"Vətəndaşlığın əlifbası"
kitabından
1-ci bölüm
İlin ilk günlərində on iki il öncə yarımçıq
qoyduğum kitabı tamamlamaq həvəsinə
düşdüm.Kitabın 06.09.2010-cu ildə yazılmış
bir bölümünü
oxuculara təqdim edirəm.
Bitik və ya bu kitabı
yazmaqda məqsədim.
Məncə, kitab da Allahın varlığının
bir əlaməti və onun möcüzələrindəndir...
Ancaq kitabın bir fərqi və özəlliyi də var. Yer üzündə gördüyümüz heç
bir şey haqqında "göydən
nazil oldu" deyilmir... Göydən gələn, endirilən, Allahın elçiləri
tərəfindən insana
çatdırılan yalnız
Sözdür, qutsal bitiklərdir, Kitabdır! Sonuncusu "Qurani-Kərim"
olmaqla...
Bir də insanların yaratdığı
kitablar var; saysız-hesabsız. Bunlar səmavi kitablar kimi qutsal deyil,
ancaq hər dəyərli kitab sirli bir vergidən,
eşqdən, ilhamdan,
vəhydən doğulursa,
demək "Yer kitabları"nda da, az və
ya çox dərəcədə, bir
ilahi nuru, möcüzə cövhəri
var!
Göydən gələn bir yeyəcək-içəcək, meyvə, çiçək
varmı? Bəlkə, Allahın elçisi
olan peyğəmbərlər, yaxud özlərini əbədi
sayan "tac-taxt peyğəmbərləri" - fironlar,
krallar, şahlar, çarlar, padşahlar, prezidentlər,
baş nazirlər, yaxud "balaca padşahlar" göydən
gəlib?
Yox, gələn yalnız kitabdır! Və göydən gələn
qutsal kitabların işığı yer kitablarına da
düşüb. Kitab tarix boyunca özəl
bir dəyər, əmanət, tapınaq, abidə, anıt, əbədiyyət
karvanına vəsiqə sayılıb. Toxunulmaz
olub. Buna görə ən ağır günlərimdə
də içimdə bir rahatlıq var...
Ərəb dilində kitab sözüylə məktub, katib sözlərinin
kökü birdir. Bu birlik kitabın tarixi dəyərini dəqiq
göstərir. Onun məktəb
olduğunu və bütün nəsillərin bu məktəbdən
keçdiyini hər kəs bilir. Bununla
yanaşı, kitab həm də bir məktubdur.
"Avesta nəğmələri"
də, "Bibliya"
da, "Tövrat" da, "Quran" da Allahın insanlara
ismarışlarıdır.
Eləcə də bütün
böyük söz ustalarının əsərləri
də, mahiyyət etibarilə, Allahın
ismarışlarına cavablardır, yəni insanın Allaha
sevgi və şükranlıq məktublarıdır,
çoxu ona müraciətlə başlanır...
Kitab insanı
xilas edə bildimi?
Bir də insanla insan, insanla təbiət,
insanla şeytan arasındakı dialoqların kitabları
mövcuddur.
Əslinə qalsa, insanlığın
tarixi bu sözləşmələrdən,
xəbərləşmələrdən, bilgi
ötürücülüyündən başqa bir şey
deyildir... Dünyanın tarixi sözün
tarixidir.
Çağdaş sivilizasiyanın xatırladığı
təxminən əlli min insan nəsli iki
trilyondan artıq şərti insan ilini mühitin, təbiətin
dərkinə, xaosla uyum saxlamağa sərf etmişdir.
Söz yox ki, bu Uyum arzusu həmişə
xəyal olaraq qalacaqdır, çünki texnoloji inkişaf
getdikcə daha sürətlə təbiətin nizamını
pozmaqdadır. Yaşanmış böyük Ağıl
tarixinin sözdə və kitabda qorunmayan kəşflərini
və izlərini indi kim xatırlayır? Daşa, sümüyə, ağaca, yarpağa, gilə,
metala, parçaya, papirusa, dəri perqamentlərə
yazılmış kitablar insanın öz sözünü
çağdaşına və gələcək nəsillərə
çatdırmaq üçün apardığı axtarışların
genişliyi və qeyri-adiliyi ilə heyrət doğurur.
Bizə
çatan gil
və papirus kitabların təxminən 6
min il yaşı var.
Lakin Qobustan rəsmləri, Dəlidağ
və Gəmiqaya qayaüstü yazılarının
yaşı on-on iki min ilə çatır. Bütün türk
coğrafiyasını əhatə edən saysız-hesabsız
başqa daş kitabələrin də yaranma tarixi təxminən
bir o qədərdir... Çağdaş
uyğarlığın kökü də oralardadır.
Amma kim deyə bilər ki, bundan öncə
başqa sivilizasiyalar və başqa söz ünsiyyəti
növləri olmamışdır?
Dünyanın ən qədim kitabları sayılan Mixi və ya çivi
yazılar əslində mıxla, çivi ilə yazılan
yazılardır və bu yazılar Şumerlə Azərbaycanın
beş-altı min il öncə vahid bir mədəniyyət
məkanında olduğunu göstərir.
Dəridə yazılmış ən böyük kitab "Avesta" sayılır. "Avesta"
da türklərlə birbaşa əlaqəsi olmasa da, Azərbaycan
ərazisində yaranmışdı və təxminən 12
min inək dərisində qorunurdu. Çinin
kəşfi sayılan kağızın vətəni Çin
deyil, Doğu Türküstandır. Oradan
Çinə yayılmış, 650-ci ildə Səmərqəndə,
sonra isə Təbrizə və Bağdada gəlmişdi.
Avropa kağızı bizdən 2-3 əsr sonra
gördü və kağızda kitab çapını da ipək
yoluyla gələn şərqlilərdən öyrəndi.
Lakin o zaman kağız istehsal edən Azərbaycan
indi onu bütünlüklə kənardan gətirir.
Mətbəə üsulu ilə çap olunan ilk kitabımız Nəsrəddin
Tusinindir, 1594-cü ildə Romada basılmışdır. Azərbaycan ərazisində
ilk nəşr kitabı isə dahi Füzulinin "Leyli və
Məcnun"udur: 1819-cu ildə Təbrizdə
buraxılmışdır.
İstanbula, yəni türk-islam aləminin baş kəndinə mətbəə
XVI yüz ildə gəlib, Təəssüf ki, uzun müddət
dini cəhalət türklər arasında mətbəəçiliyin
yayılmasına imkan verməyib.
Sivilizasiyalardan, yəni uyğarlıqlardan
intiqam almaq istəyən insanlıq
düşmənləri öz vəhşilik
yanğılarını, sərhədsiz qəzəb və
intiqam hisslərini ilk növbədə kitabı yandırmaqla
"soyutmağa" çalışdılar. Sözü hədəf
seçdilər. Tarixi öz yolundan
çıxarmağın, öz güclərini göstərməyin
başqa yolunu tapa bilmədilər. İnsanı
öldürmək və onun səsini batırmaq,
kitablarını yandırmaq.
Şah rejiminin 1947-ci ildə
Güney Azərbaycanındakı kitab terroruna Səməd
Vurğunun şair etirazı uşaqlıqdan
yaddaşımıza köçüb:
Cəllad,
sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir,
min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar
qalır yadigar.
Hər vərəqə nəqş
olunmuş neçə insan duyğusu,
Min kamalın şöhrətidir,
min ürəyin arzusu.
Bir vərəqlə tarixləri,
utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun
başını?
Koroğlunun, Səttarxanın çələngi
var başımda,
Nəsillərim qoymayacaq daş
üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun
başını?
Sözə
qarşı çıxanlar Allaha qarşı
çıxdıqlarını anlamırdılar; bu savaş hər
zaman sözün qələbəsi ilə sonuclanır...
İranın fars-molla rejimi bu gün də məktəblərdə
türklərin ana dilində oxumasını yasaq edib, lakin bu,
uzun çəkməz və böyük Səməd
Vurğun demişkən yaxınlaşan azadlıq
baharının ətri duyulmaqdadır!
Bizim qədim
dilimizcə bitik
adlanan kitab, insanlığın yaşıyla müqayisədə
gəncdir. Ancaq yazıda qalmayan tarix sayılmır.
Yazının tarixi həm də böyük yaddaşın,
İlahinin varlığına inandıran yaddaşın
tarixidir...
Həm müqəddəs kitabların,
həm də bütün digər
yazıların əsas amacı birdir: yerdə və insan həyatında
düzən yaratmaq, insanı kamilləşdirmək, öz
yaradılış məqsədinə yönəltmək... Buna insan mühəndisliyi də deyilir.
Kitab toplumun mühəndisidir, ruh və
əxlaq memarıdır. İstər dini kitab olsun, istər şeir, nəsr, elmi
araşdırma, qoşqu, vəhy... Niyyət
birdir.
"Yazıq ruh əkinçisi!". Qələm əhlini, dünyanın sözlə dəyişdirməsinə
inananları "ruh əkinçisi"
adlandırmışam. Min illərdir bu ruh
əkinçilərinin neçə-neçə nəsli, məktəbi,
yolu, üslubu, muridləri gəlib keçib bu dünyadan.
Əkdiklərinin bəhrəsini görənlər
çox oldu. Ancaq bunun qiymətini,
hesabını aparmaq mümkündürmü? İnsan unutqandır... 50-ci mərtəbədə
ayağının altını unudur bəzən. Havada olduğunu, altdakı 49 qat olmasa yaddan
çıxarır.
Kainatın zaman ölçüləriylə
müqayisədə bir an
kimi görünən insanlıq tarixi - sözün
gücüylə qarmaqarışıqlığı yönəltmək,
xaosu düzənə soxmaq cəhdi olmaqla dəyərlidir.
Təəssüf, insan mühəndisliyinin, minillikləri qapsayan, coğrafiyalara, zamanlara
sığmayan söz quruculuğunun bəhrəsini
ölçə biləcək bir cihaz yoxdur.
Kitablar nəyi
qurub, nəyi
yaradıb, nəyi məhv etmişdir? Dəyərləndirmək çətindir!..
"Avesta"sız, "Tövrat"sız,
"İncil"siz, "Quran"sız,
Zərdüştsüz, Musasız, İsasız, Həzrəti
Məhəmmədsiz dünya necə qurulardı, görəsən?
Ancaq müqəddəs kitabların müqəddəsliyi
qəbul edilə bilməyən din savaşlarına yol
açması və bütün qitələrdə milyonlarla
insanın qanının tökülməsinə səbəb
olduğu da inkaredilməzdir.
Dahi qələm
sahiblərinin əsərləri
olmasaydı, insan ruhunun mənzərəsi nə dərəcədə
kasıb görünərdi?
Yüz minlərlə
əlyazması, qalın
cildlər - bəşəriyyətin böyük hərəkətinin
yol nişanları və ya tarix yaddaşının
adlamaclarıdır. Kitabxanalar aşıb-daşır, elektron
kitablar sərhəd tanımır. Dəyəri bilinməyən
bir möcüzə, ölçüyə gəlməyən
bir sərvət!.. Bütün
bunlar insanı xoşbəxt edə bildimi? İnsan nə vaxt daha rahat idi? İnformasiya
yükünün altında 60-70 illik ömrünü
şüurlu əzablar içində keçirəndə,
yoxsa təbiətlə baş-başa yarımvəhşi
şəkildə, heç nəyi düşünmədən
yaşayanda? Min illərin sualıdır!
Qələm də heykəltəraş
tişəsinə bənzəyir. Fərq
bundadır ki, şəhərləri bəzəyən,
yüz ildən yüz ilə addımlayan, içində qəlb
olsa insandan seçilməz olan heykəlləri heykəltəraş
hamının görə biləcəyi şəkildə, əlindəki
tişəylə yonur, yontalayır, cilalayır.
Ancaq kitabın,
sözün insanları
nə dərəcədə cilaladığı adi gözlə
görünmür və yazarın işi onun ömrüylə
bitmir.
Peyğəmbərlər, yazarlar, sufilər, dərvişlər,
aşiqlər, filosoflar, sosioloqlar, tarixçilər, ictimaiyyətçilər...
Bunların hamısı insanın
yaradılış sirrini, təbiətini, keçib gəldiyi
yolları öyrənməklə həyatın mənasını
anlamağa çalışmış, dünyada cövlan eləyən
ədalətsizliyin, zorun, zülmün, vəhşiliyin
qarşısını almağa - gözəllik və kamillik
axtarışına xidmət etmişlər. Bu istəklər kitablarla toplanmışdır.
Silaha qarşı - kitab!
Cəhalətə, korazehinliyə, köləlik
psixologiyasına qarşı - kitab!
Tiranlara,
despotlara, şahlara, Allahsız yer allahlarına qarşı - kitab!
Kitab düşmənlərinə qarşı
- kitab!
Qılınca qarşı - qələm!
Şərə qarşı - söz!
…Bu kitabı yazmağa məni həvəsləndirən duyğu
öz dua, cadu və yol işarətlərini qayalara həkk edən
qədim və ya ibtidai insanın duyğularından az fərqlənir. O insan ilkin inancına
bağlıydı. Ona tapınırdı.
Bir söz, cümlə və işarəylə öz
soydaşlarına, yoldaşlarına ismarışlar göndərir,
yerini nişan verir, özünü və
qəbiləsini fəlakətdən yayındıra bildiyinə
etiqad bəsləyir və ya səsini göylərə və
gələcək nəsillərə
çatdırdığına inanırdı. Mən
də sözümün təsiriylə oxucularımın
mürgüləyən gücünü,
duyğularını hərəkətə gətirmək istəyirəm.
Əlifba
sözü ən ilkin, özül, A... B... C... hərflərinin günbəgün öyrənilməsi
səviyyəsində olan bir işdir. Lakin
həm də iddialı görünə bilər. Əslində, ən dahiyanə, ən qatı fəlsəfi
düşüncə səviyyəsində yazılan kitablar,
yaxud çoxcildli epopeyalar da əlifbadır. Etiraf edilməsə də, hamısında gizli bir
öyrətmək həvəsi və iddiası var.
Mənim niyyətim öyrətmək
deyil, xatırlatmaqdır. Diqqəti
yönəltməkdir. Təbiət qoynunda
dayanmışam, bir tərəfdə yolsuzluq, dibsiz
uçurum, başqa bir tərəfdə yol. İnsan ruhuna, dünyaya, hədəfə,
abadlıq və gözəlliyə açılan qapı.
Mən bu yolu başdan-ayağa, ətrafındakı
gözəlliyin bütün zənginliyi ilə təsvir edə
bilmərəm. Buna ehtiyac da yoxdur. Yalnız öz yaşantılarıma söykənib
hansı yolun hara apara biləcəyini
aydınlaşdırmağa çalışıram. Yəni hansı səmti tutub getsək daha
yaxşı olar.
Bu, şəxsi təcrübəyə,
xarakterə, istəyə bağlı olan
bir məsələdir. Başqası başqa cür
düşünə və yaza bilər.
Söz də meyvə kimi yetişəndə
budaqdan düşməlidir. Yoxsa qalıb quruyur,
ağaca yük olur. Qar da, külək də
daha çox əyir onu.
Saçlarıma qar ələnən vaxtdır və sözlərimi qurutmadan
kağıza köçürmək istəyirəm.
Onsuz da
1988-ci ildən başlanan savaş, Azərbaycanı
məhv etmək siyasəti bizi də mənən sarsıtdı. Mən bu fəlakətə
qarşı müqavimətin ön cərgəsində
olmuşam və çox sözümü mübarizəmizə
qurban vermişəm.
Ancaq heç bir çətinlik və sarsıntı taleyi
ilhamına bağlı olan adamları sözdən, kitabdan
tamamilə soyuda bilməz! Sözün
gücünə inamımı itirmədim. Bu
kitabımın da bir çimdik duz, bir fincan su kimi gərəkli
olması arzusundayam...
Xalqların varlığı - mübarizə
yoludur. Bu
mübarizədə məğlubiyyətlər ola
bilər. Biz ərazimizi itirmişik, ruhumuzu yox! Ərazimiz
parçalanıb, milli kimliyimiz yox!
"Tarix təcrübəsi
göstərir ki, ərazi
işğalı ictimai tərəqqinin yox, ictimai
çöküşün, çürümənin əlamətidir"
(A.Toynbi). Məncə, Ermənistanda buraxılan bütün məktəb
dərsliklərinin birinci cümləsi məşhur
tarixçinin bu cümləsi olmalıdır.
İnkişafların kökü şəxsi məsuliyyətdə
və ya vətəndaşların məsuliyyətindədir...
Allahı olan, böyük ideallara bağlı xalqın
gücü tükənməzdir... Belə xalqı
öldürmək olmaz, özü özünü
ölümə aparmasa, intihar eləməsə... İnam və iradə varsa, müvəqqəti
uduzsan da, sonda qalib gələcəksən. Yorulub, əlini yanına salıb otursan həmişəlik
uduzacaqsan. Mən ədəbiyyatımızı
və kitablarımızı millətimizin silahı və ya məşəli
kimi görmək istəyirəm. Xoş günündə
çiçək dəstəsinə, sevgi nəğməsinə
də dönə bilər! Haqq savaşından
yorulmaq - ölümlə barışmaqdır.
Yaşamaq - ilkdən sona fasiləsiz
bir mücadilədir.
Şəxsi iradə olmadan insan, milli iradə olmadan millət xoşbəxtliyə
qovuşa bilməz.
Milli iradə
zərrə-zərrə, söz-söz
toplanan tükənməz bir ruh qaynağı, ruh enerjisidir. Elə bir
enerji ki, onu silahla məhv etmək olmaz.
Mən də sözümü bu milli
enerjiyə qatmaq istəyirəm. Bu enerjinin bir damarı
da vaxtilə "qan yaddaşı" dediyim (indi
hamının dilindədir) tarix düşüncəsindən,
milli kimliyin dərkindən gəlir. Yazdıqlarımın
hamısı bu kimliyin dərkinə xidmət edir. Bu sözləri yazanda
keçdiyim yolları düşünürəm, xatirələrim
uzaq illərin ardından baş qaldırır və
görürəm ki, mən elə bir müəllim
ömrü yaşamışam. Bunu çəkinmədən
və təvazökarlıqdan kənar görünəcəyini
nəzərə almadan yazıram. Söz
yox bu yolu özüm seçməmişəm. Ancaq gücüm çatdı-çatmadı
heç vaxt ədalətsizliyin, zülmün, yalanın,
riyakarlığın yanından sakit keçib getməmişəm.
Balaca kitabxanalardan, beş-on nəfərlə
görüşlərdən tutmuş bir milyonluq meydanlara kimi,
harada əlimə imkan düşübsə, hökmən
bilinməyən bir həqiqəti söyləmək, vahiməli
görünən bir ictimai-siyasi yasağın pərdəsini
cırmağı özümə borc bilmişəm. Bunlar mənim şifahi kitabım olub.
İndiyədək qələmimdən nə
çıxıbsa hamısını
öz əsas kitabıma giriş hesab eləmişəm.
Bu kitabı da bir giriş kimi yazıram. Sözümün canını nə vaxtsa deyəcəyim ümidiylə. Bütün
ömrümüzü də
belə yaşayırıq:
yarat, qur, yürü, sanki qarşıda, çıxdığın
dağın təpəsində
bir cənnət bulacaqsan. Ancaq, sən demə,
cənnət deyilən
sadəcə bir SON-dur. Həyat isə elə
o Sona doğru gedən yoldan ibarət imiş.
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat qəzeti.- 2022.- 5
yanvar.- S.20-21.