Şuşada qəhrəmanlıq möcüzələri göstərən
ölümsüz cavanar igidlərimizin
dilindən
Zərb ritmində döyüş
marşı
Düşmənə qorxunc kabusa döndük,
Biz bura öldürüb ölməyə gəldik,
Can Şuşamızçün qan
daşımızçün
Biz bura öldürüb
ölməyə gəldik.
Qorxu bilinməz surətimizdə
Qanlı
qisasdır niyyətimizdə
Namusumuzda,
qeyrətimizdə
Hər ləkə varsa silməyə gəldik
Biz bura öldürüb
ölməyə gəldik.
Dağları aşdıq, daşları
keçdik,
Düşməni vurduq ot
kimi biçdik
Bağrını kəsdik qanını içdik.
Qan dadı nəymiş bilməyə gəldik
Biz bura öldürüb
ölməyə gəldik.
Qorxuda bilməz sərt aşırımlar,
Hactalı dağlar, sərt
uçurumlar
Bir dəli həmlə vəhşi hücumla
Yırtıcı bağrın dəlməyə
gəldik
Biz bura öldürüb
ölməyə gəldik.
Bəsdi
yetər ki, göz yaşı axdı,
Ruhumuzu dərd atəşi yaxdı
İndi
yetişdi təntənə
vaxtı
Şanlı zəfərlə gülməyə
gəldik
Biz bura öldürüb
ölməyə gəldik.
Üzü qüruba
Duman sökübdü
bəlkə? Şəhər
yaman qaranlıq,
Bu zülmətin içində,
itib gedib cavanlıq
Qayıtmayır bir anlıq.
Yağış yağıbdı bəlkə? Şəhər
yaman təmizdi,
Adam da yoxdu, ancaq
ərəbdi ingilisdi,
Beş-üç nəfər polisdi.
Dəniz gəlibdi bəlkə? Kafedə
"kilkələr"di,
Əlində buzlu pivə, gözündə kölgələrdi,
Dilində "bəlkə"lərdi.
Külək əsibdi bəlkə? Sağım,
solum da tozdu,
Durub dalımca düşmüş
"quş"un da rəngi bozdu,
"İt"in də
rəngi bozdu.
Adam ölübdü bəlkə? Ya bir yetim qarışqa?
Nə fərqi var ki, guya... Düşüblər
eyni "aşk"a,
Ölübdü başqa-başqa.
Çatıbdı vaxtı bəlkə? Şəhər
yaman nigaran,
Sabahı
sən doğursan, doğan anan nigaran,
Qaçan atan nigaran.
***
Səni
atıb gedərdim,
Bir az şeir
deyərdim,
Bir az balıq
tutardım,
Bir az da nar yeyərdim.
Səni
atıb gedərdim,
Kitabı
bağlayardım,
Bir az rahatlanardım,
Bir az da ağlayardım.
Səni
atıb gedərdim,
Səfeh-səfeh gülərdim,
Səni
atıb gedərdim,
Atıb gedib ölərdim.
***
Evə bənzəyirdim əvvəl,
səni hər daşım sevirdi,
Sıxılan dişim sevirdi, çatılan qaşım
sevirdi.
Dağa
bənzəyirdim əvvəl,
dumanım, çənim
sən idin,
Səni göz bulaqlarımdan süzülən yaşım
sevirdi.
Bu qədər başım bəlada yaşasam da bilmədim heç,
Ya başım bəla sevirdi, ya bəla
başım sevirdi...
Səni
ey bəla çələngim, bir ömür əzab içində
Ötən hər ilim sevirdi,
keçən hər yaşım sevirdi.
Baharım yayım ki səndən çox uzaqda keçdi getdi,
Səni ondan ötrü yalnız payızım, qışım sevirdi.
Gələcək xəyallarımda sənə
yer ki qalmamışdı,
Səni keçmişim sevirdi, səni yaddaşım sevirdi.
Gül atın məzarım ustə, soruşan olarsa, Fəhmi,
Deyərəm hesab günündə, gülü başdaşım
sevirdi.
***
Ömür gedir oyun kimi
Keçir ələkdən un
kimi
qəfil gələn
qurşun kimi
Doqquz qram da olmadım.
Əgər fələk qoyubsa
mat
Gözünü açma, durma,
yat
Qırıq-qırıq keçir həyat
Heyif ki, tam da olmadım.
Günəş kimi alışsam
da
Axırda şam da olmadım.
Sən məni Allah bilirdin
Mən heç adam
da olmadım.
***
Sevgi sənə ildırım,
zəlzələ.
Sakit axan çay kimi
sevməyi öyrənmədin
sən hələ.
Bəsdi
daha, köksümə
çəkmə dağ.
Yaxşı əlamət deyil
sərsəri bir hiss ilə
oynamaq.
Gözləmə qəlbim sənə
"can" deyə,
Məndə həvəs hardadı
bir belə cansızlığa
dözməyə?!
Daş ki deyil, insanın
bağrıdır.
Hər dəfə imkan tapıb
qurdalama sevgimi,
ağrıdır...
Getməyin ağır cəza,
dərd-əzab,
Qalmağın ondan betər,
dava-dalaş, göz
yaşı,
iztirab.
Sən ki mənim ruhumun
cəlladı,
Söylə şirindir məgər
gül dodağa sıçrayan
qan dadı?
Mən dedim, "iç qanımı,
istəsən".
Vəhşi pişiktək daha
Ruhumu cırmaqlama...
Xəstəsən?
Bəlkə də bu sevgi yox,
bir oyun.
Səhnə qaranlıqdısa,
fərqi nədir,
ya geyin,
ya soyun?
Sən məni halsız görüb
çəkmə qəm.
Arxayın ol, sevgilim
mən səni öldürməsəm
ölmərəm...
***
Günah
içində ömrün,
əsən soyuq küləkmiş,
Məqam
gələr, deyərsən,
ölüm nə yaxşı şeymiş...
Çəkən qəmi, əzabı,
bu sonsuz iztirabı,
Sınıq-sökük ürəkmiş. Ürək nə yaxşı şeymiş...
İnanmaz idim, ey can, şirindi gözdəki qan,
Biləndə tamı nəymiş, dedim nə yaxşı şeymiş...
Rəzalət içrə böylə,
batıb gedəndə,
söylə,
Qəza-qədər beləymiş. Qədər nə yaxşı şeymiş...
Həyat yorubsa, heyhat, bürün ağa, uzan yat.
Kəfən deyil, bələymiş...
Bələk nə yaxşı şeymiş...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.- S.15.