Rus dili -
süni dil?
Əvvəli var
Rus dilinin zəngin, çoxşaxəli və gözəl
bir dil olması heç bir savadlı insanda şübhə
doğurmur. Eləcə də, rus ədəbiyyatının
olduqca zəngin və hətta Çingiz Abdullayevin sözləri
ilə desək, dünya ədəbiyyatının bir tərəfində
rus ədəbiyyatı, başqa tərəfində isə qalan
ədəbiyyat durur. Digər tərəfdən, son iki
yüz il ərzində bu dilin Şimali Azərbaycan
yazı mədəniyyətinə göstərdiyi
mühüm təsir və ziyalılarımızın da
yaradıcılığında buraxdığı silinməz
iz, əlbəttə ki, danılmaz faktdır. Təkcə
bunu qeyd etməyə kifayət edər ki, bu gün
danışıq dili ilə bərabər, ədəbi Azərbaycan
dilində də rus mənşəli sözlər yer
almaqdadır. Lakin rus dili haqqında olan
bütün bu faktlar bu dilin kökünün, mənşəyinin
araşdırılması zamanı ortaya çıxan
qaranlıq məqamları və bunlarla bağlı yaranan sualları
aradan götürmür. Və bu səbəbdən,
məqaləmizin birinci hissəsində ortaya qoyduğumuz həmin
sualların hələlik birincisini cavablandırmağı
çalışacağıq.
1. Necə
olur ki, XVIII əsrdən əvvəl heç bir rus ədəbiyyat
əsərinə rast gəlinmir? Yəni əsrlər
boyunca Rusiyada heç bir şair, yazıçı və
ümumiyyətlə, yazılı ədəbiyyat olmayıb?
Və yaxud fərqli bir dil olub?
Bu suala, təbii ki, sanballı tarixi mənbələrə
istinad etmədən, dolğun cavab vermək
qeyri-mümkündür. Həmin mənbələr isə müəyyən
siyasi və iqtisadi səbəblərdən sadə Azərbaycan
oxucusu üçün, əfsuslar olsun ki, hələ də əlçatmazdır.
Lakin müstəqil müəlliflərin
araşdırmaları ilə tanışlıq, obyektiv
yanaşma və sağlam məntiqi rəhbər tutaraq, bu
suala müəyyən aydınlıq gətirmək
mümkündür.
Belə ki, təbiətdə olduğu kimi, tarixdə də
boşluq olmur.
İlk baxışda boşluq və ya
qaranlıq məqam olaraq görünənlərin isə
öz məntiqi izahı vardır. Məlum tarix də
aşağıdakı faktları söyləyir: Kiyev Rus
Xaqanlığı (bəli, bəli, Xaqanlığı -
Kiyev Rusiyasının rəsmi adı xaqanlıq, baş
hökmdarın tutulu isə məhz xaqan adlanırdı ki, bu
da arif oxucu üçün açar ola
bilər) adlanan ilk rus dövləti müəyyən tarixi
dövrdə feodal parçalanması mərhələsini
yaşamış və onlarca xırda knyazlıqlara
bölünmüşdür. Bu faktı da qeyd
etmək xüsusilə vacibdir ki, Kiyev Rusiyasının təməli
Skandinaviya əsilli hökmdarlar ilə qoyulmuş, saray və
mədəniyyət dili də qədim alman dili olmuşdur.
Xalqın (etnik tərkibinə əsasən,
slavyan tayfaları əhalinin yalnız üçdə bir hissəsini,
qalan qismini isə fin-uqor və müxtəlif türkdilli etnoslar
təşkil edirdi) danışdığı dil isə
bölgələrə görə qarışıq
olmuşdu. Belə ki, dövlətin
şimal və şərq bölgələrində fin-uqor və
qismən slavyan ləhcələri üstünlük təşkil
etdiyi halda, paytaxt Kiyevin olduğu mərkəz, qərb və cənub
bölgələrdə türk şivələri (peçeneq,
tork, xələc, xəzər, qıpçağ və s.)
hökm sürürdü. Knyazlıqlar isə
bir-birlərilə vuruşaraq, lap kiçik qurumlara
parçalanır, daha da zəifləyir və nəticə
etibarilə XIII əsrdə tatar-monqollar tərəfindən
işğal olunur. Əslində, bu,
işğaldan daha çox konfederativ əsaslarla həyata
keçən hərbi-siyasi əməkdaşlıq idi (məsələn,
Avstriya-Macarıstan kimi). Hər halda rus dövləti 300
il müddətə türk-monqol
dünyasının birbaşa təsiri altına
düşür.
Bu təsir, əlbəttə ki, ictimai həyatın
bütün sahələrində, o cümlədən dil və
mədəniyyətdə özünü göstərməyə
bilməzdi. Üstəlik, bu təsir hal-hazırda rəsmi rus
tarixində ötəri açıqlanan güclü miqrasiya
prosesləri ilə yanaşı cərəyan edirdi. Belə
ki, keçmiş Kiyev Rusiyasının şimal və şərqində
məskunlaşan slavyan tayfaları onun Litva və
Polşanın hakimiyyəti altına keçmiş qərb
hissəsinə doğru, yəni canlarını tatar əsarəti
və bundan daha betər yerli əyanların zülmündən
indiki Ukrayna və Belarusun ərazisinə kütləvi halda
köçürdülər. Nəticədə, müasir
Rusiya ərazisində sayı onsuz da az olan
slavyanlar azalır və əksinə, fin-uqor və türk
dillərinin daşıyıcıları
çoxalırdı. Bir sözlə, orta əsrlərdə
indiki Rusiyanın qərb, yəni Avropa qitəsinə aid olan
hissəsində yaşayan əhali əsasən, türk dilində
danışırdı. Təbii ki, burada hər
bir normal cəmiyyətdə olduğu kimi yazı mədəniyyəti
də mövcud idi ki, bu da rus, yəni slavyan dilində deyildi.
Son yarım əsr ərzində Rusiyanın mərkəzi
rayonlarında aparılan arxeoloji qazıntılar zamanı
tapılmış artefaktlar, habelə "tatar məzarlıqları"
adlanan və türk maddi mədəniyyətinə aid
çoxsaylı və çox vaxt ictimaiyyətdən gizlədilən
tapıntılar bunun əyani sübutudur.
Daha bir
sübut budur ki, hal-hazırda Rusiyada rus millətinin
"kazak" adlanan etnoqrafik qrupun doğma dili cəmi 150-200 il öncə türk dili imiş. Belə ki, məşhur
Razin və Puqaçov
üsyanlarının əsas qüvvəsini təşkil edən
kazaklar öz aralarında türkcə danışmış
və yazışmışlar. Bundan əlavə,
məşhur rus səyyahı, XV əsrdə
yaşamış Afanasiy Nikitinin bütün səyahət
yazıların əsilləri qıpçağ türk dilindədir.
Yuxarıda qeyd edilən vəziyyət XVII-XVIII əsrlərədək
davam etdi. Belə
ki, XV əsrdə rus knyazlıqları monqol
işğalından qurtularaq birləşib, yeni və qüdrətli
Rusiya dövlətinin əsasını təşkil etsələr
də, bu dövlət hələ də qonşu türk
ölkələrinin (Krım, Kazan, Həştərxan, Sibir
xanlıqları və Osmanlı İmperiyası) güclü
təsirinə məruz qalır və əhalisinin
böyük qismini hələ də türk etnosları təşkil
edirdi. Ancaq pravoslav kilsəsi vasitəsilə yunan mədəni
təsirin güclənməsi, çar İvan Qroznıdan
sonra Rusiya çarlığının siyasətində artıq
imperialist tendensiyaların üzə çıxması və
əlbəttə ki, dövlətində getdikcə möhkəmlənməsi
iki nəticəyə gətirib çıxarır: 1)
Rusiyanın tədricən zəifləyən türk dövlət
qurumlarının əraziləri hesabına şərqə və
cənuba doğru ekspansiyası və sahəsinin genişlənməsi
və 2) Beynəlxalq aləmdə özünü qüdrətli
geosiyasi bir varlıq olaraq tanıtması məqsədilə
Rusiya daxilində yunan və katolik təsirlərinin köməyi
ilə türk izlərinin getdikcə silinməsi. Bu proseslər 1613-cü ildə hakimiyyətə gəlmiş
Romanovlar (soyadın kökü belə "Roma"
sözündən gəlir) sülaləsi dövründə
daha da sürətlənir. Məhz bu
dövrdən etibarən çirkin etnosid siyasəti
hesabına türk dilləri daşıyıcıların
yaşayış arealının kəskin şəkildə
daralması və slavyan ləhcələrinə qarşı
marağın oyanması təsadüfi deyildir. Çünki Romanov ailəsinin əslən katolik
Polşadan olması rus dili və ümumiyyətlə,
Rusiyanın tarixindəki bir çox qaranlıq məqamlara
aydınlıq gətirir.
Həmin faciəvi prosesin bütün təfərrüat
və təzahürlərini bir kənara qoysaq, sırf
xronoloji olaraq aşağıdakı mənzərəyə
rast gəlmək mümkündür. İlk addım 1618-ci
ildə atıldı. Həmin il
Polşada katolik rahib Meletiy Smotritski tərəfindən
"Qrammatika" kitabı yazılmışdır. Lakin bu, natamam olduğundan 1638-ci ildə yenə də
Polşada naməlum müəllifin yazdığı, slavyan
dilinin qrammatik dərsliyi olan - "Qrammatika ili pismennitsa
slavenska" kitabı işıq üzü gördü.
Rusiya tarixinin bundan əvvəlki 700 il
dövründə isə rus dilinin danışıq və
yazı qaydalarına aid bir ədəd belə kitabı
olmamışdır və heç ola da bilməzdi. Çünki təbiətdə belə bir dil
mövcud deyildi və onu qıpçağ türklərinin
dili əvəz edirdi.
Lakin büsbütün avropalı müşavirlərlə
əhatələnmiş I Pyotrun hakimiyyəti illərində
sözügedən proseslər daha geniş vüsət
alır. Bu dövr söhbət artıq yeni dilin
yaradılması, onun Rusiya əhalisinin əksəriyyətinin
hələ də danışdığı türk dillərinin
birdəfəlik sıxışdırılması vəzifəsindən
gedirdi. Axı yeni imperiya, yeni təfəkkür
və yeni dil tələb edirdi. Beləliklə,
1708-ci ildə çar fərmanı ilə yeni əlifba tətbiq
olunmağa başlanır, 1726-cı ildə isə akademik
Trediakovskinin "Slavyanskiy dialekt türkskoqo yazıka", yəni
"Türk dilinin slavyan dialekti" adlı dərindən
işlənilmiş dərslik vəsaiti çıxır.
Bu kitab özülündə türk leksikonu və qrammatik
konstruksiyaları olan, slavyan (əsasən, bolqar), yunan, latın və fin-uqor dil qaydalarının
qarışığı olan, öz mürəkkəbliyi və
eyni zamanda qəribə ahəngdarlığı ilə
seçilən, xalq arasında sürətlə yayılan
yeni rus dilinin başlanğıcı oldu. Demək, 1726-cı ili rus dilinin doğum tarixi kimi də hesab etmək
tamamilə mümkündür.
Beləliklə, rus dilinin tarixi ilə artıq səthi
tanışlıq bu dilin nisbətən cavan və ən əsası,
süni olmasına dair ciddi şübhələr yaradır. Doğrudur, esperanto
kimi digər süni dillərdən onu fərqləndirən cəhət
təməlində slavyan tayfalarının şivələri
ilə süslənmiş canlı türk dili durur. Ancaq rus dili barəsində formalaşmış olan
fikirlərin köhnəlməsi və bu dilin tarixinin əlavə
və yeni tədqiqatlara ehtiyac duyması artıq
labüddür. Bu, ən azından, ona
görə önəmlidir ki, cəmiyyətin sovet stereotiplərindən
qurtulması və gənc nəslimizdə Rusiya dövlətinə,
tarixinə və mədəniyyətinə, ilk növbədə
rus dilinə qarşı obyektiv fikir formalaşsın.
RÜSTƏM
Ədəbiyyat qəzeti.- 2022.-22 yanvar.- S.20.