“Nə lazım
olduğunu anlamaq üçün”
"Ədəbiyyat qəzeti"ndə
yayımlanan "Onun romanı" rubrikasında bu dəfə
gənc yazar Fəridə ilə Qriqori Petrovun dünyaca məşhur
"Ağ zanbaqlar ölkəsi" romanı ətrafında
söhbətləşdik.
- Roman haqqında danışmazdan əvvəl
istərdim müəllif haqqında qısa bir söhbət edək.
Çünki əsərin müəllifi Qriqori Petrovun da kifayət
qədər, roman ağırlığında bir həyatı
olub.
-
Çox doğru qeyd etdin, Günel. Mən təklif
edəcəkdim ki, ilk olaraq müəllifin həyat yolundan bəhs
edək. Qriqori Petrov Peterburqda, yoxsul bir ailədə
dünyaya göz açıb. Uşaqlığı
yoxsulluq və səfalət içində keçən Petrov
dünyanın daha aydın, daha xoşbəxt, yaşamaq
üçün daha gözəl bir yerə çevrilməsini
arzulaya-arzulaya beşinci sinfi bitirib, İlahiyyat məktəbinə
gedir. Burda din, Tanrı və insan anlayışları ilə
tanış olduqdan sonra Petrov öz-özünə
analiz edir ki, insan övladı yaradılmışların ən
alisidir və düşünür ki, yer üzünün
bütün maddi nemətləri, eyni zamanda bütün mədəniyyətlər
insanlığın rifahı naminə istifadə edilməlidir.
Petrova görə, yer üzündə insan öz cənnətini
qura bilmək üçün elmdən, fəlsəfədən,
incəsənət, din və s. kimi hər şeydən
düzgün və məqsədyönlü şəkildə
istifadə etməlidir.
Bütün həyatı boyu bu ideallarla
çalışmış və yaşamış Qriqori
Petrov 1900-cü illərdə Rusiyada, həm professor, həm də
Rahib kimi hörmət qazanmış, dövrünün
sayılıb-seçilən müəlliflərindən birinə
çevrilmişdi.
Təsadüfi
deyil ki, sıradan bir qəzet olan, çox az
tirajla satılan "Russkoye Slovo" qəzeti onun
yazılarını yayımlamağa başladıqdan sonra
artıq tirajı beş yüz minə
çatmışdı.
O,
hörmət qazandıqca, öz ideallarından
danışdıqca bolşeviklərin diqqət mərkəzində
olurdu. 1920-ci ildə onun bütün
yaxınları, uşaqları daxil olmaqla qohum-əqrəbası
vəhşicəsinə qətlə yetirilir. Petrov son anda Krım-İstanbul gəmisinə
yetişərək həyatını qurtara bilir.
Bundan sonra o, İstanbulun "Yeşil köy" adlanan
səmtində mühacirlərin arasında səfalət və
yoxsulluq içində yaşamağa məcbur olur. Bir qədər sonra
mühacirlərin nəql edilməsi zamanı təsadüfən
serblər onu tanıyır və Belqrad Universitetində
professor kimi iş verirlər.
- Bu arada onu da qeyd edək ki, müəllifin
"Ağ Zanbaqlar ölkəsi" romanı bir əsrdir
Türkiyədə ən çox oxunan kitablar
siyahısından düşmür. Ankarada olarkən
"Ağ zanbaqlar ölkəsi" adlı küçə
də gördüyümü xatırlayıram.
- Hətta Atatürkün göstərişi ilə
türkcə nəşri hərbi məktəblərdə dərs
vəsaiti kimi tədris edilir. "Ağ zanbaqlar ölkəsi"nin adı bu gün dünya klassik əsərləri
ilə bir cərgədə çəkilir. Günümüzdə
Ankarada Finlandiya səfirliyinin yerləşdiyi küçə
"Ağ zanbaqlar ölkəsi" adlanır. Əslində,
bütün bu faktlar "bir kitab hansı zamana qədər, nə
qədər təsirli ola bilər?"
sualının cavabıdır.
- Gələk "Ağ zanbaqlar
ölkəsi"nə. Romanın ana fikri nədir?
- "Ağ zanbaqlar ölkəsi" Qriqori Petrovun
1923-cü ildə yazdığı romandır. Publisistik
üslubda və tarixi roman janrında yazılan bu əsərdə
müəllif XX əsrin əvvəllərində Finlandiyada
gördüyü cəmiyyət, insanlar və cəmiyyətin
mədəni inkişafı naminə mübarizə aparan
aydınlardan danışır.
Kitabda
uzun illər başqa dövlətlərin və xalqların
müstəmləkəsi kimi yaşamış fin cəmiyyətinin
varoluş hekayəsindən, öz ayaqları üstündə
dayanıb sağlam, təhsilli, əxlaqlı və mədəni
bir ölkə - Finlandiyanın inşa etməsindən
danışılır.
Daş-qayadan
ibarət bərəkətsiz torpaqlar, yoxsul və savadsız
insanlar, sürətlə pozulan, dağılan əxlaq, ailə
və cəmiyyət dəyərləri, geridə
qalmış sənaye və öz ölkəsini, cəmiyyətini,
insanlarını xoşbəxt, mədəni və inkişaf
etmiş bir gələcəyə daşımaq naminə
mübarizə aparan aydınlar-fədailər...
- Əsərin baş qəhrəmanı
Snelman necə bir obrazdır və müəllif bu obrazın
dilindən cəmiyyətlərə hansı mühüm
mesajları ötürür?
- Əsərin əsas
obrazı, qəhrəmanı kimi gördüyümüz
Snelman "Xalqın müəllimi" tituluna layiq
görülür və bu gün dünyanın ən
inkişaf etmiş, ən mədəni ölkələrindən
biri halına gəlmiş Finlandiya modelinin qurucusu hesab olunur.
Snelman bir
neçə ziyalı ilə başladığı işlərə,
çıxdığı yola onlarca, yüzlərlə tərəfdaş,
aydın-ziyalı yığa-yığa bütün ölkə
ərazisində sayı cəmi iki milyon olan fin cəmiyyətində
maarifləndirici çıxışlar, tədbirlər,
söhbətlər hesabına insanlara təsir etməyə, cəmiyyətin
hər təbəqəsindən olan insanların
aydınlanmasına can atan bir obrazdır. Təsadüfi
deyil ki, o, əvvəlcə işə təhsil sistemindən
başlayır. Snelman belə
düşünür ki, xalqın və cəmiyyətin
rifahı ilk öncə təhsilli və vicdanlı müəllimlərdən
asılıdır. Onlara siz bu cəmiyyətin,
gəncliyin və gələcəyin qurucularısız deyə
müraciət edir və əlavə edir ki, mənə
özünü həqiqətən müəllim kimi hiss edən,
çıxdığımız bu aydın yolda nəyin
bahasına olur-olsun, öz əqidəsindən dönməyəcək
olanlar lazımdır. Əgər aranızda kimsə
özünü müəllim kimi hiss etmirsə, başqa sənətlərə,
peşələrə yönəlsin, harda cəmiyyətə
fayda verə biləcəyini düşünürsə, o
istiqamətdə çalışsın.
- Əsərdə diqqət
çəkən məqamlardan biri də Snelmanın gənclərlə
bağlı düşüncələridir. Yanaşması fərqlidir. Bizim bir çox ziyalılar kimi gəncləri ancaq
linç etmək yolunu tutmur.
- Bu
müqayisə çox yerinə düşdü. Snelman gənclərlə söhbətləri
zamanı onları tənbeh edib danlasa da, daim gənclərin
yaramazlığından, xeyirsizliyindən bəhs edən
qocaların, ağsaqqalların yanında onları müdafiə
edirdi. O deyirdi ki, gəncləri
günahlandırmayın, günahkar sizsiniz, gəncləri necə
tərbiyə etmisinizsə, gənclik də o cürdür. Gənclik
sizin əxlaq-təhsil-mədəni durumunuzun aynasıdır:
"Hər nəsil özüylə yeni bir nəğmə,
yeni bir yaşam şəkli, yeni mədəniyyət gətirir.
Qarşımızda duran məqsəd istiqaməti
xalqın inkişafı, rifahına doğru dəyişə
bilməkdir".
Keçək sualın əsas cavabına. Snelman cəmiyyətlərə
hansı mesajları ötürürdü? Filosof, siyasətçi
və elm xadimi Snelman təsis etdiyi qəzetdə daim xalqa bu
fikirləri aşılayırdı: - Nə vaxt ki, bizim bu
balaca ölkəmiz, cəmiyyətimiz öz mədəni
inkişafı ilə qonşularımızdan daha yüksəyə
qalxa biləcək, o vaxt təhlükə sovuşmuş
olacaq".
- Əsərdə cəmiyyət, məmur,
ziyalı təbəqədə təsvir olunan
nöqsanları oxuduqca bizə tanış
mənzərələrlə qarşılaşırıq.
Snelmanın bəhs etdiyi həqiqi ziyalı modeli necə idi və
səncə, bu gün bizdə Snelmanın təsvir etdiyi
ziyalı modeli varmı?
- Snelman
deyir ki, millətə, xalqa necə inkişaf etməyin, mədəniyyətin
yollarını göstərə bilməliyik.
Bu yolda bizə yoxsulluğu, rüşvətxorluğu və
ya cahilliyi ələ salıb, lağlağı edən
insanlar yox, həqiqətən insanlara ürəyi yanan,
kömək etmək istəyənlər lazımdır.
- Bizdə də cahilliyi,
rüşvətxorluğu lağlağıya çevirən
"ziyalı"lar az deyil. Bizə də
bir Snelman lazımdır, deyəsən (gülürük).
- Mütləq.
Snelman nə deyir: "Ziyalı olmaq dəblə geyinmək,
zolaqlı köynəklərdə gəzmək, rəngli
kepka taxmaq deyil. Aydınlar bir millətin beyni deməkdir".
- Snelmanın məqsədi nə idi
və o, məqsədinə nə qədər çata bildi?
- Ölkənin
dörd bir yanını gəzib məmurlar, müəllimlər,
həkimlər, din xadimləri ilə söhbətlər aparan
Snelmanın bircə məqsədi vardı - maariflənmək
və inkişaf etmək. Onun və ona
qoşulan aydınların sayəsində dumanlı iqlim, yaz
aylarında şaxta, qranit daşlarla dolu bərəkətsiz
torpaqlarda fin xalqı böyük bir mədəniyyət
yaradacaqdı.
Məmurlarla
görüşlərdə Snelman onlara belə səslənirdi:
- "Xalqı unutmayın. Siz onların
içindən çıxmısınız. Savadsız, yoxsul və cahil xalqdan
qaçırsınız? Özünüzü
onlardan üstün görürsünüz? Bəs bu
xalqın firavanlığı naminə siz özünüz nə
etmisiniz?".
Bu cür söhbətlər zamanı həmin məmurların
cavabı, adətən belə olurdu ki, xalq cahildir, heyvan
sürüsü kimi təkcə qarnını doyurmaq haqda
düşünür və s.
Snelman isə onlara xalqı, cəmiyyəti
oyatmağın yolunun hansı mərhələlərdən
keçdiyini öyrədir, bütün imperiyaların bir
gün yıxılmağa məhkum olduğundan
danışırdı. Xalqı işləyən qarışqa
sürüsü və ya qarnını doyurmağa
çalışan heyvan sürüsü kimi görmək əvəzinə,
onların oyanması üçün hansı işlər
görülməsini izah edirdi. Və bu cür söhbətlərin,
görüşlərin, məktublaşmaların nəticəsində
fikrini dəyişən məmurlar, müəllimlər, din
adamları bir-bir Snelmanın dəstəsinə qoşulurdu.
Eyni zamanda xalqa da izah edirdi ki, hər xalq layiq olduğu
kimi idarə edilir. Məmurlar da sizin aranızdan çıxan
insanlardır: "Məmurların rüşvətxor,
zalım və ya adil olması elə ilk növbədə
xalqın özündən, səviyyəsindən və tələblərindən
asılıdır".
Snelman məqsədinə çatır. Nəticədə,
cəmiyyətin bütün təbəqələri
arasında dialoqlar yaranır, hərə öz üzərinə
düşən işin ağırlığına
dözür və beləcə sağlam və mədəni cəmiyyət,
xalq, ölkə yaranırdı.
Əsəri
oxuya-oxuya bu suallara cavab tapırsan:
Əsl demokratik ölkə necə olur?
Bu prosesdə aydınların rolu nədir?
Həqiqi vətənpərvərlik nədir?
Xalqa xidmət etmək nə deməkdir və necə
olur?
Cəmi bir neçə ziyalı və aydından ibarət
bir komanda bir millətin, cəmiyyətin təşəkkülü,
bir ölkənin gələcəyi naminə nələr edə
bilər?
- Hazırda insanlarımızın vəziyyətini
o vaxtkı fin xalqının vəziyyətindən nə fərqləndirir?
- Bizim o
vaxtkı finlərdən heç bir fərqimiz yoxdur.
Snelman xaricdən maliyyələşən və daim
istehza, ələsalma, aşağılamaq mənasında
yazılar yazan, ədabaz bir yazarla görüşür və
söhbət etmək istəyir. Gənc yazıçı ona
yuxarıdan aşağı baxıb, istehza ilə
danışır, - daha vacib işləriniz ola
bilər, mənimlə vaxt itirməyin - deyir, amma Snelman ona
öz üslubu, mədəniyyəti ilə yanaşır,
onunla elə cümlələr seçərək
danışır ki, bu söhbətdən təsirlənən
yazıçı onun əlini öpür. Bu
görüşdən bir müddət sonra həmin
yazıçının ölüm xəbəri
yayılır. Guya təsadüfən
silahı ilə özünə atəş açıb.
Bunları oxuyanda bizim cəmiyyətin bəzi
yazıçıları, onların tərzi ağlıma gəldi. Əminəm
ki, kitabı oxuyanların çoxunun gözünün
önünə konkret eyni "yazıçı"ların
siması, tərzi, yazıları gəlir. Bizdə yoxdurmu onlardan? Var, əlbəttə.
- Əsərdə
başqa diqqət çəkən məqamlardan biri də
Snelmanın orduya, əsgərlərə münasibətidir.
- Əsgərlər
ağır iş şəraitində
çalışdırılır, keyfiyyətsiz qidalanır,
səhərdən axşama təhqirlərə, işgəncələrə
məruz qalır. Orduda təhqir və söyüşlərin
biri bir qəpik...
Bəs Snelman nə etdi? Əsgər və
zabitlərlə görüşlərə getdi, məktublar
yazdı, söhbət apardı. Orduda mədəni
inkişafa çalışdı. Təlim-tərbiyə
sistemi quruldu. Söyüş və təhqir,
işgəncə yığışdırıldı. Kitab klubları yaradıldı. Pyeslər
səhnələşdirildi. Ordu tamamilə
nizam-intizamlı, tərtəmiz, mədəni bir yerə
çevrildi. Ömrünün bir neçə
ilini hərbi xidmətdə keçirən əsgərlər
ordudan tam aydın, mədəni insan və əsl vətənpərvər
kimi ayrıldı və həyatlarının ondan sonrakı
qismini də inkişaf və mədəniyyət
ideallarını digər insanlara aşılamaqla
yaşadılar.
Snelmanı narahat edən problemlərdən biri də
futbol idi.
- Həmçinin bizim də
yaralı yerlərimizdən biri (gülürük).
- Bəli,
bu məsələ də bizim ölkəmiz üçün
aktual problemdir. Bizdə futboldan çox,
idmanın güləş növü inkişaf edib,
düzdür, amma düşünürəm ki, elə onun
üzərindən müzakirə edə bilərik.
Snelmanın ölkəsində gənclər, uşaqlar
oxumaq, təhsil almaq, cəmiyyətdə önəmli bir yer
tutmaq, hansısa sahədə işləmək əvəzinə
futbola meyil salmışdılar. Güclü
ayaqları ilə öyünürdülər. Hamı
futbolçu olmağa can atırdı. Snelman isə
deyirdi ki, bizə sağlam ayaqlar yox, sağlam başlar, beyinlər
lazımdır. O bu istiqmətdə apardığı
söhbətlər, təlim və tərbiyə işləri
sayəsində də uğur qazana bildi.
- Mənim bu əsərdə ən
çox xoşuma gələn şey ölkənin ziyalı təbəqəsinin
vəzifəsinin nə olduğunun çox aydın şəkildə
açıqlanması oldu. Bəs sənin əsərdə
ən xoşuna gələn hissə hansıdır?
- Bu elə
bir əsərdir ki, burda "ən xoşuma gələn hissə"
seçimi etmək çox çətindir. Çünki
əsər özlüyündə olduqca möhtəşəmdir.
Hər hissəsi qiymətli bir əsərdir.
Amma əsərdə "mürəbbə
kralı" Jarvinin öz həyat hekayəsini
danışdığı hissə də çox
maraqlıdır. Küçədə smit satan bir gənc öz ideyaları,
çalışqanlığı, iradəsi və əzmi ilə
ölkədə və ölkə hüdudlarından kənarda
da tanınan böyük bir biznesmenə çevrilir. Bunların hamısı haqda uzun-uzadı
danışmaq olar.
Eyni zamanda orda kilsələri qarət edən bir
oğrunun hekayəsi var. Fikrimcə, bu da diqqət çəkən
məqamdır. Kilsələri qarət edib, rahiblərə
hücum çəkən oğru qurtuluş üçün
yenə də rahibin evinə sığınır. Rahib
onun kim olduğunu bilə-bilə ona
qapısını açır və gizlədir, ələ
vermir. Orda aralarında keçən söhbət
sonrasında adını unutduğum o şəxs tövbə
edir. Hətta gedib təslim olmaq istəyir.
Təslim olsa yəqin ki, uzun illər həbsdə
yatacaqdı və ya öldürüləcəkdi. Amma rahib ona deyir ki, sən uşaqlarına
lazımsan, onları tərbiyə etməlisən. O adam ölkədən çıxır. Uşaqlarını da götürüb başqa yerə
yerləşir və başqa adla öz zəhməti ilə
yaşayıb, dolanmağa və uşaqlarını tərbiyə
etməyə başlayır.
Bizim cəmiyyətimizə də bu cür
düşünən din adamları lazımdır. İnsanları
yanlış yoldan çəkindirmək üçün
onları cəhənnəm və Tanrı xofu kimi naməlum məfhumlarla
qorxutmaq əvəzinə, onları tərbiyə etmək
lazımdır. Qorxu insanı bəzən
cinayətdən çəkindirə bilmir, amma içindəki
sevgi insanı hər cür pisliklərdən uzaq tutmağa
qadirdir.
Əsərdə, həmçinin, ailə modelinə də
toxunulur.
Atalar səhərdən axşamadək ailəni dolandırmaq
üçün işləyir, analar ev
işləri, məişət qayğıları ilə o qədər
məşğuldur ki, uşaqların mənəvi
inkişafı, maraqları və hissləri heç kimin
yadına düşmür və ya vecinə deyil. Tərbiyə
adına uşaqlara bunlar deyilir - yalan
danışma, pislik etmə və s.
Uşaqlara bunu deyib özünüz isə hər
gün yalan da danışırsınız, kiməsə
pislik də edirsiniz, quyusunu da qazırsınız, rüşvət
də alırsınız. Və uşaq
üçün sizin dedikləriniz yox, etdikləriniz dərs
olur. Sizə baxır, sizdən pis şeylər
öyrənirlər.
Bütün bunlar sanki bizim cəmiyyətin
hazırkı güzgüsüdür. Mən kitab
üzərindən danışıram və artıq bir kəlmə
istifadə etmək ehtiyacı duymuram, oxuduğumuz haqqında
danışdığımız bu cəmiyyət sanki bizim
özümüzük. Kitabı oxuduqca qəhərlənirdim.
Çünki nə lazım olduğunu
anlayırsan, nəyə və kimlərə ehtiyac var
anlayırsan.
- Və sonda, Fəridə, biz bu
kitabı niyə oxumalıyıq?
- Az bir
büdcə ilə səhiyyə, təhsil, ordu və s.
sistemlərdə maarifləndirmə, inkişaf və rifaha necə
nail olmaq olur - bunu öyrənmək üçün;
Xoşbəxt
ailələr necə olur - bunu anlamaq üçün;
Qadın-kişi,
valideyn-övlad, məmur-vətəndaş münasibətləri
necə tənzimlənir - bunu dərk etmək
üçün;
Özünün
və başqalarının hüquqlarını necə
qorumalısan - bunu bilmək üçün;
Və ən
önəmlisi - bir cəmiyyəti, bir ölkənin gələcəyini
qranit daşlar içindən qaldırıb xoşbəxt və
mədəni insanlar ölkəsinə çevirmək
üçün bir vətəndaş kimi məsuliyyət və
öhdəlikləri özündə tərbiyə etmək
üçün!
Kitabı iki dəfə oxumuşam. Az qala
bütün sətirlərin altını qeyd edə-edə, hər
səhifə haqda özümçün ayrıca qeydlər
apara-apara, ürək ağrısı ilə oxumuşam. Və nəzərinizə çatdırmaq istərdim
ki, bu kitab mənim üçün bizim dilə ən gözəl
şəkildə tərcümə edilmiş bir kitab kimi də
ayrıca diqqət mərkəzində olub. Nə tərcümə, nə redaktə, nə də
korrektə səhvinə rast gələ bilməzsiniz. Bu kitabı bizim dilə çevirən tərcüməçilərdən
biri Səbuhi Şahmursoydur, digərinin adını təəssüf
ki, unutmuşam, kitab hazırda yanımda deyil. Hər ikisinə bir oxucu kimi dərin minnətdarlığımı
bildirirəm.
- Maraqlı söhbətə
görə sənə təşəkkür edirəm.
Söhbətləşdi: Günel
MUSA
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.24-25.