"Oğullar vətənin görən
gözüdür"
və ya "Tabuta sığmayan igidlər"
Torpaq
vətən olsun deyə oğullar tək Vətənin
görən gözləri olmadılar, onlar çönüb
bütöv Vətən oldular. Vətən olan
oğullarının şücaəti bu gün gərək
qalaq-qalaq əsərlərə sığmasın. Onları
ürəyimizcə vəsf etməliyik. Belə
çıxır ki, bizdə sağlam ürək yoxdu... gəlin
ürəkli olaq. Axı onların mərmilər
önündə dayanmağa ürəkləri vardı.
Belə
ürəkli oğlanları ürəklə qələmə
alan, az da olsa yazan oğullarımız var.
İstəyirəm gənclərimizin adlarını çəkəm.
İlk öncə döyüşçü şairlərimizi
xatırladacam - Emin Piri, Oğuz Alparslan, Elvin
İntiqamoğlu, hər bir şəhidimizə bir şeir həsr
edib, valideynlərinin yanan ürəyinə su səpən
Elşad Barat, Elnur Uğur, Fərhad Əzizbəyli və
ismini çəkmədiyim onlarca yazarlarımızın bu
gün əsərlərini diqqətə
çatdırmağımız lazımdır. Qəhrəmanlarımızdan
yazmaq şərəfli iş olmaqla yanaşı, həm də
çətindir. Hadisələri yaşamaq,
onların ailələri ilə dialoq qurmaq, çoxunun gül
balalarının solmuş çöhrəsini görmək
diri-diri yanıb-yaxılmaqdı. Bugünkü
məqaləmdə iki şəhidimizi bizə daha yaxından
tanıdan, amma şəhidlərimizə olan sevgi və
hörmətindən kitabda öz rəsmini verməyən Fərhad
Əzizbəylinin yaradıcılığı haqqında bəhs
edəcəm.
"Vətən sevdalıları" adlanan poemalar
kitabında müəllif dünənlə bu gün
arasında bir körpü yaradıb. Bu körpünün başında
Salyanda dünyaya göz açan ancaq Salyandan uzaqlarda - türk dünyasında
özünün azad fikri, ziyalı düşüncəsi ilə
tarixdə yaşayan Əli bəy Hüseynzadə durub. O
Əli bəy ki, Turan sevdalısı oldu, Turana işıq
saldı. "Əli bəy o dərəcədə
böyükdür ki, bəlkə də onun ideoloji
iştirakı olmasaydı, unudulmaz Ənvər Paşa Turan hərbinin
romantikinə, Qazi Mustafa Kamal Paşa Türkiyənin realist
siyasi memarına çevrilməzdi" (Azər Turan)
Müəllif "Əli bəy Turan - Turan
sevdalısı" poemasında Azərbaycanın qəhrəman
oğlunun obrazını yaratmağa çalışır və
sanki bugünkü qəhrəmanlarımızın Əli bəyin
mənəvi övladları olduğunu vurğulamağı
özünə borc bilir.
O da
ziyasını bir Günəş kimi
Yaydı təmənnasız - zülmət olmasın.
Elə
Günəş kimi yandı, yaxıldı
Xalqı
millət olsun, ümmət qalmasın!
Digər
bənddə
Tanrının
Turana yol göstərəni,
Zülmətdən
yol açan o, bir işıqdı!
Zalım
həmcinsinə zülm eləyəndə
O, insana bəzək,
süs, yaraşıqdı!
"Əli
bəy Turan - Turan sevdalısı"
Müəllifin bir çox fəslə proloq
seçimində Türkiyənin ölməz şairi - Məhmət
Akif Ərsoydan başlıq verməsi özü də
çox böyük əhəmiyyətə malikdir.
Məhmət Akifin müqəddəs ruhlu misralarından
sonra 44 günlük Qarabağ savaşını zəfərlə
sonlandıran Azərbaycanın Milli Qəhrəmanı
haqqında yazmaq özü bir cəsarət istəyir. Fərhad
Əzizbəylinin bu çətin məsuliyyəti boynuna
götürməyi özü belə çətin və
şərəflidir. Müəllif bir neçə bənddə
Milli Qəhrəman Samid İmanovun obrazını ümumi qəhrəman
obrazlarının timsalında əks edir:
Qəlbi ən
ilahi eşq ilə vuran
Oğullar vətənin görən gözüdür.
Vətən
qarşısında eşq imtahanın
Qəhrəman
oğullar can ilə verər.
Şəhidlərimizin uyuduğu məzarı müqəddəs
nur ocağı kimi görən şairin misraları o məzarlardan
qor aldığı üçün belə müdrikdir. Burada yenə
də şəhidliyin ilk illəri - 90-cı illər yada
düşür. Bugünkü qələbəmizdə
birinci Qarabağ şəhidlərinin məzarlarından od alan, o məzarlar önündə and içən
igidlərimiz 44 günlük Vətən savaşını zəfər
sevinclərilə bitirə bilərdi. Müəllif
bu misrada da qədirbilənlik missiyasını yerinə
yetirmişdi.
Şəhid
məzarları nur ocağıdır,
Müqəddəs qor düşər qəlblərə
ordan.
O oddan
güc alar igidlərimiz,
Vətəni
çıxarar, çilədən dardan!
Poemada qəhrəmanın
doğulduğu kənd, onun ailəsi, valideynlərinin qəhrəman
haqqında düşüncələri və s. əks
edilmişdir ki, bu nümunələrdən qəhrəmanın
bütün uşaqlıq və gənclik illəri oxucuya məlum
olur. Oxucu Vətən müharibəsində qəhrəmanlıq
göstərən, vətən yolunda canını qurban edən
şəhidi görür və tanıyır. Fərhad Əzizbəyli Samidin Abbas Səhhətin
"Könlümün sevgili məhbubi mənim, Vətənimdir,
Vətənimdir, Vətənim" misraları ilə
böyüyüb, tərbiyə aldığını poetikləşdirir.
Hadisələr zamanın qara yazılan tarixi ilə
üst-üstə düşür. Doxsanıncı il, yanvar ayı, 20 Yanvar hadisələrində
pəncərədən hadisələri izləyən balaca
Samid. Atasının dediyinə görə, o günlərdə
Samid ilk qərarını verir - "Mən Zabit olacam". Kiçik Samidin verdiyi qərar şair qələmindən
iftixar, fəxarət hissi doğurur. Qəhrəmanlarımızın
həyatlarında müşahidə etdiyimiz hadisələr,
istəklər üst-üstə düşür. Onların bir ideyaları olub - güclü olmaq,
mübarizə aparmaq və Vətən yolunda Şəhid
olmaq. Şəhid həyatından
oxuduğumuz, eşitdiyimiz elə bir hekayə yoxdur ki, orada qəhrəmanımız
şəhid olmaqdan qaçsın. Hər
bir qəhrəmanın arzusu şəhidliyə ucalmaqdır.
Elə kiçik yaşlı Samid də o gün atasına belə
demişdi:
Atacan, mən
zabit olacam! - dedi.
Samid qəti səslə mənə dönərək.
Gözləri yaşlıydı, o titrəyirdi.
-
Düşməndən də güclü biz olaq gərək!
Üçüncü fəsil də "Bəqərə"-154
surəsi ilə başlayır. "Allah yolunda
öldürülənlərə (şəhid olanlara)
"ölü" deməyin. Əksinə,
(Allah dərgahında) diridirlər. Bu fəsildə
Samidin şəhidlik zirvəsinə ucaldığı an var.
Ağır
yaralandı Samid də o gün,
Başqa yaralı da, şəhid də vardı.
Əmr
etdi: - Dostları xilas eyləyin!
Məndən
əvvəl onlar! Bu son qərardı!
Son məqamda da özünü düşünməyib
dostlarını xilas edən qəhrəman istəyinə
qovuşdu. "Əsir olmadı, Şəhid oldu".
O gün
Lələtəpə azad oldu. Bəlkə də
Aprel döyüşləri, Lələtəpə azad
olduğu gün Şuşanın azadlığına gedən
cığır düşmənlərdən təmizlənməyə
başlayıb. O mənada ki, Azərbaycan igidləri
artıq o vaxtın yaxınlaşdığını hiss
ediblər. Samid kimi oğullarımız öz qəhrəmanlıqları
ilə günəş olub Şuşa
üzərində bərq vurublar. Şair poemada uzaqgörənliklə
Azərbaycanın qalibiyyətindən, Qarabağın
azadlığından bəhs açıb:
Şuşanın
üstünə gün doğdu o gün,
Pənah xan məzarda yəqin rahatdı.
Qəlblərdən
silindi bədbinlik o gün,
Hər kəsdə
sabaha inam oyatdı!
Fəslin sonuncu bəndi bir qəhrəmanın dilindən
şairin ərşə qalxan istəyi, Tanrıdan diləyidi
ki ("şair ürəyi təmiz olur" - deyərlər),
həyata keçdi. 30 ildir canını Vətən yolunda
qurban verən qəhrəmanlarımızın qanı yerdə
qalmadı.
Qarabağda
susub azan,
Qoyma belə
qala dövran!
Can verməyə
hazır olan
İgidlərin
xatirinə!
Sonrakı fəsillərdə Samidin dəfni, Samidin
arzuları, ona bağlı olan bacısı Aybənizlə
son vida söhbəti, qəhrəmanın övladları -
Fidan, Turan balası haqqında məlumatlar poetikləşdirilib. Qələbəyə
təşnə olan Azərbaycan xalqının 30 illik arzusu qələmə
alınıb. Şair elə bil tez zamanda
qalib gələcəyimizə, zəfər nəğməsi
yazacağımıza əmin idi. Elə bu
gözəl duyğularla poemanın sonlanması özü də
böyük əhəmiyyət kəsb edib. Bu ruhda sonlandırılan əsərlərimiz
bugünkü zəfərimiz bizə yaşatmağa gedən
çığır olmuşdu.
O günlərin
tez gəlməsi
Ən
müqəddəs amalımız!
Qələbəyə
gedən yolun
İşıq
tutan memarı siz!
Qəlbimizdə
Vətən eşqi
Hey
kükrəyir, coşqun dəniz!
Millət
zəfər tamarzısı,
Qələbəyə
təşnəyik biz!
Qələbəyə
30 ilə yaxın zaman ərzində təşnə olan Azərbaycan
xalqı 44 günə qəhrəman
oğullarımızın sayəsində həm Qarabağ
torpaqlarımızı qanı ilə, canı ilə geri
aldı, həm də bütün dünyaya səs saldı.
Ali Baş Komandanımızın, ordumuzun və millətimizin
birliyi, şanı-şöhrəti dünyada örnək
oldu.
Kitaba
daxil edilən ikinci poema isə Vətən müharibəsi qəhrəmanı,
Azərbaycan Bayrağı ordeni, Azərbaycan
Respublikasının yeddi və Rusiya Federasiyasının bir
medalı ilə təltif edilmiş Vətən müharibəsi
şəhidi, xüsusi təyinatlı qoşunun baş
leytenantı Xəyyam Əzizovun xatirəsinə həsr
edilmişdir.
Poemanın birinci fəslində şair təəssüf
dolu hisslərini bölüşür. Şəhidin
ömür kitabını vərəqləyən şair onun
şərəfli, zəngin ömrünü izlədikcə
"Kaş ki sağlığında hörə biləydim,
qürurlu, kədərli şeir çələngin!"
- deyə üzülən şairin
qüssə dolu könlünü görmək, duymaq heç
də çətin deyil. Qəhrəmanımız
Xəyyam Əzizov hərbi litseydə təhsil alıb. Hərbin bütün çətinliyinə bələd
biridir. Litseydən sonra Ali hərbi təhsil
alıb, zabit rütbəsi alıb. O da hərbçi həmkarları
kimi şux qamətli, dağ vüqarlı idi. Poemada
Xəyyamın xarici görünüşünün təsviri
də oxucunu təsirləndirir. İçimizdən bir
sual keçir: Niyə şəhidlərimiz xarici
görünüşcə də bir-birlərinə bənzəyirlər?
Bəlkə də şair elə bu suala da cavab verir:
Uca qamətliydi,
dağ vüqarlıydı,
Adi əsgər
deyil, fədayidi o,
Tanrım
bu gün üçün xəlq eyləmişdi
Canını
Vətənə fəda etdi o!
Xəyyamın həmkəndlisi Sovet İttifaqı Qəhramanı
Əlif Piriyev olmuşdu. Onun yaşadığı kənddə
Nuru Paşanın izləri var, Ənvər Paşa burdan dənizə
keçmişdi. Neftçala qəhrəmanları
Zakir, Samid, Camal, Xəyyam, Elmdar bu kəndin insanlarının
qüruru, fəxr yeridir. Camal
İsmayılovun şücaəti haqqında dastanlar
yazılıb. Hadrut Fatehi - Camal İsmayılovun şəhidlik
gününü xatırladan şair Xəyyamın da qəhrəmanlığı
ilə oxucunu tanış edir:
Döyüş
meydanından Xəyyam çıxardı
Hadrut fatehinin cansız nəşini.
Xəyyamın
harayı bəlkə indi də
Titrədir o yerin hər bir daşını.
Vətən
müharibəsinin 43-cü günü Şuşa
azad oldu. Ancaq onun azadlığı Xəyyam
kimi oğulların canı bahasına əldə edildi. Yaralı Xəyyam o qələbə sevincini
yaşaya bildi. Nə qədər qəribə
bir tale. 8 noyabr Şuşa azad oldu,
onun şahadətlik qazandığı gün doğum
günüydü. "Şuşa Azad olan tarixi
gündə, haqqın dərgahına Xəyyam
qovuşdu".
Elə
hikmət var ki, sirri bilinməz,
Onu yazan
bilər - Tanrı yazısı!
Ha cəhd
et dəyişməz, silinməz, itməz
Kimdi on pozsun, kimdi qazısın?!
"Tabuta sığmayan şəhid"
- bu hissədə şairin can yanğısını hiss etməmək
mümkünsüzdür. Bu bəndləri
oxumaq çox çətindir. Əslində,
təhlilə də ehtiyac yoxdur. Hansı bəndi
qabardasan, hansını seçəsən? Bilmirsən. Və heç oxumağa da ürək
tab gətirmir. 25 yaşlı
yaraşıqlı, enlikürək, gen sinəli bu gəncin
dalınca baxan baxışları görmüş kimi olursan.
Bu iki bəndi seçib yazıram, kürəyimin
göynərtisi gözlərimdən axıb,
süzülür.
Poemanın beşinci fəsli Xəyyamın sevdiyi
qıza məktubudur. Bu eşqin sonunda vüsal görməyən
qəhrəmanın sevdiyinə yazdığı məktub da
elə qəhrəmanlığın, mərdliyin bir
parçasının ifadəsidir.
Poemanın sonuna doğru Xəyyamın daxili aləmi,
onun həyata fərqli baxışı şair tərəfindən
real və təsirli şəkildə təcəssüm
etdirilir. Xəyyam bir qəhrəman obraz kimi bütün
tamlığıyla əksin tapır. Qəhrəmana
olan sevgi və ehtiram altıncı fəsildə oxuculara təqdim
edilir. Xəyyamın adına çəkilən
bulaq, bulağın üzərindəki şəkil hər kəsə
Xəyyamın qəhrəmanlıq dastanını söyləyir.
Sonda içimdən ilk səhifəni vərəqləmək
gəldi. Sabir Rüstəmxanlının müəllif
haqqında yazdığı o fikir mənim də içimdən
keçdi. Şair Fərhad Əzizbəyli ilə indiyədək
yaxından tanış olmaq imkanım
olmadığına təəssüf etdim.
Mərziyyə NƏCƏFOVA
Ədəbiyyat qəzeti.- 2022.- 22
yanvar.- S.26.