Ölüm rəqsləri
İnsan öləridir, amma bu, dərdin
yarısıdır.
Ən pisi odur ki, bəzən
insan qəfil öləridir.
Mixail Bulqakov
***
Vaxt yetişdi, yaşam keçdi,
Hey dedim, hey dedim, hey dedim.
Ayrılığın quşu gəldi,
Ley dedim, ley dedim, ley dedim.
Qısrağım çapır dörd
nala,
Nə yalaq bilməz, nə çala.
Bu ömür oturmuş xançala
Oy dedim, oy dedim,
oy dedim.
Ərənlərin məclisi nuş,
Pirlər
dövrəyə oturmuş,
Tör başında saqi durmuş,
Mey dedim, mey dedim,
mey dedim.
Astın
kilim, üstün dəyə,
Suç
sordular, göndərməyə,
Qapı-bacasız hücrəyə
Öy dedim, öy dedim, öy
dedim.
***
Biz ölümə tamarzıyıq,
Ölüm bizdən küsər gedər.
Yolumuzda
bir əcəl var,
Körpüləri kəsər gedər.
Nə şirindir yalanımız,
Nədir bizdən qalanımız?
Bizi yaşadan canımız,
Əlimizdən bezər gedər.
Gəldik
dünyadan qaçmağa,
Son mənzilə yol açmağa,
Cənnət deyilən uçmağa
Könlü dualı ər gedər.
***
Ölüm döysə pəncərəni,
Ruhunu oyatmağın
varmı?
Tanrı
açanda bağları
Dərgaha çatmağın varmı?
Can uçanda göy üzündə,
Sevinc oynayar gözündə,
Köpüklü həzz dənizində
Boğulub batmağın varmı?
Acan acır, yeyən yeyir,
Axır
hamı kəfən geyir,
Dünyamız fanidir deyib,
Özünü aldatmağın varmı?
***
Əzəl kəlam nazil oldu,
Söz içində
sürə buldum.
Ulduzların arasında
Mavi donlu kürə buldum.
Can günahkar, dünya girdə,
Geriyə
yol yoxdu bir də,
Ruhum bayraq taxan yerdə
Göy tanrını
qara buldum.
O əhəddi, o səməddi,
Verdiyi ömür möhlətdi,
Vəslin
yolu ibadətdi,
Duasında çara buldum.
Qaydasız işlər qarışıq,
Xudadan gəlmiş barışıq,
Günahkar canlara işıq,
Yasa aldım,
törə buldum.
Hər törəli törükdümü,
Yasalar cana yükdümü,
Dünya
məndən böyükdümü,
Toprağında sıra buldum.
Zal oğlu Elxan belə der,-
Gedər
bədən, qalar şeir,
Gəl-gəl deyir əbədi
yer,
Mən dünyanı
kirə buldum.
Qürub
Donmuş
günəşin gözündə
nalə,
yorğun küləyin
çöhrəsi solğun.
Qaysaqların üstündəki halə,
kurqanları çəkməz
sona doğru.
Ey ruh, işığı
al, sənin olsun,
sərdabəyə uymuş
bu toranlıq.
Dalğaların nitqindəki ovsun,
qan laxtasına döndü bir anlıq.
Donqar üfüqü doğradı
bir səs,
hər gün batmada al qanlı qətl var.
Ömrün gecə gizləndiyi
kümbəz,
yatmışları qurbanla ayıldar.
Yel əsmir yelkənə
Bağla
hesabları,
gün getdi taksidə.
Ömrün sayğacları,
öldür, geri saymaz.
Petrol tüstüsündə,
sürəkli bir çaxış.
Bir səs gurum-gurum,
təbil döyüb
durur.
Yarı
- rəngsiz yuxu
susqun palitrada.
Yaşıl vaqonların,
yatır perronları.
Axır
fırlanmada,
dünya kino kimi.
Ömrün yönətməni,
yazır titrləri.
Yel əsmir yelkənə,
liman gəçəndə
son.
günün qürubunu,
sükut kəfənləyir.
Ölümlə seviş
Anam mənim...
göy üzündə
qara bulud,
yer üzündə
qara gecə.
Ömür ötür yavaş-yavaş
bədənimdən keçə-keçə.
ömür gedir, ölüm gəlir,
yaxasında it hürüşü,
dan üzündə
dodaq yeri qoyub gedir,
ömrün sonuncu öpüşü.
gedəcəyik, gilasların
allığında,
dodaq-dodaq qalmaq üçün
gedəcəyik,
yovşanların arasında,
sonuncu qurd nəğməsini
çalmaq üçün
gedəcəyik.
yeri, yeri bizli şəhər,
yeri, yeri bizsiz şəhər.
ölüm ilə sevişimiz
çıpçılğındır, ıssız şəhər.
ömür boyu canımıza yığdığımız
kiri-pası çırpa-çırpa,
ölməzliyin yoncasından
astacana qırpa-qırpa,
ilahə anamızın
ətəyindən
sallaşa-sallaşa,
göyə gedəcəyik,
birbaşa.
Son nəğmə
Qara günəş doğur, qapqara günəş,
qara çarşaf geyir ölgün üfüqlər.
yelkənli asiman qayıqlarında,
striptizçi skeletlər
rəqs eləyirlər.
Əzəl də dənizdi,
son da dənizdi,
mən dalğa yalına taxılı bir qut.
Bir ömrün sonuncu akkordlarını
qala qapısına aparır bulud.
Açılır qapılar, mənimdi
növbə,
olumdan ölümə
ara bir qarış.
Ömür gəmisini saxlayır
lövbər,
açır ağuşunu
ölüm-çağırış.
Ölümə qənşər
Ortada şam var,
göydə tolunay,
gedən ruhları
çimizdirir çay.
Gözlər yaşarmış,
sözlərdə qınaq,
surnay çaldırır
köhnə tapınaq.
Can varıb gedir,
fanidir bəşər,
ölümün xeyir,
ölümə qənşər.
Aynada ləngər,
yasində acı,
son akkord vurur,
ömür sayğacı.
Qohum-əqrəba,
ehsan aşında,
əzrail gəlir,
qara maşında.
Can varıb gedir,
fanidir bəşər,
ölümün xeyir,
ölümə qənşər.
Gizli yolları,
açır yaşıl
şam,
qam türküsünü,
oxuyur axşam.
Şam budağında,
yaşıl çalama,
mələk ordusu,
durub salama.
Qucaq açıyor,
işıqlı sahə,
salam, tanrı alp,
salam, ilahə.
Elxan ZAL
Ədəbiyyat qəzeti.- 2022.-
22 yanvar.- S.10.