Əli Əl-Şəlah

(İraq)

 

1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin Ədəbiyyat Fakültəsində Ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir Festivalının direktorudur. "Babilli Əli", "İmzalar" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

 

Kor sözlər

 

Bu səhər şeir oyanmır,

kəlmələrin ömrü sönür,

Və onlar əcəniblərin ağızlarında

təkrarlandıqca ağırlaşırlar.

Kor kimi səfərə çıxırlar,

gözlərdən oxunan sözlər şübhəlidir.

Həriflərin arasıyla gəzənlər üçün

bir xəzindir dilim.

Və mən ölənlərin hikmətini bilmədiyim üçün

sözlərimə yeni mənalar axtarıram.

Müdriklər xatirələrin qalıqlarını yazırlar üfüqə,

məqbərələrdə təkrarlanır müqəddəslik.

Sabah heç kəs yatmayacaq

əcdadların məqbərələri yanında.

Çünki su "yeni peyğəmbər"in kələyini

                        ortaya çıxardı

və o təkrarlanan şeirlərin "peyğəmbəri" oldu.

Şeir oyananda bütün yalanlarla cəngə girəcək,

mətnlərdə ayaq qeydlərindən özgə

                        həqiqət qalmayacaq,

külək gedənləri geri qaytaracaq

və axırıncı müğənni həmişə tənha qalacaq.

Gözləyəcək ki, yaralarını əllərinizlə sarıyasınız.

 

***

 

Əgər beləydisə bu əməllərin sahibləri

                        niyə məğlub oldular?

Niyə şeir oyandı

və niyə müğənni hələ də mahnı oxuyur?

 

Talisman

 

İki il əvvəl el-obamdan ayrılanda

yaşıl dəftərin arasına qoydum şəkilimi,

sonra çöhrəmi çəkib çıxarım içindən

və onu Vətənimin sərhədlərinə qoydum.

Bunu sadəcə mən belə istədim deyə etdim.

Özüm özümlə qaldım.

Qürbət zövqlərimi dəyişdirmədi,

Məsələn, həmişə Bağdad saatına baxdım

və hər dəqiqəni İraq saatına görə hesabladım.

Yurdumun xurma ağacları yatmaz,

gözləri qaynayar yuxusuz olanda.

Eşq çılğın səsləri əhatələyəndə,

elə həmin vaxt

bizdən özgə heç kəs bilməz yurd eşqini.

Vətən dərdimizi dilə gətirmərik,

amma həsrətini də necə lazımdı çəkərik.

Bizi çağıranda yurdun səsinə tərəf gedərik

və heç qulağımızdan soruşmarıq ki,

bizi çağıran kimdir?

 

Yurd...

Hər birimiz...

Cənnət - sürgün...

Darıxarıq Vətənimizdən...

Onun oğrularından, sərxoşlarından,

yayda istisi od ələyən sığınacaqlarından,

küçə qadınlarından,

müxaliflərindən və mütəfəkkirlərindən,

müxbirlərindən və həbsxanalarından.

 

Vətən xəritələrin bölündüyü kimi bölünmür,

Vətən "biz" deməkdir.

Hər bir iraqlı da İraq deməkdir.

Vətəni neçə Vətənə bölə bilərlər ki?

 

Vətənin iksiri bizik,

Vətənin ruhu kürdlərin eşqi kimi,

sünnilərin dəhşətli yuxuları kimi,

və şiələrin kədəri kimidir.

Vətən bizik.

Vətən mənəm.

 

Tərcümə edən: Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.29.