Pərdə arxasındakı iztirab
İmre Kertesin "Talesiz"
romanı üzərinə notlar
Azadlıq və əsarət bir-birinə zidd
anlayışlardır, bu, məlum həqiqətdir. Azadlığın
isə cinin lampasından çıxdığını
görən olmayıb. Tanrı insanı
azad yaradıb, Şeytan isə onu əsarətdə saxlamaq
üçün min oyundan çıxıb. Hələ
eramızdan əvvəl Lukresti Kar deyirdi ki, dünya bir kərə
formalaşdıqdan sonra uzun müddət öz
mövcudluğunu qoruyub, digər hadisələrsə bunun əsasında
baş verdi. Bəşəriyyətin
mübarizələrlə zəngin olan tarixi öz
damarlarında azadlığın qanını
daşıyır. Prometey insanlara odu
bağışlayanda Şeytan qəzəblənmişdi.
Mifologiyada Şeytanın bir adı da Zevsdir.
O, Prometeyi insanlara odu tanıtdığı üçün
qayaya zəncirləməklə cəzalandırır. Ədalət ilahəsinin oğlu insan nəslinə
azadlıq bəxş edəndə bütün təhlükələri
göz altına almışdı. Amma
xilaskarlıq missiyası məhz onun çiyinlərinə
düşmüşdü. Mifoloji
düşüncədə fizika qanunları işləmir.
İnsanın azadlıq hissi o qədər güclü,
yenilməzdir ki, bütün fəlsəfi maneələri
aşaraq odu ram etməyi bacardı. Şeytanın
barmağı oda uzandı və yanmadı. Od krematori olaraq cəza növünə
çevrildi. Və xalqına azadlıq istəyən
Janna Dark oda atıldı. Onu
Tanrının və Həzrət Məryəmin xidmətçisi
adlandırırdılar. Deyilənə
görə, Tanrı Həzrət İsanın həvariləri
vasitəsilə onunla danışırdı. Şəri təmsil edən qüvvələr bunu
ona bağışlamadı. Krematorilər,
qaz kameraları insanları külə döndərirdi.
Sonra insanlığın üz qarası Buhenvald, Osvensim cinayətləri
baş verdi. Nobel
mükafatı almış macar yazıçısı
İmre Kertesin "Talesiz" romanı ölüm düşərgələrində
yaşanan faciələrdən bəhs edir. Hitlerin şovinizmlə zəhərlənmiş
düşüncəsi və eqoist geni milyonlarla insanın həyatını
itirməsinə səbəb oldu. Misli-bərabəri
olmayan bu genosid insanlığın tarixində lənət
damğası kimi qaldı.
İmre Kertes isə müsahibələrinin birində
"mən bir soyqırım təlxəyi idim" deyir. Hərbi əsir düşərgələrində
yaşadıqlarını karnaval estetikasında qələmə
alan hansısa bir yazıçı
tanıyırsınızmı? Belə bir
yazıçı tapa bilməzsiniz. İnsan
faciələri fonunda təbiətin gözəlliklərini təsvir
etmək paradoksal məqamdır, Kertes qəsdən bu əsir
həyatını sakit tonda nəql edir, tünd boyalarla əsəri
ağırlaşdırmır. Təsvirlərdə
zərrə qədər qrotesk və sarkazm, etiraz əhval-ruhiyyəsi
görməzsiniz, əsir adamın vaxt pəncərəsindən
baxanda həyat öz axarıyla davam edir. Bu,
yazıçı soyuqqanlığının pik nöqtəsidir.
Kertesin yaradıcı olaraq gücü də məhz
bundadır - soyuqqanlılıqda! Əsir
düşərgələrində insanların qismətinə
düşən yalnız iztirablar, məhrumiyyətlərdir.
Kertes isə bu formulu tərsinə çevirərək
iztirabı arxa plana keçirir, xoşbəxtliyi fon kimi təqdim edir.
Əsir düşərgəsi, qaz kameraları və
xoşbəxtlik. Bir-birindən o qədər uzaq
anlayışlardır ki, bu sözlərin bir-birinin yanında
dayanması belə əcaib görünür. Kertesin yazıçı məntiqi bu ziddiyyəti
bir-birilə barışdırır. Müəllif bədii
mətnin təməl qanununa riayət edir: heç nəyi
izah etmir, sadəcə, göstərir.
Əsəri oxuduqca baş qəhrəmanın ifrat sadəlövhlüyü,
hər şeyi təbii qəbul etməsi, müqavimət
hissindən məhrum olması insanda qıcıq doğurur. Axı bu necə ola bilər? Yolda yeniyetmənin hərbçilərin
əlindən qaçmaq imkanı olur, o isə heç bu
haqda düşünmür. Niyə
qaçsın ki? Onları təhlükəsiz
bir yerə aparırlar, özü də əsirlərlə
olduqca mədəni, mehriban davranırlar. Kertes
yəqin ki, Buhenvald haqqında "gözəl düşərgə"
ifadəsini işlədən yeganə
yazıçıdır.
"Talesiz" romanı birinci şəxsin dilindən nəql
edilir. Əsərin baş qəhrəmanı yeniyetmə
bir oğlandır, atasını əmək düşərgəsinə
göndərirlər, bundan sonra o, işləmək, ailəyə
baxmaq məcburiyyətində qalır. Bütün
yeniyetmə yəhudi uşaqlarını fabriklərə,
zavodlara işləməyə yollayırlar. O da
oxuduğu gimnaziyadan çıxıb bir zavodda işləyəsi
olur. Bir gün işə gedərkən alman
zabitləri onu və onun kimiləri avtobusdan
düşürüb təpənin ətəyində
sıraya düzürlər. Hər şey
həmin andan başlayır. Yeniyetmə həmin
dəqiqələrdə zərrə qədər qorxu hissi
keçirmir, zabitlərin tələblərinə itaətlə
əməl edir, bu vəziyyət, hətta onun xoşuna gəlir.
Şüurlu və ya şüursuz məmnunluq hissi... Yazıçı heç bir izah vermir, sadəcə,
situasiyanı təsvir edir. Qəhrəmanın
fizioloji və psixoloji təpkilərdən məhrum olması,
komformist, itaətkar tövrü oxucunu hövsələdən
çıxarır. Səhifələri o
ümidlə çevirirsən ki, bəlkə, bu uşaqda bir
təpər olar, hansısa məqamda partlayış baş
verər. Yeniyetmə sanki ölüm
düşərgəsinə deyil, istirahət mərkəzinə
gəlib çıxıb. Günəşin şəfəqləri
onda xoş duyğular oyadır, yaşıl çəmənlik
ruhunu oxşayır: tikanlı məftillərin əhatəsində,
qaz kameralarının beş
addımlığında!!!
İnsanlar ölümə elə gedirlər ki, sanki bir
qapıdan daxil olub daha maraqlı bir dünyaya adlayırlar. Yazıçı
cümlələri sıxıb bütün duyğuları
sözlərin canından çıxarır. Sözlər
sanki paslı mismar kimi cırıltı ilə mətnin
içindən qopur və mətndə o sözlərin yeri
mismar yerləri kimi qaralır.
Baş qəhrəman
özünə sual verir: Mən niyə buradayam? Amma hadisələrə ağıl və məntiq
prizmasından baxanda onun bu düşərgəyə gəlib
düşməsini izah edəcək heç bir səbəb,
anlayış, heç bir məqbul, qənaətbəxş
izahat yox idi. Məsum və günahsız
insanlarla eksperiment dovşanı kimi davranan zabitlər
imtiyazlı məhbusların əliylə
cızığından çıxanları cəzalandırırlar.
Qəfildən həqiqət sənə agah olur
- bu cəhənnəmdən xilas olmağın yeganə yolu
özünü bütün hisslərdən məhrum etməkdir.
Düşünəndə ki, bütün bu
yaşananlar yazıçının öz başına gələnlərdir,
heyrətlənirsən; o, odda yanmaz qəhrəmandır. Qorxu adlı
şeytanı qəlbindən çıxarıb atmış
adamın qarşısında ölüm tərksilah olur.
Senekanın fikirləridir: "Qorxu hissini dəf etməyin
yeganə yolu ölümdən qorxmamaqdır". Psixoloqlar motivasiya kitablarında tez-tez bu cümlədən
istifadə edirlər. Amma qəhrəmanımızın
bu zülmət səltənətində yaşamaq
üçün heç bir motivasiyası yoxdur. Burada təlxək olmaqdan başqa çarə
yoxdur. Bu davranış tərzi
yazıçının öz təbirincə desək,
inadkarlığın ən səmərəli, faydalı
növüdür. Belə demək
mümkünsə, Kertesi Nobel kürsüsünə aparan
damarında axan soyuq qan və özü üçün
seçdiyi faciə janrının təlxəyi obrazı idi.
Auşvizt düşərgəsinə aparılanda
sevinclə qatara minən yeniyetmə it yalından seçilməyən
horranı yeyəndə də, bataqlıq donuzu kimi
çirkabın içində eşələnəndə də,
ayağı irinləyəndə də, meyitlərin içinə
atılanda da bütün bunları gündəlik həyatın
adidən adi yaşantıları kimi qəbul edirdi.
Bəlkə də, bu hissizlik, duyğusuzluq onun
özünüqoruma taktikası idi. Amma bu qədər sadəlövhlüklə
hansısa biclik tərs mütənasibdir. Heç
vəchlə bununla razılaşmaq olmaz. Sadəcə,
yazıçı öz mətninə neqativ enerji
püskürmür. Oxucu isə əsəbindən
zəncir çeynəyir; bu necə adamdır? Bəs hanı bu adamın iztirabları, daxili
yaşantıları?
Təhkiyəçi məhbus həyatını taleyin
zarafatı kimi qəbul edir və ordan xilas olandan sonra dərk
edir ki, hər halda bu çox pis zarafatdır. İfadələrin
rəngarəngliyi ilə təsvir edilən məkan ziddiyyət
təşkil edir. Yazıçı
sevinci, nikbin ovqatı ustalıqla qaz kameralarına keçirə
bilib. İmre Kertesin yazıçı kimi
müstəsnalığı da məhz bu soyuq üslubda
özünü göstərir. Terri Koen doğru deyir:
yalnız iztirab adamı böyük yazıçı edir. "Talesiz" romanında iztirab, kədər pərdə
arxasındadır. Təhkiyə prosesinin diaqramı
Kertesvari ziqzaqlarla irəlilədikcə mətnin ürək
döyüntülərini eşidirsən:
"...ən
qalın məhbəs divarlarının belə insan xəyallarının
qanadını qırmağa gücü çatmaz".
"Həqiqət
budur: bizim təxəyyülümüz, hətta əsirlikdə
belə azad qalır".
Kertes belə düşünür və romanı oxuyub
bitirincə içində bu "təbii"liyə bir etiraz
yaranır. Adam möcüzə nəticəsində
ölüm düşərgəsindən xilas olub vətəninə
qayıdır. Burda onu hər görən adam
təəccüb və qorxu hissilə ondan uzaqlaşır. O,
bütün bunları da təbii qarşılayır. Qatar
stansiyasında rast gəldiyi bir qadın axır ki, hövsələdən
çıxır: "Axı sənin başına gələnlər
necə təbii ola bilər?". Adamın verdiyi cavab
sarsıdıcıdır: "Orda hər şey
mümkündür, hər şey təbiidir".
"Mən orda hansısa dəhşətlərin
olduğunu görməmişəm". Sual yaranır: bəs insan
azadlığının məhdudlaşdırılması dəhşət
deyilmi? Əsərdə bu suala da cavab var: "Əgər tale
varsa, azadlıq mümkün deyil, azadlıq varsa, tale yoxdur".
"Orda, krematori borularının dibində də
xoşbəxtliyə bənzər nələrsə olurdu. Hamı məndən
o dəhşətlər haqqında soruşur. Mənimsə yadımda o xoşbəxt anlar
qalıb".
Qaz kameralarının iki addımlığında
xoşbəxt anlar yaşamaq üçün fövqəladə
iradə, sarsılmaz inam tələb olunur. İmre Kertes
məhz belə dahilərdən idi. Bəli, məhz dahi!
Kertes transsendentalizmi mühit və şəxsiyyət arasındakı ziddiyyəti mükəmməl ifadə edir. İnsan elə bir varlıqdır ki, cəhənnəmdə belə xoşbəxt anlar kəşf edə bilər. Bunun parlaq nümunəsi "Talesiz" romanının baş qəhrəmanıdır. Ədəbiyyatın sosial təyinatı və funksionallığı bu romanda özünü daha qabarıq göstərir.
Şərə qarşı mübarizənin optimist növü insan iradəsinə əsaslanır. Bu talesizlikdən özünə yeni tale yaradan yazıçı Şatobrianın bu fikirlərini bir daha təsdir edir. Şatobrian "Axirət qeydləri" əsərində yazır: "İndi azadlığı istifadədən çıxmış nimdaş bir şey kimi qiymətləndirərək onu istehzalı bir gülüşlə qarşılamaq dəbdədir. Mən dəbə məruz qalmamışam və hesab edirəm ki, dünyada heç bir şey azadlıq olmadan mövcud deyil".
İmre Kertes taleyini astar üzünə
çevirmiş yazıçıdır.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 15 yanvar.- S.29.