Xurma

 

Hekayə

 

Qoca yuxudan duran kimi əynini tələsik geyinib evdən çıxdı. Qapını açanda noyabr səhərinin soyuğu üzünü yaladı. Həyətin qurtaracağından başlayan xurma bağına girəndə buz heykəl kimi donub qaldı.   Qorxduğu baş vermişdi: xurma ağaclarının üstündə bir dənə də olsun yarpaq qalmamışdı. Payız son gecəsini xurma bağında oturaraq qırmızı, sarı, yaşıl xurma yarpaqlarından bağ boyda xalça toxuyaraq yerə sərmişdi.

Qoca gözlərinə inanmadı. Elə fikirləşmək olardı ki, kimsə onunla məzələnmək üçün əlində uzun bir çomaq bütün gecəni ağacların yarpağını çırpıb. Amma onunla bu "eşşək zarafatını" edəcək nə bir dostu qalmışdı, nə də düşməni. Dostlarını da, düşmənlərini də torpaq çoxdan qucaqlamışdı. Payızdan başqa. Ona bol xurma sovqatı verən payız dostu, indi bu sovqatı zay etməklə onun düşməninə çevrilmişdi həm də.

Xurmanı ağacdan dərib yoxlamaq fikri heykəlin donunu əritdi, qoca tez ağacdan xurma dərib dişlədi. Bağın içinə tərəf gedib yenə bir xurma dərib dişlədi. Bu hərəkəti bağın sonuna qədər gedərək təkrar etdi. Üzünün ifadəsindən qorxularının yox olduğu görünürdü. Şükür, xurmaları don vurmamışdı. Hər halda, az da olsa gecə şaxta olduğuna görə bütün yarpaqlar tökülmüşdü. Bu, yaxşı əlamət deyildi. Bəlkə də xəbərdarlıq idi. Üç-dörd günə, bəlkə də elə bu gecə güclü şaxta olacaq, xurmaları don vuracaq. Don vurmuş xurmanı isə heç kim almır, heç pulsuz da dərib aparmırlar.

Qoca əlində bir neçə dişlək xurma evə qayıtdı. Xurmaları pəncərənin önünə düzdü. Çaydanı su ilə doldurub elektrik plitəsinin üstünə qoydu. Plitənin yanındakı kətildə oturub xurmalardan əllərinə hopan soyuğu əllərini plitənin istisində ovuşdurmaqla çıxarırdı. Fikri xurma bağında idi:

"Görəsən, müştəri onu aldatdımı? İki günə gəlib xurmaları toplayacağını demişdi. Bu gün səkkiz gündür ki, ondan xəbər yoxdur. Bəlkə baha dedi. Amma yox, bazar qiymətindən də on qəpik ucuz demişdi. Alan da, satan da razı qalmışdı. Həm də bu il məhsul bol idi. Ağacların budaqları az qala yerə dəyirdi. Allah baisin evini yıxsın, əvvəl qapı-qapı düşüb xurma axtarırdılar, zorla tapırdılar, çünki hamısı xaricə aparılırdı. Sərhədlər bağlanandan xurmanın üzünə baxan da olmadı. Müştəri də ki, ayda-ildə bir namaz, onu da şeytan qoymaz. Heyif xurmalardan. Adam üzünü qaldırıb göyə baxa bilmir utandığından. Allah bu qədər nemət verir, onu da ağaclarda çürüdürük. Sonra da, yeməyə heç nəyimiz yoxdur deyirik. Yeyə bilsəydim, vallah, hamısını özüm yeyərdim, daha arvadlar kimi bu qədər giley-güzar etməzdim. Adamın ağaclara da, xurmalara da yazığı gəlir. Müştəri gəlməsə şaxta hamısını məhv edəcək. Həm də ki, az pul eləmir, yenə qışımı çıxarardım, yazda da ki, Allah kərimdir".

Çaydanın fitinə fikirlərindən ayrıldı. Bir stəkan çayını içib, müştəri sorağı ilə çayxanaya getməyi qərarlaşdırdı. Karton parçasına "Mən çayxanadayam" yazıb paslı dəmir darvazanın üstünə asdı.

Qoca evlənməmişdi. Tək qocalmışdı. Ailənin böyük oğlu olduğu üçün ata ocağından tez ayrılıb, özünə torpaq sahəsi alıb balaca daxma tikmiş, xurma bağı salmışdı. Ortancıl və kiçik qardaşları valideynləri ilə qaldığına görə onlara diqqət daha çox olmuş, hər ikisi evlənib arvad-uşaq sahibi olmuşdu. İndi qocanın qardaşı uşaqlarından başqa heç kimi yox idi. Valideynləri çoxdan torpağın altına köçmüşdülər. Qardaşları isə on il olardı valideynlərinin yanında idilər.

Qoca ailə qurmaqdan üz döndərdiyi kimi, hamı da ondan üz döndərmişdi. Evlənmədiyinə görə hamı ona dəli kimi baxırdı. O isə burada hamıdan təhsilli idi: iki institut bitirmişdi. Vaxtilə yaxşı vəzifələrdə çalışmışdı. Sovetlər dağılandan sonra onun karyerası da dağıldı. İndi yeni hökumətdən pensiya, bir az da sosial yardım alaraq və bağının xurmasını sataraq dolanırdı. Hamı deyirdi ki, onu bu yaşa kimi gümrah saxlayan sarmısaqdı. Qoca bağının başında sarmısaq da əkirdi, yayı-qışı sarmısaqla çörək əlindən düşmürdü.

Özünə o qədər öyrəşmişdi ki, özündən aralana bilmirdi, gününün çoxunu özü ilə keçirirdi. Özü ilə hündürdən söhbət elədiyini eşidənlər ona dəli qoca deyirdilər: - Hansı qoca? - Dəli qoca. Qoca isə heç kimi eyninə almırdı, bəzən özünün dediyi hansısa sözə qəhqəhə ilə elə gülürdü ki, hasarların üstündən qonşuların başları görünməyə başlayırdı.

Evlənməməsinin səbəbini heç kəs bilmirdi. Deyilənə görə, gəncliyində özündən beş yaş böyük boşanmış bir qadına vurulubmuş, hər gün onun ofisiant işlədiyi kafeyə gedib nahar edir, bağlanana qədər kafedə otururmuş. Qadının şübhələndiyini duysa da, heç vaxt sevgisini etiraf etməyə cürəti çatmırmış. Bir neçə dəfə kafedə qadına sataşanlarla dalaşaraq ağızlarının payını veribmiş də. Hündürboylu, irisümüklü olduğu üçün çox adam onunla mübahisəyə girişməyə ürək eləmirdi.

Bir gün keflənərək cürətini də qoltuğunun altına alıb etiraf etmək üçün kafeyə gedir, səhərdən axşama kimi oturduğu yerdən tərpənmir, sevdiyi qadın isə görsənmir ki, görsənmir. Cürətini xidmət göstərən başqa bir ofisiant qadından Ceyranı soruşmağa xərcləyir. Ceyranın daha bu kafedə işləmədiyini deyən ofisiant, onun Türkiyəyə getdiyini bildirir. Elə o gündən qocanın sevgisi də Türkiyəyə gedərək itib-batır, bir daha qəlbinə qayıtmır.

Qoca isə getdiyi yerdən tez qayıdır. Özündən, balaca daxmasından, xurma ağaclarından ayrı dura bilmir. Çayxanadan qayıdan kimi paslı darvazasına asdığı kartonu çıxarıb birbaşa bağa girdi. Xurma ağaclarına yaxınlaşıb yenə onlarla danışmağa başladı, özü yaşda olan ağacların gövdəsini sığalladı, qurumuş budaqlarını qopardı, yumşalmış xurmaları dərib daxmasına gətirdi. Dərdiyi xurmaları düzməyə yer yox idi artıq, evin içi yetişmiş xurmalarla dolu idi, əlindəki xurmaları bəlkə də, otuz ildən çoxdur işləməyən "Çayka" markalı sovet istehsalı olan televizorun üstünə düzdü. Televizorun ekranında saçı-saqqalı ağarmış əksinə baxıb özü ilə danışmağa başladı:

"Qocalıb haldan düşmüşəm. Bəlkə də, bu, son payızımdı. Bəlkə də, bu görəcəyim son xurma yığımıdır. Bircə müştəri gələ, İlahi, xurmalar ağaclarda çürüməyə. Bircə şaxta düşməmiş müştəri gələ. Mənə yox, İlahi, mənə yox, mən birtəhər keçinəcəm qışı, qorunacam şaxtadan, xurmalara yazığın gəlsin. Qarşında üzüm qaradı, İlahi, daha əlim-ayağım tutmur, yoxsa özüm bir-bir toplayıb otun altında gizlədərdim ki, don vurmasın. Bağışla məni, İlahi, o ağaclar yazıqdır, xurmalar üstündə qalsa, qar da yağsa ağırlığa tab gətirə bilməyəcəklər, sınacaq qolları-budaqları".

Qoca susdu, indi ekrana düşən əksi danışmağa başladı:

- "Niyə arxayın durursan? Müştəri gələn deyil. Gəlsəydi malı başqalarına buraxıb getməzdi, ən azı behini verərdi. Bəlkə bu axşam şaxta olur. Səhər eşikdəki əl-üz yuyanın suyunun üzündə nazik buz qatı var idi, görmədinmi? Tez get bir-bir qonşulara xəbər elə, gəlsinlər nə qədər istəyirlər xurma dərib aparsınlar. Don vurandan sonra heç kəsə lazım olmayacaq. Yadındamı, bir ili yenə müştəri tapılmadı, bütün xurmaları şaxta vurdu bir gecədə. Qonşuya dedin gəl yığ apar araq çək, aparmadı, heç araq çəkməyə də yaramır dedi. Dur, axşam düşməmiş qonşulara xəbər elə".

Qoca bir-bir bütün qonşuları xurma yığıb aparmağa çağırdı. "Gəlirəm" - deyə söz verənlər olsa da heç kəs gəlmədi. Bir həftə belə keçdi. Qoca harada kimi görürdüsə gəlib xurma aparmasını xahiş edirdi. Hamının öz bağında bir-iki ağac da olsa xurma var idi deyə, qocanın xurmaları heç kimə lazım deyildi. Xurmalar isə ötürdü, yumşalırdı. Qoca əli çatdığını, gücü yetdiyini toplayıb evə düzürdü. Evdə xurmaların əlindən yeriməyə yer yox idi, çarpayının altına qədər xurmayla dolu idi.

Şaxta olmasa da günü-gündən xurmalar yetişib yumşalırdı. Bu, şaxtadan da pis idi. Yumşalmış xurmanı ağacdan dərmək olmurdu, əzilib tökülürdü.

Dekabrın ilk həftəsi ötüb-keçirdi. Ağaclardakı bütün xurmalar yumşalmışdı. İndi onları dərməyin mənası yox idi artıq. Qoca hər gün bağda gəzinərək onu aldadan müştərini söyür, özünü danlayır, qonşulara acıqlanır, Allaha isə yalvarırdı ki, xurmaları gözü görə-görə budaqlarda bu cür çürütməsin, heç olmasa qarğalar, dolaşalar göndərsin ki, xurmaları yeyib qurtarsınlar. Amma tərslikdən nə qarğa görünürdü, nə dolaşa, nə də sağsağan. Elə bil təbiət özü də onunla dirəşmişdi.

Günəşli bir dekabr səhəri qoca yerindən duran kimi döşəmədəki xurmaları tapdalamasın deyə, ehtiyatla yeriyərək yenə bağa qaçdı. Havada yetişmiş xurma qoxusu var idi. Qoca üzünü parıldayan günəşə tutub, gözlərini yumub, ciyərlərini xurma qoxulu soyuq hava ilə doldurdu. Birdən üzünə düşən günəş işığı tutuldu, pırıltı səsinə qoca gözlərini açıb arxaya çevrildi: minlərlə sığırçın səmada sərt dönüş edərək xurma ağaclarına qondu. Qoca yerində donub qaldı, qorxdu ki, tərpənsə quşları hürküdə bilər. Sığırçın dəstələrindən ağacların budaqları ağırlaşıb əyilmişdi. Ağ çilləri olan qara sığırçınlar yetişmiş xurmaları iştahla dimdikləyirdilər. Səslərindən qulaq batırdı. Qoca dodaqlarında təbəssüm ürəyində Allaha təşəkkür edib, bu Allah qonaqlarının süfrəsinə təşrif buyurmalarına sevinərək onlara xeyli tamaşa etdi.

 

23.11.2021

 

Azər MUSAOĞLU

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.11.