Əyri güzgülər
Hər
şey yaxşıdı, bircə güzgülərimiz əyridi.
Yəqin
ki, nə vaxtsa düzələr, ancaq indi yox. Hələ ki bəziləri
hər şeyə əyri güzgüdən baxmağa
meyillidi, hətta deyərdim, bunsuz yaşaya bilmir. Və bu bəziləri
ətrafda da eyni rəyi yaratmağa çalışır.
44
günlük müzəffər müharibədən sonra millətimizin
təfəkküründə çox şey dəyişdi.
Onillklər boyu psixikamızı sıxan bir çox komplekslərdən
qurtulduq. Ən əsası da məğlubiyyət sindromunu dəf
elədik. Əlbəttə, bu qələbə bir çox
başqa sahələrə - təhsilə, incəsənətə,
ədəbiyyata da təsirsiz ötüşmədi.
İllərlə
mübarizə apardığımız "bizdə yoxdu,
olmayacaq" sindromu da xeyli zəiflədi. Lakin hələ ki
tam aradan getməyib. Hələ ki ictimaiyyət içində
"bizdə ədəbiyyat yoxdu", "bizdə teatr
yoxdu" "bizdə kino yoxdu" kəlmələrini gizli
bir ləzzətlə, daxili bir həzlə deyənlər
qalmaqdadı. Bəli, məni həmişə
qıcıqlandıran məhz bu daxili həzzi hiss eləmək
olub. Görəsən, bizdə nəyinsə
olmamağını bəyan edib bundan həzz almaq insan beynində
hansı proseslərin nəticəsidi? Hansı şərait
bu "psixoloji mozoxizm"in yaranmasına gətirib
çıxarır? Yoxdu, onda sən elə. Sən də
heç olmasa əlini tərpət ki, nəsə olsun... Yox,
lazım deyil, birdən həqiqətən "nəsə"
olar, onda millətin yanında hörmətdən düşərik
axı, yalançı çıxarıq axı...
Son iki ildə
Əməkdar incəsənət xadimi, tanınmış
rejisor Mehriban Ələkbərzadə ilə iki layihə həyata
keçirdik. Biri "Nəsimi İii"nin sonunda təqdim
olunan "Mənəm mən" tamaşası, biri də
ötən ay premyerası olan "İskəndərə yeni
Namə" əsəridir.
Hər
iki layihə dövlət dəstəyi ilə həyata
keçirildi, tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı, çoxlu yazılar yazıldı.
Şəxsən
mən əsərlərin müəllifi olaraq yox, məhz
tamaşaların izləyicisi kimi, hər iki quruluşu
yüksək qiymətləndirirəm. Ən əvvəl ona
görə ki, hər iki əsərə hədsiz dərəcədə
böyük rejissor əməyi sərf olunmuşdu. Bunun səbəbləri
çoxdu. Ən birinci səbəb odu ki, son onilliklərdə
bizim teatr səhnəsində sırf klassik ədəbiyyatımızın
motivləri üzərində qurulan tamaşalar barmaqla
sayılacaq qədərdir. (Əlbəttə, klassik şairlərimizin
yaradıcılığı üzərində qurulan
kompozisiya tipli "növbətçi" tamaşaları nəzərdə
tutmuram). Buna görə də bizim sənət mühiti
içində klassik ədəbiyyatımızın
bütün daxili energetikasını, fəlsəfəsini dərindən
bilən sənətkarlar o qədər də çox deyil.
Deməli,
rejissor tamaşa üzərində işə
başlamamışdan əvvəl hələ ilk mərhələdə
yaradıcı heyətə həmin klassik şairin daxili aləmini,
fəlsəfəsini açmalı,
aydınlaşdırmalıdır. Əgər yaradıcı
qrup, tutalım Nəsiminin şair olaraq mahiyyətini bilməsə,
bu mövzuda yazılan heç bir yeni variasiyanın, fərqli
yanaşmanın da mahiyyətini dərk edə bilməz.
İkinci
çətinlik, mövzuların klassik poeziyamızla
bağlı olduğuna görə, söz çoxluğunun
olmasıdır. Əgər məqsəd mövzuya yeni
yanaşma ortaya qoymaqla bərabər, həm də elə
klassik mövzunun özünü bir daha xatırlatmaqdısa,
söz çoxluğu qaçılmazdır. Bu isə
növbəti dəfə rejissorun işini artırmış
olur. Qaçılmaz olan söz çoxluğunu
tamaşaçı üçün yorucu etməmək
üçün hər elementin, hər detalın bədii həllini
tapmaq, simvollaşdırmaq, deklomasiyaçılığı
dəf eləmək - bütün bunlar titanik əziyyət,
beyin enerjisi sərf edən məsələlərdir.
Mehriban
Ələkbərzadənin uzun illər ərzində Azərbaycan
səhnəsində "Topal Teymur"dan tutmuş, "Nuri
didə Ceyhun"a qədər, "Qatil"dən tutmuş,
"Qatarın altına atılan qadın"a qədər təqdim
elədiyi çoxsaylı uğurlu tamaşalara diqqət edən
kimi aydın olur ki, o bir çoxlarından fərqli olaraq zəhmətdən,
əziyyətdən qorxub, "asan" dalıyca qaçan
rejissorlardan deyil. (Eyni sözü, onun istər filmləri, istərsə
də televiziya layihələri haqqında demək olar).
Əksinə,
hərdən mənə elə gəlirdi ki, iş nə qədər
çətin olurdusa, Mehriban xanımın yaradıcı
energetikası daha çox aktivləşirdi, daha da
qaynayırdı.
Haqqında
danışdığım hər iki son əsərə diqqət
edən zövqlü tamaşaçılar rejissorun sərf
etdiyi bu beyin enerjisini açıq-aydın görə bilir.
Klassik Şərq ədəbiyyatının ortaya qoyduğu
suallar, tapmacalar, simvollar, ən əsas da İnsan-Tanrı
münasibətlərinin məhz teatral səhnə həllinə
xidmət edən çoxsaylı tapıntılar onu göstərirdi
ki, rejissor qurduğu tamaşanın bir dəqiqəsini belə
boş saxlamayıb. Hər şey, hər hərəkət, hər
tapıntı yalnız ideyaya xidmət edir - eynən Nəsiminin
kimi, Nizaminin yaradıcılıq manerası kimi... (Lakin mən
sənətşünas deyiləm, ona görə də
Mehriban xanımın yaradıcılığını
peşəkarlıq baxımından analiz etməyə
haqqım çatmır).
Hər
iki tamaşanın hazırlıq prosesində Mehriban xanım
çoxsaylı gözlənilən və gözlənilməyən
problemlərlə üzləşdi ki, onun yerinə başqa
bir sənətkar olsaydı, bəlkə də işi
yarımçıq buraxardı. Qısa zaman kəsiyində
hazırlanan hər iki tamaşanın yaradıcılıq
prosesində yaranan bütün çətinlikləri Mehriban
xanım elə yerindəcə, operativ şəkildə həll
edə bilirdi. Hərçənd ki, bütün bunlar onun
enerjisini, gücünü nə qədər alırdı, əsəblərini
nə qədər korlayırdı - bunu yalnız işin
içində olanlar bilir.
Bütün
bunları Mehriban xanımın rejissorluq səviyyətini vəsf
etmək üçün yazmıram. O, Azərbaycan səhnəsində
çoxdan öz sözünü demiş rejissorlardandı,
belə təriflərə də ehtiyacı yoxdu. Sadəcə,
iş prosesindəki çətinlikləri göstərmək
istəyirəm. Niyə? Çünki yaradıcı qrupun, ələlxüsus
da rejissorun bu cür ağır bir zəhməti hesabına
başa gələn, milli klassik ədəbiyyatımızın
həqiqətən də köhnəlmədiyini, həmişə
aktual olduğunu sübut edən, neçə gənc aktyorun
öz daxili potensialını açıb göstərdiyi bu
gözəl tamaşalar əfsuslar olsun ki, bəzi
dırnaqarası "əsl sənət keşikçi"lərinin
mızıldanmağına səbəb oldu. Əlbəttə
ki, açıq şəkildə qara yaxmağa cəsarətləri
çatmır, çünki tamaşaların uğuru ilk
növbədə tamaşaçılar arasında və
ictimaiyyət içində yaratdığı əks-səda
ilə bəlli olur. Elə bircə "Mənəm mən"
tamaşası haqqında il ərzində qırxdan çox
yazı yazıldı, "İskəndərə yeni Namə"
tamaşası barədə də yazılır. Lakin pərdə
arxasında bu mızıldanmalar əslində bir çox
dostlarımızın həqiqi simasını göstərmiş
oldu...
Qoymayın,
teatr əldən getdi, niyə səhnədə hamı bu qədər
hərəkət edir, niyə Nəsiminin qəzəlləri
tam deyilmir, niyə İskəndər suyun içindədi, niyə
səhnədə işıqlar kino üslubunda qurulub, niyə
hər yerə torpaq səpələnib, niyə aktyorlar
palçıqlı ayaqlarla suya girirlər, niyə səhnəyə
kənardan yox, aşağıdan çıxırlar, niyə
qaça-qaça danışırlar və sair və
ilaxır.
Düzünü
deyim, hər iki əsər klassik ədəbiyyatımıza
müəyyən qədər yeni yanaşma üzərində
qurulduğuna görə mən daha çox pyeslərə
iradlar gözləyirdim. Çünki klassik ədəbiyyatımıza
qatı konservativ yanaşan bəzi adamlar təbii olaraq
alternativ yanaşmanı qəbul etməyə bilərdilər.
Lakin buna rəğmən bütün mızıltılar,
loru dillə desək, dəxli olmayan şeylərə yönəlib.
Səhnədə
niyə bu qədər suyun olduğunu irad tutan kəs görəsən
həqiqətən heç nə anlamır? Əgər
mövzu İskəndərin dirilik suyu içərək, əbədi
həyat əldə eləməsi üzərində qurulubsa,
səhnədə su fəvvarəsi olmalıdı da, erməni
tankları olmalı deyil ki?
Və ya
İskəndər öləndən sonra sərkərdələr
onun torpaqlarını öz aralarında
bölüşdürməyə hazırlaşırlarsa, təbii
ki, səhnədə real olaraq kisə-kisə
bölüşdürülən torpağı görməliyik,
pambıq tayalarını yox...
Və ya
o qədər dramatik konfliktlərin içində İskəndər
və ya elə Nəsimi fiziki olaraq hərəkət eləməli
deyildi? Taxta kimi dayanıb klassik poeziyanı deklomasiya eləməliydi?
Əgər
mən klassik şairlərimizin deklomasiyasını istəsəydim,
bununçün o boyda camaatı əziyyətə salmağa
nə ehtiyac vardı? Elə on ildi AZTV-də "Məclisi-üns"də
həmin şeirləri deyirəm də...
Amma yox,
olmamalıydı, kimlərsə bunu istəyir. Bu tamaşalar
olmamalıydı. Biz elə həmişə "klassik ədəbiyyatımız
heç nəyə lazım deyil" deməliydik, biz elə
həmişə "bizdə sənətdə ənənəvi
mövzulara alternativ yanaşma yoxdur" deməliydim, biz elə
həmişə "bizdə ümumiyyətlə teatr, kino, ədəbiyyat
yoxdu" deməliydik... Çünki yaxşı nə varsa
ordadı, xaricdə, Avropada, Qərbdə, Şimalda... bizsə
elə belə, başımızı fırladırıq...
Belə
daha yaxşıdı, belə daha rahatdı. Yoxdu. Vəssalam.
Nə rejissor var, nə aktyor var, nə yazan var, nə bəstəkar
var, nə rəssam var... çünki belə olanda heç
kim heç nə ummur.
Yazardan
heç nə istəmirlər, çünki bizdə rejissor
yoxdu. Rejissordan heç nə istəmirlər, çünki
bizdə aktyor yoxdu. Aktyordan heç nə istəmirlər,
çünki bizdə yazan da yoxdu, rejissor da yoxdu...
Bir
sözlə, bizim mədəniyyət, incəsənət ölməlidi,
məhv olmalıdı.
(Hərçənd
ki totalitar cəmiyyətlərdəki daimi düşmən
axtarışını heç vaxt sevməmişəm, lakin
hərdən mənə elə gəlir ki, bütün bu
"bizdə yoxdu"lar hansısa konkret nöqtələrdən
idarə olunur).
Amma nə
yaxşı ki, həqiqi tamaşaçı, həqiqi sənət
xiridarı olan insanlar bütün bu mızıldanmalardan kənardı.
Onlarca,
yüzlərlə həqiqi sənətsevərlərin dilindən,
"Nəsimini yenidən kəşf elədim",
"Nizamini yenidən tanıdım" kimi ifadələri
eşitmək bütün bu mızıldanmaların
üstündən təkrar-təkrar xətt çəkir.
Başqa
xalqlar öz klassik ədəbiyyatları, mədəniyyətləri
üzərində onlarca, hətta yüzlərlə yeni
variasiyalar, müasir sənət formalarına adaptasiyalar həyata
keçirir, milli klassikasını daim aktual saxlamaq, maarifləndirmək
üçün böyük vəsaitlər sərf edir. Zənnimcə,
bütün maneələrə rəğmən bizdə də
bu istiqamət daha da inkişaf edəcək, daha da aktivləşəcəkdir.
Həm də təkcə teatrda yox, bütün incəsənət,
mədəniyyət sahələrində.
Əyri
güzgülərimizi düzəltmək vaxtıdır.
Çünki bugünkü qloballaşma şəraitində
dünya xalqlarının milli mental identifikasiyasını
yalnız spesifik özünəməxsus mədəniyyəti
təşkil edir. Bunu bacarmasaq, müəyyən vaxtdan sonra,
bir mədəni xalq olaraq əriyib getmə təhlükəsiylə
üzləşə bilərik.
P.S. Belə
yazıları, adətən başqalarına
yazdırırlar, amma mən öz sözümü
özüm deyən adamam. Bu yazıda da təvazökarlıqdan
uzaq nələrsə varsa, oxuculardan üzr istəyirəm.
İlqar
FƏHMİ
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.16-17.