Zəlimxan Yaqub: Milli ruhun yaddaşı

 

Zəlimxan Yaqubun ədəbiyyat tarixindəki profili üzərinə

 

Universitet tələbələri üçün yazdığım "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin çağdaş dövrü əhatə edən 3-cü cildini çapa hazırlayıram. Akademik nəşrlər üçün bu dövrün ədəbi prosesini və portret oçerklərini yazmaq o qədər də çətin deyil. Ancaq dərsliyin oxunma dairəsinin daha geniş olduğunu, bugünkü və gələcək nəsilləri əhatə etdiyini nəzərə almış olsaq, hər şeyin dəqiqliklə ölçülüb-biçilməsi tələb olunur. Ədəbiyyat tarixçiliyinin isə öz prinsipləri var; ədəbi prosesdə yazıb-yaradanlar çox olsa da, hamısı ədəbiyyat tarixinə daxil olmur (bütün dövrlərdə belə olub!). Ədəbiyyat tarixində portret oçerk almaq onun ədəbiyyat tariximizdəki tutduğu yeri və mövqeyi ilə ölçülür. Burada aldığın adların, daşıdığın titulların, vəzifənin, yaşadığın şöhrətin köməyi olmur. Zəlimxan Yaqubun portret oçerkini yazarkən əsərlərini yenidən oxudum və ədəbiyyat tariximizdə özünəməxsus yeri və mövqeyinin olduğuna bir daha əmin oldum və bu böyük şairin ədəbiyyat tarixindəki profilini cızmağa çalışdım.

Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında durulaşaraq tamamilə orijinal forma və məzmunda çağdaşlığa yeni rəng qatır. Yaradıcılığında həm də türkçülük, islami dəyərlər və irfan işığı dərin kök salır. Şairin lirik qəhrəmanlarının düşüncəsində vətəndaşlıq, xalqçılıq motivləri başlıca yer tutur. Bu cəhətdən onun yaradıcılığı Azərbaycan romantiklərinin yaradıcılığı ilə yaxından səsləşir.

Milli ruhun sovet dövründə çərçivəsi daralsa da, Z.Yaqubun mövzularında və bədii ifadə formalarında yenidən boy göstərir. Üslubunda həm gələnəkdən gələn ənənəvilik, həm də bu gələnəkləri özündə birləşdirən Yunus Əmrə xalqçılığı, Füzuli, kədəri, Vaqif nikbinliyi, Sabir tizfəhmliyi, Cavid turançılığı, Səməd Vurğun azərbaycançılığı var. O, şeirini yazarkən xalqını düşünür, onu ifadə edir və üzünü də ona sarı tuturdu, dərhal da xalqın qəlbinə hopur, ürəyinə yatırdı. Şeir onunla xalq arasında bir əlaqə vasitəsi idi. İlk yaradıcılıq nümunələrindən olan "Şeirim"də (1968) yaradıcılıq kredosunu belə ifadə edirdi: "Dillərdə gəzdimi, xalqa çatdımı, // Yoxsa öz yanında qaldımı şeirim?".

Bu illərdə yazdığı başqa bir şeirində "Ürək hökm edəndə yazmasam olmaz, // Gərək axıdasan alın tərini" fikri ilə yaradıcılığın çətin və zəhmətli bir iş olduğunu təsdiq edirdi. O, yaxşı dərk edirdi ki, ədəbiyyat adlı sonu görünməyən bir yola -iztirablarla, məşəqqətlərlə dolu bir həyata qədəm basır. Bu yolda hər cür çətinliyə dözmək, ancaq həqiqəti demək şairliyin müqəddəs vəzifəsidir. Bu vəzifəni şair axıradək sədaqətlə yerinə yetirdi. Şair üçün söz haqqın duasıdır, qəlbin ziyası, daxilin aynasıdır, hər şey sözlə başa gəlir, ona görə onun məsuliyyəti də ağırdır. Şair öz ömrünü deyil, mənsub olduğu xalqın ömrünü yaşayır; onlar bağçalarda gül ömrü yaşamır, "dərdin, qəmin bol ömrünü yaşayır". "Şair" şeirində isə şairin dərin bir keçmişə bağlı olmasını, xalqın ürəyində heykələ dönməsini istəyirdi:

 

Səsi dağdan gəlir, arandan gəlir,

Sədası İrandan, Turandan gəlir.

Mayası Ayədən, "Quran"dan gəlir,

Yenilməz zamanı yenirsə şair.

 

İlk şeirlərindən başlayaraq ədəbi ənənəyə sadiq qaldığını göstərdi; ancaq bununla yanaşı, öz taleyini yazmağa başladı. Onun yazdıqları xalqın içindən gəlirdi, xalqın ruhu və taleyini əks etdirirdi. Obrazları qeyri-adiliyi ilə fərqlənirdi. Bu obrazlar içərisində "bir qurtum su", "bir ovuc torpaq", "bir əlçim bulud", "bir əsim meh", "bir çaxım şimşək", "al-əlvan çöllər", "bərəkətli tarlalar" və s. təkcə orijinallığı ilə deyil, məzmunu ilə də yeni idi.           

90-cı illərdə Z.Yaqub yaradıcılığında yeni mərhələ başlayır; belə demək mümkünsə, ikinci nəfəs açılır. Onun mövzu dairəsi genişlənir, obrazlarında, bədii təsvir və ifadə vasitələrində ekspressivlik və emosionallıq artır, dil reallığının təbiiliyi xalq ruhundan süzülüb gəlir. Sözün yükü, çəkisi, bədii estetik yükü bir qədər də artır, poetik informasiyalılıqla fikrin ifadəsi birləşir. Sanki şairin yaradıcılığı üçün yeni bir estetik qaynaq tapılır; bu estetik qaynaq Yunus Əmrə yaradıcılığı və təsəvvüf idi. Buna qədər şairin yaradıcılığında əgər Səməd Vurğun təsiri aydın görünürdüsə, bundan sonra şair özü üçün yeni bir fəza müəyyən edir. Şair yaxşı dərk edirdi ki, poeziyada keçmişdən süzülüb gələn ənənə müxtəlif bəhanələrlə sovet dövründə qəsdən qırılmış, poetik yaddaş zəifləmişdir. "Mürşidi-kamil" axtarışı onu Yunus Əmrəyə gətirir: "Nəhayət, bir gün o kəramət sahibini, o böyük mürşidi-kamilimi, o böyük şeyximi tapdım. Gördüm ki, bu, Yunus Əmrədir". Şairi Yunusa gətirən isə saz və sazın hikməti idi, "Ruhani" fəlsəfəsi, irfanından keçmiş idi. Bu mənada Z.Yaqub yaradıcılığında təsəvvüfün, irfanın və sazın payı artır, onun poetik düşüncə sistemində bir dəyişiklik baş verir. Sovetlərin poetik düşüncə sistemindən qurtularaq irfana, təsəvvüfə ilk üz tutan şairlərdən biri Z.Yaqub olur və sonadək yaradıcılığının bu cəhətinə sadiq qalır. Bundan sonra onun yazdıqlarında bir irfan işığı görünür, poeziyası irfan işığının nurundan mayalanır. Hələ heç kim poetik təfəkkürlə poetik düşüncəni bir-birinə bu şəkildə qovuşdura bilməmişdi. Şeirlərində Məhəmməd peyğəmbər, Əhməd Yəsəvi, Mövlana, Hacı Bəktaş Vəli, Fəzlullah Nəimi, Qazi Bürhanəddin, Füzuli, Xətai, Pir Sultan Abdal, Dadaloğlu, Qaracaoğlan, Hüseyn Cavid, Səməd Vurğunun adları tez-tez çəkilir, obrazlarına müraciət edilir.

 

Haray sazı, ün sazı,

Ömür sazı, gün sazı,

Köksümdə türkün sazı.

Dilimdə dastan gəldim.

 

Buludlardan üzüldüm,

Çiçəklərə düzüldüm.

Füzulidən süzüldüm

Axdım Yunusdan gəldim.

 

Z.Yaqub poeziyasında türk arealı bütün komponentləri ilə ifadə olunur. Şeirlərində təsəvvüf ruhu, irfan işığı yeni poetik dillə göstərilir. "Dövlət atam, millət anam" şeirində özünün poetik kimliyini dünyanın yaradılışına apararaq "Yaradanın dəftərində adı başdan yazılanam", - deyə ən qədim köklərdən olduğunu təsdiq edir, qoca tarix qarşısında hər zaman üzünün olduğunu, türk eşqinə dastan yazıb gəldiyini xatırladır:

 

Hara dönüb, hara baxsan,

yerdə mənəm, göydə mənəm,

Sazda mənəm, tarda mənəm,

udda mənəm, neydə mənəm,

Yaradanın yaratdığı,

xoş olan hər şeydə mənəm,

Altı nədir, altmış nədir,

min-min qitədən gəlmişəm.

 

"Ruhum" şeirində də irfanilik, təsəvvüf düşüncəsi davam edir; min illərdi nağıllarda, dastanlarda qanad çalan ruhunun obrazını yaratmağa nail olur. Bu ruhu buxovlamaq, zəncirdə saxlamaq olmaz, çünki bu ruh "tufanda sarsılmaz", "qasırğada həlak olmaz". Bu ruh "Turi-sinada Musada, çarmıxda Həzrət İsadı", "Hara dağda Məhəmməddi", "Məcnun kimi səhradadı", "Tahir kimi dəryadadı", "tamahları yox eləyər", "gözü-könlü tox eləyər", hər iki cahanda "əbədilik hökmrandı". Lirik mənin ruhu hər yerdə dolaşır:

 

Buludla yağış kimidir,

ruhda canım, canda ruhum,

Can heç nədi, bədən heçdi,

çırpınmasa qanda ruhum.

 

Ulu Nəsimiyə həsr etdiyi "Məndədi" şeiri də eyni ruhda yazılıb, şair hər şeyin onda olduğunu təsəvvüf düşüncəsi ilə ifadə edir:

 

Yenə könlüm xarabadı,

            yenə ruhum xarab olub,

Nahaq döyüb, haqq döyülüb,

            haqqı gözdən salan olub.

Başımda bir duman var ki,

            dağ dumana yalan olub,

Bulud mənəm, duman mənəm,

            dumanlar, ahlar məndədi.

 

Z.Yaqub poeziyası forma cəhətdən də polifonikdir; hər bir şeirində yeni ritm və intonasiya yaradır. Bəzən heca ilə sərbəsti sintez edir, qoşmaya, gəraylıya təkcə məzmun baxımından deyil, forma cəhətdən də yenilik gətirir. Fəlsəfi fikri hecada ifadə etmək nə qədər çətin olsa da, bunu sənətkarlıqla edir. Onun şeirlərində hər hansı bir sözün, ifadənin, söz birləşməsinin təkrarı ilə alliterasiya yarada bilir. Poetik düşüncəni irəli apara biləcək forma tapır. "Bircə təsəllim var" şeirində yüz il, min il sonra yenə də həyatın var olacağı düşüncəsi assosiativ təhkiyədə ifadə olunur.

 

Yüz ildən sonranı düşünürəm mən,

Min ildən sonranı düşünürəm mən,

Bu qoca dünyada nələr olacaq.

Yenə də beləcə axşam düşəcək,

Yenə də beləcə səhər olacaq.

Yenə də arılar bal daşıyacaq,

Yenə də ilanda zəhər olacaq.

Əslimiz, nəslimiz yaşamaq üçün,

Yenə kənd olacaq, şəhər olacaq.

 

Şair haqq dilində danışmaq, həqiqəti ifadə etmək üçün Süleyman kimi quş, Məhəmməd kimi "Quran", Fateh kimi Turan, Nəsimi kimi Ənəlhəqq, Yunis Əmrə kimi mərifət, şəriət, həqiqət dilində yazmağa üstünlük verir. Onun üçün: "Zor danışar şah dilində, // Dərd danışar ah dilində, // Danışaq Allah dilində // Yaradanın haqq dili var". Yox, bunlar sadəcə qafiyə, ya da alliterasiya yaratmaq deyil, yeni poetik düşüncənin bənzərsiz ifadə formasıdır.

Z.Yaqub çağdaş Azərbaycan poeziyasında milli formanı yeni mərhələdə yaşadır, xalq şeiri üslubunu inkişaf etdirir. Onun yaradıcılığında qoşma, gəraylı, dördlüklər, hecanın altılığı, yeddiliyi, səkkizliyi, doqquzluğu, onluğu və onbirliyində bir çox orijinal formalar işlənilir. Milli düşüncəni milli formada ifadə etmək, keçmiş ənənəni yaşatmaq missiyasını axıradək qoruyub saxlayır, minillik hecanı yaradıcılığında yaşatmaqla xalq şeiri üslubunu yeni bir mərhələyə daşıdı.

Z.Yaqub yaradıcılığının ana xətlərindən biri də vətən, millət, xalqdır; onun hər bir şeirindən, sözündən vətən boylanır, xalqın ruhu əks olunur. Yurdun hər qarışını-çölünü, çəmənini, torpağını, daşını, qayasını tərənnüm edir, ona bağlılığını ifadə edir. Şairin vətən sevgisinin tərənnümünü yalnız Azərbaycan romantiklərinin yaradıcılığı ilə müqayisə etmək mümkündür. Vətən mövzusu Z.Yaqub şeirlərində bir qədər də ölçüsüz təsvir olunur, hər sətrində boy göstərir. "Hara ayaq bassam öz vətənimdir, Mən bu torpağınam, torpaq mənimdir" ("Doğmayam") poetik fikrinin arxasında şair hər yerə vətəni özü ilə aparması fikri durur, çünki əgər "vətən eşqi, vətən odu olmasa", şair qəlbi yana bilməz.

Z.Yaqubun yaradıcılığında türkçülük, turançılıq ideyaları başlıca yer tutur; XX yüzilin əvvəllərində Azərbaycan romantiklərinin yaradıcılığında boy verən türkçülük, vətənçilik, turançılıq romantik bədii həllini tapır. Sovet dövründə qadağan olunan bu mövzu və ideoloji fikir siyasi düşüncə ilə yanaşı, paralel olaraq Z.Yaqub şeirlərində də öz əksini tapır. Z.Yaqub bu şeirlərində türkün genetik yaddaşını ələk-vələk edir, onun tarixinə gedir, gələcəyinə inamla baxır. Yurdaqul yaradıcılığında poetik, Z.Göyalp yaradıcılığında elmi həllini tapan bu komponentlər Z.Yaqub poeziyasında birləşir.

Z.Yaqub yaradıcılığının əhəmiyyətli cəhətlərindən biri də dilin saflığını, duruluğunu təmin etməsi, estetik gözəlliyini qorumasıdır. Onun şeirlərində yad sözlərə, bədii təsvir və ifadə vasitələrinə rast gəlmək çətindir. O, bir şair kimi həm də özünü söz səngərində döyüşən bir əsgər hesab edir. Çünki onun üçün sözdən yuxarıda heç nə yoxdur; söz onun ruhu və canıdır. Yaxşı bilir ki, şair sözlərində yaşayır, cismən həyatdan getsə də, sözü qalır. Söz isə dildə yaşayır, şeirin yazıldığı dil saf və təmiz olmalıdır. Bu estetik kredo şairin çağdaş poeziyada klassik ənənə ilə çağdaşlığı dil baxımından sintez edərək yaşatmasına, poetik dilin estetik gözəlliyini qorumasına imkan vermişdir. Şeirlərinin dili saf, təmizdir, bəlkə ona görə ki, ananın danışdığı dildə yazır:

 

Anam necə dinir, necə danışır,

Şeirimi anamın dilində yazdım.

Məni dilləndirən, məni dindirən,

Sevgimin, sonamın dilində yazdım.

Sağlam əqidənin, saf təbiətin,

Allaha inamın dilində yazdım.

Halal kişilərdən halal söz aldım,

Halal bir ilhamın dilində yazdım.

 

Azərbaycanın istiqlal mücadiləsi Z.Yaqubun da yaradıcılığında öz əksini tapıb. Xalqın şəhid verdiyi bu günlərdə şair inanır ki, onların qanı yerdə qalmayacaq, xalqın haqq işi mütləq qalib gələcək. "Vətən, əymə qəddini" şeirində bu dar gündə Vətənə qəddini əyməməyə çağırır, çünki "ordumuz ondan ötrü can verir", xalqın qəhrəmanlıq duyğusu düşmən qarşısında möhkəm dayanmışdır. "Ordum varsa, yurdum var" şeirində "yurdu qoruyan ordudur" həqiqətini poetik şəkildə ifadə edir. Azad olmaq istəyən millət, xalq döyüşdə "qan da tökər", "can da verər". Bu döyüşlər azadlıq meyvələrini dərmək üçündür; şəhid vermədən millətin ruhu dirilməz, onu əldə etmək üçün isə birlik lazımdır. Birlik və bütövlüyün nəticəsi ordun varsa, demək Vətən sarsılmazdır. Bəlkə buna görə hər şeirindən vətən ətri, yurd həsrəti, saz nəfəsi, ədalət duyğusu gəlir. Bu mənada Z.Yaqub poeziyası bir şairin taleyindən daha çox, xalqın taleyini, keçmişini, bugününü və gələcəyini əks etdirir.

Z.Yaqubun poeziyasında dünya, insan, həyat, ölüm düşüncələri özünəməxsus şəkildə təsvir olunur. İnsanın dünyaya gəlişi, öz missiyasını həyata keçirməsi, həyatdan getməsi müxtəlif şeirlərində fəlsəfi mənalar, çalarlarla təsvir edilir. Bu şeirlərdə şairin dünya, həyat, insan, ölüm haqqında düşüncələri ümumiləşdirilir. Bəzən şair dünyanı dərk etmək üçün bədii suallara müraciət edir. İnsanın "Dünya, səni bu günlərə kim saldı?" sualı elə onun özünə qarşı ittihama çevrilir:

 

Niyə mənə bu sualı verirsən?

Səpdiyindi, bəhrəsini görürsən.

Cilddən-cildə, dondan-dona girirsən,

Sən qoymusan məni yaman günlərə.

 

Z.Yaqub poeziyasının mövzu coğrafiyası çox genişdir; təkcə bunu demək lazımdır ki, türk dünyası şairin ən çox təsvir etdiyi bir məkandır. Bu məkan şairin poeziyasının əsas obrazlarındandır, bu məkanda şairin lirik qəhrəmanı özünü yaxşı hiss edir, hər yeri özünə vətən bilir. Şairin yaradıcılığında vətən mövzusu ikiyə bölmüş Arazla məhdudlaşmır, daha böyük coğrafiyanı əhatə edir; Kərkük, Bayat, Urumçu, Altaylar, Təbriz, Urmiya, Türküstan, Bişkeki düşünür, keçdiyi bu yerlərdə torpaq, yurd düşüncəsini paylaşır. Kərkük yarası həmişə onu düşündürür, oradan gələn xəbərlərin üzücülüyünü, parça-parça vətənin torpaqlarına qovuşmaq hissini yaşayır və: "Beş yüz ildi Boyat səndə, Nəsim səndə, // məndən qopan ruhum səndə, səsim səndə. // Gəl qovuşaq, qurbanımı kəsim səndə, // bəd xəbərlər yalan olsun, yalan, Kərkük!", - deyir. Lakin şairin qüdrəti bu qədər böyük problemləri həll etməyə yetmədiyindən özünü əlacsız hiss edir və "Yenə gözündə yaş, qəlbində kədər, // gəlişin hədərmiş, gedişin hədər. // Sənin ki, dərdin var bir Təbriz qədər, // niyə yaşayırsan, öl, ay Zəlimxan!" - deyə ölməyi tərcih edir.

Z.Yaqub 80-ci illərin ortalarından başlayan milli hərəkata poetik düşüncələri ilə bir millilik yönü vermiş, marş ruhlu əsərlər yazmış, vətən övladlarını qorumağa səsləmişdir. "Dur ayağa, məmləkətim", "Azərbaycan torpağıyam", "Torpaq məni yaman çəkir özünə", "Əyilməz", "Əlini üzmə millətdən", "Döyüşən türk, oyanan türk, qalxan türk", "Ölümə səfərbər olmayan kişi", "Tanrım, məni şəhid elə" və s. onlarca şeirində xalqımızın haqq işini müdafiə etmiş, onun yüksək əxlaqi keyfiyyətlərini tərənnüm etmişdir. Sonuncu şeirində şair xalqı tarixən qarabaqara izləyən bəlalardan yaxa qurtara bilməsi üçün "Tanrım, məni şəhid elə bu torpağın yolunda, // Bu məsləkin, bu millətin, bu bayrağın yolunda", - deyə özünü bu yolda şəhid kimi görmək istəyir. "Dur ayağa, məmləkətim" şeirində isə xalqı düşmən tapdağı altında qalan Xocalı, Şuşa, Laçın, Kəlbəcər və başqa ərazilərimizi azad etməyə çağırır:

 

Məzarsızdı meşələrdə qaçqın olub ölənlər,

Kəfənsizdi son tikəni körpəsiylə bölənlər,

Qismətimiz uçurumlar, aşırımlar, bələnlər,

İçərimi yedi tökdü hirsim, kinim, nifrətim,

Dur ayağa məmləkətim, qalx ayağa millətim!

 

Z.Yaqubun poeziyasında təbiət təsvirləri yeni biçimdə ifadə olunur; təbiətin yaranışı, onun sehrkar mənzərəsi ayrı-ayrı obrazlar kontekstində canlandırılır və dağ, dərə, yaylaq, çəmən və s. obrazları yaradılır. Təbiəti Allahın şah əsəri hesab edən şair bu şeirlərdə belə ictimai məna axtarır. "Salam, Sarvan dağları", "Başkeçid", "Təbiət Allahın şah əsəridir", "Təbiətin qoynunda", "Camlıca", "Kəndirli qartal", "Təbiətin ovsununa düşəndə", "Yol", "Dağlar qonaqlıq verir", "Dağlar oğlu" və s. onlarca şeirində təbiətin gözəlliyi, saflığı, duruluğu təsvir edilir. Bu şeirlər ictimai mənasına görə təbiətlə cəmiyyəti birləşdirərək təbiətin semantik gücünü artırır. Şair bu şeirlərində qartalın "köləlikdən, əsarətdən" xəbərsiz azad şəkildə süzməsini, min illərdi dağların baş-başa verib "xəyanətdən, xəbislikdən" xəbərsiz olmalarını ictimai məzmun verir. Beləliklə, cəmiyyətlə təbiəti təzadlı şəkildə qarşılaşdıran şair saflığın, təmizliyin tərəfində durur:

 

Dan sökülür, gül açılır, şeh düşür,

Acı sözdən, bəd sifətdən xəbərsiz.

Qartal süzür qayaların başında,

Köləlikdən, əsarətdən xəbərsiz.

 

"Bu yaşıl ağacın altı bizimdi" şeirində təbiətlə cəmiyyətin harmoniyası verilir. Şairin lirik qəhrəmanı sevgilisinə təbiət qoynunda saf, təmiz sevgisini izhar edərkən "kök üstə budağın", "budaq üstə yarpağın", salxımın, saçağın "bizim olduğu" qənaətini bildirərkən insanla təbiətin harmoniyasını yaratmış olur. Şeir bizi cəmiyyətin ilkinlik dövrünə qaytarır. İnsan özünü təbiətdən ayırmır, ona lazım olan hər şeyi təbiətdə görür, hətta "nəyimizə lazım ev-eşik bizim?", - deyə sual edir.

Z.Yaqub XX əsr Azərbaycan romantiklərindən sonra Turan obrazını yenidən ədəbiyyata gətirir, onu canlandırır. Bütün Turan elini qarış-qarış gəzən şair tarixi və müasir təəssüratların qovuşuğu kontekstində Turanın təkcə poetik yox, həm siyasi, iqtisadi, fiziki xəritəsini cızır, onun dərdlərini, problemlərini dilə gətirir. Bu Turan eli bu gün parçalanmış, ayrı-ayrı torpaqlara, dillərə, vətənlərə bölünmüş vəziyyətdədir. Ə.Hüseynzadənin, M.Ə.Yurdaqulun, Z.Göyalpın Turan obrazı yeni dövrdə Z.Yaqub poeziyasında başqa şəkildə ifadə olunur. Şair özünü yalnız Azərbaycanla bağlamır, bütün türk dünyasını düşünür, onu vahid türk xalqı olaraq görür. Gələcəyin yeni dizaynında şairin Turan reallığı son and kimi qəbul edilir:

 

Yeni düzən, yeni mizan qurandı,

İlk andımız, son andımız Turandı,

Soraq verən peyğəmbərdi, "Quran"dı,

Nə yozulsa xeyrə yozum olacaq,

Bu gün-sabah dünya bizim olacaq.

 

Z.Yaqubun poeziyasında epiklik, söyləmə, təhkiyəçilik başlıca yer tutur. Bu xüsusiyyət şairin irihəcmli və ən kiçik şeirlərində də özünü göstərir. Hətta dördlüklərində belə epik təhkiyəyə üstünlük verir. Bu xüsusiyyət şairi poema yaradıcılığına gətirmiş, bir neçə poema yazmışdır. "Peyğəmbər", "Saz", "Aşıq Ələsgər", "Hüseyn Saraclı dastanı", "Əbədiyyət dastanı" və b. poemalarında çağdaş dövrdə poema və epik ənənələri ən yaxşı şəkildə yaşadır. Bu cəhətdən "Peyğəmbər" poemasını xüsusi fərqləndirmək lazım gəlir. Ona görə ki, bu əsər Məhəmməd peyğəmbərə həsr olunmuş ilk poemadır. Buna qədər isə Hüseyn Cavidin "Peyğəmbər" (1923) dramı yazılmışdır. Belə bir mövzuda əsər yazmağın çətinliyi və məsuliyyətini dərk edən şair, əsərin yazılma səbəbi olaraq iki dəfə Məkkəni ziyarətini, qoca Şərqin ziyarətgahları, qədim şəhərlərdə gördüklərini, oxuduğu elmi, bədii, tarixi kitabları göstərir. Beləliklə, şairin ömrünün altmışıncı ilində "Peyğəmbər" poeması yazılır. Poemada Məhəmməd peyğəmbərin həyatının, mücadiləsinin ən önəmli məqamları və islam dininin bəşəri mahiyyəti təsvir edilir. Tarixliklə müasirlik işığında yazılan əsərdə peyğəmbərin zamana və məkana sığmayan obrazı canlandırılır. Poemanı "Bir işıq doğulub gəldi dünyaya", "Peyğəmbərin ürəyi", "Xəlvət", "Peyğəmbər və şairlər", "Peyğəmbər "Quran" oxuyur", "Merac gecəsi", "Hicrət", "Bədr savaşı" kimi xronikal və "And olsun qələmə", "Əxlaq nuru, din işığı", "Mən üzümü sənə tutub yazıram", "Şairlik ziyarəti", "Türk və İslam", "İlahi" fəsilləri ilə davam edir. Şair burada tarixi həqiqətlə bədii təxəyyülün sintezindən istifadə edir.

Şair Məhəmməd peyğəmbərin obrazını yaratmaq üçün bütün həyatının təfərrüatlarına enmir, yalnız müxtəlif məqamlara, din, islam yolunda rastlaşdığı çətinlikləri, yaşadığı mənəvi əzabları təsvir edir. Şairin Məhəmməd peyğəmbərin həyat fəlsəfəsinə baş vurması, yalnız taleyüklü məsələlər kontekstində təsvir etməsi obrazın canlı və bütöv çıxmasına imkan vermişdir. "Sənə salamlar olsun, ya Məhəmməd Mustafa" fəslində onun bütövləşmiş xarakterini təsvir edir:

 

Dünyaya lənət üçün yox,

Rəhmət üçün gəldin.

Sevgi üçün, barış üçün,

Mərhəmət üçün gəldin.

Barışda rəhmli,

Düşmənə münasibətdə

Düşüncəli, təmkinli, fəhmli.

Əhdə sədaqətli, sevgidə əlaçıq.

Ən gərgin anda belə

Ürəyində nə kin-küdurət, nə açıq;

Sənin böyük cəbrinə, dözümünə, səbrinə

Bizdən salamlar olsun,

Ya Məhəmməd Mustafa!

 

Z.Yaqub "Peyğəmbər" poemasının yazılması zamanı "Quran"ı dərindən mənimsəmiş, peyğəmbərin həyatı və fəaliyyəti haqqında yazılmış çoxlu əsərlər oxumuş, həmin dövrdə baş verən hadisələri, xalqın düşüncə tərzini olduğu kimi verməyə çalışmışdır. Peyğəmbərin islam dinini gətirməsi bütövlükdə Şərqin intibahına yol açması kontekstində təsvir edilir. "Quran" ayələrinin əsrlərdir könüllərdə qutsal olmasının səbəbləri poetik şəkildə ifadə edilir:

 

..."Quran"ın hər ayəsində diri,

            canlı bir həyat var,

Ona baxın, Məhəmmədi həmişə həyatda görün.

Göy üzündən yer üzünə enib gələn yolları

Cəbrayılın çiynimizdə çaldığı qanadda görün.

İslam nədi, iman nədi,

            deməkdi müsəlmanlıq? -

Rəsulullah yer üzünə gəldiyi saatda görün.

 

Zəlimxan Yaqub yaradıcılığı milli poetik düşüncənin sərhədlərini genişləndirdi, ifadə vasitələrini zənginləşdirdi, milli ruhun poetik ifadəsində yeni mərhələ yaratdı. Onun poeziyası milliliyə, xalqçılığa, duruluğa, saflığa, təmizliyə, ilkinliyə, daxili gözəlliyə çağırır. Bütün bunlar şairin ədəbi fikir tariximizdəki profilinin çox az bir qismidir. Bütövlükdə isə şairin bizə qoyub getdiyi Söz yaradıcılığında və milli ruhun bədii ifadəsində şairin obrazı canlanır.

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.4-5.