Ulucay Akifə açıq məktub
İndi həyatım
sənin
çantanın içi kimidir,
yəni
hamı var.
Amma heç kimi tapmıram.
Bir az müdrik yaşın gəldiyi qənaətlərdir.
Eşqin, ehtirasın bədəndən sovrulub
qara yellərə qoşulub gedən çağların
duyğularıdır. "Hamı var, amma
heç kimi tapmıram". Yəni suyu
sovrulmuş dəyirmanam. Su
şırıltıyla nova tökülür,
çağçağ işləyir, dən kisələri
ilğım kimi sıralanır, amma qoca dəyirmançı
nə üyüdülən unu çuvala yığır, nə
də şahad gözə dəyir.
Oturuşmuş
söz, fikir böyüklərinin buna oxşar
duyğuları, bədii yanaşmaları var:
Heç
nə gözə dəymir, gözə görünmür,
Gözə görünən də təzə
görünmür.
Məmməd
Araz
Yaxud
Hamı günahkardı
dünyada, amma,
dünyada heç kəsin günahı yoxdu...
Ramiz
Rövşən
Söz ucalığındadır Ulucay Akif. Tanrını
bu mərtəbədə görüb onu, özünü bu məqama
çatdırıb. Doğrusunu tək
olan bilir. Ancaq mənim ağlımın kəsdiyi
budur ki, hər halda Ulu Yaradanın Ulucaya verdiyi ən uca məqamdır.
Bu, Tanrı töhfəsidir. Ulucaya qalan odur ki, bu ilahi bəxşişi dəyərləndirə
bilsin. Pirim deyə onun ətəyindən
yapışsın. Onun
saflığını qoruya bilsin. Öz
"incisini" qoyub, saxta "sədəqələr"
arxasınca qaçmasın. Canıyla, qanıyla
anlasın ki:
Bircə
biz bilirik
Günəşin
tək səmada yox,
həm
də ürəyimizdə olduğunu...
Əlahəzrət
əcəl gəlib canını alan anadək
bu həqiqəti başı üstündə yaşada bilsə,
öz insan böyüklüyünə qovuşa biləcək.
Əlindəki qələm Ulu Günəşin
içərini isidən işığından nur əməcək.
Ona heç bir tənqidçi himayədarlığı,
Akif Səməd kölgəsi lazım olmayacaq. Özü olacaq yerdə nur parçası. Yox, bu işığı daşımağa
gücü çatmasa, onda ölün dura-dura, dirini
ağlayacaqsan. Ulucayın damarlarında
çağlayan qan yaddaşın dərin qatlarından gəldiyi
üçün ruhu Tanrı ucalığından su
içdiyi üçün bu doğmalıqlara yadlaşa bilməz.
Özü bilsə də, bilməsə də
kürək söykədiyi bədii obrazları, üz
tutduğu mövzu qaynaqları elə qələmin ata
doğmalığından, obraz oxşarlığından
süzülüb gəlir. Sadəcə bədii
ifadənin müasirliyi - daha dəqiq desək, - şeirdəki
ruhun sərbəstliyi izi yayındırır. Alma
budağından gen düşmür axı!
Akif Səməd
yazırdı ki, "Nə qədər - Bənövşə,
nə qədər Akif, nə qədər sevən var görən
dünyada...". Ulucay Akifsə rahat şəkildə
fikrini belə izah eləyir:
...güllərin
adlarını da bilməmişəm,
amma
çox sevmişəm qoxularını
fərqi
nə - adı Bənövşədi, Nərgiz, ya Lalə...
Atalarda sevgi fərqliydi - bir Bənövşə, bir
Akifiydisə, övladlarda, cavanlarda ümumiləşir bu
sevgi. Bənövşənin,
Nərgizin, Lalənin qoxuları sevilir. Bu
dialektikanın inkişafıdımı, ya tənəzzülü
- deyə bilmərəm. Bir həqiqət
başımız üstündən qımışır ki,
vaxtımız keçib, zamanımız ötüb. Bunu deyə-deyə ağlımdan keçən budur
ki, həqiqi sözün zamanə əbədiyyətdir.
Fikrin davamı kimi söykəndiyim tutalqaca baxın:
qərar
verə bilməmişəm heç vaxt
əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?
çox
axtarmışam sevgimi ağ bənizdə, qara bənizdə...
Bizim dövrün ən modernisti belə yaza bilərdimi? Bir az
inanmıram, çünki oxumamışam. Sandıqlarda gizlənirsə,
demək üzə çıxmağa cəsarəti yoxdur... Ruhun azadlığı, düşüncənin sərbəstliyidir
bu cür yazdıran. Daha doğrusu, bu cür
yazmağı ona diktə eləyən...
...dua
etmişəm İstanbulda məsciddə,
Tiflisdə
bir kilsədə,
Piterdə
sinaqoqda...
Budur
istedadlı söz adamının həyata baxışı;
bütün inanc və ritualları duya bilmək
bacarığı...
Demək, bu ümumiləşmə
dünyagörüşün coğrafi genişliyindən
süzülüb gəlir. Əslində, düzgün və əhatəli
baxışdı... Məscid də, kilsə də,
sinaqoq da Allahın bir olan evidir. Bəşər
övladının bölünmüş inancıdır - əgər
inanc kimi qəbul eləyirsə... Sadəcə,
bu adlanma fərqliliyi bir olan bəşər mənəviyyatının
aşınmasına yol açır. Nə
yaxşı ki, cavanlarımız belə
ağıllıdır, bu genişlikdə baxa bilir, fikirlərini
bu yöndə ümumiləşdirir.
Ulucay dərk
eləyir ki:
hər
bir tətiyin ucundasa
boylanır üzünə həyat.
sən əyrilərdən
qaçdıqca
gülər hər düzünə həyat!
Hansısa aqilin sözüdür - yaranış
başdan, binadan əyri gedir, dəyərləri hamısı
maddi yöndədir, mənəvi dəyərlərə
söykənmir. Dəyər ölçüsü pul
götürülüb, mənəviyyat yox. Meyarlar himdən yanlış istiqamətə
köklənib. "Düz düzdə
qalıb". Nə usta deyilib.
Sən əyrilərdən
qaçdıqca
gülər hər düzünə həyat!
Bu həyatdımı bilmirəm, yoxsa bizdəki
reallıqdı? Bununla razılaşmaqdan başqa yolumuz
qalmır. Qalan bu sətirlərə biyyət
eləməyimizdir.
Ulucay həyata, yaşadığı zamana ayıq
baxır, bizim indilərdə gəldiyimiz, başımız dəyə-dəyə
öyrəndiyimiz həyat həqiqətləri onun cavan və
isti beynində çox aydın qənaətini tapır.
...Deyəsən,
orucsan, yemə, dilin dəymir - bircə sözə... Həyatın göstərdiyi görəclər
adamı ayaq üstə qurudur. Bu möhtəşəm
divar önündə bircə söz deməyə dilin gəlmir.
Çünki tarixə yol aldığın üç min il öncə də beləydi, indi də.
Bir tarix
kitabı vərəqlədim
üç min il yol getdim bir anda.
Beş-on
ad qaldı yadımda
hamısı kral, imperator, padşah və sultan!
Daha nə danışan bu qarışıq zaman
önündə. Hamısını da qarışdıran
insandı. Onda da, indi də ölən, şəhid
olan, ordular basan sərkərdə, qanını torpağa
axıdan igid, ərən yox olub gedir, orduları, sərbazları
baş-başa gətirdən, qırmızı
qanlarını qara torpağa axıtdıran kral, imperator,
padşah, sultan tarixin daş yaddaşında özünə əbədilik
qazanır. Di gəl bununla barış, sonra da onların şərəfinə
şeir yaz, mahnı bəstələ, vəsf elə... Budurmu tarixin ədaləti? Ancaq milyonlarla ölən
adamın, döyüşçünün nə adı
bilindi, nə yaşı, nə yaşamı... Bütün
bunları Ulucay Akif ustalıqla görür, təkcə
görmür, eyni zamanda göstərə bilir, ayıq oxucunu
düşündürə bilir. Düşündürüb
üşündürməyi bacarır. Üşünməyənin,
əti ürpəşməyənin başını burax! Top
atılsa da o yanmayacaq! Müəllif:
Bu
çirkli oyunların
qanlı
döyüşlərin
saxtakar
siyasətçilərin
yalan vədlərin
arasında
bilmirəm, bilmirəm -
bu
ömrün harasında
fürsət tapdım səni sevməyə?..
- deyəndə hisslərin səmimiyyətinə
inanırsan. Onda da, üç min il əvvəl
də beləydi, indi də... Bütün bu
sadalananların başında sevgi dayanır, insanın nicat
yolu sevgidir.
Bəla
burasındadır ki, həmin çiçəkli oyunlar,
saxtakar siyasətçilər, yalan vədlər onda da -
üç min il əvvəl də, indi də
cəmiyyətin ana xəttini yönəldir, mənəviyyat
aclarını "siyasi gedişlər"lə doyuzdurur. Və bundan sonra başlayır "əyri beldən"
"donqar uşaqlar" törəməyə. Gəl indi düzəlt bəndənin əliylə əyilmişləri,
Tanrı işığına çəp baxanları. Ondan sonra başlayır "talpa düşüncəsi"nə
könül verməyimiz. Onun qanlı
çevrəsinə qul kəsilməyimiz. Sonra gəl əyri belləri düzəlt, çəp
baxışları qaydasına sal. Görürsənmi,
nə qədər görüləsi işlərin var, gənc
şair. Əyrini göstərmək
azdı. Onun düzəlməsi
yükü var qarşıda. Qolunu
çırmayıb o yükün altına gürməlisən.
Onu eləməsən deyə bilməzsən ki:
tarlada
işləyən oğluna
təndir
çörəyi aparan nənədən
başlayır Vətən!
Gərək
bunu deməyə haqqın ola. Millətin
bütün zümrəsi sənindir, Ulucay Akif!
"Çirkli oyun oynayanları" da, yalan vədlər verənləri
də, vətən genişliyini su kimi canına çəkənləri
də...
Sənin
ifadənlə desək:
Vətənin
himnidir
anasının yanınca qaçışan
uşaqların gülüşü.
Ancaq,
qardaşoğlu, "Vətənin himni olan" bu
gülüş sona qədər yol yoldaşı ola bilmir "anasının yanınca
qaçışan uşaqlara". Bəzən
barıt qoxusuna bələnir, mərmi səsi yarıda
qırır dediyin gülüşü. Çox
vaxt ustad Nazim Hikmət demiş, - bu dünyanı uşaqlara
verə bilmirik. Rəhmətlik verməyi
arzulasa da... çünki biz beləyik, çünki Vətənin
dərdini, ağrısını veririk "zəhmətkeş
adamlara". Qorxuruq qədirbilən əlində
çiçəkləyər Vətən torpağı.
Sən demiş:
Zəhmətkeş
adamlardır
bu
ölkənin sərhədini
qoruyan,
gizlədən...
Çox
hörmətli Ulucay Akif! Sənin
çıxdığın ocağa yaxşı bələdəm.
Hansı bulaqdan axıb gəldiyin mənə
gün kimi aydındı. Təbii ki, rəhmətlik
atanın da, mənim də şeirə öz
baxışımız, sözdən öz
umacağımız var. Bu dediklərin, demədiklərin az, çox dərəcədə bizim
yazılarımızda da var. Ancaq sənin şeirlərin mənim
bu yaşda ədəbiyyata, sözə baxışımı
dəyişəcək qədər təsirə malikdir. Ona görə ki, mən elə indinin indisində sənətin,
sözün rolunu xalqa xidmətdə görürəm. Həqiqəti bayraq kimi cəsarətlə
başının üstünə qaldıra bilən yazı
adamı gözümün işığıdır.
Əgər bəşər övladını anlamaq
ehtiyacı varsa, ora bu misralar başda yazılmalıdır. Və mənə çox
xoşdur ki, bir doğma nəfəsdən eşidirəm bu
pıçıltıları...
Hə,
Batrice,
indi mən
də ölməkdən yox,
yaşamaqdan qorxuram
yaşamaqdan...
...Yaşamaq
da çətin olur -
qana-qana,
duya-duya...
Müəllifi yadımdan çıxıb. Hərdən
başımda dolanan misralardı. Təxminən
eyni vəziyyəti izhar eləyir. Məlum
olduğu kimi yaradıcılıqda əsas olan - nəyi demək
yox, necə deməkdir. Belə fikir
söylənilir ki, hər şey deyilib. Onu təzə qəlibə
salmaq, yeni formada çatdırmaqdı əsas olan! Ulucay Akifin
şeirlərinin öz qəlibi, öz intonasiyası var. Demək
olar ki, əksər yaxşı yazarlardan fərqlənir -
özünəməxsusluğu ilə... cəsarətilə...
Təkcə yazılarıyla yox, xarakteri ilə
də inkar eləməyi bacarır. Kənar
müşahidələrimə görə baxıram ki,
çox ağsaqqal qələm sahibləri ondan inciyir. Cavanlıqda inkarı olmayan şairin oturuşanda təsdiq
eləməyə bir şeyi qalmır. Bu
ovqatı özündə təcəlla eləyən şair
dostum Musa Ələkbərlinin misraları yada
düşür.
Bir də
ki, duyğusuz bir cavanlığın -
bəxtinə deyingən qocalıq düşər...
İgid cavanlıqda dəli-dolu olar, qocalıqda
müdrik. Uzaq tarix deyil ki, ustad Nazim Hikmətin "bütləri"
dağıtmaqla məşğuluq kəlamı. Müdrik çağlarında indi isə bütləri
dağıtmaqla məşğuluq kəlamı. Müdrik çağlarında "indi isə
bütləri yığmaqla məşğuluq" deməsi
- həmin ovqatın bədii ifadəsidir. Nə
danaq cavanlıqda hamımız inkar eləyirik. Qələm bişdikcə, sözün atişləməz
yollarını gördükcə hər şey öz yerini
tapır. Ulucay Akifin adı kimi sevgi
dünyası da sirli-soraqlıdır. Onun
şeirlərindəki ümumiləşdirmə hər
sözdə, hər sətirdə boy göstərir.
Sevmək
- ruhumuzun
bədən adlı zindanda üsyanıdır.
Sətirlərin dəliqanlılığı
yaşından su içib Ulucayın, müdrikliyi - ruhunun
coğrafi sərhədlərindən. O coğrafi sərhədləri təkcə
dünya genişliyinə uzanmır, yerin, göyün, ərşin-fərşin
dərinliyinə yol alır. Ulucay çox rahatca, həm də
ərklə deyir ki:
tanrım,
o qıza görə inandım sənə,
o
qız üçün gəldim hüzuruna...
Bu yaşda Tanrını tanımaq, sözün
üfüqlərini görə bilmək qabiliyyəti
Ulucayın uduşudur. Bu axtarış "Gizlən Qaç" kitabında
toplanan şeirlərin hamısında az,
ya çox dərəcədə sezilir. Ən əsası
da qazaxlılardan fərqli olaraq müasir şeir
axtarışında bütün varlığıyla
bulunmasıdır. İstər
gözünün biri açıq olsun, istərsə də
ikisi... elə fərq eləmir. Ən əsası
görən göz, bu sözləri deyə bilən ürək
olsun:
sevmək
ayrılıqla
yaşamaq ölümlə
gizlənpaç
oynamaq
imiş...
Dərin
sayqılarla
Avdı QOŞQAR
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.30.