O gecə
Qan içində boğulurdu
o gecə,
Azadlığım doğulurdu o gecə!
Səpilirdi, uçuşurdu havada,
Sayrışırdı, parlayırdı güllələr.
İşıqladıb, aydınladıb
gecəni
Qurbanını arayırdı güllələr.
Saçılırdı göydə aya, ulduza,
Sancılırdı yerdə daşa, torpağa;
İstəyirdi göy üzünü
qorxuza,
O gecəni açılmağa
qoymaya.
Sıxılırdı, yığılırdı
özünə,
Örtünürdü, gizlənirdi o gecə.
İçindəki qiyamətin üzünə
Heç açılmaq istəmirdi
o gecə.
Soxulurdu
o gecənin bətninə,
Ümidlərə saçılırdı güllələr,
Doğulacaq bir körpənin
qətlinə
Fərman kimi açılırdı
güllələr.
Közərirdi, işarırdı dan
yeri,
Sökülürdü lüləsində tankların.
Bu torpaqda ləkə-ləkə
qan yeri –
Tarix hələ
vicdanında saxlayır.
Dəli
idi, şaşqın idi güllələr;
İnsan
necə can atırdı
ölməyə.
Bir çırpınış, bir
yüksəliş naminə
İlan kimi atılırdı gülləyə.
Yumruğunu sıxa-sıxa oğullar
Girov idi qarşısında tankların.
Yıxıldıqca bu torpağa oğullar,
Dikəlirdi bu millətin haqları.
Təkərlərin, tırtılların
altından
Baş qaldırıb
ayılırdı o gecə.
Çəkilirdi, qaranlıqlar ardından
Ürəklərə yayılırdı o gecə.
Küçələrdə bir qırğının izləri,
Gül bitirdi güllələrin yerində.
Baxışlarda bir qorxunun izləri,
Qiyam vardı
ürəklərdə-dərində.
Qan-qırmızı qərənfillər
qiyamı;
Gülüstana çevrilirdi o gecə.
Bir Qırmızı ehtişamın,
nizamın
Sütünları devrilirdi o gecə!
Ölməzləşir, tarixləşir,
daşlaşır,
Mərmər kimi yonulurdu o gecə.
Bir keçmişə, bir tarixə başdaşı,
Bir həsrətə
son olurdu o gecə.
Düyünüydü, bayramıydı
ruhların,
Süzülürdü şəhadətin şərbəti.
Şəbi-ərus məqamıydı ruhların,
Açılırdı qapıları cənnətin.
Arzuların sevdaların əyninə
Kəsilirdi, biçilirdi o gecə.
Bürünürdü əbədiyyət
sehrinə,
Gecələrdən seçilirdi o gecə.
Qan tutmuşdu, sərxoşuydu,
xumardı,
Azadlığın təşnəsiydi o gecə.
Sevdamızdan nə gedər,
nə qalardı
Bəxtimizdən keçməsəydi o gecə…
Qan içində boğulurdu
o gecə,
Azadlığım doğulurdu o gecə!
Arzu ƏSƏD
Ədəbiyyat qəzeti.- 2022.-
22 yanvar.- S.3.