Kseniya
Eucenio Montale (1896-1981) - italyan şair, yazıçı,
tənqidçi. 1975-ci ilin Nobel mükafatı laureatı.
Müəllif iki hissədən ibarət
"Kseniya" toplusunu
(hər hissədə
on dörd şeir) mərhum həyat yoldaşı Druzilla Tansinin (təxəllüsü
"Milçək" idi)
xatirəsinə həsr
edib.
"Kseniya"
("Xenia") antik və
Avropa ədəbiyyatında
kiməsə həsr olunmuş qısa ironik şeir növüdür.
1
Sevimli balaca böcək
nə üçünsə
adını milçək
qoyublar
bu axşam hava qaralanda
İkinci
İşayanı oxuduğum
vaxt
yenə peyda oldun yanımda
amma bu dəfə eynəksiz idin
məni görə bilmirdin
heç mən də şüşələr
parıldamadığı üçün
tanıya bilmədim
səni alatoranda.
2
Eynəksiz, bığsız
yazıq böcək,
həm də qanadsız
(ancaq yuxularda
qanadların vardı),
səhifələri səpələnmiş
Əhdi-Ətiq, etibarsız,
gecənin qaranlığı,
ildırım,
şimşək, sonra isə fırtına,
səssizlik... Bəyəm
sən bu qədər
tez gedə bilərdin heç nə demədən?
Amma gülməlidir
hələ də dodaqların olduğunu düşünmək.
3
Parisdə, Sent-Ceymsdə bir
nəfərlik nömrə
istəməli olacağam.
(Tənha
müştəriləri də
heç xoşlamırlar).
Venesiyadakı
yalançı Bizans mehmanxanasında da
eyni şey; o saat telefonçu qızlar
axtarılacaq sonra,
sənin köhnə
dostların;
və təzədən
yola çıxmaq lazım olacaq
tükənəndə ilk coşqu,
mənimlə olmağını
istəyəcəyəm
tək bir hərəkətin və ya vərdişinlə də olsa.
4
Fit çalmağı məşq
etmişdik,
o biri dünyada
bir-birimizi tanımaq üçün işarə.
İndi
də fit çalmağa
çalışıram,
bir ümidlə ki,
çoxdan ölmüşük
özümüz də
bilmədən.
5
Hələ də başa düşməmişəm ki,
mən sənin sadiq, qotur itin
idim,
yoxsa sən mənim.
Başqaları üçün kor
böcək idin
yüksək cəmiyyətin
dedi-qodusu içində
itib-batmış. Əslində
onlar
oyuncaq idi sənin üçün,
sən idin onlarla əylənən;
sən qaranlıqda da görürdün onları,
qaça bilmirdilər
sənin
yarasa nəzərindən.
6
Heç
fikirləşmədin
özündən sonra
iz buraxmağı
şeirdə və ya nəsrdə. Sənin sehrin idi bu,
buna görə iyrəndim sonralar özümdən.
Həm də bundan qorxurdum ki,
Birdən
atarsan məni quruldayan
təcrübəsiz şairlərin
bataqlığına.
7
Özünə yazığı gəlməyi,
sonsuz kədəri və ürək sıxıntısı
bu dünyaya aşiq olanın,
ümid edənin və ümidini üzənin
bir başqa... (kim cəsarət
edə bilər
"başqa dünyadan"
deməyə?)
..........................................................
"Qəribə yazıqlıq..."
(Zanbaq, ikinci pərdə)
8
Qırıq-qırıq, fasiləli nitqindir mənə qalan
tək şey, onunla kifayətlənirəm.
Amma onun da vurğusu
dəyişib,
itirib rəngini.
Öyrəşirəm artıq səni eşitməyə,
eşidirəm
səsini teletaypın
xışıltısında,
Brissaqo markalı siqarımdan
çıxan dumanda.
9
Qulaq asmaq yeganə görmək
vasitən idi sənin.
Telefon xərcimiz
o qədər azalıb
ki.
10
"O dua edirdi?" "Hə, Müqəddəs Hermesin
qarderobundan itirdiyi çətiri və
başqa əşyalarını
tapmaq üçün
Müqəddəs Antonioya dua edirdi".
"Ancaq buna görə?" "Ölmüş
əzizləri
və mənim üçün də".
"Kifayətdir", rahib dedi.
11
Göz yaşlarını xatırlamaq
(mənimki iki dəfə çox idi)
bəs etmir qəhqəhələrini unutdurmağa.
Gülüşün, təəssüf
ki, heç vaxt baş verməyən
Qiyamətinin müjdəçisiydi elə
bil.
12
Köstəbək addımlarıyla gəlir
bahar.
Zəhərli antibiotiklərdən,
baldırındakı mildən,
hansısa siçovulun
gəmirib
qurtardığı var-dövlətdən
danışdığını eşitməyəcəyəm
artıq.
Bahar yaxınlaşır qatı
dumanlarıyla,
uzun günləriylə,
dözülməz saatlarıyla.
Daha eşitməyəcəyəm
necə mübarizə
apardığını
zamanla, ruhlarla və yayın
yerləşmə problemləriylə.
13
Qardaşın cavan ölmüşdü. Onda saçı pırtlaşıq
qız uşağı
idin, indi oval çərçivədən
mənə baxırsan
daşlaşmış nəzərlərlə.
Qardaşın musiqi bəstələyirdi,
heç kimin eşitmədiyi,
heç yerdə
çap olunmayan notlar
indi hansısa çamadanın dibindədir,
ya da atılıb zibilliyə. Bəlkə haçansa
bir nəfər təzədən yazar onları
artıq başqası
tərəfindən
yazıldığını bilmədən.
Tanımasam da sevirdim onu.
Xatırlayan yox idi onu
səndən başqa.
Bunu heç vaxt soruşmamışdım:
indisə mənası
yoxdur.
Səndən sonra bircə mən qalmışam
haçansa onun yaşadığını bilən.
Amma bilirsən,
sevə bilərik kölgəni,
axı özümüz
də kölgəyik.
14
Deyirlər
mənim poeziyam sahibsizdir.
Amma bir halda ki,
sənin idi, demək kiməsə
məxsus idi; artıq görünüş
yox,
ruh olan sənə.
Deyirlər, şeir hər
şeydən alidir, öndədir,
unudurlar tısbağanın
şimşəkdən daha sürətli olduğunu.
Bircə
sən bilirdin
hərəkətin hərəkətsizlikdən,
boşun doludan fərqi olmadığını
və aydın göyüzünün
əslində buludla örtüldüyünü.
Belə
daha yaxşı başa düşürəm
sarğı bezləri
və gips içindəki uzun səfərini.
Amma yenə də rahatlatmır məni
bir yerdə və ya ayrı
olsaq da,
səninlə bir bütöv olduğumuzu bilmək.
Tərcümə etdi:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.-
15 yanvar.- S.26.