Bəkir Çobanzadə - milli kədərdən
doğulan,
44 yaşında güllələnən
böyük alim
Aşnin, Alpatov, Nasilovun "Ðåïðåññèðîâàííàÿ òþðêîëîãèÿ" kitabını ilk dəfə 2008-ci ildə "Xalid Səid Xocayev" kitabımı yazarkən oxumuşdum. Sonra o kitabı kitabxanamın görünməz bir yerinə qoydum. Çünki bu kitabdan qan qoxusu gəlir, işgəncə səsi eşidilir. Burada insanlar danışdırılmır, 20 dəqiqə mühakimə olunur, günahkar olduqlarını özləri "etiraf" edib öldürülürlər. Özü də Bakıda, özü də erməni müstəntiqin əli ilə öldürülürlər. Sayları yüzlərlədir. Bəkir Çobanzadə də onlardan biridir... 1937-ci ilin 12 oktyabrında iyirmi dəqiqə sürən məhkəmədən sonra gecə yarısı Bəkir Çobanzadə, Əhməd Cavad, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əziz Qubaydulin, Məmməd Kazım Ələkbərli, Xalid Səid Xocayev, Böyükağa Talıblı bir yerdə güllələnmişdilər... Güllələnməzdən qabaq onları, xüsusən, Bəkir Çobanzadəni Xalq Daxili İşlər komissarı Sumbatovun iştirakı ilə vəhşicəsinə döymüşdülər... Ertəsi gün - oktyabrın 13-də güllələnənlərin həyat yoldaşlarını "vətən xaininin ailə üzvü" kimi həbs edib səkkiz il müddətinə Sibirə sürgün etmişdilər... Əhməd Cavadın xanımı Şükriyyə, Xalid Səidin xanımı Sitarə, Çobanzadənin xanımı, Opera Teatrının solisti, krımlı Ruqiyyə Girey qızı Abdulina...
***
Bəkir Çobanzadə böyük elmə böyük milli kədərdən gəlib. Tələbəlik illərində Budapeştdə yazdığı şeirlər, əslində, onun ruhi yapısının yeni bir düzənə girməsinə təməl hazırlayırdı:
Biri
açqan kitabını "Lanet!" diy...
Hülagüge,
Batı hanğa, Temirğe:
Biri
yazğan tarihimi, "Barbar!" diy
Bir
zamanlar boynun büken emirge...
Menem
Çengiz, Temir hanın torunu...
Çobanzadə
Budapeştə gələndə burda artıq Arpad Zemplenin
"Turani Dalok" (Turan şərqiləri) şeirlər
kitabı turançılığın manifesti kimi oxunur və
Zempleni macar turançılığının peyğəmbəri
hesab olunurdu...
Budapeşt Universitetini macar və ərəb ədəbiyyatı
tarixi, türk filologiyası ixtisası üzrə tamamlayan
Çobanzadənin ilk elmi araşdırmasının
mövzusu Krımda yazılmış "Kumanların
kodeksi" əsəri oldu. XIV əsrin əvvəllərində
Qıpçaq türklərinin mədəni
varlığının ilk yazısı olan bu abidə XX
yüzilin ilk illərində məşhur "Sizlərsiniz, ey qovmü
macar bizlərə ihvan, // Əcdadımızın
müştərəkən mənşəyi Turan. // Bir dindəyiz
biz həpimiz haqpərəstan, // Mümkünmü
ayırsın bizi "İncil" ilə "Quran""
düşüncəsini aktuallandırmaq üçün zəmin
yaratdı. Hətta Hüseynzadənin
"Turan" şeiri Mesaroşun tərcüməsində
1917-ci ildə Budapeştdə nəşr olunan "Turan"
dərgisində dərc edildi.
O illərdə
Macarıstan panturanizmin mərkəzi halındaydı.
Budapeştdə artıq neçə il idi ki, "Turan Cəmiyyəti"
qurulmuş və cəmiyyətin fəxri başqanı Vamberi
olsa da, sonralar rəhbərliyi uzun müddət
Macarıstanın Baş naziri olmuş Pal Teleki həyata
keçirmişdi.
Türkoloji araşdırmalara belə bir mühitdə
başlayan "küçkənə çoban" Bəkir
Çobanzadə öz parlaq imzasını türk
düşüncə tarixinə ilk dəfə belə bir
çevrədə daxil edirdi.
"Turan
Cəmiyyəti"nin idarə heyətində Mesaroşla
yanaşı, Çobanzadənin digər müəllimləri,
o cümlədən İqnas Qoldziher də vardı və o illərdə
redaksiya heyətində Dyula Nemet kimi dünya şöhrətli
türkoloqun təmsil olunduğu "Turan" dərgisində
Bəkir Çobanzadənin də məqalələri dərc olunurdu. 1920-ci
ilin mayında Macarıstandakı məşhur Turan Birliyi Cəmiyyəti
yenidən qurularkən Arpad Zemplenin "Turan
marşı"ndan sonra konfransı Krım-tatar Məclisi
adından 27 yaşlı Bəkir Sıtkı Çobanzadə
salamlamışdı.
Bu sətirləri yazdıqca macar alimi Mesaroşla Bəkir
Çobanzadənin 1926-cı ildə birgə çəkilmiş
şəklinə baxıram.
Bu şəkildən
on bir il sonra Bəkir Çobanzadə həm
də Mesaroşla dostluq etdiyinə görə qanına qəltan
ediləcəkdi... Mesaroş macar idi, Hüseyn Cavidlə eyni
dövrdə İstanbul Universitetində təhsil
almış, Türkiyədə etnoqrafiya muzeyini qurmuş,
1926-cı ildə Türkoloji Qurultayın işində
iştirak etmək üçün Bakıya gələn
Türkiyə nümayəndə heyətində o da təmsil
olunmuşdu...
Sovet
Şərqində dilçilik üzrə ilk professor olan
Çobanzadə türk ləhcələri ilə
yanaşı, ibrani, macar, ərəb, fars, fransız, alman,
ingilis, rus, gürcü, çex, polyak, erməni dillərini də
bilirdi. O qədər böyük alim idi ki, politik
düşüncəsi ilə ədəbi zövqü,
heç vaxt biri digəri ilə təzad təşkil etmirdi. Bizim indiki "görkəmli" alimlərin bir
çoxundan fərqli olaraq, ədəbiyyatla literatur
arasındakı ciddi fərqləri də zəmanənin o
vurhavur çağlarında nəzərdən
qaçırmırdı. Füzulinin ədəbi
baxımdan daha üstün olduğunu dönə-dönə
iqrar etsə də, Xətaiyə "Azərbaycan türk
dilini daha geniş və zəngin şəkildə öz
şeirlərində işlədən və fazla olaraq bu dilin
müəyyən dialektoloji xüsusiyyətlərini əks
etdirən birinci şairdir", - deməyi də
bacarırdı. "Xətainin dili və ədəbi
yaradıcılığı haqqında" əsərini bəlkə
də ədəbiyyatşünaslığımız
üçün indi də meyar təşkil edə biləcək
belə bir qənaətlə tamamlayırdı: "XVI əsrdəki
Azərbaycan türk ədəbiyyatının bədii
yüksəkliyi, vertikalı Füzuli ilə
ölçülürsə, dil və yaradıcılıq
ünsürləri vasitəsilə və içərisinə
də aldığı bədii və lisani komponentlərin
genişliyi, horizontal meyarı Xətai ilə təmsil
olunur". Bir kitablıq
ağırlığı olan bu cümləni hər alim yaza
bilməz, bunu yalnız böyük alim yaza bilərdi.
Bəkir
Çobanzadə, əslində, türklərin təkcə əlifba
birliyini deyil, eyni zamanda ədəbi dil birliyini, ortaq türk ədəbiyyat
tarixinin yazılması ideyasını təklif edir,
qırğız-qazax, kumuk və Azərbaycan şifahi ədəbiyyatının
daxili genezisini, birgə varoluş köklərini tədqiqata cəlb
edirdi... Bunu təkcə dillərin qohumluğu
kimi deyil, əsasən, türk mədəni birliyinin, təfəkkür
tərzinin, estetik dünyagörüşünün eyniyyəti
zəminində araşdırırdı. 1926-cı ildə
yazdığı "Ədəbiyyatımızda yeni qiymətlər"
məqaləsində qazax-qırğız, qaraçay, noqay,
uyğur, Azərbaycan, Anadolu... sahəsinin folklor
materiallarını tədqiqata cəlb edən Çobanzadə
xatırladırdı ki, "Eşulələr" məcmuəsində
"Gül oyun" namı altında bir şərqi buluyoruz
ki, bu da bir çox türk xalqlarında eyni məsəl və
lakin başqa şəkildə qaraçay-balkar, kumuk, Azərbaycan
türklərində bu gün də vardır".
Çobanzadə "Gül oyun"un
ayrı-ayrı türk ləhcələrində örnəklərini
verməklə fərqli ləhcələrdə
yaradılmış ədəbiyyat örnəklərinin
qarşılaşdırmalı təhlilini aparırdı...
Kumuk türkcəsində: "Gög gögərçin sən
bulup, // Uçub getgən sen bulsan. // Qara laçın bən
bulup, // Tağıb tutsam nə ersən?";
- Azərbaycan türkcəsində: "Sən cücəli
tavuq olub, // Bəni dənləyəcək olsan. // Bən bir
gözəl ceyran olub, // Çöllərə qaçsam
neylərsən?" və s.
Çobanzadənin yazılarında məsələnin
elmi mahiyyətindən daha dərin olan məfkurəvi
qatlarına eniş səciyyəvidir. Çünki məfkurəvi qatda
Turan var... İbn-Mühənna lüğəti
barədə yazdığı araşdırmasında da
Çobanzadə türk birliyinin peşindədir.
Tutalım, əsərin
təkcə bir cümləsində bütöv Turan və
onun siyasi coğrafiyası şəkillənib: "Qədim
qıpçaq Altun Orda yarlıqlarında görülən
uyğurizmləri qədim Azərbaycan fərmanlarında
da tapmaq
mümkündür".
Əlifba birliyi məsələsində də Bəkir
Çobanzadə eyni qayəni təqib edib. 1926-cı ildə Birinci
Türkoloji Qurultayın keçirilməsində böyük
xidmətləri olan 33 yaşlı Bəkir Çobanzadənin
qurultayda türk dillərinin qarşılıqlı
münasibətləri və türk dillərində elmi
terminologiyanın tənzimi prinsipləri mövzusundakı
çıxışları bu gün də aktualdır.
Çobanzadə ortaq türkcənin, hətta ortaq ədəbi
türkcənin mümkünlüyünə inanırdı. Burda
Türkoloji Qurultaya istinadən bir haşiyə çıxmaq
istəyirəm. Qurultayda çıxış edən
qazax İldes Omarovun belə bir qənaəti vardı ki, "ümumi ədəbi
dil mövzusunda birləşmək mümkündür".
Özbək Qazi Alim Can da belə düşünürdü:
"Azəri türk şairi Sabiri Türküstanın hər
yerində oxuyurlar, anlayırlar, dad alır və gülərlər.
Demək ki, xalqa yaxınlaşdıqca
anlaşma imkanı artır. Nəvaini nədən
anlayırıq? Çünki xalq dilinə
yaxın yazmışdır. Bu halda
ümumi ədəbi dildə həmlənin
aşağıdan gəlməsi ehtimalı qüvvətlidir.
Dilin özü birləşməyi və
yaxınlaşmağı təmin edir. Buna heç bir
şey, heç bir kimsə mane ola bilməz.
Bunun üçün ümumi bir mərkəz
lazımdır. Xalq dilindən nə qədər kəlmə
gəlir və ədəbi dil onlarla nə qədər zənginləşirsə,
türklər arasında ortaq dil o qədər daha asan
qurulmuş olur". Qazi Alim Canın o dövr üçün
yeni olan bu fikirlərinə isə Çobanzadə dəstək
verirdi: "Nəvaidən sonra ən çox oxunan
İsmayıl Qasprinski xalqa nüfuz etdiyi, xalq kəlmələrini
ortaq ədəbi dilə qaynaşdırdığı
üçün populyarlığını təmin
etmişdir. Xalq dilindən nə qədər kəlmə gəlir
və ədəbi dil onlarla nə qədər zənginləşirsə,
türklər arasında ortaq dil o qədər daha asan
qurulmuş olur".
Hələ
qurultaydan iki il əvvəl Çobanzadə
Krım ziyalıları arasında belə bir təlqində
bulunurdu ki, "Bir lisan şəxsi deyildir, ictimai müəssisədir...
Cəmiyyətin təşəkkülü süni deyil, təbiidir,
madam ki, cəmiyyət təşəkkül etmiş, onun
keçmişi unudulmamalıdır... Bizə bir-birinə
yaxın dildə danışan türk xalqlarını kəndi
ətrafına toplayıb hars və mədəniyyət yolu ilə
sürətlə ilərlədəcək bir əlifba
lazımdır... Rusiyada yaşayan türk-tatar
xalqları arasında yeni bir mədəniyyət mərkəzi
lazımdır. Böylə bir mərkəzə namizəd
ola biləcək ancaq Bakıdır".
Çobanzadə bu sözləri 1924-cü ildə Akməsciddə
(Simferopol) Krım ziyalılarının qarşısında
söyləyib. Xalid Səid Xocayevin Krımın
paytaxtı Akməscidlə bağlı qələmə
aldığı qeydlərində Bəkir Çobanzadənin
ömrünün bir anı - 1924-cü ilin 10 sentyabr
günü əbədiləşib. Cəlil Məmmədquluzadənin
də iştirakı ilə keçən həmin xatirə
epizodu 33 yaşlı Bəkir Çobanzadənin fiziki
yapısı, mənzilinin aurası barədə təsəvvür
yaratmaq üçün bu yazıya əlavə etmək istəyirəm:
"Orta boylu, şişmanca, yuvarlaq qırmızı
üzlü gənc adam... Professor Çobanzadə... Rəngarəng
alma, armud və qeyri meyvələrlə bəzənmiş
meyvə bazarını keçərək, həyətə
açılan bir darvaza önündə durduq, dörd-beş
pilləli pilləkəndən çıxaraq ikiotaqlı bir
mənzilə girdik. Burası Çobanzadənin
mənzili idi. Burada çox qalmaq üçün
vaxtımız müsaid deyildi, ancaq birər fincan türk qəhvəsi
içə bilərdik...".
***
Bəkir Çobanzadənin 1926-cı ildə
yazdığı "Türk dili və ədəbiyyatını
tədris üsulu" kitabı təkcə metodika sahəsində
deyil, nəzəriyyə sahəsində də Azərbaycan ədəbiyyatşünaslığının
örnək kitablarından biridir. Çobanzadə Azərbaycan
ədəbiyyatşünaslığında ilk dəfə hələ
1926-cı ildə klassizm, romantizm, sentimentalizm, naturalizm,
impressionizm, kubizm, ekspressionizm, futurizm barədə elmi məlumatlar
verirdi.
***
Çobanzadənin süqutu 1930-cu ildən
başladı.
Bacısı Züleyxaya da etiraf etdiyi kimi, ürəyi
qanayaraq, alt-üst olaraq qələmə aldığı, əslində
isə özünü qorumaq üçün
yazdığı "Nasionalizmdən internasionalizmə"
kitabından sonra Çobanzadə millətçi
burjuaziyanın ideoloqu elan olundu. Burda Hüseynzadənin "sənət
sənət üçündür" prinsiplərinə
Çobanzadənin loyal yanaşması opponentlərini cin
atına mindirirdi: "Çobanzadə "sənət sənət
üşündür" haqqında savadsız bir
laqqırtı söyləməklə əsas etibarilə, iri
burjuaziyanın məşhur rəhbər və ideoloqu Əli
bəy Hüseynzadənin estetizmindəki ictimai kökləri
təyin etmək istəyir". Söhbət Hüseynzadənin
"Həyat və meyli-Füyuzat" məqaləsində irəli
sürdüyü prinsiplərdən gedirdi: "Canım, nəqqaşa,
ya rəssama demək olurmu ki, nə üçün bir
dağın, bir meşənin, üfüqün, ya qürubun
mənzərəsilə məşğul olursan? Bizə
bol-bol məktəb rəsmləri ver, camaatımızı elm
və maarifə təşviq et! Şairliyin, rəssamlığın hünər
meydanı ayrıdır... ədiblərin, şairlərin
borcu bir tərəfdən türkcəmizi fəsahət və
bəlağətlə, ahəng və üslubla islah edib zinətləndirmək,
digər tərəfdən, ruhumuzu incə, gözəl təsvirlərlə
və həyəcanlandırıcı xəyallarla dərin
düşüncələrə sövq etməkdir".
"Bizim orijinal professorumuz" yarlığı ilə
aşağılanan və bolşevik kinayəsinə hədəf
olan Çobanzadə isə Əli bəyin bu fikirlərindəki
estetizmi anlamadığına və tənqid etmədiyinə
görə savadsız adlandırılırdı.
37-ci il üçün hazırlanmış cəhənnəm
ssenarisinin ilk atəşləri 1931-ci ildə Azərbaycanda
hamıdan əvvəl Çobanzadəni, Hüseyn Cavidi və
Əhməd Cavadı sardı. "Türk
şeirində Cavad Axundov pantürkizm şairi olaraq son zamana qədər
davam etmişdir. Pantürkist fikirlərini
Hüseyn Cavid də təbliğ etmişdir. Professor Çobanzadə keçmişdə bir
pantürkist və Qasprinskinin tələbəsi
olmuşdur".
Özləri
də sonradan repressiya qurbanı olacaq bolşevik ideoloqları
tərəfindən 1937-ci il repressiyalarının ilk
dalğası 1931-ci ildə belə məkrli təyinatlarla
hərəkətə gətirilirdi...
1930-cu ildən sonra Stalin təlimini təhrif edən
"burjua millətçisi" Çobanzadə, dediyim kimi,
amansız tənqidlərə məruz qaldı. "İnqilab
və mədəniyyət" jurnalında "Pr.
Çobanzadənin siyasi-ədəbi görüşləri əleyhinə"
silsilə yazılar dərc olunur, nəhayət, Çobanzadə
pantürkizmdə və kamalizmdə
suçlandırılırdı. "Pantürkizm
bataqlığında çırpınan eklektik və
idealist" Çobanzadə Stalinlə üz-üzə
qoyulurdu. 1937-ci ildəki ilk istintaq dindirilməsində
həbs olunacağını 1930-cu ildən gözlədiyini
özü də etiraf etmişdi. Çünki 1930-cu ildən
başlayaraq Bakının bolşevik mətbuatı
Çobanzadənin təhriflərindən, Stalin prinsiplərinə
zidd düşüncələrindən yazırdı:
"Çobanzadənin cəhaləti yoldaş Stalinin milli mədəniyyət
haqqında tərifini təhrif etməyə və dəyişməyə
başladığı zaman yeni bir keyfiyyət qazanmış
olur... O, yoldaş Stalinin dahiyanə tərifinin bütün
mündəricəsini kənara ataraq, firqəmizin milli siyasətini
pərdələyir, onu təhrifə uğratmağa
çalışır".
1930-cu ildən etibarən Çobanzadəni nəinki
amansızcasına tənqid edirdilər, eyni zamanda məcbur
edirdilər ki, "Çobanzadə əvvəlcə öz
pantürkist səhvlərini tənqid etsin". Azərbaycan ədəbi-elmi
camiası Çobanzadənin timsalında "millətçilərə
qarşı qəti hərb elan edilməsini" tələb
edirdi. Və bu sərsəm təzyiqlər,
dediyim kimi, 1937-ci ilə qədər davam etdi. Hətta
1932-ci ildə Paris Millətlərarası Dilçilik Cəmiyyətinin
üzvü seçilməsi də Azərbaycanın
bolşevik təmayüllü alimlərinin onu cahil və
savadsız adlandırmalarına mane ola
bilmirdi...
1930-cu ildən
sonra Azərbaycan mətbuatında Çobanzadənin
imzası xeyli seyrək görünür... Bu illərdə
yazdığı çox dəyərli əsərlər -
"Xətainin dili və ədəbi
yaradıcılığı haqqında" və
"İbn Mühənna və onun lüğəti"
arxivlərdə qalır...
1938-ci ildə
İstanbulda nəşr olunmuş "Dede Korkud"
kitabında Orxan Şaiq Gökyayın belə bir qeydi var:
"Berlində çıxmaqda olan "Açıq
söz" məcmuəsində (ilkteşrin 1936 numara 3, s. 667
"23") Dədə Qorqudun on üçüncü hekayəsi
başlığıyla kiçik bir not vardır: Dədə
Qorqud Hekayələrinin şimdiyə qədər on iki hekayədən
ibarət bulunduğu zənn edilməkdə idi. ...Prof. Çobanzadə son dəfə Leninqradda ikən
Şərqiyyat İnstitutu yazmaları arasında Dədə
Qorqudun şimdiyə qədər məlum olmayan on
üçüncü hekayəsini bulmuşdur. Bulunmuş olan hekayənin gərək Azərbaycan ədəbiyyatı,
gərək Azərbaycan tarixi baxımından böyük əhəmiyyəti
varmış. Bakıdakı Dil və
Ədəbiyyat İnstitutu hekayəni bu günlərdə
ayrıca nəşr edəcəkmiş. Bu
xüsusda hekayənin nəşrinə intizarən daha fazla
bir şey söyləməyə imkan yoxdur".
Bəs Bəkir Çobanzadənin tapdığı on
üçüncü boy hardadır? Yoxdursa, belə çıxır ki,
Dədə Qorqudun on üçüncü boyu da elə
1937-ci ildə Bəkir Çobanzadə ilə bir yerdə məhv
edilib...
***
Xalid Səid
barədə kitab üzərində çalışarkən
Xocayevin qızı, rəhmətlik Bəhicə xanım mənə
professor Bəkir Çobanzadənin 1935-ci ildə gənc həmkarı
Xocayevlə bağlı yazdığı bir təqdimatı
göstərmişdi: "Xalid Səid yüksək səviyyəli
linqvist şərqşünaslardandır. O, türk, ərəb,
fars, rus dillərini mükəmməl
bilir. Xocayev 10 il ərzində tələbə
və aspirantura kurslarında türk dilinin üslub və qrammatikası,
qədim abidələrin oxunması və başqa sahələri
uğurla tədris edir. Bütün bunları nəzərə
alıb Xalid Səid Xocayevə dissertasiya müdafiə etmədən
elmi dərəcə verilməsinin vaxtı
çatmışdır".
Bu qədər
müstəsna şəxsiyyət, elm və sənət
aşinası, dəyər verməyi bacaran böyük ürək
sahibi!
Dünya çoxdandır ki, Çobanzadələrsiz
yaşayır.
***
Çobanzadə həm də şair idi. Ancaq
özü də etiraf edirdi ki, "şairlik mənim yeganə
həyat yolum, şeir yeganə ifadə vasitəm deyil. Həyatda
uğur qazanmaq, məqsədlərimə vasil ola
bilmək üçün şeirə çox az ehtiyacım
var, əgər varsa... Zənn edirəm, məqsədlərin
tam yüksəyində olan maraq və zövqüm, indiyə
qədər yazdığım bir çox parçalarda,
heç olmazsa, duyduğumu söyləməmə vasitə və
səbəb oldu. Hər şeydən azad
olan bu zövq və sevgi ilə şeiri daha gözəl
anlayır, onu daha ziyadə sevir və zənnimcə,
özümü də ona sevdirirəm. Hər
halda, bizdə bu iki-üç əsr içərisində ədəbiyyat
və şeirin rolu başqa millətlərlə müqayisə
edilməyəcək dərəcədə böyük olacaq.
Coğrafi, etnoqrafik vəziyyətimiz də fənadır.
Sayı və sərvətləri etibarilə böyük bir
millət olan türk-tatarlar, demək olar ki, hər yerdə
azlıqda və əcnəbi təsirlər altında
qalıblar, buna qarşı ən böyük çarəmiz dil birliyidir"...
Çobanzadə elmə və ədəbiyyata
şairlikdən və böyük milli kədərdən gəlmişdi. Necə gəlmişdisə,
taleyini gəncliyində bir şeirin misralarına necə
köçürmüşdüsə, necə
yazmışdısa, 1937-ci ildə elə o şəkildə
də sona çatdı:
Endirir bir
sillə, son külə külə
Atdırır çugurğa, yavur rast gələ.
Endirir bir
sillə, sonra gülə-gülə,
Atdırır çuxura gavur rast gələ.
Bir
ölü bolayım, məzarsız, taşsız,
Kadimsiz, zikirsiz, yalançı gözyaşsız.
Bir
ölü olayım məzarsız, daşsız,
Xətimsiz, zikirsiz, saxta göz yaşsız.
Musulman
deb cuvulmaymı cənazəm,
Salağacda kılınmaymı namazım.
Tapılmaymı
öz curtumda, köyümdə
Üç arşınlıq qara torpaq Bekirge?
Okunmaymı
keder ezgen ruhuma
"Allah
rahmet eylesin" -
deb Fatıha.
Müsəlman olaraq yuyulmazmı cənazəm?
Müsallada qılınmazmı namazım?
Bulunmazmı
öz yurdumda, köyümdə,
Üç arşınlıq qara torpaq Bəkirə?
Oxunmazmı
kədərin əzdiyi ruhuma
"Allah rəhmət eyləsin!" - deyə
Fatihə...
Hər şey yazdığı kimi oldu, Bəkir
Çobanzadəni 44 yaşında qətlə yetirdilər. Cənazəsi yuyulmadı,
müsəllada namazı qılınmadı, öz yurdunda onu
dəfn etməyə üç arşınlıq qara torpaq
tapılmadı və kim bilir, hansı
çuxura atıldı...
19 yanvar 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.8-9.