Yenə də yağış,
yenə də külək...
ötür dəqiqələr,
anlar.
Qulaqlarımdakı o səs
deyir hər şey əbəsdi, əbəs!
Nə ağac qabığında
bir işarə,
nə də cığırlarda bir iz,
sənsiz,
mənsiz,
bizsiz...
***
Elə balaca, elə körpə ki,
hələ yer tutmur ayaqları
yuxuludur addımları.
Gözləri alabildikcə
seçib ayırmaq
istəyir adamları.
Anlamır
atılmaq nə, unudulmaq nə?
uzanan əlləri çəkir özünə.
Bir bələklik yuvası var,
bir əmziklik dünyası.
Atıldığı qapıda onu görən olacaqmı,
əldən-ələ keçib
sonra yenə atılacaqmı?
Qara gözlərində
nə kin var, nə də həsəd.
Ömür atıldığı qapıdan başlasa da
körpə dodaqlarında
süd qoxuyur əlbət!
***
Külək
Qulyabanıtək
tin-tin, dalan-dalan gəzib
döyür bir-bir qapıları.
Hardasa çox uzaqda
bir səs qəfil havalanır
itlər ağız-ağıza
verib
tənbəl-tənbəl donquldanır.
Yəqin,
qurdlar da yatıb
indi nəfəs-nəfəsə,
sən ha çağır,
ha səslə,
heç kim, heç kimi tanımaz
tanısa da açan olmaz qapısını hər kəsə.
Evlər,
pəncərələr
nə qədər yaxın olsa da
insanlar bir-birindən yad, uzaq.
Gecələr bu küçədə
xatirələri haraylamaq
yasaq!
***
Tavana baxa-baxa səni düşünürəm,
Pişiyim də xoflu-xoflu tavana baxır.
Ha baxsa da
nə sənin ayrılığından,
nə də tavanda oynayan işıqdan
bir şey anlaya bilmir.
Amma işığın dalınca
Yatağıma atılmağı belə
Səni xatırladır, səni.
Bir bilsəydin
Ayrılıq
ikimizin arasında yatan
pişik misalı.
Yoxsa hardan
əllərimdə əllərinin
sığalı?!
***
Anamın
bişirdiyi çörəyin
qoxusunu duyuram, -
təndirə uzadırmış
kimi
əllərimi uzadıram
avqust axşamlarına...
İllərdi
sanki təndir başındayam:
danışıram dilim yanır,
uzadıram - əlim!
***
Ulduzlar
key-key gözlərini döyür,
guya xəbəri yox
avqust axşamlarının
cırcırama səsindən.
Qonşunun tayqulaq iti
tənbəl-tənbəl quyruğunu
yelləyir,
külək
əski günlərin dəftərini vərəqləyir.
Cırcıramalar ürək-dirək verir
mənə
yaşamağa hələ
dəyər, -
göyər dilək
ağacım, göyər!
***
Bələdiyyə bağındakı qızcığaz
xallı kəpənəkdi,
uçur nəğmə-nəğmə
çiçəkdən-çiçəyə,
güldən-gülə.
Bu gün hava da
şıltaqdı,
o qız da,
əynində "küçə
mənə dar gəlir".
Dünya
yalnız
donundakı
alabəzək rənglərdən
ibarətdir, -
elə bilir!
***
Yaman uzun çəkdi bu gecənin nağılı
sən hələ də şirin yuxuda.
Gözlərini
və dodağındakı
təbəssümü oyatmaq
istəmirəm,
dağınıq xatirələrdən
saçlarını yığıram.
Özümlə götürürəm əllərini,
saçının bir telini,
bir də bu gecənin ətrini...
***
Gözlərində gülümsəyir
günəş
o dağlar da,
bu dəniz də,
üfüqlər də gözlərin kimi, -
bir gün aydın buludsuz,
bir gün umudsuz...
İnqilab İsaqa
1
Biz səninlə balıq olmalıydıq,
yosunların arasında
dolaşmalıydıq.
Avqust axşamlarının bürkülü
bağçasında,
çiçəklərin arasında,
xəyallarımız
okeanların dərinliyində...
2
Bir dünyam vardı;
yasəmən çiçəklərindən,
pöhrə tumurcuqlardan
və bir də
yağışdan sonrakı
göy qurşağından.
Göy üzünün maviliklərində
göyərçinlər qanad çalardı.
Xoşbəxtdi göyərçin qanadları,
xoşbəxtdi göy üzü,
xoşbəxtdim mən.
Bilmədim necə oldu?
göylərmi qaraldı
tumurcuqlar pərdəsindəmi
saraldı.
Hardan xəbər tutdular,
kim soraq verdi yerimi?!
indi təkcə adamlar var dünyamda,
xəyallar yox...
***
Bacasında burum-burum
xatirələr tüstülənən
küçə,
bədənə döyülmüş
şəkil kimi
susur bu gecə.
Orda köndələn bir ev də
vardı;
çəpəki yağış
yağan gecələr,
yollara boylana-boylana
adımı dua kimi pıçıldayardı...
***
Gecə
yarı ulduz axdı:
sonra dalınca biri,
sonra da biri...
Deyirlər, hərənin öz
ulduzu var,
bilməm mənim
də varmı,
varsa göy üzünün harasındadı?
Xoşbəxt ulduz altında doğulanlar
görən heç
yuxusunu qaçırırmı?!
Fəxrəddin ƏSƏD
Ədəbiyyat qəzeti.- 2022.-
22 yanvar.- S.27