Yuvası uçmuş quşlar kimi

 

Esse

 

Ətri Natəvanın "Qərənfil"ində, həsrəti Xan əminin yanıqlı avazında qalan Şuşa. Xarıbülbülümün nazəndə sevgilisi. Hər gün ürəyimizdə ümid tumurcuqları olub açan, yamyaşıl çinar yarpaqları kimi göyərən cənnət qoxulu vətən. Biz hamımız hər gün müqəddəs arzumuza - Qarabağlı günlərə doğru uzun bir yol gedirdik.

Bilirəm, xainlərin üzərində atdığı hər addım sənin büllur saflığını pozurdu. Narahat idin, bizim kimi, anam Şuşa! Sənsiz bir az da yuvası uçmuş quşlar kimi idik.

Şuşadan nənəmin özü ilə Bakıya gətirdiyi tək şey dünyasını cavan dəyişmiş bədbəxt xalamın cehizlik simli yaylığı oldu. Nənəm hər gün sübh namazından sonra qızından yadigar qalan bu yaylığı qoxlayar, ölmüş adam kimi qabağına qoyub ağı deyərdi. Daha nənəmin diriləri də ölü idi. Ən çox içimizdəki həsrətin, yanğının yox olmasından qorxurduq. Çünki bilirdik, nisgilimiz bitsə, mübarizə ruhumuz, döyüşmək əzmimiz öləcək.

Nənəm yaylığı qonşumuz Gövhər arvaddan almışdı. Yaylığı "Mübarək olsun" sözləri yazılmış cehizlik sandıqda saxlayırdı. Hər nişanlı qız kimi, xalam da gəlinlik geyəcəyi günü gözləyirdi. Köçkünlük düşəndə aləm necə bir-birinə dəydisə toyumuz vaya qarışdı.

Bir yaz axşamı anamın əmioğlusu Abbasqulu (qısaca Qulu deyərdilər) babamgilə gəlib on beş yaşı tamam olan cavanları növbə ilə posta çıxaracaqları xəbərini verdi. Hər evdən bir oğlan uşağı növbə ilə əsgərlərə kömək üçün posta çıxırdı. Düşmən artıq Canhəsən-Kosalar istiqamətində hücuma keçmişdi. Hamımız Qulu əmiyə heyrətlə baxırdıq. Axı uşaq idik. Hələ müharibə nədir, nə deyil bilmirdik. Qardaşım Qəqəni də hər gün əsgərlərin çirkli şalvar, buşlatlarını yığıb gətirirdi ki, anam yusun. Nənəm deyərdi: "Əsgərlər yazıqdı, bədənləri çirkdən yara olmasın. Onlar bizi qoruyur, Allah da onları saxlasın".

Səhəri gün axşam xalamın nişanlısının da hərbçilərə qatıldığını öyrəndik. Bədbəxt qız havalanmışdı. Deyirdi, Zakirə bir şey olsa özümü öldürəcəm. Qanımız qara idi. Heç kəs nə deyəcəyini bilmirdi. Bir-birimizin üzünə baxıb susurduq.

Anam tez-tez yemək bişirib qardaşımla əsgərlərə göndərirdi. Xalam isə hər gün cehizlərini sandıqdan tökər, baxar sonra da yerinə yığardı. Mən dayıuşaqlarımla küçəmizdə ortada qaldı oynayardım. İndi başa düşürəm ki, xoş günlərimizin, gözəl xatirələrimizin hamısı Şuşada qaldı.

Yadımdadı - Şuşadan çıxdığımız gün. Səhər tezdən Qulu əmi babamgilə gəlib vəziyyətin getdikcə pisləşdiyini, hərbçilərimizin köməksiz qaldığı xəbərini verdi. Dayımın üzü sapsarı saralmışdı. Bəlkə də xəbəri eşitdiyi həmin gün sarılıq tutmuşdu. Sonra Bakıda həkimlər ha əlləşsələr də sağalda bilməmişdilər dayımı. Qulu əmi sabah sübh tezdən Şuşadan çıxmalı olduğumuzu deyib sağollaşıb getdi.

Səhərə kimi gözümüzə yuxu getmədi. Nənəm sənədlərimizi, qızılları və əlimizdə olan beş-üç manatpul vardısa hamısını boz çamadana yığdı. Hamı əynini geyinib maşının gəlməsini gözləyirdi. Xalam durmadan ağlayırdı. Yazıq qız bəlkə sakitləşər deyə, otağa gedib sandığı açdım. Simli qırmızı yaylığı gətirib xalamın boynuna bağladım. Bunu görən qız-gəlin, hamı başladı ağlaşmağa.

Hava işıqlanan kimi hamımız çıxdıq küçəyə. Bir az sonra bizi aparmağa gəldilər. Birtəhər doluşduq maşına. Nənəm Bakıda yaşayan bacısı qızıgilə gedəcəyimizi dedi. Beləcə, Şuşasız günlərimiz başladı.

Dil açdı bətnimdə azadlıq!

Deyiləsi, danışılası o qədər xatirələr var. Bağçamızda çiçək açan yasəmənlərin ətri hələ də burnumdadır. Beləcə, köçkünlük bizim qolumuzdan yapışıb hərəmizi bir tərəfə tulladı. İllər bir-birilə yarışdı. Xatirələrimin hamısı başdaşlarında qaldı. Daha nə nənəm, nə də tanıdığım yaşlı qohumlarımız qalıb.

Məncə, qocaları bir az bu şəhər öldürdü. Suyumu, havasımı düşmədi, bilmirəm. Ya da elə xiffətdən qırıldılar. Bir də ayıldıq ki, ətrafda qoca, yaşlı qalmayıb, hamısı ruh olub, quş olub uçub-gedib o biri dünyaya.

Bakıya gəldiyimiz iki həftə deyildi ki, bədbəxtin nişanlısının şəhidlik xəbəri gəldi. Xalam havalanmışdı. Bir neçə ay sonra möhkəm azarladı. Heç bilmədik xəstəliyi nə oldu. Yaman arıqlamışdı. Payızda dünyasını dəyişdi. Ondan tək xatirə qalan simli qırmızı yaylıq oldu. Nənəm yazıq o yaşında övlad itkisindən ağlını itirmişdi. Qohuma, qonşuya "Nişanlısı gələn kimi qızın toyunu edəcəyik" deyirdi.

Bu dərd dözüləsi deyildi. Elə bil batmanla gəlmişdi. Sonra dayım naxoşlayıb dünyasını dəyişdi. Həkimlərin dediyinə görə gecikmişdi. Hepatit A diaqnozu ilə müalicə olunsa da xeyri olmadı. Həkimlər əlac edə bilmədilər. Şuşanın dərdi bəzilərini həsrətdən, bəzilərini ağır xəstəlikdən apardı. Salamat qalan cavanlarımızın da əsəbləri pozuldu.

Beləcə, illər ötmüş, dərdim də mənimlə böyümüşdü. Daha atəşkəs adlı qəfəsə sığmırdı. Sığmadı da...

Sən azadsan! 44 günlük savaşın Zəfər marşısan, qürur yerimizsən, gözəl Şuşa! Sən həmişəlik bizimsən.

Xəyallarımda ziyarətinə getdiyim Qırx pilləkən, Gəlin qayası, Xəzinə qayası, Topxana, Koroğlu kimi oğulların qol-qola girib yallı getdiyi Cıdır düzünü dünya gözü ilə görmək, başınıza fırlanıb dərdinizi almaq da varmış. Daha yuxularda yox, gerçəkdə görüşəcəyik. Hər axşam layla kimi oxuyacam sənə Şəmistanın səngərdən, vətəndən danışan nəğmələrini.

Qız-gəlinlər göyərçin əlləri ilə darayacaq Həkərinin buruq saçlarını. Nənələrimiz, analarımız hamıdan erkən oyanıb axar su üstünə gedəcək, əl-üzünü yuyub, təzə sudan qab-qacağı doldurub evə içməyə tərtəmiz bulaqlarından su aparacaq. Oğul, uşaq hamı anamız Şuşanın başına yığışacaq.

 

Seyid AYNUR

 

Ədəbiyyat qəzeti.- 2022.- 29 yanvar.- S.4.