Aslan Kənanın divanı
İnsanlar əsrlər boyu haqqı soraqlayır, onun
harada olduğunu arayır. Toplar gurlayanda, tanklar üz-üzə
gələndə, yaxud cəmiyyətdə müxtəlif qurumlar arasında
qara-qışqırıq yarananda, savaş başlayanda
haqqı aramaq, ədalətin kimin tərəfində
olduğunu aydınlaşdırmaq çətin olur. Amma zaman bütün yaralara məlhəmdir.
Vaxt keçir, sular durulur. Kimin kim olduğu
bilinir. Çünki arxivlər
açılır, sənədlər, sübutlar üzə
çıxır. Zaman arxivlərin
timsalında ədalət məhkəməsi qurur. Nə qədər qışqırsansa, nə qədər
hay-küy salsansa bu ədalət kürsüsündən yaxa
qutara bilməyəcəksən.
Bəli, arxivlər ədalətli bərqərar edən
sənədlər, sübutlar xəzinəsidir. Onun
keşiyində isə əsgərlərdən də
inadlı, onlar qədər cəsarətli qoruyucular
dayanıb. Bu gün ömrünü, həyatını
bir əsgər kimi arxiv sənədlərinin
araşdırılmasına, qorunmasına və xalqa
çatdırılmasına həsr etmiş qələm
dostum Aslan Kənan haqqında söhbət açmaq istəyirəm.
Azərbaycan Dövlət Tarix Arxivinə rəhbərlik
edən Aslan aslan kimi sənədlərin keşiyində
durmaqla yanaşı, eyni zamanda oları üzə
çıxarıb cəmiyyətə çatdırır. Çünki
o, sıravi işçisi deyil, eyni zamanda
yazıçı-publisistdir. Hər məqaləsindən,
hər kitabından ədalət rahiyəsi, təravəti gəlir.
Nə zamansa dünyanın pozulmuş mizan-tərəzisini
tarazlaşdırmağa çalışır, eyni zamanda cəmiyyətə,
insanlara öz əməllərinə təkcə bu
günün deyil, sabahın da gözüylə baxmağı
aşılayır. Onun nəşrə
hazırladığı bütün kitablarından
qırmızı xəttlə bir amal keçir. Repressiyaya məruz qalmış insanların
hüququnu bərpa etmək, onların
günahsızlığını sənədlərlə, faktlarla
xalqa çatdırmaq. Belə məqamda
saxta hökmlər, yalançı iclaslar gözdən
düşür. Vaxtilə
özünü xalqa mələk kimi sırıyanların
riyakalığı üzə çıxır.
Qarşımdakı onun kitablarıdır. "XX əsrdə
repressiyaya məruz qalanlar", "1930-cu illərin
günahsız qurbanları", "Arxivlərdən gələn
səslər", "Unudulmaz musiqi tədqiqatçısı"
(Firidun Şuşinski haqqında) və s. Həmin kitablardan
birini 1930-cu illərin günahsız qurbanlarını vərəqləyirəm.
Azərbaycanın müxtəlif bölgələrindən
müxtəlif sənətə yiyələnmiş, qəlbi
xalqına xidmət istəyilə döyünən 30
yaxın insanın yarımçıq kəsilmiş taleyi,
ömrü. Hamısına qarşı
haqsız ittihamlar irəli sürülüb. Hamısı məhkəmə qarşısında təxminən
15 dəqiqə dayanıb, əksəriyyəti ən yüksək
cəzaya məruz qalıb. Ürək ağrısı
oxunan bu kitabda Böyükağa Talıblı,
folklorşünas Bəhlul Behcət, ictimai xadim Cavad bəy Məlikyeqanov,
dövlət xadimi Eyyub Xanbudaqov, maarif xadimi Mədinə
xanım Qiyasbəyli, yüksək vəzifələrdə təmsil
olunan Məmməd Çuvarlinski, Buzovna kəndinin
ağsaqqalı Tağı Zeynalov, din xadimləri, hətta
sıravi insanlar da var. Aslan Kənan kitabında repressiyaya məruz
qalanların təkcə acı taleyindən xəbər
vermir, eyni zamanda onların ailə üzvlərinin,
yaxınlarının izlənməsindən, günahsız
yerə cəzaya məruz qalmasından da söhbət
açır.
Ümumiyyətlə, haqsızlığa
dözümsüzlük Aslanın təbiyətindədir. Hələ
orta məktəbdə oxuyarkən bu savadlı və inadkar
şagird müəllimlərin diqqətini cəlb etmiş,
onların arasında Aslanı sevənlər də olmuş,
inadkarlığına görə çəpəki baxanlar
da. Ədəbiyyata marağı, hələ
şagird ikən ədəbi jurnalları və qəzetləri
mütaliəsindən başlayır. Bu
sevgi gənc Aslanın gələcək taleyindən xəbər
verirdi. Elə bu istəklə də orta məktəbi
bitirən kimi sənədlərini indiki Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsinə verir. Universiteti bitirdikdən sonra Neftçala və
Şamaxı şəhərlərində müəllimlik
edir, sonra Maarif Nazirliyinin elmi-metodiki mərkəzində
metodist vəzifəsində çalışır. Elə həmin ərəfədə imzası mətbuatda
görünməyə başlayır. Bir tərəfdən
ədəbiyyata olan marağı digər tərəfdən
ali təhsil aldığı illərdə Feyzulla Qasımzadə,
Əzəl Dəmirçizadə, Ağaməmməd
Abdullayev, Afət Qurbanov kimi müəllimlərin tövsiyələri
onun əlindən tutmuş, publisist kimi
formalaşdırmış, dünyagörüşünü
vətəndaşlıq mövqeyini möhkəmləndirmişdir.
Gənclik illərindən başlayaraq həyatdakı
ünsiyyətində və nəşr etdirdiyi kitablarında
da, yazdığı məqalələrdə də
insanları insaniyyətə münasibəti ilə dəyərləndirmişdir.
Belə bir məqamda onun Azərbaycan Dövlət
Ədəbiyyat və İncəsənət Arxivində
işə düzəlməsi yerinə düşür.
Əski ərəb əlifbasını da
bildiyindən arxivdəki bütün sənədlər onunla
"danışır"dı. Bu arxivdə işlədiyi
otuz ilin neçə keçdiyi özü də hiss etməmiş,
hər günü arxiv sənədləri əsasında
yazdığı kitablara hopmuş, əvəzində
repressiyaya məruz qalmış insanların çəkdiyi əzablar,
mərhumiyyətlər xalqa
çatdırılmışdır.
Aslan Kənan təkcə ötən əsrin 20 və
30-cu illərində həyatlarını itirmiş
insanların taleyini araşdırmır. Onun repressiya
qurbanları silsiləsinə mənən güllələnən
insanlar da daxildir. Müəllifin belə qəhrəmanları
sırasına Üzeyir və Ceyhun bəy Hacıbəyliləri,
Mirzə Abay Dağlı, Firidun Şuşinski kimi şəxsiyyətləri
aid etmək olar. Aslanın gördüyü işlərdən
bir neçə misal: Azərbaycanda Xalq Cümhuriyyəti
qurulandan bir qədər sonra Ceyhun bəy Hacıbəyli,
Əlimərdan bəy Topçubaşov, Miryaqub Mirmehdiyev ilə
birlikdə Versal Sülh Konfransına yola düşü,
"Azərbaycan" qəzetinə rəhbərlik onun əvəzinə
Üzeyir bəyə həvalə olunur və o da həmin illərdə
bu qəzetdə müntəzəm çıxış edir. İş orasındadır ki, Üzeyir bəyin bu
yazılarını Sovet hakimiyyəti illərində üzə
çıxarmaq onun həyatı üçün təhlükəli
idi. 1991-ci ildən Ədəbiyyat və İncəsənət
arxivində işə başlayan A.Kənan Üzeyir bəyin ərəb
əlifbası ilə dərc edilmiş həmin məktublarının
bir qismini müasir əlifbaya çevirərək "Fitnələr
qarşısında" adı altında nəşrinə
nail olur. Sonrakı dövrlərdə Üzeyir
bəyin ərəb əlifbası ilə dərc olunmuş
digər yazılarını da üzə çıxarır.
Həmin məqalələrə Üzeyir bəyin
Ceyhun bəyə yazdığı 35 məktubu əlavə edərək
"Sarsılmaz bayraqlar" adı altında nəşr
etdirir.
Tədqiqatçının maraqlı
araşdırmalarından biri də "Rana" təxəllüslü
yazıçının müharibə mövzusunda
yazdığı "Onlar türklərdir" əsərini
üzə çıxarmasıdır. Kənan ilk dəfə
"Rana" təxəllüsünün kimə məxsusluğu
barəsində mühakimə yürütmüş, məlum
olmuşdu ki, o, Türkiyədə mühacir həyatı
yaşamış Mirzə Abay Dağlı, əslində Cəmil
İbrahim oğlu Ağayevdir.
Mənəvi repressiyaya məruz qalmış şəxsiyyətlərdən
biri də görkəmli musiqişünas və məşhur
"Şuşa" əsərinin müəllifi Firudun
Şuşinskidir. A.Kənanın tədqiqatları nəticəsində
biz F.Şuşinskinin kimlər tərəfindən və nəyə
görə repressiyaya məruz qaldığını öyrənir,
onun çəkdiyi əzablara ürək ağrısı ilə
qarşılaşırıq. Aslan Kənanın
tədqiqat işlərinə tanınmış
yazıçı Cəmşid Əmirovun çap
olunmamış əsərlərini üzə
çıxarması, tovuzlu "Qəmxar" təxəllüslü
şairin əlyazmalarını nəşr etdirməsi də
daxildir.
...Aslan Kənan tədqiqatlarını davam etdirir. Cəmiyyətdə
repressiyalara məruz qalmış, incidilmiş insanların
şəxsiyyətini üzə çıxarır,
onların portretlərini olduğu kimi canlandırır. Xalqın əlindən alınmış, talan
edilmiş mənəvi xəzinəsini özünə
qaytarır. Bununla yanaşı onları
siyasi, sosial sifarişlə repressiya edənlərin də
kimliyini üzə çıxarır. İnsanları
tarixdən ibrət götürməyi
çağırır. Aslan bu cəlladlara haqlı ikrah
oyatmaqla kifayətlənmir, indi harada olduqlarını da
oxucularına bildirərək yazır: "Peyğəmbər
buyurur: (S.a.v.) "Qiyamət günü nida edən mələk
səslənər: Hardadır zülmkar və onların
köməkçiləri, onlara kağız-qələm
hazırlayanlar, onların kisələrini möhkəm
bağlayanlar və ya onların qələmlərinə
mürəkkəb əldə edənlər? Bunların
hamısını onlarla (zalımlarla) birlikdə həşrə
gətirin".
Aslan Kənan bu dünyanın da, o dünyanın da
divandan soraq verir. Bəs nəticə. Nəticənin
XX əsrin görkəmli siyasi xadimlərindən biri
İndira Qandi deyir: "Tarix pis şagirdləri olan ən
yaxşı müəllimdir".
Aslan Kənanın
əsərləri pis "şagirdləri", bizləri
ayıltmağa, əlaçı olmağa səsləyir.
Atababa İSMAYILOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 22 yanvar.- S.28.