Belə bir
Abutalıbov...
Həyatda cəmi üç dəfə
görüşmüşdük. İlk görüşümüz
2008-ci il martın 9-da Moskvada olmuşdu.
"Əli bəy Hüseynzadə" kitabımın Rusiya
Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin
iclas salonunda keçirilən təqdimat mərasiminə gələnlərin
arasında onu görüb heyrətlənmişdim...
Ramiz Abutalıbov Fransanın Fəxri Legion Ordeni ilə təltif
olunmuş nadir azərbaycanlılardan biri idi. Amma nə bu,
nə də başqa dövlətlərin xüsusi statuslu təltifləri
onun mütəvaze naturasını dəyişmədi. Hər zaman həssas, hər zaman kübar, hər
zaman sadə.
Cəmi üç dəfə görüşsək də
tanıdıqlarım arasında ərk edə biləcəyim
iki-üç adamdan biri o oldu. Ondan çox şeyləri
öyrəndim. Öyrəndiklərimin ən
başlıcası Əli Aranın şəxsiyyəti ilə
bağlı məqamlar oldu...
Hələ uzun illər bundan əvvəl
"Kommunist" qəzetində "Vətən xaini"
adlı bir yazı çıxmışdı. İlk
cümləsindən son nöqtəsinə qədər nifrət
aşılayan məqalə həmyerlim Əli Aran barədə
idi. Əli Aranın "Vətən xaini" adı ilə
yaddaşlara köçürülməsi eloğlusu olaraq məni
çox incidirdi... İllər uzunu davam edən
utanc hissindən qurtulmaq üçün bir dəfə
Moskvaya - Azərbaycan legionerlərinin fəaliyyətini
hamıdan daha yaxşı bilən Ramiz Abutalıbova zəng
vurdum. Əli Aran barədə həqiqətləri bilmək
istədiyimi dedim. Ramiz müəllim bu günlərdə
Bakıya gələcəyini, Bakıda Əli Aran barədə
ətraflı danışacağını dedi. Gəldi. 2011-ci ilin 25 avqustunda
geniş bir söhbət etdik. Bildiyi hər şeyi
danışdı və yaddaşımdakı "Vətən
xaini" mifini dağıdıb, yerində vətənsevər
bir insanın, Azərbaycan üçün önəmli
işlər görmüş bir şəxsiyyətin
obrazını yaratdı: "Qarabağ məsələsində
və 20 Yanvar hadisələrində Əli Aran Azərbaycanın
informasiya blokadasından çıxmasında böyük xidmətlər
göstərdi. O bu işdə tək idi. Məcid Musazadədən
başqa heç kəs ona kömək etmirdi" - dedi. İndi siz təsəvvür edin, "Vətən
xaini" yarlığı ilə damğalanıb
yaddaşının bir küncündə qalmış və
hər dəfə barəsində düşünəndə
sənə ağrı verən bir obraz öz məzmununu,
miqyasını dəyişir. Bu qədər
mükəmməl idi Ramiz Abutalıbov. Vətən
mövzusunda qaranlıqları işıqla əvəz etməyin
ustasıydı. Əlimə yaxşı fürsət
düşmüşdü, yoxsa Əli Aranı sonrakı nəsillərə
kim onun qədər doğru-düzgün və
dərindən təqdim edə bilərdi ki? Söhbətini
lentə aldım. İndi isə keçən həftə
ikinci Fəxri xiyabanda torpağa
tapşırdığımız Ramiz Abutalıbovun 11 il əvvəlki söhbətini dinləyirəm:
"Çoxdan idi ki, Parisdə YUNESKO-da idarə rəisi
işləyirdim. Bu illərdə, təbii ki,
Əli Aranla görüşməmişdim. Ancaq Qarabağ müharibəsi başlayanda, bilirsən
ki, Azərbaycan informasiya blokadasına düşdü. Bizə Azərbaycanın haqlarını müdafiə
edən, Azərbaycanın səsini dünyaya yayan insanlar gərək
oldu. O zaman Parisdə Qadir Süleymanoğlu vardı. II
Dünya müharibəsi illərində öz xoşu ilə
almanların tərəfinə keçmiş bir adam idi. Əli Aranı o mənə nişan verdi. Dedi ki, Münhendə belə bir adam yaşayır. O sənə yardım edə
bilər. Qadir Süleymanoğlu zəng vurdu
Əli Arana və Məcid Musazadəyə. Məni təqdim etdi, məqsədimi söylədi,
onlarla görüşmək istədiyimi bildirdi. Əli Aran razılaşdı və mən şənbə-bazar
günlərinin birində Parisdən Münhenə getdim.
O vaxt Əli Aran artıq təqaüddəydi. Qocalmışdı.
Evdə otururdu. Mən Münhendə
Əli Aranın evində qonaq oldum...".
"Deyisiniz ki, Əli Aran Qarabağ məsələsində
Azərbaycana çox kömək etdi. Nədən
ibarət idi bu kömək?" "Legioner
kimi Amerika Birləşmiş Ştatlarının Prezidentinə,
Birləşmiş Millətlər Təşkilatına,
ümumiyyətlə, bütün dünya ölkələrinin
rəhbərlərinə məktublar, mətbuat orqanlarına
məqalələr yazdı. Əli
Aranın məktubları o dövrdə çox əhəmiyyətli
idi. Sonra Münhendə "Azadlıq"
radiosunda bir "Samizdat" arxivi vardı. SSRİ-də çap olunmuş bütün
"Samizdat" nəşrlər ora toplanırdı. Azərbaycanla
bağlı arxivin təşkilində də Əli Aran
yaxından iştirak etdi... Məşhur legioner,
çeçen Abdurahman Avtorxanov var. O da almanlar tərəfə
könüllü keçənlərdən biridir. Münhendə SSRİ-ni öyrənən
İnstitutun elmi işçisiydi. Çox
məhsuldar qələmi vardı. "Hakimiyyətin
texnologiyası" və "Partokratiya"
kitablarının, Stalin, Beriya barədə dünyada məşhur
əsərlərin müəllifidir. Mən
istəyirdim ki, Avtorxanov Düdənginski barədə məqalə
yazsın. Bu arzumu da Əli Aran gerçəkləşdirdi.
Avtorxanovdan xahiş etdi. O da
Düdənginski barədə "Dostum Fətəlibəyli"
məqaləsini yazdı. Belə bir əsərin
yazılması üçün biz Əli Arana minnətdar
olmalıyıq". Ramiz müəllimdən öyrəndim
ki, sən demə, Fətəlibəyli Düdənginskidən,
İsmayıl Əkbərdən, Məcid Musazadədən
sonra və Mirzə Xəzərdən əvvəl
"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının
baş redaktoru Əli Aran olubmuş. İstər-istəməz
"Vətən xaini" olan eloğlumun ədəbiyyata
münasibəti ilə də maraqlandım. "Bütün dünyada azərbaycanlıların
"Əli və Nino" ilə tanışlığı
Əli Aranın vasitəsilə olub. Çünki
1970-ci illərdə "Əli və Nino"nu
"Azadlıq" radiosunda bir neçə gün ərzində
Əli Aran oxumuşdu". Ramiz Abutalıbovun
düşüncələri yalnız işıq gələn
tərəfə fokuslanırdı: "Əli Aran son dərəcə
intellektual, hədsiz dərəcədə mədəni bir
insan idi. Ətrafındakıların dərin rəğbətini
qazanmışdı. Çoxlu dostları
vardı. Mən imkan düşəndə
Münhenə gedib Əli Aranla görüşərdim. Düdənginskinin məzarının ziyarətinə
məni Əli Aran Həsənzadə aparıb. Əli Aranın ən yaxın dostu Məcid Musazadəydi.
Musazadə 1990-cı ildə rəhmətə
getdi. Onu da ziyarət etməyə Əli
ilə bir yerdə getmişəm. Bir
sözlə, Əli Aran çox Azərbaycanpərvər bir
insan idi. Azərbaycanla nəfəs alırdı...".
Ramiz müəllim Əli Aran barədə elə sevgi ilə
danışırdı ki, dediklərinin hamısını
indi bir-bir bu yazıya köçürmək istəyirəm. Çünki bu söhbət
Əli Aran barədə ilk müfəssəl və
etibarlı qaynaqdır... Yəni başqa
heç bir kitabda, heç bir məqalədə belə
işıqlı bir Əli Aran yoxdur. Həmin
görüşümüzdə Ramiz Abutalıbov Əli Aranla
1991-ci ilin 9 fevralında Münhendə çəkdirdiyi şəklin
arxasına "Dostum Azər bəyə ən xoş
arzularla" sözlərini yazıb mənə bağışladı.
Azərbaycan legionerləri barədə Moskvada
çap etdirdiyi "Свои среди чужих, чужие среди своих" kitabını da mənə
o gün hədiyyə etdi. Kitabda
Avtorxanovun Əli Aranın xahişi ilə yazdığı
"Dostum Fətəlibəli" məqaləsi də
vardı. Kitabın titul vərəqində
müəllif materialların toplanmasında ona yardım
etmiş Əli Aran Həsənzadəyə də minnətdarlıq
edirdi. Ramiz müəllim mənim Əli Aranla
bağlı həssasiyyətimi hiss edib onu daha dərindən
tanımaq üçün istiqamət də verdi.
"Sən Dövlət Ədəbiyyat Arxivinə
də baş çək. Ora Ceyhun
Hacıbəylinin sənədlərini vermişəm. Sənədlərin
içində Əli Aranın Ceyhun Hacıbəyli ilə
yazışmaları da var" və s...
Ramiz
müəllimlə söhbətimdən sonra Ədəbiyyat
Arxivinə gedib Ceyhun Hacıbəylinin sənədləri ilə
tanış oldum. Burda isə təkcə
Əli Aranın Ceyhun bəylə yazışmaları deyil,
eləcə də 1918-ci ildə Azərbaycanda polis sisteminin
qurucusu olmuş Sadıq bəy Ağabəyzadənin
1921-1937-ci illərdə Parisdən, Polşadan İstanbula -
Əli bəy Hüseynzadəyə yazdığı 32 məktub
da var idi və Ramiz müəllim bu məktubları Azərbaycana
gətirməsəydi, biz general Ağabəyzadə ilə
Əli bəy Hüseynzadənin dost-doğma əmioğlu
olduqlarını da bilməyəcəkdik. Çünki
onların arasındakı belə yaxın qohumluq bağı
həmin məktublardan başqa heç bir yerdə əks
olunmayıb...
Yuxarıda xatırlatmışdım. Ramiz
Abutalıbov Moskvada kitabımın təqdimat mərasiminə
türk-islam düşüncəsinin mötəbər
bilicisi, Lomonosov Universitetinin professoru Qasım Kərimovla
birlikdə gəlmişdi.
Abuzər
Bağırov, Ağalar Atamoğlanov və Ramiz Abutalıbov Azər
Turanın «Əli bəy Hüseynzadə» kitabının təqdimat
mərasimində. Moskva 2008.
Tədbirdə ilk
çıxış edən də Abutalıbov oldu. Həmin çıxışın videoyazısı
da arxivimdədir. Ramiz müəllim danışır:
"Əlbəttə, ədəbiyyatşünasların
qarşısında çıxış etməyim
düzgün deyil. Amma həyat yolumda heç özüm də
təsəvvür edə bilməzdim ki, mən Əli bəy
Hüseynzadənin oğlu Məmməd Səlim Turanla təxminən
20 il dostluq edəcəm. Təsadüf
elə gətirdi. Buna görə də fikirləşirəm
ki, indi bu barədə söz deməyə mənim də
haqqım var. O, beş böyük Azərbaycanlıdan
biridir... Əli bəy Hüseynzadə barədə
ilk dəfədir ki, belə dolğun, böyük bir kitab
yazılıb. Ümumiyyətlə,
Əli bəyin adı bir vaxt yasaq idi Azərbaycanda. Çoxları onu tanımırdı. Ancaq şəxsən mən ordan-burdan
eşitmişdim. Nənəm deyərdi ki,
böyük oğlu, yəni mənim böyük dayım Muxtar
Əliyev "Səadət" məktəbində oxuyub.
"Səadət" məktəbinin müdiri
isə Əli bəy Hüseynzadə olub. İkinci dəfə
Hüseynzadənin adına rast gəldim rəhmətlik
professor Abbas Zamanovun evində, mənə bir qəzet göstərdi,
qəzetdəki məqalə belə adlanırdı:
"Türkçülüyün və türk sosializminin
babası Əli bəy Hüseynzadə". O məqalə
barədə Azər müəllim də kitabında yazıb.
Rəhmətlik professor mənə izah etdi ki,
türkçülüyün əsasını qoyanlar Rusiya
müsəlmanlarıdır. Əli bəy
Hüseynzadə, Krım tatarı İsmayıl bəy
Qasprinski, Kazan tatarı Yusif Akçura.
Türkçülük ideyası, ümumiyyətlə, osmanlı imperiyasına Rusiyadan daxil olub. Belə
bir adam haqqında yazmaq, onu tədqiq etmək,
onunla bağlı məlumatlar yaymaq böyük savab işdir.
Buna görə də istəyirəm sizin
adınızdan Azər Turanı təbrik edim və arzulayaq
ki, o, yenə də belə böyük kitablar yazsın".
Ramiz
müəllim əsilzadə, aristokrat, yüksək ictimai
nüfuzuna baxmayaraq, gurultusuz, xəfif, həzin adam
idi... Sonuncu dəfə özü məni
aradı. Bakıdaydı.
"Görüşməyimiz lazımdır", - dedi. Görüşdük. Üçüncü və
dediyim kimi, sonuncu görüşümüzdə mənə
Parisdə fransız və türk dillərində nəşr
olunan "Oluşum" (Genese) dərgisinin 1994-cü ilin
oktyabrında Səlim Turanın vəfatına həsr
olunmuş 32-ci sayını verdi... Yenə
də Səlim Turan barədə Vivoində 1975-ci ildə nəşr
olunmuş "40 ans de peinture" ("40 il rəssamlıqda")
toplusu, Səlimin Parisdə keçirilmiş sərgilərinin
kataloqları, dəvətnamələri, afişləri... Və
şəkillər... Can Yücelin Səlim Turana həsr etdiyi
"Səlim bir insana, Səlim bir rəssama" şeiri...
"Bunlar səndə qalsın", - dedi.
Mənə verdiyi şəkillərdən birində Xalq
yazıçısı Elçinlə Səlim Turan və
Şahiqa xanım bir yerdədir. Başqa bir şəkildə isə
onlar üçüdür: Elçin, Səlim Turan və
Ramiz Abutalıbov. Foto 1980-ci illərin sonlarında Parisdə
çəkilib... Şəkillərdən birini
2017-ci ilin oktyabrında Elçin müəllimə
bağışladım. Birini isə Ramiz Abutalıbovun
yadigarı olaraq özümdə saxlayıram...
Ramiz Abutalıbovun Parisdəki Azərbaycan
missiyasını başqa heç kəsin xidmətləri ilə
müqayisə etmək olmur. Cümhuriyyət liderlərinin
qürbətdəki taleyi, onların izi-sorağı Ramiz
Abutalıbovsuz bizə necə çatardı?
Cümhuriyyətçi mühacirlərin itik, yaxud unudulmaqda
olan məzarlarını o olmasaydı Azərbaycana kim nişan verərdi... Xalq
Yazıçısı Anarın dediyi kimi, "Fransız
yazıçısı Banin kimi tanınan azərbaycanlı
Ümmülbanunu da ilk dəfə bizlərə tanıdan
Ramiz Abutalıbov oldu". Hələ üstəlik, Azərbaycan
mühacirətinin siyasi tarixi, legionerlərin
varlığı ilk dəfə onun qələmi ilə
kitablaşdı...
Fəxri Legion Ordeninin kavaleri olaraq Parisdə, Puşkin
medalının laureatı kimi Moskvada dəfn oluna bilərdi. Amma Ramiz Abutalıbova ən
yaxın olanlardan biri - doktor Bəhruz Səfərəliyev vida
mərasimində mənə dedi ki, son günlərində
özü Bakıda dəfn olunmasını vəsiyyət
edib. "Məzarıma üçrəngli Azərbaycan
bayrağı örtərsiniz" deyib...
Belə
bir Abutalıbovu itirdik...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.16-17.