Bir o sevdaya

qaytarma məni

 

Dərədə qovuşan iki bulaqtək

Yenə yolumuz kəsişdi bizim.

Bəxti gətirmədi, maya tutmadı,

Sevgi istəyimiz nəs düşdü bizim.

Bir o sevdaya qaytarma məni.

 

Sən ki, sevirdinsə, hardaydın - deyə

Ta sənə verməyə sualım yoxdu.

Mənim keçənləri təftiş etməyə

taqətim qalıb, halım yoxdu.

Bir o sevdaya qaytarma məni.

 

Görüşdük, bir azca hal-əhval tutaq

Dərdləşək, bölüşək - sevgidən demə.

Ayrılaq - mən yola düşəndən sonra

Ağlayıb ardımca - "Ay gedən!" - demə.

Bir o sevdaya qaytarma məni.

 

Tərs qızı tərs idin, yola gəlmədin

Qalırmı əvvəlki huyun yenəmi?!

Yenəmi başını sinəmə sıxım

Üstündən başımı qoyum yenəmi?!

Bir o sevdaya qaytarma məni.

 

Yenəmi o evdə ortama girib

Yıxıb-yıxılmağın həvəsindəsən?!

Şair qəlbim eşqə mehrab kimidi

Elə bil sevginin Kəbəsindəsən,

Bir o sevdaya qaytarma məni.

 

Eşqimi bağ kimi çəpərə aldım,

Çəpəri basdıyıb yolağ açırsan!

Bu yaşda qorxmursan, gözünü yumub

Yenə baş alovlu bağa qaçırsan.

Bir o sevdaya qaytarma məni.

 

Gözünün odunu o yana döndər,

Çəkmə bu eşq boyu tarıma məni.

Quzunu çəməndə otaran kimi,

Saçında, sinəndə otarma məni.

Bir o sevdaya qaytarma məni.

 

16.01.2022

 

Məktub

 

Silsilə

 

Burda yağış çisələyir.

Yenə hava çiskinlədi.

Adına məktub yazıram,

Yazım bəlkə təskinlədim.

 

Suda axan yarpaq gördüm,

Səni xatırladım o dəm.

Başsağlığı da vermədin,

Bir il olar öldü dədəm.

 

Yadındamı çox tərs idin,

Yumşalmadın, tərs durdun.

İnad etdin, ilan kimi -

Quyruğunun üstə durdun.

 

Bərilərə yolun düşsə,

Çəkinmə - qapım açıqdı...

Koronadan da ölmədim,

Düşdüm, sağaldım, sağ çıxdım.

 

Allah bu sirri faş edə,

Görünə eşqin əyarı...

Sən bu gecə çölə çıx -

Aya baxaq  gecəyarı.

 

Yenə hava çiskinlidi

Bu səndən qalan havadı.

içim elə abaddı,

sən deyən xarabadı.

 

Ürək şəkli

 

Bir ürək şəkli çəkən olsaydı...

Nişanasını da deyərdim, -

qaynar südə əl salan uşaqda

illər sonra qalan yanıq yeri kimi

ürəyin üstündə bir xal da qoyardı -

...xal, yəni bir qız adı...

Vaxtında ona demədilər

sevgi cızzadı!

 

Var

 

Hər kəsin yönü, qibləsi,

Hər kəsin babı, tayı var.

Düşkün düşkünə tuş olur,

Bay olmuşların bayı var.

 

Şükür Göydə Gün görükdü,

Şəfəqləri min hörükdü.

Zəfərdə bizə şərikdi, -

Əcdadın haqqı-sayı var.

 

Gülən kirpiyin şehlidi,

Xeyir şərlə bir evlidi...

Məcnun bir üzdə Leylidi,

Vəfasızlıqda payı var.

 

Şopenin valsına şəkil

 

"Çiçəklərin valsı" dinləyirəm,

Elə bil gölə yağış yağır,

Göydən enən damcılar gölə düşüb

bir an yuxarı dartınır,

Sonra gölməçə boyu dairə cızır -

yəni hər yer mənimdi deyir...

Elə bilirəm yanımdasan, -

Seyr edirsən damcıların valsını

Üzündən yağış damcıları axır,

Yəqin, Şopen "çiçək" adına səni düşünüb,

sən dairə cızırsan - göl mənəm.

 

Quyunun su xatirəsi

 

Qurumuş quyunu görən gözün

eynən məni görsün.

Sən quyunun su xatirəsi...

Səndən sonra var itirəsi?!

 

Xəyalın

 

Bilmirəm bu saat hardasan,

bilmirəm neynirsən o uzaqlarda.

Onu bil ki, xəyalın köhləndi,

mən köhlənə qoşulan araba.

 

Könül

 

Eynin açılmadı yaz-qış,

Müdam oldun yasda, könül.

Elə hərlən bir gül əz,

qarışqa basda, könül.

 

Yarın oxunun tuşusan,

Soruşmaz pissən, yaxşısan.

Dəm evində çox naşısan,

Qəm evində usta, könül.

 

Gücün tək İlhama çatır,

Xəncər, kəndir əl at, götür,

Dözəcəyəm sənə xətir -

Kəs , könül, as da, könül!

 

Acgöz

 

Yəqin, tox olanda

pişik siçanı unudur,

Demək mən acgözəm -

səni heç unutmadım.

 

Dəyişilmə

 

Səni gözlədiyim yerdə

qəribə hisslər keçirirəm, -

Ustadın asmadan endirib

diz üstə köklədiyi ud kimi,

Kənd xanımlarının dua deyə-deyə

mayaladığı süd kimi dəyişirəm.

 

Səni gözlədiyim yerdə

pəncərənin ətəyindən

çöl ətəyinə qoyulan dibçək kimi,

Təbəssümə təslim

qıyılmış gözlərlə üstümə gələndə

qönçədən açılan çiçək kimi dəyişirəm.

 

Almış kimisən

 

Elə bilmə bu canımı

Almadın - almış kimisən.

Demə sönməz atəşlərə

Salmadın - salmış kimisən.

 

Qanamı batmadı əlin?-

Mən yandadı sənin ölün.

Könlümü daşına  çölün

Çalmadın - çalmış kimisən.

 

Səni bu yoldan əydi ,

İlham gileylə hey dinə.

Öyünmə rəqib qeydinə

Qalmadın - qalmış kimisən.

 

Zaman

 

Qarabağ qazisi

Zaman Hüseynovun ölümünə

 

Susuzluqdan budağında

Qönçə kimi solan Zaman.

Gen evləri bəyənməyib

Dar yerdə yurd salan Zaman!

 

Kim dayaq olar yetimə?

Əlacın düşdü çətinə.

Bu həkimdən o həkimə

Aralıqda qalan Zaman.

 

Ürək var dərdi duymağa,

Barmaq var sayı saymağa.

Qəbrin üstə gül qoymağa

Olaydı bir balan, Zaman!

 

Bir zaman...

 

Bir zaman bir odlu sevgi yaşadım,

Alov bülənd-bülənd, çatır-çatırdı, -

Dişimi sıxardım cınqır çıxmasın,

Qışqırsam, naləmi ərşə çatırdı.

 

İnsaf güc gələndə bir busə verir,

İnsafdan düşəndə dedi: - Dur, geri!

Gözüm ürəyimdən xeyir görür,

Qanı qiymətinə şəkil satırdı.

 

Saçları sünbüllüm, qara xal dənlim,

Ortası naziyim, sinəsi enlim.

Onu görməsəydi bu dəli könlüm,

Az qala özünü daşdan atırdı.

 

Əsəd Cahangirə

 

İnsan mənzərələri silsiləsindən

 

Səni bir şəhər tanıdım,

küçəsi, xiyabanıyla...

Səni bir şəhər tanıdım,

çayı da axar yanıyla.

 

Çay qırağı söyüd, çinar,

küçəsində göyrüşləri,

Gecə başına yığışar,

abdalları, dərvişləri.

 

"Səs"di, "Söz"dü, "Rəng"di deyim

şəhərin xiyabanları...

Cin iynədən qorxan kimi

qorxutdun qulyabanları.

 

Heç kəslə işin olmadı,

özün özünlə çarpışdın,

Sən həmişə yükümüzün

ağır tayından yapışdın.

 

Köçün köç içindən keçər,

köçün köçlərə qarışmaz,

Özünü yorma! - bilirsən

qar ilə günəş barışmaz.

 

Qələmin döyüş atıdı,

kimi qorxdu, kimi ürkdü.

Günbəzin quşqonmazında

cah-cəlalın mübarəkdi.

 

Göydən hansı qatdan gəlir,

yazıb hansı qatda qoydun?!

Dədəmiz Qorqud namıyla

yazarlara ad da qoydun.

 

Sənə "Dayanma!" söyləyən

o Allahın zalım olsun!

Qələmin üstünə düşən

kölgəliyi qalın olsun!

 

Könül - sevgi vətəni

 

Bəbirgözlüm, uzaqlıq edər

quştək könüldə yuva qurana?!

Şəninə duam var axşam-səhər,

oba yatana, oba durana.

 

Təzə bilmişəm sevginin

yurdu, vətəni varmış,

Onun da oturaqlı sakini,

yoldan ötəni varmış.

 

Yaşadığın vətən bir ayrı,

sevginin vətəni bir ayrı.

Hər şey təbiətdən gəlir

yağış ayrı, qar ayrı.

 

Könül bir məmləkətdi,

sevənlər orda hakimdi,

Bəxtəvər o kəslərin başına

könüldə oturaqlı sakindi!

 

İlham QƏHRƏMAN

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.13.