"Manas"dan Adil Cəmilin
"Manas"
dastan-poemasına
Adil Cəmilin poetik-estetik duyum tərzi ilə
yanaşı, onun tədqiqatçılıq
bacarığı lap çoxdandır ki, diqqətimi
özünə çəkməkdədir. Nəzm əsərlərində
poetik ifadənin bulaq gözündən gələn dumduru
aydın, hədəfə dəyən, ekspressiya ilə zəngin
və oxucuda xoşhallıq yaradan ilmə və
naxışları "Manas"ın tədqiqində və
onun Azərbaycan dilinə etdiyi tərcümənin mətnində
də yetərincə uğurludur. Başqa
sözlə desək, Adil Cəmil hər üç "cəbhədə"
eyni dərəcədə məsuliyyətlə
çalışmağı bacaran şair, publisist və tədqiqatçı-alimdir.
Yadımdadır ki, o, hələ 1995-ci ildən
"Manas"dan bir parçanı dilimizə tərcümə
etmişdi. Çünki o, "Manas" eposu və türk
dastançılıq ənənəsi" adlı elmi-tədqiqat
işinə girişdiyi vaxtlardan "Manas"ın bir hissəsinin
Azəbaycan oxucusuna çatdırılmasında maraqlı
idi. Amma Adil Cəmilin bu əsərə vurğunluğu
heç də 1995-cı ildən yox, 8 il
ondan əvvəl baş vermişdir. Bu, alimin
içindəki türk xalqlarına, onların zəngin və
çeşidli mədəniyyətinə, folkloruna, eposuna,
etnoqrafiyasına, etnopsixologiyasına, bədii
düşüncəsinə, tarixinə, sənət nümunələrinə
vurğunluqdan irəli gəlirdi. Belə maraq, belə
sevgi onda 1987-ci ildə onun Qırğızıstana ilk dəfə
etdiyi səfərdən başlayaraq, 1995-ci ildə
Qırğızıstanın paytaxtı Bişkekdə
keçirilən "Manas" dastanın 1000 illiyinin qeyd edilməsində
iştirakla daha da güclənmişdi. Bir sözlə, Adil Cəmil
"Manas"la həm uzun distansiyada, həm də
"Manas"ın öz elində, onun oğlu Semeteyin, nəvəsi
Seytekin qəhrəmanlıqlar göstərdiyi diyarı ziyarət
edib, zəngin müşahidələrə söykəndikdən
və yeni soraqlarla yaradıcılıq
sandığını doldurub,
Azərbaycana qayıtmışdı. Bişkekdə
"Manas"ı nəşrə hazırlayanlarla,
"Manas"ın tədqiqatçıları,
"Manas"ı ifa edən manasçılarla
görüşmüşdü, geniş təəssürütlardan
yükünü tutmuşdu. "Manas"la
bağlı maraqlı orijinal tədqiqat əsəri ortaya qoyub,
filologiya elmləri namizədi alimlik dərəcəsini
aldıqdan sonra yenə də işini bitmiş hesab etməmişdi.
"Manas"ın yaxşı mənada
altını üstünə, üstünü altına səriştə
ilə çevirən Adil Cəmil 2009-cu ildə
tanınmış manasşünas qırğız alimi
Keneş Yusupovun - "Manas"ın nəsr variantının
qurucusunun mətnini Azərbaycan dilinə uğurla tərcümə
etmişdi. AMEA-nın Folklor İnstitutunun
Elmi Şurasının qərarı ilə nəşr olunan
bu tərcümə manassevərlərin, türk xalqları ədəbiyyatı
ilə məşğul olanların stolüstü kitabına
çevrilmişdir. Yeri gəlmişkən qeyd edim ki,
biz də ali məktəb
auditoriyalarında "Türk xalqları ədəbiyyatı"
fənnindən mühazirələr oxuduğumuzdan bu
kitabı tələbələrə öyrənmək
üçün təklif edir, onlar da ondan yetərincə
yararlana bilirdilər.
Bundan az sonra Adil Cəmil 2011-ci ildə "Manas"
eposu və türk dastançılığı ənənəsi"
monoqrafik araşdırmasını rus dilində nəşr
etdirmişdir.
Monoqrafiya vicdanlı alim professor Elməddin Əlibəyzadənin
ön sözü və dəyərli professor İsmayıl Vəliyevin
sözardı ilə
nəşr olunmuş, onlar bu əsərin
türkoloji ədəbiyyatda mühüm rolundan bəhs
etmişlər.
Adil Cəmilin
"Manas" dastanı və türk dastançılıq ənənəsi"
araşdırmasının ən mühüm cəhəti əsərin
bir sıra məqamlarının
oğuz türklərinin "Kitabi-Dədə Qorqud"
dastanları ilə müqayisəli-qarşılaşdırıcı
aspektdə öyrənilməsidir. Müəllif haqlı
olaraq qeyd edir ki, əgər
"Kitabi-Dədə Qorqud" oğuzların bədii-ədəbi
salnaməsidirsə, "Manas" da məhz
qırğızların belə abidəsidir. Əgər
"Kitabi-Dədə Qorqud"da oğuzların keçdiyi
tarixi yol işıqlandırılırsa, "Manas" da qırğızların
etnik-milli tarixinin aynasıdır. Müəllifin göstərdiyi
kimi, "Manas" və "Kitabi-Dədə Qorqud" da
eyni etnik kökdən nəşət alıb gələn nümunələrdə
genealoji və tipoloji xüsusiyyətlər
saysız-hesabsızdır. Elə buna görə
də, Adil Cəmil bu əsərlərdə xalqların tarixi
qohumluğuna söykənərək uyğunluqlara və fərqlərə
də baxmağı nəzərdən
qaçırmamışdır.
Elə buradaca qeyd edək ki, dünya epos mədəniyyəti
yaradıcılığında "Manas" qədər
monumental ikinci bir dastana rast gəlinmir. "Manas"
o qədər əzəmətlidir ki, əgər onun
bütün hissələri nəşr olunsaydı, ən
azı 100 cildi əhatə edərdi. Müqayisə
üçün deyəkki, bu, digər dünyaşöhrətli
dastanlar - yunanların "İliada" və
"Odisseya"sından 20 dəfə, qədim hind dastanı
Bharata övladlarının ölüm-dirim mübarizəsini
əks etdirən "Mahabharata"dan üç dəfə
böyüklüyü ilə fərqlənməkdədir.
"Mahabharata" 19 kitabdan,
"Manas" 3 kitabdan - "Manas", "Semetey",
"Seytek"dən ibarət olduğu halda, "Kitabi-Dədə
Qorqud" 12 boydan (nəğmədən, dastandan) ibarətdir.
"Manas"ı ifa edənlərin hər bir hissəsinə xalqın özü ad verib:
"Manas" - manasçı, "Semetey" -
semeteyçi, "Seytek" - seytekçi adlanır. Eyni zamanda "Manas"
ifaçılığına yiyələnmənin də
öz pillələri mövcuddur. Bunlar
birinci pillə - manasçı - şəyird, ikinci -
manasçılığa başlayan (çala manasçı),
üçüncü - sənətkar-manasçı
(çınığı manasçı),
dördüncü - böyük manasçını
(çon manasçı) əhatə edir.
Adil Cəmil "Manas"ı araşdırarkən
öz mülahizələrini sırf konkret bir əsərin
materialı, məzmunu, struktur-kompozisiya keyfiyyətlərinin
üzərində qurmaq yox, buraya türk xalqlarının
çoxsaylı digər tarixi epik nümunələrini
komparativist müstəvidə nəzərdən keçirməklə,
onlara müasir eposşünaslığın aktual
araşdırıcılığı mövqeyindən
yanaşması müstəvisində edir. Adil Cəmilin
elmi yaradıcılığında
qırğızların"Manas" dastanı yeni
tarixi-metodoloji mövqedən tədqiqatlara cəlb olunur.
Bütün bunlar göstərir ki, əsərin
elmi-nəzəri keyfiyyətləri bundan sonra da diqqət mərkəzində
olacağı şübhə doğurmayacaqdır.
Yuxarıda
söylədiyimiz kimi, Adil Cəmil mütərcim, tədqiqatçı
və şair kimi az qala 35 ildən
yuxarıdır ki, "Manas"la mübhəm söhbətdə,
mükalimədədir. "Manas"a həsr
edilmiş kamil nümunələrdən sonra Adil müəllim
digər bir maraqlı janrda özünün "Manas"
dastan-poemasını qələmə almışdır. Kitab Azərbaycanda Atatürk Mərkəzinin xətti
ilə akad. Muxtar Kazmoğlunun elmi
redaktorluğu, akad. Nizami Cəfərovun
"Son sözü" ilə xeyir-dua alaraq nəşr
olunmuşdur.
Adil Cəmil bu məşhur və məlum şedevri bu dəfə
nəzmlə interpretasiya etmişdir. Onu da deyim ki, müəllif
"Manas"ın bütün tərəflərinə mahiyyəti
ilə bələd olduqdan sonra belə bir uğura imza atmaqda
israrlı olmuşdur. Poemada "Manas"ın ümumi
struktur-kompozisiya və ideya - məzmun xətti qorunulsa da, təqdimat
sırf özəl və orijinaldır. Elə
buna görə də qeyd olunan rakursdan bu dastan-poemanın manasşünaslığa
fərqli töhfə olacağı da mütləq
vurğulanmalıdır.
Bir eposun
tədqiqinə, tərcüməsinə, təhlilinə və
onun bədii-poetik interpretasiyasına Adil Cəmilin
ömrünün 35 ilini "xərcləmə"sinin
mühüm bir səbəbi həm də ondan ibarət
olmuşdur ki, "Manas"ın 1000 illik yubileyi ilə
bağlı Qırğızıstanın paytaxtı
Bişkekə gedəndə o da Ümumilli lider Heydər
Əliyevin başçılıq etdiyi nümayəndə
heyətinin tərkibində idi. Və Adil müəllim
də bu yubileyə əli boş getmirdi. Ona
qədər o, yuxarıda bildirdiyimiz kimi, "Manas"dan
kiçik bir fraqmenti dilimizə çevirmişdi. Eyni zamanda bu "sovqatı" Heydər Əliyevə
də təqdim etmişdi. O da özünəməxsus
şəstlə ona demişdi: "Elə monumental epopeyadan cəmi
bunu tərcümə eləmisən?!" Əlavə
də etmişdi ki, bu işi davam etdirməyin yaxşı
olardı. Ulu Öndərin tövsiyəsi
Adil Cəmil üçün o vaxtdan mühüm bir məsuliyyətə
çevrilmişdi. Həmin tövsiyəni
Adil müəllim qulağında sırğa eləmişdi.
Elə buna görə də Adil Cəmil
"Manas"ı nəinki tədqiq etdi, onun tərcüməsi
ilə məşğul oldu, həm də "Manas"ı
dastan-poema şəklində fərdi yaradıcılıq
laboratoriyasından keçirdi. "Manas"a Azərbaycanda yeni bir poetik abidə ucaltdı.
İndi "Manas" bizim dövrdə Azərbaycanda az qala Adil Cəmil adı ilə assosiasiya
olunmaqdadır.
Yeri gəlmişkən "Manas"la bağlı bir
neçə kəlmə də qeyd etməyə ehtiyac duyuruq. Bu eposun ilk tədqiqatçısı
Çokan Valixanov olmuşdur. Cəmi 30 il
ömür sürmüş böyük maarifçi-alim bu
qırğız dastanını "İliada" ilə eyni
sırada görməklə, həm də "Manas"ı səhra
"İliada"sı adlandırmış, onu
qırğız həyatının ictimai-tarixi planlı
fundamental hadisəsi kimi nəzərdən keçirmişdir.
Hətta həmin dövrdə eposdan bir parçanı - ("Kukotayxan və
onun ehsanı") epizodunu rus dilinə də tərcümə
etmişdir. "Manas"ın ikinci hissəsi və
onun davamı "Semetey"in də tədqiqi ilə məşğul
olmaqla onu qırğız "Odisseya"sı
adlandırmışdır.
Odur ki, biz akad. Vilhelm Radlovun "Manas"la bağlı xidmətlərindən danışarkən onun bu
eposla bağlı araşdırmaları üçün
Ç.Valixanovun tədqiqatlarının və tərcümələrinin
ciddi zəmin və baza olduğunu nəzərdən
qaçırmamalıyıq. 2022-ci il zirvəsindən
baxdıqda "Manas"ın tədqiq və tərcümə
tarixinin yaşı 170 ildən artıqdır. Adil Cəmil də
"Manas"ın tarixi və mifoloji səhifələrini
(bu dəfə orijinal "Manas" dastan-poema ilə) davam
etdirməyə üstünlük verdi. "Manas" nəhayətsiz ənginlikdir. "Manas" bir okeandır və bu okeanda digərlərinin
gəmişi ilə yanaşı, Azərbaycandan Adil Cəmilin
gəmisi də bütün aysberqlərə sinə gərərək
şərəflə üzməkdədir.
Adil Cəmil
bu dastanı qələmə alarkən
manasçıların az qala əksəriyyətinin
ifalarını və epik repertuarını dərindən
öyrənmiş, qırğızların tarix, etnoqrafiya,
etnopsixologiya, etnotərbiyə, adət-ənənələrinin
özünəməxsusluğuna nəzər salmış,
onları mahiyyəti ilə mənimsəmiş, dastanın
ayrı-ayrı boylarından məharətlə yararlanmaqla
Ər Manasın anadan olduğu, hətta bəzi hallarda onun
doğuluşuna qədər baş vermiş əsas
olayları, irili-xırdalı obrazları, döyüş səhnələrini,
sevgi macəralarını dastan koloritinə
uyğunlaşdırmağa
çalışmışdır.
Adil Cəmil
bu əsərin struktur-kompozisiya, məna-məzmun, qəhrəman,
obrazlar, personajlar, tarixi-sosial və mifik-folklor olaylarını
və s. dastan poetikasına elə oturtmuşdur ki, oxucu əsəri
ələ alarkən onun sonuna çatmayınca kənara
qoymaq istəmir. Bu
ilk növbədə bir tərəfdən
"Manas" ənənələrinə, qəliblərinə
bağlılığa görədirsə, digər tərəfdən
müəllifin əsəri orijinal duyumda interpretasiya etməsi
ilə bağlıdır. Burada tədqiqatçı Adil Cəmillə
şair-dastançı Adil Cəmil bir-biri ilə
"qırğın edib", barışmaz mübarizəyə
girişib, nəticə etibarı ilə hər ikisi əsərin
episentrində dayansa da, şair-dastançı Adil Cəmilin
tədqiqatçı Adil Cəmili üstələdiyini
görmək mümkündür. Çünki
Adil Cəmil yaxşı bilir ki, dastan-poema janrının ən
aparıcı atributikası birbaşa onun şairlik səriştəsinə
bağlılığı ilə ön plana çıxa bilər.
Bir mühüm cəhəti də qabartmaq istəyirik. "Manas"
dastan-poeması yeddi hecalıqla qələmə alınmaqla
xüsusi taktla oxunur. Əvvəlki misradan
növbətiyə keçid sanki spontan olaraq özü ortaya
çıxır və poetik mətn maraqlı bir məcraya
yönəlir.
Yeri gəlmişkən
bildiririk ki, qırğız və qazax epik şeiri
üçün ənənəvi olaraq qəhrəmanlıq
dastanlarında 7-8-lik "jır"dan (yəni hecadan) istifadə olunur və
vaxtı ilə bununla bağlı
qənaətlərini əvvəl XX əsr qazax ədəbiyyatının
klassiki, "Manas"ın fundamental tədqiqatçısı
akad. M.Auezov, daha sonralar isə onun müşahidələrini
akad. Zəki Axmetov davam etdirərək zənginləşdirmişdir.
Ümumiyyətlə, epik poeziyada tətbiq olunan
və hegemon mövqedə dayanan yeddi hecalıq nəinki
qırğız, həm də digər türk xalqları
poeziyası üçün ənənəvi olan sillabik
şeirşünaslıq prinsipinə söykənməkdədir.
Məlumat üçün deyim ki, jır
musiqili-deklamasiya xarakterli olmaqla, həm də reçitativdir. Reçitativ
ciddi metrik sistemə əsaslanmayan, musiqili formaya söykənən
nəğmə-deklamasiyaya deyilir. Reçitativ
təbii nitqin intonasiyalı ritmi şəklini yaradır.
Şeir mətninin ritmik və çevik
quruluşuna söykənən bu forma Adil Cəmilin poetik
ifasında nitqin özünməxsus intonasiyasını
yaratmaq baxımından unikallıq əldə edir. Adil müəllim həmin formanı dastan-poemada tətbiq
etsə də, o, qırğız (kaysak, yəni qazax)
jırının buxovları arasında qapanıb
qalmamış, onun spesifik quruluşundan yararlanmaqla, mütəhərrik
ritmik fərdi kompozisiya yaratmışdır. "Manas" və "Koblandı-batır"
dastanlarının orijinalında olduğu kimi, A.Cəmil
özünün orijinal "Manas" dastan-poemasında
monoqafiyə sistemini də uğurla tətbiq etməkdədir.
Bu o təqdirdə baş verir ki, əsərdə
digər çoxsaylı vasitələrdən istifadə
güclənir və əsasən təkrirlər getdiyi məqamlarda
özünü daha çox biruzə verir.
Adil Cəmilin
"Manas" dastan-poeması proloq və epiloqu
çıxdıqdan sonra övlad həsrəti ilə
başlayıb, Manasın doğulması,
uşaqlığı, Esenxanın adamları üzərində
Manasın qələbəsi, Neskaranın hücümu,
Manasın xan seçilməsi, onun Koşoy və Bakay ilə
görüşü, Tekes xan üzərində qələbəsi,
Manasın qız - Saykala sevgisi, Türküstanın Çin
işğalçılarından azad olunması,
qırğızların Altaydan doğma yurda
qayıdışı, Alaoke xanın Manası görüb Fərqanədən
qaçması, Əfqan xanı Şoorukun
qırğızlara məğlubiyyəti, Manas atasından
incidikdən sonra taxt-tacı tərk edib əkinçiliklə
məşğul olması, Almanbetin nağılı, onun qazax
xanı Kökçənin, Manasın yanına gəlməsi,
Manasın Kanıkeylə evlənməsi, qohumu
Közkamanın Manası zəhərləməsi,
Kökötöy xanın ölümü, Manasın
Karkıraya gəlişi, Manasla Qonurbəyin təkbətək
döyüşü, qırğız xanlarının
toplantısı, Manasın yanına elçilərin gəlişi,
Çinə böyük yürüş, Böyük
yürüşdən qayıdış və, nəhayət,
Manasın ölümü ilə sonuclanır.
Elə
buradaca söyləyim ki, bu əsərlə yaxından və
mahiyyəti ilə tanış olmadan onun
haqqında adekvat təsəvvürlər ortaya qoyub, Adil Cəmilin
nə dərəcədə özəl və orijinal bir əsər
yaratdığından bəhs etmək olmaz. Dastan-poemanı
"həzm etdikcə" gözümüz
qarşısında Adil Cəmilin timsalında müasir
manasçı obrazı ortaya çıxır.
Adil Cəmil təkcə dastan-poema yaratmayıb. O, "Manas" eposunu dərindən
və əsaslı öyrəndikdən sonra Azərbaycan
oxucusuna tarixin çeşidli dövrlərinə baş
vurmaqla və epikanın bütün tələblərini
qorumaqla dəyərli bir əsər ortaya
çıxarmışdır.
Orijinal improvizatorçuluq bacarığını bu
dastan-poema ilə layiqincə nümayiş etdirən Adil Cəmil
vacib və fərdi bir yaradıcılıq ideyasını
uğurla sərgiləyib. Əsərin yeni
"Manas" nümunəsi olaraq qavranılması, müəllifin
onu qeyri-adi interpretasiyası kimi nəşri qırğız
qardaşlarımızın tarixinə və mifologiyasına
diqqətin yeni təzahürüdür. Çünki
burada Adil Cəmilin "Manas" dastan-poemasında klassik epos
atributikası və üslubu son dərəcə ustalıqla
yaradılmışdır.
Nizami TAĞISOY
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.22-23.