Vahid Əzizin poeziyasında
Qarabağ savaşı
Vahid Əzizin son kitabında şeiriyyətdən
çox, həqiqət və fikir, ağıl və məntiq
önə çıxmışdır. Əslində,
V.Əziz lirik şairdir, sevgi dolu optimist şeirləri ilə
bərabər, zamandan, qocalıqdan, ölümdən şikayət
ruhlu şeirləri də vardır. Rəngarəng
poeziya dünyasında Vahid Əzizi fərqləndirən onun
vətənpərvər, milli ruhlu şeirləridir. Və "2020. Param-parça illər"
Bakı: Azərnəşr 2021, adlı şeir kitabı
bütünüylə milli ruhun dirçəlməsinə,
II Qarabağ savaşı kontekstində vətənpərvərlik
mövzusuna, vətən uğrunda savaşa və qələbəyə
həsr edilmişdir.
Şeiri dərk etməkdə ən mühüm meyar həyat
təcrübəsidir, üstəlik, digər sənətlər
- rəsm, musiqi, xalçaçılıq və xüsusən
də poeziya bu təcrübədən qaynaqlanır. Canlı təcrübə
poeziyanın mahiyyətidir, ən ibtidai sivilizasiyalar həmişə
poeziyanın canlı təcrübənin əsas və
güclü formaları ilə bağlı olduğunu göstərir.
Həyat təcrübəsinin şair və
şeirlə necə əlaqəsi olduğu kontekstində
bütün orijinal poeziyanın alt təbəqəsi
yaşanmış, ona yaxınlaşan təcrübələr
və onunla təmasda olan psixoloji komponentlərdən ibarətdir.
Zahiri obrazlar bu tip əlaqə vasitəsilə ancaq dolayı
yolla şairin yaradıcılığı üçün
alət ola bilər (Dilthey). Bir
çox halda canlı təcrübə baş verən hadisələrlə
bağlı deyil; onun mövcud şüuru keçmişi və
gələcəyi ehtiva edir. Deməli, həyat
təcrübəsi, gerçəklər şairin iradəsindən
üstündür. Vahid Əziz də
"Hər şəhid olaraq qurban gedənin adı ürəklərə
yazılsın gərək" deməklə bu iradənin təcəssümünü
göstərmişdir. Haqqın iradəsi
istər-istəməz şairi öz şəxsiyyətinin
fövqünə qalxmasına, dövrünün
psixikasını, tarixi və bəşəri
bağlarını dilə gətirməsinə şərait
yaradır.
Şeir elə bir formadır ki, o, çağın
tarixi ruhunu anlamağı zamana yaymış, gələcəyə
buraxmışdır. Poeziya tarixi və psixoloji özəllikləri ilə,
bir inikas forması olması ilə bərabər, bizi hadisələri
dərk etməyə, konkret olaraq II Qarabağ
savaşını anlamağa dəvət edən ədəbi
bir prosesdirsə, V.Əziz də bu dərketmə prosesini səciyyələndirən
və səciyyələndirdiklərini həyata keçirən
ötürücü mediatordur. V.Əziz
kitabdakı şeir və poeması ilə Qarabağ
reallıqlarını konseptual strukturlarla, izahlarla dondurmaqdan
çəkinmiş, savaş mənzərəsinin
canlılığına, qələbənin ruhuna xələl
gətirməməyə çalışmışdır.
Zəfər zamanıdır, qisas
günüdür,
gözəl Qarabağın xilas günüdür,
bu
savaş İstiqlal bünövrəsidir -
yalnız
irəliyə, yalnız irəli.
Və:
Bura -
bizim Ana Vətən,
Xilas olan
Qarabağdı,
Bizimkidi əzəl
gündən
Bizimki də qalacaqdı.
Vahid Əziz bir
çox məqamda tarixi hadisələrin
başlanğıcına qayıtmaqla
yaddaşımızı təzələmək istəmiş,
bizləri Qarabağ torpağının və
bütövlükdə vətənin dəyərini
anlamağa çağırmışdır. V.Əzizin şeirlərini sırf estetik alət kimi
qəbul etmək mümkün deyildir. Onun
poeziyası həqiqətin manifestosudur. O baxımdan
2015-ci ildə yazdığı bir şeirində şair belə
deyir:
Bunlar namazlarında
hansı duanı edir?
Nahaq
alışdırmışıq, yardımlar ürək
yeyir!
Kimi yayda
"bambazı", qış fəslində
"çit" geyir,
Onlarsız
elə bil ki, solğun çiçək tozuyam,
Qarabağsız qayıdan bahardan narazıyam.
"Kəsərdən
düşən sözdən", "fəlakətə
yumulan gözdən", "kütləşən
dözümdən", itirilən torpaqların düşmən
əlində qalmasından, "Xocalısız yaşanan illərdən"
narazıdır şair. Bu narazılıq
zamanın özündəndir.
Onun şeirləri həyat təcrübəsini üzə
çıxarmaq üçün bir təkandır,
çünki bir çox şairin
yaradıcılığında olduğu kimi, Vahid Əzizin əsərləri
də poetik təəssürat yaratmaq zərurətindən
deyil, canlı həyat hadisələrini, yaşama təcrübələrini
ifadə etmək, mənalandırmaq istəyindən
yaranmışdır. Daha açıq ifadə etmiş olsaq,
V.Əzizin şeirləri boş yerdən, mənasız fikirdən,
məqsədsiz deyimlərdən ibarət deyil, həqiqətlə
dolu canlı həyatdan bəhs etdiyi üçün
oxucularında dərin psixoloji təəssürat yaradır.
Oxucunun maraq dünyası ilə şairin poetik
aləmi məhz bu nöqtədə üst-üstə
düşür. Onun şeirləri hisslərimizi
anlamaq və onları hansı istiqamətə yönəltməyin
zəruri olduğunu bizə göstərir, normallaşan və
rutin həyatda qeyri-şəffaf duruma gələn və gizlənən
reallığın daha görünən olmasına və daha
aydın başa düşülməsinə imkan verir.
İstiqlal uğrunda tökülən
qanlar,
çoxları könüllü hərbə gəlirdi,
qəsbkar düşməndən qisas alanlar,
Otuz il hicranın yetimləridi!
"Zəfər millətimin
altun tacıymış" deyən V.Əziz II Qarabağ
savaşına həm sadə insanlardan, həm siyasətçilərdən
fərqli olaraq başqa bir gözlə, şair gözü ilə
baxır. Hadisələri fərqli şəkildə
qavrayır və poeziyası ilə həmin dövrün
ruhunu dərk etmək üçün oxucuya ən
mühüm olanları təqdim edir. V.Əzizə
görə savaş bitməyib, Qarabağdakı zəhərli
tikanların xeylisini doğrasaq da demək olmaz - "Savaş
bitib", bayrağımız Qarabağın hər tərəfində
yüksəlməsə, ilanın başı əzilməsə
demək olmaz - "Savaş bitib", düşmənin izlərini
bu torpaqdan itirməsək demək olmaz - "Savaş
bitib", yıxılan evlərin, solan çiçəklərin,
yetimlərin qisası alınmasa demək olmaz - "Savaş
bitib".
Hələ Xankəndinə əl
bulamırıq,
od vursaq
bir anda yanıb gedəcək,
bizlər
alicənab, qəsbkar sırtıq -
məğlub olduğunu qansa, gedəcək!
Əslində, sənətdə
və şeirdə baş verənlər çox vaxt sənətkarın
və şairin səlahiyyət hüdudlarını aşan
şeylərdir. Burada həyat hadisələrinin,
gerçəklərin özünün şeir olmasından bəhs
edilir, çünki duyğu ilə təxəyyül, xarici və
daxili əlaqə, iç və dış aləm nə dinləyicinin
zövqündən, nə də sənətkarın təxəyyülündən
deyil, insanın mənəvi həyatından, şüur
dünyasında var olanlardan yaranır. Belə məqamlarda
reallığın özü şeirə çevrilir. Vahid Əziz poeziyasında bu reallıq Qarabağ
şəhidləri, qaziləridir, savaşan Azərbaycan əsgəridir,
onları gözləyən ata-analar, qız-gəlinlərdir,
övladlardır. Kitabın ən
uğurlu tərəfi şairin Qarabağ savaşının
iştirakçılarını bütünlükdə
tipikləşdirməsi, zamanın və məkanın sərhədlərini
aşan obrazlara dönüşdürməsidir. Bütün böyük şairlər kimi, V.Əziz
də yaşadığı bu keşməkeşli zamanın
ruhunu tipikləşdirmişdir.
Qırx
dörd günlük savaşda
uşaqdan böyüyədək
hamı
zireh geyindi,
"Otuz
ilin" zülməti
"Ay
yarımda" yenildi!
Ümumilikdə poeziyanın, konkret
olaraq V.Əzizin şeirlərini anlamağın tək yolu
usta bir şair kimi, usta bir oxucu olmağın zərurət
olmasındadır. Və nəhayət,
poeziyanın dolğunluğunu, poetikliyini həyatın
gerçəklərinin ifadə forması kimi başa
düşməyin əsas şərti konkret tarixi-psixoloji
konteksti nəzərə almaqla mümkündür.
Şair sətiraltı mənalarda bu həqiqətləri dilə
gətirir:
Qazilər
qazandıq canlar itirdik,
Yarımçıq
işlərin çoxun bitirdik,
gərəkdi artaydı mərdlik, kişilik,
Piy
basır, acgözlər yenə şişirlər,
nə
vaxt düzələcək görən bu işlər?
Çünki "olub-keçənlərdən
dərs alınmamış", "zəbt olunmuş sahillər",
"çimərlik yolunda pullu girişlər" var,
köhnə vərdişlər tərk olmamış və
"kökündən çıxmasa yırtıcı
dişlər, düşməz öz yoluna zay olmuş işlər...".
Peyğəmbərlərin
insana Tanrı hökmünü, şairlərin isə
Tanrıya giley çatdırdığı bir dünyada
riyakarlar, minsifətlilər var. Bunlar şairə görə
qələbəni kölgələyə bilməsə də,
xalq ayıq-sayıq olmalı, zəfərin həyatdan dəyərli
vətən üçün olduğu, torpaq üçün
ölündüyü, sadə vətəndaş
övladlarının qanı hesabına
qazanıldığını unutmamalıdır. Vətənin
sadə, bir o qədər də anlamlı tərifi şairə
görə belədir:
Qalaları hörülürsə
Əsəbləri
gərilirsə
Uğrunda
can verilirsə -
Həyatdan
dəyərli - Vətən!
Şeirə hər
çağın öz baxışı vardır. Şeirin poetikası bu baxımdan dəyişkəndir.
Hər dövrün özündən doğan və
o çağın şairlərinin poeziyada
açdığı ruh poetikası var. Hətta eyni dövrdə
yaşayan şairlərin də hər birinin özünəməxsus
poetik anlayışı vardır. Çünki
poeziya hər hansı bir cəmiyyəti tanıma vasitələrindən
ən təsirli olanıdır. XXI yüzilin şeiri
60-70 il bundan öncəki şairlərin
yazdığı əsərlər deyildir. Yaşadığı
zamandan, sosial-siyasi, mədəni-iqtisadi və ideoloji
institutlardan kənarda qalan poeziya yoxdur. V.Əziz
də poeziyaya XX yüzilin 70-ci illərində gəlmiş,
XXI yüzilin şairidir.
Vahid Əziz dövrünün siyasi-ideoloji tələblərinə
uyğun yazsa da, vətəndaş şair olmağı, vətəndaş
kimi qalmağı bacaran şairlərdəndir. Vətəndaş
şair millətin dərdini, vətənin
sıxıntılarını dilə gətirəndir.
Ona görə də indiki halda şairin qayəsi vətən
uğrunda, Qarabağın işğaldan azad olunması
uğrunda aparılan mübarizənin önəmini poetik bir
dillə tərənnüm etməkdir:
Ordu zəfər
çaldı son həmləsiylə,
Vətən
Qələbəyə açdı qoynunu,
Kimi - qələmiylə,
kimi - səsiylə,
Kimi - müjdəsiylə gətirdi onu.
44 günlük II
Qarabağ savaşı V.Əzizin poeziyasında qələbə
manifestidir. Qarabağın hər
qarışı şair üçün doğmadır.
Füzuli, Zəngilan, Laçın, Ağdam, Cəbrayıl,
Kəlbəcər və nəhayət, Şuşa.
Kitabda şairin Şuşa ilə
bağlı 6 müstəqil şeiri və digər şeirlərindəki
Şuşa misraları, Şuşa bəndləri vardır. Ancaq Vahid Əziz Şuşadan yazmağı moda
halına gətirmiş (sanki Qarabağ yalnız
Şuşadır) bəzi şair və sənətkarlardan fərqli
olaraq bu mövzuya XX əsrin sonlarından müraciət
etmişdir. Onun Şuşa
mövzusunda yazdıqlarında qürurla yanaşı bir
nisgil də hiss edilir.
Zaman möhlət vermir, imkanı
dardı,
anlamır nə sayaq xahişimiz var,
düşünmə - Zəfərlə hər şey
qurtardı.
Bizi
bağışlamaz doğma qurbanlar;
hələ irəlidə çox işimiz var.
Bu, bir vətəndaş mövqeyidir, vətəni sevməyin,
vətəndaşı düşünməyin, bir sözlə,
Azərbaycan dərdi ilə yaşamağın nəticəsidir. Ona görə də
V.Əziz:
Keçər Zəngəzurdan, Dərələyəzdən,
Gözəl
Naxçıvana yol Qarabağdan...
- deyərək vətəndaş mövqeyini qətiyyətlə
ortaya qoyur.
"2020. Param-parça illər" adlı şeir
kitabında şair istəklərini, gileylərini oxucu ilə
bölüşür. Vahid Əziz qayəsi vətən
eşqi, millət sevgisi olan oxucularına müraciət edərək
onları millilikdən, milli düşüncədən
ödünç verməməyə səsləyir.
Qəlbi xain özü qorxaq -
"Arsax"
yoxdu! Var Qarabağ!
Ayağın
altında torpaq
Yanar İrəvana qədər.
Vətən
torpağı tam azad olmasa ayağımızın altında
torpaq yanar, göy başımıza devrilər.
Qarabağ
var! "Arsax" nədi, zad nədi?
Qarşımızda
İrəvandır, arxada Vətən
Bu diyarlar
Türk elləri, Türklər oylağı
Həm ora Vətəndi, həm bura Vətən.
Olumla
ölümün, varlıqla yoxluğun, açılanla
solanın var olduğu bu keşməkeşli dünyada qəlbi
vətən, millət sevgisi ilə dolu Vahid Əzizin hələ
deməyə çox sözü var.
Füzuli BAYAT
Ədəbiyyat qəzeti.-
2022.- 29 yanvar. S. 20-21.