Sabah
açılmasa...
Zahid Sarıtorpağın nəsri
Zahid Sarıtorpağın
2017-ci ildə çap olunan ilk nəsr kitabına onun
üç romanı daxil edilib. Adı "Dərdin sarı
çəpkəni" olan kitabdakı müxtəlif
süjetli üç romanın mövzusu müasir həyatdan
götürülüb. Bu əsərlərin tematikasında
çağdaş Azərbaycan oxucusunun maraq və arzuları
ilə çulğaşan sosial-siyasi problemlərə yer
ayrılıbdır. Süjet materialına sovet
dövrünün əsasən 70 - 80-ci və sonrakı illərinin
hadisələri daxildir. Kitabdakı ilk mətn "Dərdin
sarı çəpkəni" adlanır. Əsər o biri -
"Kül" və "Qarğa marşrutu"
romanları ilə ideyaca səsləşir. Sonuncu romanda əsas
fikri ehtiva edən "qarğa marşrutu" frazası digər
iki romana da aid edilə bilər, yaxud hər üç əsərdə
yaşayış bir "marşrut" üzrə hərəkətdən
- qarğaların "nizamsız-nizamsız,
ağır-ağır və vecsiz-vecsiz" ("Qarğa
marşrutu") uçuşundan ibarətdir. Müasir həyatımız
üçün aktual olan böyük, kiçik bazar yerləri,
ticarət yarmarkaları, marketlər, super-marketlər... məkanı
insanları bir-birinə bağlayan, uzaqlaşdıran,
bir-birinin qəniminə çevirən oxşar səbəbləri
Zahid Sarıtorpağın romanlarının ideya
qaynağı hesab etmək olar. Söhbətimizin bundan
sonrakı hissəsində "romanlar", ya "üç
roman" ifadələri əvəzinə, "roman"
yazmağa çalışacağam.
***
İdeya vermək
bədii mətnin ilginc vəzifəsidir. Bunun
üçün əsərin dil və təsvir imkanları əsas
rol oynayır. Bu mənada, onun personajları içində
azdığı sosial labirintdən necə çıxmaq
yollarını axtarıb tapmağa çalışan adi
insanlardır. Olay bu adi insanların dili ilə nəql edilir.
Başlarına gələnləri söyləyən
üç adama - birinci əsərdə Buluda, ikincidə
Tağıya və üçüncüdə Nihata
münasibətdə oxucu ən yaxşı halda neytral
mövqe tutur. Onların ciddi qınağa məruz
qalmamasının səbəbi ictimai sistemin mahiyyətilə,
hər zaman bizim hamımızın yaşadığı
sosial həyatla bağlıdır. Yəni bu, puç, fani
dünyanın boz sifəti ilə bağlıdır.
Yazıçının təsvir etdiyi mühit də, adamlar
da get-gedə maddiləşən dünyanın yanlış
qanun-qaydaları üzündən eybəcərləşir və
orada nə vaxtsa bizim ideal hesab etdiyimiz və ya edəcəyimiz
adamdan, toplumdan əsər-əlamət yoxdur. Hərçənd
dövlətlərin qəbul etdiyi hüquq və əxlaq
kodeksləri üzrə vətəndaşa həvalə edilən
vəzifələrin "icrası" ilə indiyəcən
yer üzü gərək xoşbəxt olaydı, lakin bu hələ
baş vermir. Əksinə insanın, ayrı cür desək,
vətəndaşın əhvalından "Qarğa
marşrutu" romanının sonunda deyildiyi kimi,
yaxşı-yaxşı (yana-yana) yazmağa ehtiyac yaranır.
İndi adamın başına elə oyun açırlar ki,
"Qarğa marşrutu"nda "bütün bu
dolaşıq məsələləri"n çözülməsi,
yazılması arzu olunur. Yazıçı bunların bir
qismini yazır və insanlığın ağır məişət,
sıxıntı halında dünyada hələ də necə
olub ki, sağ-salamat qaldığını bədii
sözün imkanları səviyyəsində test edir. Nəticə
etibarilə yazıçılıq deyilən bir iksirlə
roman süjetinin "öz-özünə" çox qəmli
hekayətə çevrildiyini görürük. İnsan həyatın
dibindən boylanmağa məhkum olunmuş durumdadır və ən
adi ehtiyacların həllində məlul-məhzun
qalıbdır. Bütün bunların dərd
adlandırılması və bir yerdə "dərdin
sarı çəpkəni" kimi ifadə olunması həyatın
hələ ki real dəyər kəsb etmədiyinin əlamətidir.
***
"Dərdin
sarı çəpkəni"ndə yekrəngliyin, mənasızlığın
(müəllif əsərin bir bölümünü "birrəng
üzüntü" adlandırır), "Kül"də
adamın eyzən "odu söndürüb küllə
oynamağının", külbaşlığın,
"Qarğa marşrutu"nda miyanə, şablon ömür
sürməyin acı, qəmli təfərrüatları ilə
tanış oluruq. Əsərin simvolikasında rəngin,
işığın, qoxunun, səsin xüsusi yeri var. Bir məqamda
rəng yoxluğun, heçliyin, ölümün, gərəksizliyin,
bir məqamda ayılmanın, cana gəlməyin,
doğuşun rəmzinə çevrilir. Sitat: "...Gizilti
içindəydim bütün. Tanış ion lampası
öz yerində - tavanda yanmağındaydı. Soyuq tərin
içində çimhaçim islanmışdım. İki
nəfər mavi geyimli, ağzı-burnu respiratorlu tibb
işçisi (yeri gəlmişkən, bu vaxta qədər mən
heç vaxt mavi geyimli tibb işçisi görməmişdim,
onları ağ xalatda görmüşdüm həmişə)
qolumu əlləşdirirdi, deyəsən, sistem
qoşurdular" ("Kül"). Sitatın sonu. Fikrimcə,
"sistem qoşmaq" koddur. Mavi rəng də. Burada mavi rəng
xüsusi vurğuyla nəzərə
çatdırılır, "Qarğa marşrutu"nun
xüsusən son səhifələrində masmavi rəngli
göy üzünə tez-tez diqqət oyadılır.
Yazıçı bu mənada "boyaları
düzgün" seçir, son qırx-əlli ilin unikal
tablosunu yaradır. Bəzən də müəllif
yaxşı bildiyi, həyatdan seçdiyi süjet
materialını "qarışıq" rənglərlə
boyamağa üstünlük verir. Hər bir halda "rənglər"
"qarışdırılır", elə bir rəng
alınır ki, adam "heç nəyi olduğu kimi"
görə bilmir. Əslində, bu qarışıq rəngli,
qarışıq səsli həyatdan alınmış
personajların prototipi bizim tanıdığımız
müxtəlif kateqoriyalı insanlardır, biz
özümüzük. Həyatdakı qəhrəman
haqqında söz qoşmaq, onu tərənnüm etmək
çətin deyil, adi insanları tanımaq üçünsə
yenə ən yaxşı vasitə ədəbiyyatdır. A.Kamyunun belə bir sözü var: "Qəhrəman
olmaq asandır, çətini adi insan olmaqdır".
Yazıçının borcu həm də adi insanları təsvir
etmək, tanımaqdır. Sivil dünya adi insanın rahat
yaşaya bildiyi dünyadır.
***
Zahid
Sarıtorpağın romanında müasir orta statistik
adamın dünyagörüşü, arzu və
düşüncələri ekstremal, ultra ekstremal ortamda nəzərdən
keçirilir, yuxu, qarabasma ilə, xəstə, qorxu keçirən
adamın şüuru ilə izlənən bədbəxt hadisənin
müasir həyatla bağlı olduğu qədər
keçmişə, yəqin ki, gələcəyə də
aid olacağını deyə bilərik. Ümumən, ədəbi-estetik
mövqeyi ilə müəllif nə qədər realist
görünsə də, onun həm də sürrealist
informasiya ilə işləmək üsulu mətnin bədii dəyərini
artırır. Sürrealizm realist düşüncəni
gerçəkləşdirmək üçün
yaxşı metoddur. Bu baxımdan, "Kül" romanında
müəllifin planı daha uğurla nəticələnir.
Doktor Daunun məsul (məmur) şəxsləri bir yerə
toplayıb, onlarla haqq-hesab çəkməsi səhnəsi
realizmin ən sərt üzünü, xarakterini nümayiş
etdirir. Bunu sehrli realizm kimi də şərh etmək olar. Bu əsərlərdə
güclü insan xarakterləri yoxdur, sadəcə, xarakterlərin
diffuziyaya uğradığı mühit var, toplumu "vəsf
edən" unikal səhnələrin təqdimi, bir də
bunların içindən az, ya çox tanış gələn
insan tipləri var.
Doktor Daun ilə
bağlı abzaslar bizə qiyamət barədə deyilənləri
xatırladır. Tağı klinik ölüm halında
olduğu zaman ərzində "başına gələnləri"
nəql edir. Oradakı bəzi səhnələr inkir-minkirin
sorğusuna oxşayır. "Sorğu-sualda"
keçmişdə baş verən günahlardan söz
açılır. Yazıçı süjet xəttinə
kiçik əhvalatları əlavə edir. Bu epizodik,
miniatür "hədislər" vasitəsilə
böyük cinayətlərin baş verdiyi haqqında informasiya
verilir. Adam əli hər yerdən üzüləndə
öz bəxtinin qaraçuxasının dalınca
düşüb, dərdinə çarə istəyir. Xilas
yolu yanlış səmtdə axtarılır. Bir
çıxılmazlıq sindromu var ki, bəşəriyyətə
bundan ağır təhdid ola bilməz. "Kül"
romanında bu ideya daha tez gerçəkləşir. Burada həkim
Daun - bəzən "doxtur", Dünyamalı doxtur",
bir halda da "qulyabanı" - obrazı ilə
yazıçı müdhiş bir xəstəliyin, daun
sindromunun sosial fəsadlarını yada salır. Yeri gəlmişkən,
Daun Dədə Qorquda da bənzədilir. Bu bənzəyişdə
o, "sorğu-sual" səhnəsinə uyğun gəlir.
Görünür, onun digər ayamaları da uyğun
funksiyanın icrasında işə yarayır.
***
Romanda bütün
canlıların, əslində Yer planetinin şikəst
obrazı idealizə olunur. İş burasındadır ki,
adamların dar ayaqda onları girdabdan çəkib
çıxarası hamiləri də (qaraçuxa) şikəst
halda təsvir olunur. Xəstə, əlil cəmiyyətin
atributları Zahid bəyin mətnində cürbəcür
anlayışlara münasibətlə müəyyənləşir.
Məsələn, Buludun ("Dərdin sarı çəpkəni")
gözünün göyərçinin şikəst qanadı
ilə sarı rəngdən təmizlənəcəyi
ehtimalı nağıl, mif dünyagörüşü ilə
bağlıdır. Divin canının şüşədə
olması ilə bizim taleyimizin yad stixiyadan
asılılığı eyni mahiyyət daşıyır.
Elə bil arzularda, yaddaşda, taledə çapıq
varmış kimi, yaralı bir vücudun obrazı assosiasiya olunur.
Həmin yaralı, çapıq bədən indiki
dünyadır. Zahid Sarıtorpaq qanadı qırıq bəşər
adamının üzünə hörümçək toru
çəkilmiş dünyasını şikəst quş
obrazında təqdim edir. "Sarğılı başla"
"hisli tavandan" ("Kül") başqa heç
yanı görə bilməyən xəstə adamların
yaşadığı toplumun halı necə olar?!.
Ancaq bir şeyi təsəlli, ümid yeri kimi dərk etmək
lazımdır ki, cəmiyyətin "xəstəlik
tarixçəsini" yazmaq həkim Daunlara yox,
yazıçıya, ədəbiyyata həvalə edilibdir.
Ədəbiyyat yaxınlaşan təhlükələri
öncədən hiss edir və problemi diqqət mərkəzinə
çəkib gətirir. "Kül"də haqqında
danışılan XXI əsr, 21-ci xromosomla bağlı sosial
bəla şüurun zədələnməsidir. Romanda
çoxlu rəmzlər var. Məsələn, Tağı
tez-tez sabahın açılmasını arzulayır, Bulud fəcrin
doğmasını. Sitat: "- Bu gündən sən də
qoşuldun bizə... Heç bilirsən, nə qədərik?
Sayımız-hesabımız yoxdur...
Özümü
toparlayıb:
- Səhər
açılsın, çıxıb gedirəm... Bakıya
gedəsiyəm... Maşını pis əzmişəm... -
dedim.
- Nə
açılsın, dedin?.. Səhər?.."
Sitatın sonu.
Səhər
açılmır ki açılmır. O dünyada Şəfiş
(Şəfiqə) Buluda deyir ki, "Keçiqıranda ağ
günə çıxmağın yolu ancaq kəfənə
bürünməkdən keçir". Sabahın
açılması ağ gün deməkdir. "Kül"də
Tağı nə illah edir, sabah açılmır. Müəllifin
priyomlarına uyğun Tağı, Məliş (Məlahət),
Davud işıqda bir-birinə qoşulub gedirlər, yolda
bir-birindən ayrılır, amma onların
başqalarının gözünə görünməməsi
bunların günün sabah deyilən çağında
baş vermədiyindən xəbər verir. Sabah
açılmır.
***
Ətrafı
yalnız sarı rəngdə görməyin dəhşəti,
əlbəttə, müstəqim məna daşımır və
göz xəstəliyi ilə bağlı deyil, insanın mənəvi
korluğu, korafəhmliyini ifadə edir. Ancaq ideya dahiyanə kəşf
edilib və onun bədii-linqvistik həlli də uğurlu
alınıb. İnsanın harda olduğunu kəsdirə bilməməsi,
hətta kim olduğunu və nə etmək istədiyini anlaya
bilməməsi onun durumunun ağırlığından xəbər
verir. Daun sindromu budur. Bunun elmi izahı 21-ci xromosom
cütlüyünün trisomiyası (üçlük)
sonucunda yaranan xəstəliklə bağlıdır. Fiziki
inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə
zəka əlilliyi deməkdir. Xəstəliyə səbəb
olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən
meydana gəldiyi deyilir. Elmi cəhətdən xəstəliyin
yaranmasında ətraf mühit faktoru olmasa da,
yazıçı, şübhəsiz, bu elmi məlumatı
ictimailəşdirmiş və bu tibbi qüsurun ədəbi
variantını yaratmışdır. Əqli
çatışmazlıq yer üzündə həyatın məhvinə
səbəb olar. Hər nəsnəni öz rəngində
görüb dəyərləndirə bilməmək də,
görünür, insanın ağıl qüsuru ilə
bağlıdır. Yuxuda Buludun əlinə Əlövsətin
Türkiyədə təhsil alan qızının qeydləri
keçir. Onlarda "narsissizm", "afaziya",
"asfiksiya" sözlərinin izahı yazılıb. Məsələn,
"asfiksiya" nəfəs
çatışmazlığından ölüm deməkdir.
Bu rəmzlər insanın indi düşdüyü halı
ifadə edir. Romanda rəng üzüntüsü əslində
yalanla, riya ilə bağlıdır. Saxta, ikiüzlü,
qeyri-səmimi münasibətlərin girovuna çevrilmiş
toplumun düzələcəyinə sanki əlac yoxdur. Müəllif
də qəsdən prosesi uzadır, böyük məharətlə
izi azdırmağa, təhkiyənin yönünü dəyişməyə
çalışır və mətləb, məqsəd
üzərinə bir qədər uzaqdan, dolayı yollarla gəlib
çıxmağın bədii priyom kimi işə
yarayacağını planlaşdırır. Gah bilikli həkim,
gah türkəçarə, gah qeybdən zühur edən naməlum
qoca vasitəsilə dərdə, azara əlacın peşinə
düşür və oxucunu problemin əsl mahiyyətindən
agah olmağa dəvət edir. Buyursun, cənab oxucu öz
halına bələd olsun və sağalmanın həqiqi
yolunu axtarıb tapsın. Yoxsa illüziyaya, irreal qüvvətə
arxayın olub hifz olunmaq mümkün deyil. Adamın
çaşbaş qalması yolu səhv salmaqdan daha qorxuludur.
Əsərdə ("Dərdin sarı çəpkəni")
vəd olunan və nəhayət, əldə olunan üç
milyon avro pulun müqabilində fərd deformasiyaya
uğrayır, yaxud ("Kül") əsrin, zamanın
girovuna çevrilir və ("Qarğa marşrutu")
illüziv həyat, yanlış münasibətlər
üzündən insan məqsəddən aralı
düşür. Romanın bir uğuru çıxış
yolunun tapılmasının sonraya qalması ilə
bağlıdır. Sosial xəstəliyin diaqnozu, təxminən,
məlumdur, ancaq bunun müalicəsi barədə heç nə
deyilmir. Və "Kül"də Tağının,
"Qarğa marşrutu"nda Nihatın tez-tez
qaçmağa cəhd etmələri böyük fəlakətdən
xəbər verir. Bu üç romandakı xəbərdarlıq,
təxminən, Yusif Səmədoğlunun "Qətl
günü" romanındakı "Baba kaha" xəbərdarlığına
bənzəyir. "Kül" romanında
"Qarağaclı dərənin ətürpədən
nifrin uğultusu" tez-tez yada salınır. Bu
qaçış, əslində, insanın özündən,
öz öyrəşdiyi mühitin ona təlqin etdiyi
yaşayış normativindən qaçışa işarədir.
Bu özündən qurtulma çabası Bulud müəllimə
də xas olan cəhətdir. Buludun
"qaçışı" onun ölümü ilə
reallaşır və Bulud digərləri ilə müqayisədə
bəxti gətirmiş adam hesab edilə bilər. Digər
qaçışlar hələlik baş tutmur, çünki
həyatda qaldıqca qaçmaq yoxdur, müvəqqəti
"marşrut"lar üzrə hərəkət etmək
var. Nəticə olaraq, problemin necə həlli bədii əsərin
funksiyası xaricində qalır.
***
"Dərdin
sarı çəpkəni"ndə eyni rəng altında
görmə mərəzi dünyada cəmi yeddi adamın
başına gəlmiş olay kimi qeyd edilir. Ətrafa yeddi rəng
əvəzinə (əslində çox,
saysız-hesabsız) tək rənglə nəzər yetirməyin
faciəsi böyükdür. Buludu üzən gördüklərinin
onun gözündə sarı rəngə qərq
olmasıdır. "Elə bil dünyanın başına lax
bir yumurta çaxmısan" - əsərdə olay belə
ibarələrlə təqdim olunur. Dünyanı "Allah verən
rəngdə" görməməyin üzüntüsü
bütün fəlakətlərdə olduğu kimi indi də
pulla kompensasiya olunur. Bulud hər yeri, hər şeyi sarı rəngdə
görür, əvəzində milyonçuya çevrilir,
lakin milyonçu kimi də özünü reallaşdıra
bilmir.
"Qarğa
marşrutu" romanında baş obraz Nihatın dərdi onun
köpək dişləri və o dişlərin gecə-gündüz
sızıldaması, nəticə etibarilə qana hərisliyi
ilə bağlıdır. Onun rahatlığı qan dadmaqla,
ağzında qanın tamını hiss etməklə bərpa
oluna bilir. Hələ sür-sümüyü bərkiməyən
Nihatın timsalında insanın qan içən obrazı
canlandırılır. Kiminsə qolunu, boynunu gəmirməklə
rahatlıq tapan, özünü yaxşı hiss edən gənc
az-az "pula və uğura" nail olduqca əriyir,
itib-batır. Onun bazardakı xaçapuri satmaq üzrə
qurduğu "marşrut" əslində "qarğa
marşrutu" adlandırılmağa layiqdir. Nihatın
işlərinin yoluna düşməsi, arzularının həyata
keçmə şansı qeyri-etik, qeyri-sivil davranış və
fəaliyyətlə ölçülür. Lakin bu olaylar
müasir toplumun üzvü olan orta statistik vətəndaşın
gözündə adi, normal, hətta cəlbedici görünə
bilir, çünki toplumlar indi belə dizayn olunur, fərdlər
belə ömür sürürlər. Kafedə tanış
olduğu "xala" dediyi özündən xeyli
yaşlı Sima ilə bir yatağa girməyə, bunu təkrar-təkrar
davam etməyə, bazar əsnafı içərisində təsadüfən
rast gəldiyi "yaxşı" adamların vasitəsilə,
təhsildən, əsgərlikdən yayınmaq cəhdləri
ilə gələcəklərini qurmağa
çalışan gənclərin taleyi qaranlıq və
zülmət içində, əsərdə
yazıldığı kimi düşüb "quyunun dibində"
qalmaqla müəyyənləşir. "Dərdin sarı
çəpkəni"ndə Buludu, ali təhsilli olsa da,
mağmın və "maygülü" bir Azərbaycan vətəndaşı
kimi tanımaq mümkün olursa, Nihat kimi ömrünün hələ
cəmi on yeddi ilini yaşamış gənclərin taleyinin
necə olacağı məlum deyil. Bulud böyük alim də
ola bilərdi, fəqət həyatın dərslərinə hələ
hazır olmamağı bir şəxsiyyət kimi onun şikəstliyi
kimi qəbul edilməlidir. İnsan şəxsiyyətindəki
bu kəsir rəmzi anlamda əsərdə tez-tez yada
salınır. Həyat yoldaşını itirmiş, sonradan
"sarı dərdə" düçar olmuş Bulud adi həyati
vəzifələri yerinə yetirmək iqtidarında olmayan,
öz taleyinə özü qərar verə bilməyən,
bir halda "yoldan keçən" bir rus qadınının
kefinə ilişən, "oğraşlıq" edən -
bu onun qardaşı Umudun sözüdür - ömrü boyu qəm
və xiffətlə yaşayan, "cənabət
halında" avara, sərgərdan birinə - müdhiş
suların ümidinə qalmış yelkənsiz qayıq kimi
bir əşyaya bənzəyir. Ətrafını onun
hansı rəngdə görməyinin heç bir əhəmiyyət
daşımadığını bu əsərdən
çıxan bir nəticə saymaq olar. Rəng təkcə
gözün problemi deyil, insan şüurunda, mövqeyində
hər rəng öz mahiyyətini qoruyub saxlaya gərək. Bu
yekrəngliyə, mənasızlığa əlacın bir
variantı ölüb canını həyatın, əlbəttə,
insanın özü özü üçün zülmətə
çevirdiyi qaranlıq həyatın zillətindən birdəfəlik
xilas olmaqdadır. Buludun ömrünün məntiqi davamı,
onun dünyagörüşü bunu diktə edir.
Yaşadıqca ölü kimi gəzib-dolanan Bulud müəllim
yalnız ölümü ilə xoşbəxtliyə
qovuşur. Buludun həyatının belə bitməsinin məntiqi
əsası var. Onun ölümü təsvir olunan cəmiyyətin
fonunda realist səciyyə daşıyır.
Yazıçı istəsəydi, qələminin səmtini dəyişə
bilərdi. Lakin əsərin ideya prinsipləri ölüm tələb
edir. Burada yazıçının Buluda rəhm etdiyi qənaətinə
də gəlmək mümkündür. Onun durumu kifayət qədər
mürəkkəb və tragikdir. Övladları ilə
bağlı onun çox ciddi problemləri yaranıbdır.
Sonda, Buludun ölümündən sonra Suriyaya cihada gedən
oğlunun tələf olması xəbəri verilir. Magik,
sürreal səhnələrdə mətnin təlqin etdiyi
çəpkən gülünün Buludun gözünün rənglərini
bərpa edəcəyi ümidi bu şəkildə
doğrulur. Oxucu, şübhəsiz, əsəri mütaliə
etdikcə, təhkiyə axınında bu fərsiz adamın dərdinə
çarə olacağını səbirsizliklə gözləsə
də, bu, sadəlövh oxucunun görmək istədiyi şəkildə
deyil, yalnız bir variantda, həyatın
"qanunauyğunluğunun" tələbi formasında, əslində
böyük sənətin təlqin etdiyi formatda həllini
tapır. Yəni Bulud müəllimin ölümü
qaçılmazdır.
***
Romanın irreal təsvirlərə
dayalı fakturası ilə bu dünyanın adamına
yaxşı dərs vermək mümkündür. Məqsəd
hər şeyi öz rəngində görməyin əsl
yolları üzərində insanın ağıl və
düşüncəsini səfərbər etməkdir.
Bütün fakt-olayların, romanın çox şirin təhkiyəsinin
dinamikliyini, bədii gücünü qoruyub saxlamaq,
keçmişin necə dəyişdiyini əyani olaraq
göstərmək üçün intertekstuallıq və
bir qədər az, bir qədər çox əvvəl baş
verənlərin fraqmental şəkildə mətnə yerləşdirilməsi
mütaliə həvəsini artırır. Musiqidə
"boğaz" deyilən məfhum var. Roman janrı
üçün təsvir xırdalıqları vacib ədəbi
üsul kimi gərək olur. Bu baxımdan, Zahid bəyin mətnlərində
onun təhkiyəsinin canını təşkil edən
maraqlı, oxunaqlı kiçik əhvalatlar, bir-birindən cəlbedici
nitq və üslub priyomları mətn boyu partlayış
effekti yaradır. Məsələn, Taygöz Ağacəfərə
aid olan "Səksən səkkiz! Davolna!" sözləri və
əlbəttə, bu sözlərin doğurduğu sensasion zərbə
"Kül" romanının əsas süjet xəttinə
əlavə olunmuş bir olayla bağlı olsa da, əsas mətnin
havasına qarışır, fərqli estetik ovqat yaradır,
oxucunun qırışığını açır, təhkiyəni
cilalayır, zənginləşdirir. Xəstə adamın ruh
halında ucadan dediyi "skeytbord", "şeytan meşədədir"
sözləri də bu effekti yaradır. Z.Sarıtorpağın
"mətn yolçuluğu" olanlardan, keçənlərdən
sitat-abzaslar tərtib etməklə gələcəyə -
romanın doğurduğu təəssüratdan sonrakı gələcəyə
oxucunun "sabahın açılacağı"
inamını şərtləndirir. Sabah
açılacaqmı?!
***
Birinci əsərdə
Bulud yaşlı nəslin, ikincidə Tağı
ortayaşlı nəslin, üçüncüdə Nihad
yeniyetməliyin nümayəndəsidir.
Romanın ideya mərkəzində
həllini gözləyən əsas problem insan və mühit
olduğuna görə sual yaranır. Bu insan necə yaşaya
gərək? Mühit necə ola gərək? İnsanlar niyə
bu qədər məzlum, rəzil həyat sürməyə məhkum
ediliblər? Yekun olaraq Səy Usubun "yedilər, içdilər,
dağılışdıq" formulu "dünya əlaydı,
yaşadılar, kef elədilər, ölüb getdik"
formulu ilə əvəzlənir. Acı gülüş
doğuran səhnədir.
Yazıçı
yuxuda baş verən hadisələri ayıq adamın
düşüncəsi kimi, ya bu dünyada real olaraq baş verənləri
bir yuxu kimi təqdim edib deyə mətnin bədii təsir səviyyəsi
artır. Əvəzləmələr bəzi hallarda elə
intensiv xarakter alır ki, yuxu ilə ayıqlığı
bir-birindən fərqləndirmək çətinləşir.
Yuxu, ya da hallüsinasiya. Bulud yuxu, Tağı sayıqlama,
Nihat qarabasma şəraitində daha yaxşı izah oluna,
oxucunun hisslərinə təsir edə bilirlər.
***
Əsərin
(romanların) məzmununda sevgi xətti də kifayət qədər
aktuallıq kəsb edir. Məsələ burasındadır ki,
bulaşıq mühitdə sevgi duyğusu da insanı arzusuna
çatdıra bilmir. Nakam eşqdən sonra nakam həyatın
macərası gəlir. Hər bir halda insan "qəzalı
evdə" - "ölü damı"nda yaşamalı
olur. Tağı sevdiyi Kəbirədən, Nihat Büllurdan
çox-çox uzaq qalır, Buluddan arvadı Şəfiqəni
(Şəfişi) ölüm ayırır. Tağı
içində zəhləsi gedən Məlahətin (Məliş)
də yer aldığı "anbar" kimi nişan verilən
bir məkana düşür, Bulud uzun bacaqlı, təsadüfən
rastlaşdığı atası azərbaycanlı olan
Yekaterina Naqdəliyevna ilə seks yaşayır, Nihat
"xala" dediyi, özündən yaşlı qadın Sima
ilə intim münasibətlərə məcbur edilir. Bu hadisələrin
fonunda mühitin ikiüzlülüyü,
simasızlığı üzə çıxır,
amansız qanunları ilə çox eybəcər olduğu təsdiqlənir.
Bir qədər əvvəl sənə doğma görünən
həyat birdən-birə yadlaşır, hər kəs səndən
üz döndərir. Hətta qayğıkeş "Sima
xala"nın simasında həyatın bu boz, kül sifətini
lap yaxından görmək mümkündür. Nihat sonralar
onunla rastlaşanda Sima ona üz göstərmir,
özünü yad bir adam kimi aparır, o da əli ilə
yuxarıları, göyü göstərir. Göyün
üzündə qarğalar uçuşurlar. Bunun səbəbi,
görünür, toplumun siyasətlə zəhərlənməsidir.
Məsələn, insanda qoynunda yer aldığı Yer kürəsinə
böyük sevgi yoxdursa, tərəqqi yoxdur. Sevgisizlik
adamların bir-birini sümürməsinə səbəb olur.
Nihat "Sima xala" deyib çağırdığı
adamın əzasını gəmirir, qanını içir,
"Sima xala" da təzə, sütül oğlanı
yatağına salıb sümürdükcə
sümürür, doymur.
***
Zahid bəyin əsərlərinin
dil və üslub cəhətdən bəzi fərqli
xüsusiyyətləri barədə ayrıca yazmaq
lazımdır. Ümumxalq dilinə xas zənginlik, nitqdən,
fikirdən kənarda qalıb işləklik səviyyəsini
azaltmış frazemlər, bütöv cümlə
konstruksiyaları, hər kəlməsi geniş sosial
epoxanı ifadə edən deyimlər onun qələmində,
üslubunda geri qayıdır, vətəndaşlıq
hüququnu bərpa edir. Bu, bədii ədəbiyyatın vəzifələrindən
biri olsa da, həmin vəzifənin necə icrası
yazıçının istedadı və
bacarığından asılıdır. Zahid
Sarıtorpağın dil-nitq quruculuğu sayəsində
yaxın keçmişin bir çox vacib sosial
faktlarını, müstəqilliyə qədərki və
müstəqillik dövründəki ən mühüm hadisələri
yada salmaq mümkündür. Onun bədii dili Azərbaycan
tarixinin bir parçasına çevrilir. Tarixi faktın təsdiqi
dilimizə məxsus dialektoloji, arxaik və yeni leksikanın,
şifahi dil sintaksisinin üzərində
yazıçının "arama-tarama" işləri
aparması nəticəsində başa gəlir. Dil üzərində
bu cür işləmək əsərin mütaliəsini
asanlaşdırır, təhkiyənin dinamikliyini
artırır.
Yazıçının
roman nəsri bu cür görünən və görünməyən
cizgilərlə bir-birinə bağlanan çoxlu mikromətnlərin
qovuşağında bütövləşir. Onun üslubu
"dilinin altında sözü olan" bir təhkiyəçiyə
məxsus olduğunu aşkar edir, düşündürür
və oxucunu məmnun edir. "Müəllifsiz" də mətn
oxucuyla dil tapır və onu incitmir. Oxucunun "əziyyəti",
necə deyərlər, əsərin mütaliəsi başa
çatdıqdan sonra başlayır. Doğrudan,
yazıçı oxucunu aldatmağı, hətta yaxşı
mənada ələ salmağı bacarmalıdır. Zahid
sarıtorpağın üslubu elədir ki, onun şeirindəki
intellektuallıq nəsri üçün də xarakterikdir.
Onun şeirlərini bir dəfəyə başa
düşüb dəyərləndirmək çətindir.
Romanında mənzərə bir qədər fərqlidir.
Oxumağa başlayanda adam nağıl aləminə
düşdüyünü zənn edir. "Baxaq görək
Buludun gözünün sarısını müalicə edə
biləcəklərmi?". Ancaq bir qədər diqqətli
olmaqla ilkin təsəvvürlər alt-üst olur. Ona görə
bir qeydimi də əlavə edirəm ki, Zahid
Sarıtorpağın oxucusu onun dilinin "sadəliyinə"
aldanmamalıdır, ayıq və hazırlıqlı
olmalıdır.
Məqalənin
sonunda kitabın əvvəlində işlənmiş
aşağıdakı fraqmenti misal gətirmək istəyirəm:
"...Qırxayaq yeriyəndə hara getdiyini görürsən,
amma ayaqlarını saya bilmirsən. Eləcə də səni
içinə alan gərdişin hansı yana yön
tutduğunu anlayanda, heç nəyin hesabını
aparmağa gücün çatmır, zaman da qırxayaq
sürətiylə, həm də səssiz-səmirsiz
ömrünün divarındakı çatlara təpilir, adama
acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini
sayıb-sadalamaq, anşırıb-çözmək olmur.
Bu məsələlərin
gerçəkliyini götür-qoy etməkdə indi aciz
qalmışam, heç bilmirəm ömrümün bu
saralmış günləri necə gəlir, necə gedir və
hara təpilir qırxayaq kimi...".
Bu sitat da "Dərdin
sarı çəpkəni" romanındandır. Əsər
bu cümlələrlə başlayır və
bütünlüklə kitabın özünü motivasiya
edir - bu fikirlər hər üç romanın fəlsəfəsi
barədə proloq rolunu da ifa edə bilər. Doğrudan da,
ömürə, həyata qırxayaq kimi təpilən
şeyin şərti olaraq adını XXI əsr qoyduğumuz
bir zamanın olduğunu düşünmək əbləhlikdir.
Zaman adı ilə insanın həyatını məhv edənin
nə olduğunu bilmək üçün yenə Zahid
Sarıtorpağın romanlarına baxmaq lazımdır.
Ədəbiyyat qəzeti.-2022.-29
yanvar.-S.10-11.