Qazax şairi Oljas
Süleymenova məktub
Xəbərlər
dolaşıq, qarışıq gəlir,
yenə
təkrar edir tarix səhvini.
Dünyada tarazlıq itibdi, nədir?
əyir
Planetin bir tərəfini.
Yenə o
saldatlar, yenə o tanklar,
yenə
Kalaşnikov avtomatları.
Bağlanan
qapılar,
sönən ocaqlar...
Bakıda görmüşəm, mən də onları.
Çəkdilər
bizi də ölümə, qana,
vəhşi tayfaların ənənəsiydi.
Sən
onda səs verdin Azərbaycana,
ögeylər,
"doğmalar" zəmanəsiydi!
Deyirlər,
doğulur şair anadan,
zülmətdə - şairdi o işıq, o nur.
Səndən
nigaranam düzü, o vaxtdan,
axı,
şairi
də hər ana doğmur.
Eşitdim,
erməni köməyə gəlib,
başında dəbilqə, əlində silah.
Daha
soruşmadım, o niyə gəlib,
sonrakı şərindən
qorusun
Allah.
Görmüşəm,
bilirəm nədir təkliyi,
nə gəldi,
Tanrıdan, bizəmi gəldi?!
Dünən,
İstanbulda - türk həmrəyliyi,
ilk
görüş himnimiz,
gözəmi gəldi?!
Qardaşım,
İtalya yadında olar,
biz
şeir deyəndə, alqışladılar.
Valeh
olmuşdular türk dilimizə,
İtalya
qızları
gül
verdi bizə.
Qoy yenə
çağlasın o duyğu, o hiss,
yanından ötməsin bir əsən külək.
Bizim də
-
var olsun
həmrəyliyimiz,
yenə
İstanbulda görüşənədək.
Şərqə, Qərbə pəncərə
ADA Universitetinin rektoru
prof. Hafiz Paşayevə
İndi yəqin,
Mir Cəlalın
ruhu
şaddı.
Qazaxda
"Bir müəllimin
Manifesti",
-
İntibahdı!
44
günün havasıdı,
zehnin
belə
oyanışı.
Zaman
çiyin -
çiyinədi,
vaxt
yanaşı.
ADU-nun da
tarix
olan
bu
töhfəsi, -
Şərqə,
Qərbə
açılan ilk
pəncərəsi!
Çağır
gəlsin,
Firudin bəy
Köçərlini.
Qazax
çıxsın
qabağına.
Daş dəyməsin
ayağına.
Orda
özün
sıx əlini.
təzələsin cədvəlini,
desin
qalan dərslərini.
Heyif, onu
susdurdular,
KQB-nin
çıxardığı
məxvi
qərar!
Mən
bilmirəm,
bəlkə bu gün,
bəlkə sabah,
elə
burda,
bu
torpaqda
yazılacaq:
"Bir səfirin
Manifesti"
ya
"Bir gəncin Manifesti".
Görmüşəm,
insan
sarıdan,
bu
dünya əvəz-əvəzdi.
Aç,
qapını,
qarşındadı
o Gələcək.
Sabah
burda,
elə
burda
yetişəcək,
Dünən
kənddən
çıxıb tənha
gələn bir gənc
Gözümüzün
qabağında
"xəbərsiz"
yüksələn bir gənc, -
Akademik
Nizami də!
Sabah sənin
bu
gün mənim
müasirim!
Hələ
Vurğun doğulacaq,
Əsl
Tanrı vergisiydi,
əsl
Ocaq!
Mir Cəlalın
dilindəydi,
sözü, adı,
deyirdi
ki, "O, bir varaq
korlamadı.
Xatırlardı
onu hərdən,
Söz düşəndə şairlərdən.
Bir bəndiylə,
bir dahini
Köyrəldən,
ağladan Vurğun!
Könüllərdə
oyaq Vurğun,
Könüllərə yatan Vurğun.
Nyu-Yorkdan
uçacaqlar ,
birbaşa Kür qırağına, -
Şeir-sənət,
elm-ürfan
ocağına.
Tapacaqlar
-
Damcılının ,
ya Aveyin
sirlərini.
Yerdə
yerin,
göydə göyün
sirlərini.
Çiçəklən
ey ilk ünvanım,
Qazax -
isti yuvam mənim!
Poylum,
Ağstafam mənim!
Dünən
sizdən boylanırdım
bu
dünyaya,
dünyam
mənim!
Yanar su
Bizim
vağzal Poyluda
həmrəy olub su-oda.
Oddan -
orda su damır,
sudan -
od alovlanır.
Barmağın
suda donmaz,
oda tut,
odda yanmaz.
Mümkün
deyil ayırmaq,
yanar
sudur - o Bulaq.
Yolçular
içər gedər,
yanından keçər, gedər.
Orda
dünyaya gəldim,
oddan,
sudan törəndim.
Məndədir
od da, su da,
üşüyənə - od olmaq,
Bir yanana,
ay Bulaq,
su olmaq
arzusu da.
Xahiş eləmə
"Kasıbın
işi - varlının pulunu saymaqdı"
Evripid
Saymaqla
tükənmir o dövlət, o var,
nə
get xahiş elə, nə ona yalvar.
Orda nə
həmdəm gəz, nə düzlük axtar,
nə
düz var, nə həmdəm, xahiş eləmə.
Üstünə
getməyə işin oldumu,
dost-dostu
tanımır, qohum-qohumu.
Kim gətirdi,
kim səpdi bu toxumu? -
mən
də məətələm, fikir eləmə.
Xahiş
eləyəndə, söz bənddən düşür,
yada nə
xalq düşür, nə vətən düşür,
Qiymətin
beləcə, qiymətdən düşür,
mən
sənə məhrəməm, fikir eləmə.
Qərq
ol, dəryalarda tək gəmi kimi,
qırıl sazın, tarın şah simi kimi,
Soyul,
şair baban Nəsimi kimi,
Şəhid ol, - deyirəm, xahiş eləmə.
Qədimdən
dünyanın qulağı kardı,
saqqalım ağardı, saçım ağardı.
Heç
xahiş də elətdirmə, ağırdı,
xahiş
eləyirəm, xahiş eləmə.
Kimsəsizlər kimsəsi
Prorektor
Şəmsəddin Axundovla söhbət
"Kimsəsi olmayan nakəs olar".
N.Gəncəvi
Onda
pandemiya tüğyan edirdi
onda
çaş-başıydı məşhur həkimlər.
Hərə
bir möcüzə bəyan edirdi,
bir az da
artmışdı
həkimkimilər.
Mənə
tapşırdı ki, yatır üç nəfər,
filankəs,
filankəs,
o biri də
sən.
Kimsə,
xəstəliyi ağır keçirər,
Mənə tez zəng elə, qoyma gözündən.
Rektorun əmriydi,
başüstə, - dedim,
o, hələ
bir kəsə əmr eləməyib.
Gündə,
düz üç dəfə zəng eləyirdim,
biri,
şah nəsliydi,
o, getdi,
heyif!
İnsana
tuşlanan gizli bir ox var,
gözümüz yuxulu,
fikrimiz
oyaq.
Hələ
bu dünyanın sonuna çox var,
mümkündü, doyunca bir nəfəs almaq.
Allahım,
boyundan ucadır insan,
Əymə
o çinarı, kölgəsi varsa,
Dedim,
yaşamağa dəyər, Nəriman,
hələ kimsəsizlər - kimsəsi varsa.
Aşıq Şəmşir oğlu
Qənbərin
xatirəsi
Əzizim Cavid müəllimə
Cavid, nə
Gülüstan, nə bağ itirdin,
ata
timsalında bir dağ itirdin.
Kəlbəcərdə,
sən Qarabağ itirdin,
əymə qamətini, şax dayan, oğlum.
Şəmşirin
sazıydı, sözüydü Qənbər,
Şəmşir
ocağının közüydü Qənbər,
bir elin,
obanın özüydü Qənbər,
ayrılma o eldən, obadan, oğlum.
Gedən,
hayıf olan ömürdü, yaşdı,
yaşamaq özü də bir ehtiyacdı.
Gördüm
el yeridi, el vidalaşdı,
indi səni
deyir Ağdaban, oğlum.
Əsliniz-nəsliniz
ocaqdı, pirdi,
dağlar
o dağlardı, yerlər o yerdi.
Allah o
ilhamı sənə də verdi,
bunu da
çıxartma heç yaddan, oğlum.
Bu
dünya daimi bir tamaşadı,
sevinci tək
gəlir, qəmi qoşadı.
Halal
ömür sürdü, halal yaşadı
həm
Nəriman əmin, həm atan, oğlum.
04.01.2022
"Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim!
Arxiv materiallarını vərəqləyərkən, təsadüfən
iki şeirimi tapdım. "Klivlent" xəstəxanasına məktub"
və "Mən belə dərs demədim". Birinci şeiri həmin xəstəxanaya kimdənsə
göndərmişdim. Elə bilirdim, surəti
məndə yoxdu. İkinci şeirlə
bağlı deyim ki, o söhbətin şahidi olmuşam.
Mən də Parlament üzvüydüm. Bəxtiyar müəllim istəyirdi ki, şeiri
çapa verim. Sizə də məlum səbəblər
üzündən o vaxt işıq üzü
görmədi.
Dərin
hörmətlə, N.Həsənzadə,
Xalq şairi.
18 dekabr 2021.
Klivlent xəstəxanasına məktub
Yuxuda
görmüşəm, qayıdacaqsan,
sənə and içirik, sən ki, Ocaqsan.
Sən
ki, o ürəklə baş-başa getdin,
sənə daş atdılar, o daşa getdin.
Əlisilahlının
üstünə getdin,
taleyin
amansız qəsdinə getdin.
Qılıncın
əlindən yerə düşməyib,
hələ çox hünərin şerə düşməyib.
Prometey
kimi zəncir qırmısan,
aldığın yaralar bəzəyir səni.
Gözündə
-
Xəzərdən
rəng aparmısan,
qayıt,
mavi Xəzər gözləyir səni.
Qayıt,
Vətən ayrı, Qürbət ayrıdı,
qürbətdə çəkdiyin xiffət ayrıdı.
Bakını
yenidən tikib-bəzəyən,
Bakının ən gözəl bəzəyi sənsən.
Sarayda
çıxışın, yarımçıq qalıb,
Millətin alqışı, yarımçıq
qalıb.
Filarmoniyada
səs-səda yoxdu,
"o dünya gözəli, dünyada yoxdu".
Baş
nazir ölkənin başında durur ,
əslində o sənin qarşında durur.
Deyirlər,
gecələr İlham oyaqdı,
bir
ömür işıqdı, ömür yoluna.
Boyun
şah çinardı,
qolun
bayraqdı,
Əl eylə, bayraqlar qarışsın ona.
18 iyul
2003
Mən belə dərs demədim
Xalq
şairi B.Vahabzadənin
millət
vəkili seçilmiş tələbəsinə
Parlamentdə
dedikləri
Mən
belə dərs demədim,
o vaxt sənə,
ay oğul!
Mən
dedim xidmət elə
bu vətənə,
ay oğul!
Demədim,
vətən sənə
xidmət
etsin, ay oğul!
Mən
belə dərs demədim,
Əşədənbillah,
oğul!
Mən
dedim millət üçün,
oyaq ol,
yana-yana,
Demədim,
rütbə qazan
millətin hesabına.
Gedib ya
vali seçil,
ya xan,
ya da şah, oğul!
Mən
belə dərs demədim,
Əşədənbillah,
oğul!
Mən
azadlıq deyirəm,
sən
Moskva deyirsən,
Mən vətən
istəyirəm,
sən
Mərkəz istəyirsən,
Mən
deyirəm, ay oğul,
millət
suveren olsun,
Sən
deyirsən, kiməsə,
gedib su
verən olsun.
Mən
belə dərs demədim,
demədim, billah, oğul!
Əşədənbillah,
oğul!
Əstəğfürullah,
oğul!
31 oktyabr,
1991
Qarabağlı qız
Kaliforniya
tələbəsi
Gözəl
Məmmədovaya
Pozner -
tanıyıram, çox məşhursunuz,
fəxri
adları da var - bu ada məxsus.
Haqqı,
hüququ var, amma hər kəsin,
mənim
tariximə daş atırsınız.
Allah
işinizi xeyir eləməsin,
yatan
şəhidləri
oyadırsınız.
Böyük
bir ştatdı Kaliforniya,
bir də
erməninin qaynaşan yeri,
Qarabağ
söhbəti düşüb araya,
o
qız,
dediyindən dönməyib geri, -
orda təhsil
alan Qarabağlı qız.
orda,
Qarabağı siz danıbsınız.
Burda istəmirəm
mən tarix açam,
deyəm
kitaba bax, xəritəyə bax.
Sizə,
özümə də sığışdırmaram,
görməyib, tanımır sizi, Qarabağ.
Dağlar
ayrı düşüb, yollar dumandı,
çıxıb məcrasından Kürüm, Arazım.
A
qızım,
"Qarabağ
- Azərbaycandı!"
Sən də Azərbaycan qızısan, qızım.
Deyirlər
bu dünya bir pəncərədi,
yerdə
də şimşəklər çaxır, a qızım
Kim harda nə
dedi, ya necə dedi,
burdan
Azərbaycan
baxır, a qızım!
Rusiya,
tarixi yalday söhbəti,
baxışdan-baxışa rəsmi ehtiram!
Bu
dünya eşitdi bir həqiqəti,
"Qarabağ
bizimdi!",
"Nida!", vəssalam.
Getdi əsrlər
o səs, o nida,
illər
ədaləti salacaq yada.
Filənkəs
ordaydı, o Konfransda,
hələ filənkəs də,
"Nida!", əlvida!
Dəmir yumruq dastanı
"Qənimətlər
parkı"nda
Bu cəbhə
külliyatı,
nişan
verir həyatı.
Bir ciliddi
hərəsi,
oddu hər
səhifəsi.
Oxu, bir
ömür boyu,
Araz boyu, Kür boyu.
Bu dastan
bitən deyil,
haqsız
qan, itən deyil.
Bu cəbhə
Külliyyatı,
təhqir
edir həyatı.
Səni,
məni, hamını;
şairin
ilhamını,
Körpənin
gülüşünü,
ananın
öpüşünü,
natiqi
danışanda,
küsəni - barışanda.
Yerdə-şimşək,
alov, su!
Yerdə
- göy gurultusu!
Yerdə - uçurum,
qaya!
Şair, - şah matdı, daha.
Əsgər
paltarı geyən,
Səngərdə
vətən deyən,
dediyinə and içən.
sərhədlər yarıb keçən,
o gənclərə
tuşlanıb
gördüyümüz hər nə var:
toplar,
tanklar, minalar,
raketlər, təyyarələr,
nələr və daha nələr!
Bombası,
gilizi də,
erməni
hiyləsi də...
Halal
olsun, Qəhrəman!
Bu
silah-sursat, filan,
O Dəmir
Yumruq ilə,
səngərdə keçdi ələ.
Bu da bir
möcüzəydi,
cəbhədə üz-üzəydi,
Ermənistan ordusu.
Gördü
Yumruğumuzu!
Gördü,
44 günü də,
bizi də,
özünü də!
Dəmir
Yumruq dastanı!
çağır, tarix yazanı,
köçürsün fəsil-fəsil,
Salam,
Gələcək
Nəsil!
İlk elçim, ilk şəhərim
Yüksəl Bağırova, hörmətlə
Ölüm
hücum çəkdi həyatın üstə,
nə
millət dəyişdi, nə adətimiz.
Qalxdı
Nuru Paşa ağ atın üstə,
Gəncədən
başladı
səadətimiz.
Bir
üzü Kəpəzdi, bir üzü Göy-göl,
sənsiz
bu gözəllik yetimdi, Gəncə!
Yerlərin-göylərin
güzgüsü Göy-göl,
yaşın da yaşımdan
qədimdi, Gəncə!
Könlümü
vermişəm mən o ellərə,
Gəncə - sinəmdəki isti nəfəsdi.
Eşq
olsun, Gəncəyə,
gəncəlilərə
ustad
Nizamisi dünyaya bəsdi.
Görüm
düşməninin lal olsun dili,
dünən qonşusuydu, bu gün qatili.
Döyüş
meydanını qoyub qaçdılar,
Məscidə,
kəhrizə atəş açdılar.
Mərmilər
körpələr evinə düşdü,
Gəncə
nə gündəydi, nə günə düşdü!
Dünən
Sisyanovun nəydi sualı,
kimi
qorxuzurdu o baş, o bədən?!
Gürcü
knyazıydı,
çar
generalı,
onu itlər
qovdu sonra Gəncədən.
Gəncə
- oxunmamış bir şah əsərdi,
deyim bir
şeyi də, burda haqq üçün.
Yüz il gəncəlilər cərimə verdi,
bir
"Gəncə" adını yaşatmaq
üçün,
Uşaqdan
böyüyə Gəncə döyüşdü,
xalqın,
həsrət qaldı gözü yuxuya.
Gəncəli
Cavad xan tarixə düşdü,
General quyuya,
bəli,
quyuya!
Tanı Nəsib
bəyi, Ələkbər bəyi,
orda
filan qaçaq, filan qəhrəman!
Mənim
- qulağımda Gəncə harayı,
ziyarət yerindi sənin, o vaxtdan.
Gəncədə
sönmədi odlar-alovlar,
cəngi
çox uzandı qış ilə yazın.
Gəncə
üsyanını xatırlayanlar,
Xudadat bəyi
də,
qoy
unutmasın.
Gəncə!
Tələbəlik illərim mənim,
orda
ürəyimə qulaq asmışam.
Gəncəli
bir qıza şeir yazmışam,
ilk
elçim olubdu,
o
şeirim mənim.
Gəncə! Tələbəlik illərim mənim.
Qazaxlı könüllülər
2015-ci ildə
Türkiyənin Amasya bölgəsində "Seyid Həmzə
Nigari Türbəsi"nin
açılışına məni də dəvət
etmişdilər. Orada bizim Qazax rayonundan olan həmyerlilərimlə
görüşdüm. Amasyada
yaşayırdılar. Bu günlərdə, onların
ulu babalarının təxminən 100 il əvvəl,
"1921-ci ildə Azərbaycandan Türkiyənin Amasya
bölgəsinə və burada yerləşən Qaraağac kəndində
yaşayan yerli türk əhalisini yunan birləşmələrinin
hücumlarından qoruyan "Qazaxlı könüllülər"in
(Türkiyə, 1944) siyahısını oxudum.
Qazaxdan,
Amasyaya, -
Türkiyəyə,
birbaşa,
gedirdi,
arxa dursun
bu
qardaş - o qardaşa.
Bu oğul - o oğula.
Qazaxda su
səpdilər
analar
çıxıb yola.
Yuxarı
Salahlıdan,
Qaymaqlıdan,
Şıxlıdan,
Üçü
- Daşsalahlıdan, -
adı
üzdə olanlar,
seçilib-sayılanlar.
Cavan,
nüfuzlu bəylər!
And əvəzi
kəsəndə
o
çörəyi -
yeyənlər.
Bu, millət
davasıydı,
bu, qeyrət
davasıydı.
Bu,
türkün türklüyünü,
düşməninə tanıtmaq.
Zaman -
yazır tarixi,
yatan-yatır,
vaxt -
oyaq.
Azərbaycan,
Türkiyə -
bizim ərlər-ərənlər!
İki
qardaş qanını
bir səngərdə
görənlər,
torpağa and içdilər,
canlarından keçdilər.
Siz ki,
şəhid oldunuz,
Göydə
batan Ay-Ulduz,
Türkün
bayraqlarında,
yerdə
doğdu, o gündən.
And
içdi o bayrağa,
"Bir millət, iki vətən".
Yaraşmır
O gün
mənə bir şikayət elədin,
gördüm, sənə heç şikayət yaraşmır.
Sən
güləndə oxşayırsan özünə,
güləyənə belə xiffət yaraşmır.
Səsindədi
bulaqların xoş səsi,
nəfəsində qızılgülün nəfəsi.
Təbiətin
özüsən, ya əvəzi,
təbiətə bu təbiət yaraşmır.
Dilimdə
bir xeyir sözü, şər sözü,
ürəyimdə dolanır bir ər sözü.
Şair,
ona irad tutma hər sözü,
o
gözələ, bu itaət yaraşmır.
İstəyir
Azərbaycanın
Milli Qəhrəmanı
İbad
Hüseynova
İbad,
sənin hünərini
yazmaq da
hünər istəyir.
Bir sinə
söz, iti qələm,
bir
qalın dəftər istəyir.
Düşmən
kəsdi sağı-solu,
necə
keçdin sən o yolu?
Hər
möcüzə, ay eloğlu,
cəsur
bir əsgər istəyir.
Sən
keçəndə həyatından,
keçmədin bir inadından, -
And
içdin xalqın adından,
xalq - ər
oğlu, ər istəyir.
Sənin
Vətən müharibən,
iki oldu,
gördü vətən.
Onda da sən,
indi də sən! -
döz
görüm, illər istəyir.
Vətənin
oğlusan, İbad!
sözündə haqlısan, İbad!
Sən
Qarabağlısan, İbad!
Qarabağ - səngər istəyir.
Dünən
Ali Baş Komandan,
Şuşadaydı,
sənə qurban!
Gördüm,
onun yanındasan,
o yeri -
ellər istəyir.
Kəlbəcər havası
Bəhmən Vətənoğlu və
Sücaəti xatırlayarkən
Səngərə
getdi söz ədəbiyyatı,
səngərə etiraz ədəbiyyatı.
Getdi sinələrdə
qoşma, gəraylı,
Sücaət
hüzünlü,
Bəhmən haraylı.
Getdi
dodaqlarda dodaqdəyməzi,
hər
rədif,
qafiyə
- gülləəvəzi.
Kəlbəcər
deyəndə, arxalıydılar,
Kəlbəcər geyəndə, yaralıydılar.
"Vətənoğlu"
oldu Bəhmən o gündən,
Bəhməni tanıdı vətən, o gündən.
"Uçub
Kəlbəcərdə bir quş olaydım,
bir
daşın üstünə qonmuş olaydım".
Bu da
Sücaətin ürək sözüydü,
onun
ürək sözü,
onun
özüydü.
O sazı
kökləyin, o sazı çalın,
onda bir
"Kəlbəcər" havası çalın.
Səsi
Qarabağa çatsın o sazın,
Üçrəngli
bayrağın
yanından asın.
Sizdən xəlvəti
Qarşıma
çıxmışdın, baxtıma çıxdın,
çəmənin, çiçəyin, gülün içindən.
İpək
saçlarını aç, tök üzünə,
ordan sənə
baxım -
tülün içindən.
İstər
bu dünyada yaz olsun, ya qış,
bilsəm
ki, ürəyin mənsiz darıxmış,
Dağa
dolu düşsə, arana yağış,
sel gəlsə,
çıxaram selin içindən.
Mənə
özün verdin gücü-qüvvəti,
hamıdan gizlədim mən bu ülfəti.
Bir
gün bizə getdik, sizdən xəlvəti,
bənövşələr bitdi yolun içindən.
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 29 yanvar.- S.2-4.