Xırda bəhanələr
Hekayə
Böyük
quşlar köçüb gedəndən sonra xırda
quşlar payızın qulağına nəsə
pıçıldayırdılar...
Onların
daxması kəndin qurtaracağında, zəhmli palıd
meşəsinin düz ağzında yerləşirdi. İncəvara,
daxmanın üzü kəndə tərəf idi, axşamlar
meşədə canavarlar ulayıb çaqqallar səs-səsə
verəndə daxma işığı yanan kəndə
baxıb ürəklənirdi.
Daxmanın
da qəribə görkəmi vardı. Taxtapuşunun bir tərəfi
əyildiyindən uzaqdan papağını yan qoyub macəra
axtaran şuluq uşağa oxşayırdı. Elə
bilirdin, nəfəsini alan kimi
yerindən götürülüb kəndə tərəf
qaçacaq. Amma qaçıb eləmirdi. Gün boyu daxma
adamın gözünə birtəhər dəyir, haldan-hala
düşürdü. Səhərlər qollarını
çırmalaya-çırmalaya günəşin
gözünə baxıb "Bu gün biçin
başlayacaq!" - deyən əkinçiyə, günorta
bostan oyuğuna, gün əyilib meşənin o üzünə
aşanda ayaqüstə mürgüləyən yorğun
qocaya oxşayırdı.
Görünüşünə
baxmayın, bu daxmada dünyada tayı-bərabəri olmayan,
oyunları bitib-tükənməyən, sevinci yerə-göyə
sığmayan nənəylə nəvə
yaşayırdı. Birinin altı, o birinin altmış altı
yaşı olsa da, elə bil yaşıdıydılar.
Düzdür,
həyat nənəni döyə-döyə istədiyi şəklə
salmışdı. Anaş toyuğa oxşayan bu
yastıyapalaq qarı tükü-tükdən seçər,
yazda qışın, qışda yazın tədarükünü
görər, bostanda, meşədə, dağda, düzdə,
çayda - hər yerdə gözə dəyərdi.
Nəvəsini
də körpəlikdən o saxlamışdı. İndi əli
çomaqlı, telli-toqqalı yekə kişiydi. Hər dəfə
nənəsi:
-
Çomağına nənən qurban, ay evimin
yaraşığı, ömrümün naxışı -
deyəndə uşaq əlindəki qupquru çomağa
baxıb içini çəkərdi. Ona elə gələrdi
ki, bir gün möcüzə baş verəcək, bu quru
çomaq əlində yaşıllaşıb böyük
ağac olacaq. Elə yekələcək ki, qol-budağı
köhnə daxmalarını qanadı altına alıb
onları dünyanın bütün yamanlıqlarından
qoruyacaq. Hər səhər nənəsinin gözündən
yayınıb daxmaya söykədiyi çomağına
baş çəkər, zoğ
atıb-atmadığını yoxlayardı.
Çomağını quru taqqıldanaq kimi görəndə
ümidini itirməz, gör hələ nə qədər səhərlər
var - deyib özünə təskinlik verərdi. Nənəsinin
dediyi kimi, səhərlər Gözəgörünməzin
kitabını səhifələriydi. Nənəsi deyərdi
ki, bu kitab bir ucdan peydərpey yazılır. Nə bitən
deyil, nə tükənən.
Nəvə
nənəsinin qurduğu dünyada xoşbəxt idi. Hərdən
kəpənəklər, parabüzənlər, qanadlı həşəratlar
başlarının üstündə dövrə vurub
onların sevincinə şərik olar, həyatlarına rəng
qatardı. Nənəsi demişkən, xoşbəxtlik üçün
padişah-zad olmaq gərək deyildi, xoşbəxtlik
üçün sevgi bəs edirdi. Bu köhnə, taxtapuşu
əyilmiş daxmada o qədər sevgi, istək, şəfqət
vardı ki, bütün dünyaya bəs edərdi.
Səhərlər
odun peçinin üstündə qaynayan südün ətri
dalğa-dalğa ətrafa yayılıb nəvənin burnunu
qıdıqlayanda taxta qapının o üzündən nənənin
güllü səsi gələrdi:
- Ay
savağın xeyir olsun, ay üzünə xeyir savaxlar
açılsın, ay günün uğurlu olsun, dur gör
bizə kim gəlib?
Nəvə
mitilin içindən boynunu uzadıb gözləri gülə-gülə:
- Kim gəlib?
- soruşardı.
- Bu
gün bizə günəş gəlib, başına
dönüm, düz damımızın üstünəcən
gəlib, deyir, şirin nəvən harda gizlənib, niyə
gözümə dəymir?
Nəvə
uşaq marağıyla yerindən dik atılar:
- Məni
soruşdu, hə?! - deyib nənəsinin
yanından güllə kimi keçib günəşin
görüşünə gedərdi.
Qonaq gəlməyən
evə günəşin gəlməsi toy-bayram olardı.
Sonra yaz gələrdi,
nənəsi ona "Yazın mübarək, dərdin ürəyimə,
qışda sənə danışdığım yaz
vardı ha, zərif qanadlarıyla qara qışı qovub
uzaqlaşdıran yaz, bax, gələn onun
özüdür" - deyərdi. Uşaq nə cavab verəcəyini
bilməzdi, əslində o, günəşdən çox,
yazdan çox, anasının yolunu gözləyərdi. Bir dəfə
nənəsi ona demişdi ki, sənin anan da bir gün yaz kimi
səssiz-səmirsiz gələcək. O, anasını
görməmişdi, xatırlamırdı, amma hər yaz
gözləri kolun dibindəki nərgizə sataşanda bu şux, sarı çiçəyi
anasına bənzədərdi. Amma ürəyindən
keçənləri nənəsinə deməzdi. Ürəyinə
dəyər, ürəyinə toxunar deyə, deməzdi.
Xırda addımlarla gedib
çöp kimi barmaqlarıyla nənəsinin cadarlı
əlindən tutar:
- Nənə,
yazın mübarək! - deyərdi.
Hamının
unutduğu bu daxmada nənə-nəvə günü günə
calayar, heçnədən özlərinə bayram düzəldərdilər.
Köhnə daxma sevincdən cilvələnər, hərdən
divarlarında yaşıl otlar da bitərdi.
"Günün
mübarək, yağışın mübarək,
yarpağın mübarək, isti çörəyin mübarək, təzə soğanın mübarək,
yamağın mübarək...".
Bir belə
sevincin içində darıxmaq olardı?
Ayda-ildə
bir dəfə, unları azalanda nəvəsini yanına
alıb kəndə gedərdi.
Qarşılaşdıqları adamlar tələsik salam verib
keçərdilər. Bircə dükançı Osman
kişi nənəsiylə əməllicə hal-əhval
tutar, hərdən onun başını sığallayıb:
-
Maşallah, yekə kişi olmusan, nənəndən
muğayat ol, - deyərdi.
Uşaq
bu sözlərdən utanar, çiyinlərini qısar, balaca əllərini
şalvarının cibində
gizlədərdi.
Nənəsi
dükançı Osmandan sabun, duz, nəvəsinə finka,
pamazı köynək, hərdən də özünə
utana-utana alt paltarı alardı. Lap axırda da bir kisə unu ərki
çatan adamın ulağına yükləyib aparardı.
Heç borclu da qalmazdı, xırda bez torbada qurutduğu dənə
lobyadan, qozdan-fındıqdan, qaxdan ulaqhaqqı verərdi
ulağın sahibinə.
Gələni
yola salan kimi nəvə nənəsini səsləyib əliylə
un kisəsini göstərər, sevinə-sevinə:
- Unumuz
mübarək! - deyərdi.
***
Bu
qış həmişəkindən tez gəldi. Nənəsi
qışın mübarək deməmiş, nəvəsi
qarın mübarək dedi. Nənə-nəvə qara
qışı işıqlı sözlərlə rəngləyə-rəngləyə
yarıladılar.
Amma
qış uzandıqca uzanır, qurtarmaq bilmirdi. Tərslikdən
qışın çilləsində unları da qurtardı.
Nənə güllü şalını başına
örtdü, dəvə yunundan olan şalını
ortasına bağladı, nəvəsini də yanına
alıb qarı yara-yara kəndə endi. Belə qarlı havada
uzaq yol nənənin gözünə dursa da, nəvənin
sevinci yerə-göyə sığmırdı. Mərdanı
görəcəkdi. Mərdan dükançı Osmanın nəvəsiydi.
İnişil dostlaşmışdılar. Mərdan ondan
iki-üç yaş böyük olardı, ya olmazdı. Necə
dostlaşdıqlarını heç özləri də
bilmirdilər. Hər dəfə un almağa gedəndə
ikisi də dükanın arxasına qaçıb oynayar,
söhbətləşərdilər. Mərdan ona maraqlı
şeylərdən, balıq tutmaqlarından, kinoda
gördüklərindən danışardı. O da nəfəs
çəkmədən Mərdana qulaq asar, ondan ayrılmaq istəməzdi.
Bu dəfə də görüşdülər, qartopu
oynadılar. Necə oldusa, Mərdanın əlindən
tutub: "Gəl bizə gedək"
- dedi.
Elə
bil Mərdanı ilan vurdu, əlini geri çəkib:
- Yox, -
dedi.
- Niyə?
- Anam
qoymaz.
- Niyə?
- Anam
deyir ki, ondan uzaq dur.
Pərt
olsa da, özünü o yerə qoymadı.
- Mənim
bitim yoxdu ki! - deyib əlini
başına çəkdi.
Bit
söhbəti deyil eyyy, uşaqlar deyir ki, anası onu atıb
gedib. Anam deyir, yazıq uşağın nə günahı
var, anası gərək belə iş tutmayaydı.
Eşitdiyi
sözlər onu üşütdü.
- Anam məni
atmayıb ki, uzağa gedib, nənəm deyir, bir gün yaz kimi
gələcək.
Mərdandan
aralanıb nənəsinin yanına qaçdı.
Yolboyu
ağzını açıb bir kəlmə də kəsmədi.
Onsuz da nənəsi ulağın yiyəsi ilə nə barədəsə
xısın-xısın danışırdı. Daxmalarına
çatanda başını ot tayasının içinə
salıb zülüm-zülüm ağladı.
O gün
nənəsinin rəngli sözləri, işıqlı
alqışları, alabəzək oyunları sehrini itirib adiləşdi.
O gün heç nənəsinə "Unumuz mübarək!"
də demədi.
O gündən
sonra nəvə əvvəlki nəvə olmadı.
Yumurtası tərs gələn toyuq kimi nənəsinin
yanında o tərəf-bu tərəfə vurnuxur, gecələr
balaca əllərini başının altında daraqlayıb nə
barədəsə uzun-uzadı fikirləşirdi.
Nəvəsinin
qəribəlikləri nənənin gözündən
qaçmadı, axır əlacı kəsildi:
- Nə
fikirlisən, dərdim ürəyimə, de görüm,
noolub, niyə quş kimi səksəkəlisən?
- Nənə,
mən bir şey bilirəm.
Nənəsi
özünü itirdi.
- Nəyi
bilirsən?
-
Anamın məni atdığını.
Nənəsi
eşitdiklərinə inanmadı.
- Bunu sənə
kim deyib?
- Mərdan.
O, hər şeyi danışdı. Dedi ki, anana görə
heç kim səninlə dostluq eləmək istəmir.
Hamının zəhləsi gedir bizdən.
Nənəsi
onu bərk-bərk qucaqlayıb saçından, paltarından,
əllərindən öpdü.
- Qoy
hamının bizdən zəhləsi getsin, istəmirlər,
heç un da verməsinlər, qonşu kənddən gətirərik,
ürəyini sıxma, dərdin ürəyimə.
O gecə
nənə-nəvə səksəkəli yatdılar...
Qara
qış arxada qaldı. Nənə-nəvə sağ-salamat
yaza çıxdılar. Bayram gecəsi nəvə qorxulu bir
yuxu gördü. Gördü ki, kəndin içiylə
qaça-qaça: "Nənə, ölümün mübarək,
nənə, ölümün mübarək! - deyib
qışqırır. Amma səsinə heç kim səs
vermir, heç Mərdan da...
Yuxudan
ayılanda ürəyi quş
ürəyi kimi döyünürdü. Bayırdan səslər
gəlirdi. Yatağından qalxıb qapıya
yaxınlaşdı. Nənəsinin bal kimi səsi aləmi
bürümüşdü:
-
Çölə çıx, ömrüm-günüm,
gör kim gəlib?
O
qorxa-qorxa qapının arasından boylandı. Taxta
darvazalarının yanında
yaşıl paltarlı bir qadın dayanmışdı.
Günəş rəngli saçları güllü
yaylığının altından çiyinlərinə
dağılmışdı. Nənəsinin dediyi kimi: "O,
yaz kimi səssiz-səmirsiz gəlmişdi...".
Qapını
aralayıb yalın ayaqlarıyla qadına tərəf
qaçdı. Ayaqları torpaqdan üzüldü, kimsə
onu havaya qaldırıb bağrına basdı, zərif ətir qoxusu
ağlını başından aldı, nənəsinin
göz yaşlarına bulaşmış titrək səsini
eşitdi:
- Anan
mübarək!
İndi
köhnə daxma papağını yan qoyan şuluq
uşağa, bostan oyuğuna, yorğun qocaya yox, qanadları yeni
çıxan şanapipik balasına oxşayırdı. Günəş
barmaqlarıyla daxmanın başına sığal çəkir,
kəpənəklər yallı gedir, üzünə təbəssüm
qonmuş meşə pəsdən oxuyur, Gözəgörünməz
kitabının yeni səhifəsini yazırdı...
Təranə VAHİD
Ədəbiyyat qəzeti.- 2022.- 22
yanvar.- S.7.