Azərbaycan aydınlığının əfsanəsi

 

Ramiz Abutalıbovun xatirəsinə

 

Uzun illər ortaq dəyərləri bölüşdüyün, mənsub olduğun xalqın tarixində əvəzsiz yeri olan, yaxından dostluq etdiyin şəxs haqqında keçmiş zamanda danışmaq çox kədərlidir. Belə insanların dünyadan köçməsi sadəcə ölümün gətirdiyi ayrılıq deyil, yaşadığın cəmiyyətdə heç ilə doldurula bilinməyəcək böyük bir boşluğun açılmasıdır.

Görkəmli diplomat, YUNESKO-nun keçmiş əməkdaşı, Azərbaycan ziyalılığının əfsanəsi, böyük vətənsevər insan Ramiz Abutalıbovun Moskvada vəfatı belə bir boşluq yaratdı. Ölümü ilə yaratdığı bu boşluğu zəngin yaradıcılıq irsi, ictimai-siyasi mübarizə örnəkləri, millətə xidmət məramı doldursa da, yeri hər zaman görünəcək, yoxluğu hər addımda duyulacaq.

İctimai-siyasi fəaliyyətini elmi-publisistik yaradıcılığı ilə tamamlayan Ramiz Abutalıbov sözü ilə əməli, əsərləri ilə xarakteri arasında sıx bağlılıq olan nadir şəxsiyyətlərdən idi. O, qan yaddaşı bağlı olduğu böyük türk soyunun tarixi, əzəmətli keçmişi ilə qürur duyurdu.

Uzun sürə YUNESKO-da çalışması ona zəngin diplomatik təcrübə qazandırmışdı. Dünyanın siyasi mərkəzlərindən olan, eyni zamanda erməni şovinistlərinin Azərbaycana qarşı hiyləgər, məkrli sövdələşmələrin aparıldığı Parisdə fəaliyyət göstərməsi o qədər asan deyildi. Belə bir siyasi məkanda Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın milli mənafeyini qorumaq üçün 1989-1992-ci illərdə yayınladığı kitablar ciddi axtarış, gərgin zəhmət, çeşidli maneələri dəf etmək hesabına gerçəkləşmişdi. Qanlı 20 Yanvar hadisələri ilə bağlı həqiqətləri dünyaya yaymaq məqsədilə Ramiz bəy olduqca çətin bir şəraitdə Fransanın TV 5 kanalının üç jurnalistini Moskvaya göndərə bilmiş Rusiyada yaşayan Azərbaycan icmasının yaratdığı Təşkilat Komitəsinin köməyi ilə onları yanvarın 21-də Bakıya göndərmişdik. Fransız jurnalistlərinin Bakıda çəkdikləri videolar şəkillər sonralar dünyanın bir çox  telekanallarında göstərilmişdir.

O, YUNESKO-dakı səmərəli xidmətlərinə görə Fransanın ən yüksək hərbi mülki dövlət mükafatı olan Fəxri Legion ordeninə layiq görülmüşdü.

Ramiz bəyin Fransadakı fəaliyyəti bununla məhdudlaşmamışdır. O, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri YUNESKO-da Azərbaycan Milli Komissiyasının baş katibi vəzifələrində çalışarkən milli ədəbi-mədəni irsin mühafizə olunması istiqamətində əlindən gələni əsirgəməmişdir. İçərişəhər (2000)   Azərbaycan Muğam sənətinin (2003) Ümumdünya irsi siyahısına daxil edilməsi onun təşəbbüsü ilə gerçəkləşmişdir.

Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin (1918-1920) qaranlıq səhifələrinə işıq tutulması, milli dövlət yaratmış tarixi şəxsiyyətlərin elmi-kulturoloji, siyasi-publisistik irsinin toplanması, nəşri, tanıdılması, Fransadakı mühacirət arxivinin Vətənə gətirilməsi yönündə əvəzsiz xidmətləri olan fədakar bir alim ictimai xadim idi.  İki cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"na (2004-2005) daxil olan məqalələrin önəmli bir qismi ona məxsusdur. Tərtib etdiyi, "Azərbaycan Demokratik Respublikası" (2008) adlı elmi məqalələr toplusunun, M.Ə.Rəsulzadə Ə.Topçubaşı arasında 1923-1926-cı illəri əhatə edən yazışmaların (2012), gürçü alimi, professor Georgi Mamulia ilə birlikdə hazırladığı Əlimərdan bəy Topçubaşının 1919-1940-cı illəri əhatə edən dörd cildlik fundamental "Paris arxivi"nin (2016-2018) Moskvada yayınlaması onun gərgin əməyi sayəsində mümkün olmuşdu. Bununla yanaşı, müəllifin çeşidli dönəmlərdə  Moskvada nəşr olunan "Parisdə illər görüşlər" (2006), "Doğmalar arasında yad, yadlar arasında doğma" (2007), "Məhəmməd Əmin Rəsulzadə Qafqaz Konfederasiyası" (2011) kimi kitabları Azərbaycan mühacirət tarixinin araşdırılması yönündə dəyərli qaynaqlardır. Aktiv ədəbi-publisistik fəaliyyətinə görə o, Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.

Ramiz bəy 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Böyük Dövlətlər Birliyi tərəfindən tanıdılması məqsədilə Parisə göndərilmiş, qoyub getdikləri ölkə istiqlaliyyətini itirdiyindən bir daha geri dönməmiş diplomatların həyatından bəhs edən "Əbədi ezamiyyət" sənədli filminin yaradıcılarından biridir.

O, Avropada yaşayan bir çox keçmiş siyasi mühacir legionerlərlə görüşüb canlı ünsiyyət saxlamışdır. Bunların sırasında Ümmülbanu (Banin), Məcid Musazadə, Məmməd Məhərrəmov, Əli Aran, Qədir Süleyman, Ələkbər bəy Topçubaşov, Səlim Turan kimi görkəmli siyasi xadimlər, yaxud onların övladları vardır.

Eyni zamanda Azərbaycan siyasi mühacirlərinin məzarlarının aşkara çıxarılması, bərpası yönündə böyük işlər görmüş, bunun yekunu olaraq "Qərib məzarlar" albom-kitabını hazırlayaraq yayınlamışdır. Fransanın azadlığı uğrunda həlak olmuş soydaşlarımızın xatirəsinə Rodez şəhərində xatirə abidəsi məhz onun təşəbbüsü ilə qoyulmuşdur.

Ramiz Abutalıbov Azərbaycan aydınlığının sonuncu magikanlarından idi, ölümü ilə bütöv bir epoxa tamamlanmış oldu. O, bir çoxlarından fərqli olaraq özünü, yaradıcılığını təbliğ etmədi, gördüyü işləri qabartmadı. Öz millətinin tarixinə, gələnəklərinə bunca bağlı olan, mübarizəsini umacaqsız yürüdən səssiz mücahidlər az-az doğulur.

O, həmçinin milli diasporun təşkilatlanması yönündə mübarizəsini əsirgəməmiş, uzun illər Moskvada fəaliyyət göstərən "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyəti İdarə Heyətinin üzvü, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü kimi aktiv fəaliyyət göstərmişdir. Xüsusilə, Rusiya Avropada məskunlaşan Azərbaycan diasporu ilə digər türk xalqları mühacirətinin ortaq mübarizə mövqeyinə çıxarılmasına yönəlik fəaliyyəti yaddaşlardan silinməyəcəkdir.

Ramiz Abutalıbovun Bakı-Moskva-Paris şəhərləri arasında keçmiş həyat mübarizə yolu sadalamaqla bitməyəcək qədər zəngin çoxşaxəlidir. İllər ötdükcə onun gördüyü işlər xatırlanacaq, ömür yolu gələcək nəsillərə örnək olacaq...

Ramiz Abutalıbov XX yüzilin əvvəllərində Azərbaycanda milli dövlət quruculuğu  uğrunda həyatlarını fəda etmiş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli kimi dahi aydınların, fikir sahiblərinin yolunu, yarımçıq qalmış əməllərini uğurla davam etdirirdi. Yalnız gördüyü işlərlə, fəaliyyətinin məzmunu ilə deyil, amalı, əqidəsi, xarakteri ilə öz sələflərinə çox bənzəyirdi. Elə sələflərinin taleyinə bənzər bir ömür yaşadı. Ancaq ruhən bağlandığı siyasi mühacirlərdən fərqli olaraq ona doğma vətən torpağına qovuşmaq nəsib oldu.

 

Vaqif SULTANLI,

Tofiq MƏLİKLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.17.