***
Köhnə toy mahnılarını
əvvəlki kimi şən və şux oxuyur müğənni.
amma sümüyümə düşmək yerinə
məni kövrəldir daha o mahnılar
o
mahnılara qol götürüb oynardı
ölən-itən doğmalar
indi zövqümcə olub-olmadığı vacib
deyil o nəğmələrin,
indi sadəcə əziz
nəğmələrdi onlar...
***
Yad məzarlıqda
məcburi köçkün
nənəsinin məzarını
axtarır gənc adam.
Yüzlərlə məzarın
arasında
bu məzarlıqda yeganə doğması odur.
Bu şəhərdə yeganə doğması yenə odur
həm ölülər,
həm dirilər arasında.
İyirmi beş il ötür nənəsinin yoxluğundan
nənəsiylə bağlı
ən xoş xatirələrini
danışa-danışa axtarır
üç nəfərdirlər
dostları da kömək edir axtarışda.
Yüzlərlə gözlə
üz-üzə gəlir
gözlərini qaçırırlar
uşaqların gözlərinə
baxmaqsa daha çətindir...
Qəfil səslənir gənc adam:
"tapdım, tapdım nənəmi
burdadır nənəm!"
elə bil bağçada yaşıl
budaqlar arasında
meyvə dərdiyi yerdə
axtarıb tapmış
kimi sevinir
təndirə çörək
yapdığı yerdə
tapmış kimi sevinir.
Bilmirsən kim nişan verdi yerini
küləkmi, ağaclarmı,
quşlarmı?
yoxsa doğma bir
səsmi çağırdı
bilmirsən...
Səxavət Məmmədovun "Azad bir quşdum" nəğməsi haqqında
Nəğmə var
qorxarsan dinləməkdən
istərsən qəfildən
çıxasan üstünə
bir başqası dinlərkən
özünü elə
aparasan
heç eşitmirsən
dinləmək də istəmirsən.
Ancaq dinləyəsən
körpə ana döşündən süd
əmən kimi,
acgözlüklə əmə
ruhun nəğməni.
Nəğmə də qəlbinə ehmalca toxuna heç olmasa,
yavaş-yavaş qıra
dizlərinin bağını,
darmadağın eləməyə
qəfil hücumla.
Yağmayan qara
Bir neçə saatlıq
sevinc
baş çəkdi şəhərə.
Qar yağdı pəncərələrə
evlərin damına,
budaqların ucuna,
maşınların üstünə,
acıqlı məktəb
müdirlərinin belə
üzünə
təbəssüm qondu.
Uşaqlar xoşbəxt
oldu,
ancaq bütün xırda
sevinclər kimi
ömrü qısa
oldu qar sevincinin.
Uşaqlar əlcəklərini
çıxarıb
çantalarının dal
cibində gizlətdilər
təbəssümlər də uçub getdi.
Acıqlı məktəb
müdirlərinin dodaqlarından
ovcuna sığışmayacaq
qədər qar tapdı
pəncərənin küncündən
bir uşaq
bildirçin yumurtası
boyda top düzəltdi
ən əziz yoldaşına da atmağa əli gəlmədi madar qarı
kədərlə baxdı
qartopunun dalınca
ovcunun içində əridikcə...
***
Ayaqqabımın burnunun ucunda
pişiklərin didişdirib
atdığı
göyərçin ölüsünü
görüncə
indiyədək quşlara
nahaq qibtə etdiyimi düşünürəm.
Taleyi qibtə doğuran canlı yoxdur bu həyatda
heç bir yanda,
nə yerdə, nə göydə, nə havada...
Dağ-daş olasan gərək
dözəsən elə bu dünyanın qəhrinə
dağda qartal olsan,
zülm çəkəcəksən
yaşamaq üçün
yenə.
***
Ancaq dan ulduzunu görməkçün
şirin yuxudan qalxmaz
adam,
bizim əsrdə
adamın əti tökülər.
Danışmaz bu barədə
heç bir yerdə.
Amma erkən yol alan
bir tikə çörəkdən ötrü
qaranlıqdan işə
yollanan
əlləri ciblərində
ayaqları ayaqqabılarında
donan birinə
hədiyyədir dan ulduzunun şöləsi,
təsəllidir,
sevincdir,
bəhanədir yaşamağı
sevməyə...
yetər ki, ən çətin günlərdə də
göy üzünü
yaddan çıxartmasın
adam.
Sevinc
ELSEVƏR
Ədəbiyyat
qəzeti.-2022.-29 yanvar.-S.5.