düşür.
İndi
yaxşı anlayıram,
Daha ağac olsam
yarpağım da səni sevəcək.
İndi
yaxşı anlayıram,
mən öləndə
torpağım da səni sevəcək...
Mənə uzaqlardan salam yolla
Elə salam ki,
səni xatırlatsın:
Bir körpənin gülümsəməsində,
Bir qağayının səsində,
Bir insanın
gəlməməsində.
Bilim ki, bunu sən
etdin,
sən etdin, ata.
Hər yerə bahar gəlmişdi,
sən niyə getdin, ata?
Cahan
SEYİDZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.- S.14.