"Canıyeva
Göyərçin" – bir şeir
və müharibənin
soyuq mənzərəsi
Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən
bir Vətən müharibəsinin, Qarabağ
savaşının içindən keçdik. Müharibə
elə güclü bir təkandır ki, yeni keyfiyyətlər
doğurmaya bilməz. Ədəbiyyatımıza bir
çox yeni tip və obrazların gələcəyi, özləri
ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri
və nəhayət, mədəniyyət gətirəcəyi
şübhəsizdir.
Son otuz ildə Birinci Qarabağ savaşının
müxtəlif mətnlərdə təzahürü haqda
çox bəhs etmişik. Bu gün mövzu yenidən
aktuallaşıb və dünəndən fərqli olaraq
başqa məzmun alıb. Biz artıq məğlub
deyil, qalib ölkənin qələm adamlarıyıqsa, bu əzm
duyğusunun müəlliflərə ayrı bir impuls verəcəyi
qaçılmaz faktdır. Amma elə həqiqətlər
var ki, onlar heç nədən impuls almadan öz bədii
gerçəkliyini yaşayacaq. İnsan həqiqəti,
fərdin ağrısı! Müharibə, ilk
növbədə, sonsuz insan talelərinin, insan əzablarının
yaşandığı amil olaraq amansız gerçəklikdir.
Bu məqamda qalib, ya məğlub olmanın onun
üçün bir fərqi yoxdur. Müharibədə
olmuş, can fəda etmiş, yaxud psixoloji təsirə məruz
qalmış insanların dramı varsa mətndə... Ədəbiyyat bu ağrını göstərə,
ötürə biləcəyi qədər
böyükdür. Müharibə mövzusunda yazılan
ən gözəl nümunələrdən - Rasim Qaracanın
1992-ci ildə yazılan "əgər ən yaxın dostun
müharibədə ölmüşsə" şeirindəndir
bu misralar:
əgər ən yaxın dostun
müharibədə
ölmüşsə
sən
artıq müharibə əsirinin oğlusan
bir
adın savaş olmalı
İllərdir ki, taleyi müharibələrdən, o
qanlı, məşəqqətli yaşantılardan keçən
insanlarımızın deyil, elə ədəbiyyatımızın
da bir adı savaşdır. Bir təsirli mətn,
bir uğurlu misra boğazımızda düyünə
çevrilir.
Bu yaxınlarda gənc şair El Romanın
"Canıyeva Göyərçin" şeirini oxuyanda
müharibə ilə bağlı ehtiva olunan dərin
yaşantı ilə bərabər, müəllifin
tapdığı üsul diqqətimi çəkdi. Mexaniki say, cansız predmet,
hərbi informasiya poetik məcazları necə uğurla əvəz
edə bilir, şeirdəki ideyanı necə mükəmməl
şəkildə çatdırır:
- Yerek...
Ratsiyadan
səs gəlir:
-
Canıyev, yerini de!
- Təpənin
"A" nöqtəsi!
Ratsiyadan
səs gəlir:
-
Əbdülov, yerini de!
- Təpənin
"B" nöqtəsi!
- Erku...
On
üç yaşlı Göyərçin
giley
tökür kağıza:
"Ehh,
bu riyaziyyat da
yığıb məni boğaza!
"A"-dan
"B"-yə məsafə
Nə bilim, nə qədərdi?
atam
olsa, bilərdi..."
"Canıyev,
aradakı məsafəni xəbər ver!" -
Ratsiya hələ susmur...
İnsanlar
özlərinə yaxşı təsəlli verir:
"Ordu müharibəni nə olsun, hələ udmur?
əsas
odu, uduzmur..."
- Mek!
Bu vaxt bir
mərmi deşir
buludların bağrını.
Silahlar da
diksinir
Partlayışın
səsinə...
O
partlayış,
əsgəri tutub "A" nöqtəsindən
atır
"B" nöqtəsinə...
"Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" -
bərk
qışqırır Göyərçin...
"Canıyev, nə baş verir?!" -
Ratsiya ağı deyir...
birdən
əlaqə itir...
sonuncu nəfəs
ilə,
Canıyev ratsiyanı dodağına gətirir.
Xırıltılı
səs ilə:
"Komandir,
əlli metr..."
Mətndə müharibə
gerçəklərini daşıyan iki əsas obraz var:
atası və qızı Göyərçin. Şeirdəki
emosional təsir gücü uğurlu tapıntı olan "əlli
metr" detalına bağlıdır. Müəllif
bu detalla bağlı maraqlı fəndlər edir, onunla mizan səhnələri
qurur. Hisslərin antitezasını
yaradır. Qızın misalın
cavabını tapdığı anda yaşadığı
sevinc və müəllifin bu anda cəbhədəki gərginliyə
fokuslanması, iki yaşantının
qarşı-qarşıya durması kadrı dərin dramatizmlə
doldurur.
Buradakı bütün misralar sanki insaniləşir. Adi
danışıq ritmindən daha uca mərtəbəyə
qalxıb psixoloji mübarizə, hisslər
çarpışması şəklində təqdim olunur.
Bu hisslər çarpışması şeirdə
qütbləşən iki intonasiya çalarının
açılaraq inkişafı kimi davam edir. Birinci qütb müharibənin arxa üzüdür,
bütün rəngarəngliyi, çoxsəsli,
çoxüzlü çaları ilə həyatı,
yaşamı simvollaşdırır - ümid, sevinc, həyəcan,
giley, nigaranlıq. İkinci qütb isə
müharibənin tam ortasıdır. Burda nəinki
düşünməyə, hətta yaşamağa belə
artıq vaxt yoxdur. Bir güllə səsi,
bir mərmi partlayışı zamanın səsini
batırır, ümidləri, arzuları nöqtələyir.
Şeirdə bu iki qütb arasında əlaqə necə
qurulur? El Roman bunların hər ikisini fərqli yanaşma, fəqət
eyni estetika ilə işləyir. İlkin dialoqlarda
dumanlı şəkildə görünən intonasiyalar
qarşılaşması getdikcə açılır,
aydınlanır, biri digəri ilə rabitələnir və sonda
yenidən ayrılır... Bu dəfə məlumdur ki, həmişəlik...
Göyərçinin tapdığı
cavabın sevinci müharibədə partlayan mərminin
gurultusunda sönüb itir və bununla şeirdəki intonativ
bütövlük tamamlanır. Tapılan
"əlli metr"lər arasında fərq çox
böyükdür. Birinci əlli metr adi
riyazi normalar daxilində ölçülüb biçilən
hesabdır. Lakin bu həyatın da arxasında nə isə
bir həsrət, nisgil boy verir: "Atam olsa, bilərdi..." Bu nisgilin nə ilə bağlı olduğunu bizə
xaotik müharibə təsvirlərinin yer aldığı
ikinci hissə anladır. Burada şair prosesləri
müharibə reallığına proyeksiya edərək
tamamilə yeni məzmunda işləyirsə də, onların
hər ikisini şeirin ümumi axını ilə möhkəm
bağlı olan detala çevirməyi bacarır. Bu bağlılıq şeirdəki zəncirvari
sintaksis vasitəsilə addım-addım hörülür,
bir sıra situativ məqamlar - hadisələrin mahiyyətindən
doğan əlavə çalarlar da əldə edilir ki, həmin
çalarlar da əsas məzmunla motivləşirlər.
Mümkün qədər minimalist dekorasiya,
daralmış rakurs, şeirin sentimentallıqdan yetərincə
uzaq olması, oxucu duyğusuna vurğu edilməsinə
hesablanmaması sayəsində ümumi tonallıq öz
effektini qoruyur, mətni sənət səviyyəsinə
qaldırır. Türk şairi Süreyya Berfenin
"Kıbrıs" şeirində olduğu kimi. Çılpaq natura, rəqəm bolluğu ilə mətni
şeirləşdirmək, yaradılan boz, soyuq mənzərə
ilə sarsıdıcı kədər və hüzn
ağırlığı yaratmağa nail olmaq. "Canıyeva Göyərçin" bu mənada,
poeziyamızda müharibə barədə
düşündürən və onun faciəviliyini
vizuallaşdıran nümunə olaraq həm yeni estetik
platformada qərarlaşır və həm də necə
yazmaqla bağlı bədii model təklif edə bilir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.6.