Mənə çox öyrəşmə

 

Ömür-gün yoldaşım Arifə üçün

 

Bu nədir, son günlər qayğılarına

Yaman bələyirsən məni, sən yaman.

Bu kövrək, bu həssas duyğularına

Biganə qalmışam, gülüm, bir zaman.

 

Ömrümün əvvəli, sonuyam deyə, -

Məni qısqanırsan yollara nədir?

Sənin bu xislətin bilmirəm niyə

Könlümün həmdəmi yollara dəydi.

 

Sən mənə mənimçün yaxından yaxın,

Mən sənə səninçün uzaq kimiyəm.

Qəlbimdə atəşdən var dəli axın,

Fəqət gözlərində sazaq kimiyəm.

 

Sən məni qayğına bələdiyintək,

Mən səni bələrəm məhəbbətimə.

Tablayıb dözəsən onda sən gərək,

Bu günəş qəlbimin hərarətinə.

 

Hər səhər arxamca dikmə gözünü,

Kövrəlmə axşamlar yubanan kimi.

Hərdən mənsizlikdə sına özünü,

Qayıq fırtınada sınanan kimi.

 

Olsun ki, araya düşər duman, çən,

Həsrətim sinəndə quzutək mələr.

Sənə qurban olum, qurban olum mən,

Mənə çox öyrəşmə, ömrü kim bilər?..

 

Ana əmanəti

 

Analar inamla bəsləyib bizi,

Bələkdə zəhmətə səsləyib bizi.

Alışıb yanıblar köz olmaq üçün,

Dünyaya pasiban, göz olmaq üçün.

Bəşərin zəkası, ağlıdır ana,

Zamanın qızıdır, oğludur ana.

Böyükdən böyükdür, ucadan uca,

Həmişə cavandır, həmişə qoca.

Qundağı dişində, tüfəng əlində -

Mərmiyə dönüblər dava ilində,

Düşməni atından salıb analar,

Həyatı ölümdən alıb analar.

Gözləri üstündə bəslənib Vətən,

Vətən yollarında çinartək bitən -

O igid analar, müdrik analar

Sərkərdə analar, böyük analar

Duyğunu əmanət veriblər bizə,

Qayğını əmanət veriblər bizə,

Sözümüz işləyib kökdən budağa -

Bayatı əmanət veriblər bizə,

Həyatı əmanət veriblər bizə.

 

Kənd düşüncələri

 

Uşaqkən dindirib könül sazımı

Adı xəritədə olmayan kəndim.

Əziz balasıtək çəkib nazımı,

Payızda baharı solmayan kəndim.

 

Saçımı oxşayıb səhər nəsimi,

Yaşıl çinarları laylamı çalıb.

Alıb dodağımdan yayıb səsimi,

Özü nəğmə kimi qəlbimə dolub.

 

Dilimdən düşməyib adı bir an da,

Alışıb oduna yanım - demişəm.

Anama oxşarlıq görmüşəm onda,

Odur ki, adına "anam" demişəm.

 

Muğanda payız

 

Saralıb sapsarı qamışqulağı

Ana Muğanımın xəzan çağıdır.

Sağımda - zəminin yaşıl zolağı,

Solumda meşənin üryan çağıdır.

 

Bu yerin əbədi sakini turac -

Gəzinir, fərəhlə ban çəkir, odur.

Körpə balasını çağırır anac -

əzilmiş sünbüldən dən çəkir, odur.

 

Balıqçı uşaqlar yığıb tilovu,

Gülüb-danışırlar çay qırağında.

Bir şair bəhanə gətirib ovu,

Gəzir təbiəti söz sorağında.

 

Hava çiskinli, dumandır,

Payız çiçəkləri açıb rəngbərəng.

İnsan gözəlliyin pasibanıdır,

Vurur təbiətlə nəbzi həmahəng.

 

Barmaqlarım görür mənim

 

Ürəyimdə qızıl qan yox,

Nur çağlayır, nur həmişə.

Cadar-cadar əllərimin

Bənzəri var al Günəşə.

 

Əllərimdən yağan işıq,

Qaranlığı əridəndir.

Əllərimdə doğan işıq,

Qəlbimdəki şeirdəndir.

 

Ömrüm, günüm əkinçidir,

Gözlərim bar dərir mənim.

Hər əlimdə beş gözüm var -

Barmaqlarım görür mənim.

 

Şeir

 

Şeir - yüksəlişim, şeir adımdır,

Könlümü isidən ürək odumdur.

Şeirdir atamın ağaran saçı,

Şeirdir həyatda eşqimin tacı.

 

Çörəksiz qalaram, susuz qalaram,

Bircə an şeirsiz qalsam solaram.

Qədim əsrlərin sərt tufanından,

Müdhiş qaranlıqlar burulğanından.

 

Bu günə yol açan səyyahdır şeir,

"Cəndi"dir, "Şüştər"dir,

"Segah"dır şeir.

 

Şirindir, qədər fərhadları var,

Xosrovlar toxunsa tufanlar qopar.

Xəstə könüllərin davasıdır o,

Əsrin beynəlmiləl havasıdır o.

 

Qəzet qırığında torpağa düşsə,

Götrülər çörəktək öpülər şeir.

Bizim əsrimizdə üzərlik kimi,

Cəsurlar başına səpilər şeir!..

 

Ölüm adiləşib

 

İnsanın qəlbinə qar düşüb nədir,

Namərdlər çoxalıb, mərdlər az düşüb.

İnsanlar ölümün növbəsindədir,

"Ölüm adiləşib, dərd adiləşib"*

 

Qırx qırxa qarışıb, yeddi yeddiyə,

Qeyri-adiliklər dönüb adiyə.

Ölüm gəldi baxmaz xana, bəyə,

Varlıqla yoxluğun yolu görüşüb.

 

Soltan, bu dünyada dərd dərdi tapdı,

Mərdi gəzən könül namərdi tapdı.

Bir görərsən ki, qiyamət qopdu,

Torpaqdan göyərən torpağa düşüb.

 

 * - Misra Xalq şairi

Məmməd Arazındır

 

Soltan ABBAS

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.21.