Kseniya

 

II hissə  

 

1

 

Ölüm səni narahat etmirdi.

İtlərin də ölmüşdü, camaatın dəymədüşər

dediyi dəli baytar da,

anan və onun Milana uyğun bişirdiyi

"qurbağalı" yeməyi də yox idi artıq;

divardakı balaca rəsmdən məni

səhərdən-axşama qədər güdən atan da.

Yenə də ölüm səni narahat etmirdi.

 

Uzaqdan, taksinin içindən

izləmək məcburiyyətində qaldım dəfn mərasimini

göz yaşlarından və can sıxıntısından

xilas olmaq üçün.

Həyat da narahat etmirdi səni.

 

Səni narahat edən heç nə yox kimiydi,

amma vardı bir şey, vardı mən başa düşməsəm də

və məhz o səni narahat edirdi.

 

2

 

Tez-tez cənab Kapı xatırlayırdın (mən daha az)

"Avtobusda gördüm onu, İskyada, özü də iki dəfə.

Klagenfurtlu vəkil vardı e, həmişə açıqca göndərirdi, o.

Demişdi bizə qonaq gələcək".

 

Axırda gəldi, hər şeyi danışıram ona, donub qalır,

elə bil onun üçün də fəlakətdir. Uzun müddət heç nə demir,

nəsə mızıldanır, ayağa durub baş əyir. Deyir ki,

yenə açıqca göndərəcək.

Qəribədir, səni başa düşənlərin hamısı

belə qəribə adamlardı.

Cənab Kap! Adı da bəsdi elə. Bəs Seliya?

O haralardadır, görəsən?

 

3

 

Dabankeşimiz vardı, hər yerə özümüzlə aparırdıq,

o buynuza oxşayan paslı dəmir üçün

xeyli təəssüfləndik. Elə bil yaxşı düşmürdü

özümüzlə gəzdirmək o iyrənc əşyanı.

Yəqin, mehmanxanada çamadana

qoymaq yadımdan çıxmışdı.

Otaq xidmətçimiz Hedia da yəqin,

tullamışdı onu. Necə yazardım

o dəmir parçasını axtardığımızı?

Xilas edilməli qürur var idi ortada (bizimki)

və sadiq Hedia etmişdi bunu.

 

4

 

Şeytan kimiydin,

insanları elə tanıyırdın ki.

 

Cərrah Manqano başa düşdü bunu

qara köynəklilər səni tutub döyəndə

və gülüb keçdi.

 

Beləydin: hətta uçurum kənarında da

sevimlilik və dəhşət eyni musiqidə.

 

5

 

Ən az bir milyon pillə düşdüm səninlə əl-ələ

indi yoxsan və hər addımım boşluğa düşür.

Çox qısa çəkdi uzun səfərimiz.

Mənimki hələ davam edir, lazım olmasa da daha mənə

rastlaşmaqlar, sözləşməklər,

tələlər və həqiqəti

aşkar hesab edənlərin utancı.

 

Milyonlarla pillə düşdüm səninlə əl-ələ

dörd gözlə bəlkə daha yaxşı görmək olar deyə.

Səninlə düşdüm, çünki bilirdim ikimizdən

təkcə sən idin göz bəbəkləri həqiqi olan

nə qədər dumanlı görsələr də.

 

6

 

Barmen bokala İnferno süzürdü.

Sənsə dəhşət içində soruşdun:

"Bunu içməyə məcburam?

Bəs deyil bu dəhşətli alovda yanmağım?".

 

7

 

"Əsla əmin olmadım dünyada var olduğuma".

"Doğrudan?" dedin və soruşdun: "bəs mən?".

"Ah, sən dünyanı gəmirib-didişdirdin

Az-az da olsa. Amma mən...".

 

8

 

"Bəs Paradiso? Cənnət varmı?".

"Zənnimcə, var, xanım, amma daha heç kim

şirin şərab istəmir".

 

9

 

Rahibələrə və dullara, o ölüm satan

pis qoxulu ağıçılara

baxmağa qorxurdun. Min gözü olan o, hətta o da

çevirirdi nəzərini başqa tərəfə, əmin idin bundan.

Hər şeyi görən o... çünki sən, hər ehtimala qarşı,

balaca hərflə də anmırdın Tanrını.

10

 

Uzun axtarışlardan sonra

Avenida de Liberdadedəki bir barda

tapdım səni; portuqalcanın p-sını bilmirdin,

daha doğrusu, bircə kəlmə bilirdin

o dildə: Madeyra. Və xərçəng parçalarıyla bəzədilmiş

bokal gətirdilər sənin üçün.

 

Axşam çətin adları olan

portuqal şairlərlə müqayisə olundum,

üstəlik, Karduççiylə də.

Təsirlənməmişdin, qəhqəhə içində

ağladığını gördüm, camaatın içində gizlənmişdin,

bəlkə də sıxılırdın, amma saxlayırdın hörməti də.

 

11

 

Zamanın dərinliyindən çıxıb yenə

Seliya zəng etdi, o filippinli qızı deyirəm,

səni soruşurdu. Zənnimcə, yaxşıdı, dedim,

bəlkə əvvəlkindən də yaxşı. "Necə, zənn edirsiniz?

Ona nə olub ki?". Bəlkə əvvəlkindən də çox, amma...

Seliya, başa düş...

Xəttin o biri başında,

Manilada, ya da başqa yerdə

sözü boğazında qaldı, hıçqırtı

imkan vermədi danışsın. Və birdən dəstəyi qoydu.

 

 12

 

Şahinlər

həmişə uzaq olmuşdu səndən,

bir-iki dəfə yaxından görmüşdün onları.

Etretadaydı biri, balalarının

naşı uçuşuna baxırdı.

O biri ikisi Yunanıstanda,

havada uçuşan lələklər,

iki cavan dimdik,

davakar və ağrısız.

 

Həyatı parçalanmış şəkildə sevirdin,

ipliyi qaçmış hörgü kimi.

 

13

 

Otağıma atanın rəsmini asmışam

dəmir portretdi, yaşı yüzdən yuxarı olar.

Mənim nəslimin tarixi o qədər dolaşıqdır ki,

sənin nəslini üzə çıxarmağa çalışıram, əbəs yerə.

At deyilik ki, nəslimizin tarixi

almanaxlarda yazılsın. Keçmişini bildiyini

iddia edənlərsə özləri də yox idi əslində,

nə də biz onlar üçün mövcud idik. Elədirsə?

Yenə də nəsə olmuş olmalıdır,

bəlkə bir heç, bəlkə də hər şey olan.

 

14

 

Mebellərimiz suyun altında qaldı sel vaxtı,

iki kilidli zirzəmi mənzilindəki kağız və tablo kütləsi də.

Ümidsizlik içində qorunmağa çalışıb bəlkə də

qırmızı cildlər, Şarl Dübonun sərhədsiz ithafları,

Ezranın möhür saqqalı,

Alenin Valerisi, Canti Orfici`nin

birinci nəşri - və bir neçə üzqırxan,

minlərlə xırım-xırda şey və qardaşın

Silvionun bütün bəstələri.

 

Neft və qurunt sularının vəhşi hücumu altında

on-on iki gün. Şübhəsiz, çox əzab çəkiblər

kimliklərini itirməmişdən qabaq.

Mən də ərp bağlamışam boğazıma qədər

qeyri-müəyyən idi, çünki kimliyim əvvəlindən.

Çürümüş artıqlar deyildi, amma inanılmaz

və heç inanılmayan

bir həqiqətin səbəbləriydi məni əhatəyə alan.

Onların qabağında hiss etdiyim cəsarətim mənə ilk

hədiyyən idi və bəlkə də sən bilmirdin bunu.

 

Eucenio MONTALE

 

Tərcümə: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.32.