Müşfiq - Azərbaycan
ədəbiyyatının cavabsız sualı
Müşfiqin anım günü ərəfəsində yazı
gözləyirdim. Anım günü keçdi,
yazı gəlmədi.
Dünən isə poçtuma
Türkiyənin Kayseri şəhərindən
Ərciyəs Universitetinin
II kurs tələbəsi
İlhami Koçun Müşfiqlə bağlı
yazdığı məqalə
daxil oldu. Müşfiq barədə
Türkiyədə və
Türkiyə türkcəsində
qələmə alınmış
bu yazı "Ədəbiyyat qəzeti"nin diqqətindən kənarda qala bilməzdi.
İlhami Koç Mikayıl Müşfiq və "Yedi Meşale" şairlərindən Ziya Osman Sabanın yaradıcılığını qarşılaşdırmalı ədəbiyyatşünaslığın predmetinə çevirib. Bu şairlər
üslub, poetika baxımından çox fərqli olsalar da, eyni estetik
materiyanı bölüşürdülər...
"Şiirin gölgəsində:
Pençe ve Kanat" məqaləsi Türkiyədə Mikayıl
Müşfiq irsini tədqiq edəcək yeni nəslin meydana gəlməsinin xoş bir sorağıdır. Bu məqaləni çap etməklə ona da inanıram ki, Müşfiqi tamam yeni rakursdan
dəyərləndirməyə çalışan İlhami
Koç nə vaxtsa Türkiyədə Mikayıl Müşfiqlə
bağlı yazılmış
kitaba da imza atacaq.
20 yaşlı tələbə
Müşfiqlə Ziya
Osmanın şeirləri
arasında müqayisəli
təhlillər aparır,
diqqəti əsasən,
hər iki şairin ruh doğmalığına çəkir...
Müşfiq dövrünün bütün
böyük Azərbaycan
şairləri kimi, Tevfiq Fikrətin heyranı olub. Hətta o dövrdə
çox gənc olan Nəcib Fazil Kısakürəklə
bağlı Azərbaycanda
ilk fikrin müəllifi
də odur. Amma Türk poeziyasında Müşfiqlə
qarşılaşdırmalı ədəbiyyatın mövzusu
ola biləcək
şairləri düşünəndə
ilk xatırladığım Yahya Kamal və
Əhməd Haşimdir...
Biri poetik ritminə, digəri rəng qammasına görə.
İlhami bəy isə
Müşfiq poeziyası
ilə müqayisəli
təhlil üçün
Ziya Osman Sabanın şeirlərini
seçib. Məncə, haqlıdır. Ən azı
ona görə ki, Ziya Osmanı
lirizminə görə
Mallarme ilə qiyaslandıran
Vasfi Mahir Kocatürkün dediyi kimi, bu şeirlər
şairin "ruhunda duyduğu səslərin yankıları və gördüyü rənglərin
yansımalarıdır". Bunu Müşfiqə də
aid etmək olar.
***
Mikayıl Müşfiq Azərbaycanda
Türkiyə türk
ədəbiyyatının, az qala,
mənəvi elçisi
kimi tanınırdı.
Stalin repressiyasının qurbanına çevrilməsinin,
güllələnməsinin də əsas səbəbi onun Türkiyə amilinə münasibətilə bağlıydı.
Məhz bu səbəbə görə adını pantürkist qoyub qətlə yetirmişdilər.
Müşfiq Azərbaycan tarixinin bəlkə də ən böyük cavabsız sualıdır. İlk baxışda
belə görünür
ki, nə üçün repressiya olunduğunu heç özü də, onu həbs edənlər
də bilməyib.
Müsavatçı ola bilməzdi, Aşninin yazdığı
kimi, çünki yaşı buna imkan vermirdi. 1918-ci ildə 10 yaşı vardı... Pantürkist ola bilməzdi,
çünki Leninə
şeir həsr edirdi... Amma... görkəmli alim Səfurə Quliyeva müşfiqşünaslıqda
yeni bir mərhələ yaratmaqla
tarixin açıq qalmış suallarını
cavablandırdı. Necə? Tutaq ki, "Mikayıl Müşfiqin tarixə mesajları" adlı yazısında
("Ədəbiyyat qəzeti",
6 oktyabr 2018) Müşfiqin
"Lenin" şeirinin ilk variantını təqdim etməklə:
O kişi duymadı
insaf, mərhəmət,
Haydı,
dik başları, haydı, vur - dedi.
Qardaşı qardaşa eylədi
düşmən,
İşçini işçiyə eylədi
qardaş,
Kilidlənib köhnə ağızlar
həmən,
İnsanlıq başına yağdırıldı
daş,
Əsrin kürsüsünə çıxanda
Lenin.
Yaxud
1920-ci illərin sonunda
böyük vüsət
almış "mədəni
inqilab" hərəkatını
vəsf edən Müşfiqin "Mədəni
hücum" şeirinin
fonundakı təbiətə
və şairin kinayəsinə diqqəti
cəlb etməklə:
Xəzandır, xəzandır...
Təbiət kişnəyir yüyənsiz
at kibi.
Təbiət varlığı əlində
oynadır,
Ruzigarlar qudurmuş, səmalar əsəbi.
Qanadı
olanlar köksünü
gərəcək,
Aləmi titrədən bu fəslin zülmünə.
Odur, bax, zavallı bir yarpaq
Sürünür torpaqda ölərək,
kimə nə?!.
Geyimlər dəyişdi, sevəlim
bu yolu,
Hökumət, əmr eylə,
ürəklər dəyişsin...
Belə. Bu şeirlərin timsalında
“1937-ci ildə Müşfiq
nə üçün
repressiya edildi?” sualının cavabı aydın olmurmu?
1937-ci il oktyabrın
31-də Sumbatovun imzaladığı
iddianamə Müşfiqin
üzünə ölüm
yollarını açdı.
Sumbatovun
iddianaməsindən iki
gün sonra həyat yoldaşı Dilbəri də həbs etdilər. Dilbəri ilk istintaqda Avanesyan dindirdi... 2 aydan sonra Moskvadan
Nikitçenko gəldi,
şairi mühakimə
etdi və yanvarın 5-də 20 dəqiqə
davam edən məhkəmənin hökmü
ilə Müşfiq güllələndi...
Evlənəndə Müşfiqin 25, Dilbərin
18 yaşı vardı.
29 yaşlı yaraşıqlı
əri güllələnəndən
sonra 23 yaşlı gözəl Dilbər dəli oldu... Sonra ruhi problemlərinə
görə onu azad edib psixiatriya
xəstəxanasına yerləşdirdilər...
Mikayıl Müşfiqin günahlarından
biri də təbii ki, Hüseyn Cavidlə dostluq etməsiydi. Aralarında
26 il yaş
fərqi olsa da, dost idilər... Turan Cavid mənə demişdi ki, "Müşfiq Cavidi hədsiz istəyirdi.
Müşfiq üçün göydə Allah, yerdə
Cavid vardı. Evimizə də ən çox Müşfiq gəlib-gedərdi. Cavidin
olduğu məclislərdə
onun şeirlərini yalnız Müşfiq oxuyardı...".
Dünyada Cavidlə Müşfiqin
dostluqları, o dostluqların
maraqlı xatirələri
qaldı... Məsələn,
Mişkinaz Cavidin yazdığı kimi: Bir dəfə pinəçidə ayaqqabısını
yamatdıran Müşfiq
Cavidgilə gəlir. Sevinirmiş.
"Bax, Cavid
əfəndi, ayaqqabımı
yamatmışam". Cavid isə qısa cavab verir: "Adın yamaqlı olmasın...".
20 yaşlarında yamaqlı
ayaqqabı geyən gənc şairin adı ədəbiyyat tariximizdə "Küləklər",
"Həyat sevgisi",
"Oxu tar", "Yaşa,
könül", "Necə
əl çəkim",
"Sevgilər", "Yenə
o bağ olaydı"
şeirləri ilə
qaldı.
Zaman keçdikcə Müşfiqin
şeirləri Azərbaycanın
mənəvi relikviyasına
çevrildi...
Yenə
də "Şiirin gölgəsində: Pençe
ve Kanat" məqaləsinə qayıdıram.
Məqalənin müəllifi Türkiyəli
gənc tədqiqatçı
İlhami Koç həm də şeirlər yazır.
Şeirlərində ayrılıq,
həsrət ruzigarları
əsir...
Hiss olunur ki, Müşfiqin
təsiri altındadır...
Bu təsirdən heç ayrılmasın...
27 yanvar
2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 29 yanvar.- S.16.