Baba narı
Xalq rəssamı
Baba Əliyevi xatırlayan kimi, nədənsə, nar
ağacı düşür yadıma... Abşeronun narı...
Ümumiyyətlə,
nar son illərdə az qala müasir Azərbaycanın
simvoluna çevrilib. Xalq rəssamı Toğrul
Nərimanbəyovdan tutmuş, bugünkü gənc rəssamlara
qədər, elə bir sənətkar yoxdur ki, onun
yaradıcılığında nar rəsminə, nar simvoluna
rast gəlinməsin. Sanki hər rəssamın
özünün xəyalındakı bir nar obrazı olub, hər
biri öz narını o birilərdən daha fərqli, daha
maraqlı rənglərlə bəzəyib: kiminsə narı
ağır dərin rənglərlə, kiminsə narı isə
ekspressiv çalarlarla zəngin olub...
Hətta
dənələnmiş narın görüntüsündə
də qəribə milli fəlsəfə üzə
çıxıb həmişə... Parçalanmış, dənələri
ətrafa səpələnmiş nar sanki müasir insan
düşüncəsindəki entropiyanı, xaosu simvolizə
edib...
Əslində,
bizim çoxminillik milli mədəniyyət tariximizə nəzər
salanda görürük ki, nar sadəcə bir meyvə bir rəmz
olmaqdan çıxaraq, daha çox təhtəlşüur
arxetipinə çevrilib... Niyə? Hansı simvolları özündə birləşdirib
nar obrazı ki, bizim sənətkarları, ələlxüsus
rəssamları özünə cəlb edib? Və niyə rəssamlarımızın əksəriyyəti
yaratdığı nar obrazını məhz öz
dünyagörüşünə, öz xarakterinə uyğun
yaradıb?
Ən əvvəl onu qeyd edək ki, nar arxetipi bizim
xalqın təhtəlşüurunda vəhdətlə kəsrəti,
təkliklə çoxluğu birlikdə təqdim edən ən
vacib simvollardan biridi. Nar sanki dünyanın özüdü... Tamdı,
bütövdü. Amma eyni zamanda çoxlu zərrələrdən
ibarətdir... Nar dənələri
ayrı-ayrılıqda xüsusi məfhumlardı, hər
birinin özünün məxsusi keyfiyyətləri var. Həm
də, bu dənələr birləşərək narı əmələ
gətirir. Kəsrətdən, çoxluqdan vəhdətə
yol gəlir... Lakin bu kəsrətin vəhdəti
olan nar sadəcə dənələrin birliyi, cəmiyyəti
deyil. Nar öz-özlüyündə tam bir
varlıqdır...
Narın parçalanması, dənələrinin səpələnməsi
də müəyyən təhtəlşüur
analogiyaları yaradır.
Budur, nar tamdır, bütövdür. Eynən, vahid ideya ətrafında
sıx birləşən insan cəmiyyəti kimi...
Lakin ideyanın parçalanması nəticəsində
nar dənələri vəhdəti dağıdıb ətrafa
səpələnir. Eynən ideyaları iflasa uğrayıb parçalanan
insan cəmiyyəti kimi...
Nar gözəldi. Narın dənələri də hər biri
ayrı-ayrılıqda gözəldi... Lakin nar dənələrinin
gözəlliyi ilə narın öz gözəlliyi
arasında yerlə göy qədər fərq var. Biri vəhdətin,
biri kəsrətin gözəlliyidir...
Və sonda nar ağacı. Bütün bu vəhdət-kəsrət
obrazlarının mənbəyi...
Nar həm də insandı. Estet insan.
Öz
ağacından qopmayan bütöv nar öz əsli-kökünə
sadiq qalan, öz daxili hiss və duyğularını
açıb tökməyən həyalı bir insandı...
Ağacından
qopan, paralanmış, dənələri ətrafa səpələnmiş
nar isə öz daxili aləmini, hiss və
duyğularını, içindəki gözəllikləri
hamıya bəyan edən insandır...
Bir də
rənglər... Nar bəzən açıq-narıncıya
çalan həyalı sakit rəngdə olur, bəzən
qırmızıyla çəhrayının
qarışığında olan qışqıran rəngdə...
Nədənsə,
Azərbaycan rəssamlarının məhz hansı narı,
hansı rənglərlə və hansı rakursdan çəkdiyini analiz edəndə, elə bil
həmin rəssamların daxili aləmi də insançün
açılır...
Misalçün,
Xalq rəssamı Toğrul Nərimanbəyovun
tablolarındakı narlar... Rənglər
çılpaqcasına qışqırır,
paralanmış narın içindəki dənələr ətrafa
səpələnir, narlar sanki öz gözəlliklərini
bütün dünyaya bəyan eləmək istəyir,
hamıya deyir ki, baxın, həzz alın mənim gözəlliyimdən,
mənim rənglərimdən, mənim dadımdan,
çünki bütün dünyada mənə bənzər
gözəllik yoxdur... Bu narlara baxanda adamın
gözünün qabağına xoş əhval-ruhiyyəli
nazlı gözəllər gəlir... Və bu gözəllər
təbiətin pay verdiyi gözəlliklərini hamıya
göstərməyə, diqqət cəlb etməyə,
baxanları heyrətdə qoymağa çalışır...
Utanmır, çəkinmir, çünki
gözəllik təbiətin bəxşişidir. Onu
gizlətmək qəbahətdi...
Ancaq
etiraf edim ki, Şərqi bütün varlığı ilə
sevən insan olaraq, mənim daha çox xoşuma gələn
başqa narlardı... O narlar ki, öz gözəlliyindən də
xəcalət çəkir; o narlar ki, öz orijinal rənglərini
göstərməyi də ayıb bilir; o narlar ki, nəinki
öz içindəki gözəl nar dənələrini
açıb tökmür, hətta özləri də həyalı
qadınlar kimi ağacın yarpaqları arasında gizlənir,
yad gözlərdən yaşmaqlanır...
Bu narları Xalq rəssamı Baba Əliyevin "Nar
ağacı" tablosunda görmüşəm. Və elə ilk
baxışdan sevmişəm...
Lakin yox, düz demədim. İlk baxışdan
mən heç nə görməmişəm. Hətta içimdə ani təəccüb də
keçdi. Çünki narlar adət etdiyim kimi tablonun
ortasında, tamaşaçının diqqətini çəkən
yerdə deyildi, sanki yad gözlərdən gizlənirmiş
kimi tablonun kənarlarında gizlənmişdilər...
Gözəldi bu nar ağacı. Həm də fərqli
bir gözəllik daşıyıcısıdır. Əsl Abşeron gözəli. Abırlı, həyalı...
Əslində bu tabloda sanki rəssam öz ruhunun, öz
zövqünün, öz estetik aləminin avtoportretini çəkib. Həqiqətən
də mən bu əsərdə biixtiyar Baba Əliyevin
özünü gördüm. Onun daxili
dünyasını...
Rəssam
çox fərqli, spesifik rənglər tapıb, onun
yaratdığı nar ağacı rəsmində həm
ağacın yarpaqları, həm narların öz rəngləri
adət etdiyimiz nar rəsmlərindən çox fərqlidir...
Lakin rəssam tapdığı bu gözəlliklərə
diqqətə çəkməyə, iri planda göstərməyə,
hamıya qışqıraraq bəyan etməyə utanır
sanki... Və sanki pıçıltıyla, sakit-sakit
danışır öz tapdığı gözəlliklər
barəsində...
Bu nar
ağacı insanda ilk olaraq, həya, abır, təvazökarlıq,
ağayanalıq təsiri bağışlayır... Əsl qədim Şərq zadəganlarına xas
ağayanalıq. Öz əlindəki qiymətli gözəllikləri
qışqıraraq hamıya bəyan eləməyi ar bilən,
bunları göstərməkdən daha çox gizlətməyə
üstünlük verən ağayanalıq...
Kasıbın əlinə nə düşərsə, o
saat hamıya göstərməyə çalışar. Amma bəy-xan
psixologiyasında buna ehtiyac yoxdur...
Budur, Baba Əliyevin nar ağacındakı hədsiz gözəllikləri
görürəm. Ancaq onu da hiss edirəm ki, rəssam özü də bu
gözəllikləri qışqıraraq bəyan eləmək
istəməyib, spesifik rəng duyumu vasitəsilə
tapdığı maraqlı rənglərə
bürüdüyü narları sanki ağacın
yarpaqları arasında gizlətməyə
çalışır... Narların biri o birinin arxasında
gizlənir, biri axağ yarpaqlarıyla yaşmaqlanır...
Niyə?
Axı nə ehtiyac var buna, soruşa bilərik?
Əgər sənətkar fərqli və
maraqlı rənglər tapdığını bilirsə və
bu rənglərin, bu çalarların həqiqətən də
sənət baxımından dəyərli olduğunu anlayırsa,
niyə gizlətməlidi bunu? Niyə
açıb tökmür hər şeyi?
Eyni sualı istənilən Şərq təfəkkürlü
insana vermək olar. Niyə milli mədəniyyət
daşıyıcısı olan Şərq sənətkarları
öz daxilindəki hiss və duyğuları açıq
şəkildə göstərməyə
çalışmayıblar, niyə ən dərin qatlarda olan
gizli intim duyğularını bəyan eləməyiblər?
Axı XX əsrin incəsənəti, mədəniyyəti, ədəbiyyatı
məhz bunun üzərində qurulub - ən dərin qatlarda
olan gizli hiss və emosiyaların, arzu və istəklərin
açılıb tökülməsi...
Amma yox, həqiqətən şərqli təfəkkürün,
şərqli psixologiyasının daşıyıcısı
olan sənətkar heç vaxt bu addımı ata bilməz. Onun sənətə
münasibəti məhz Baba Əliyevin nar ağacına bənzəyəcək...
Bəli,
şəxsən mənimçün bu "Nar ağacı" tablosu sadəcə
bir rəsm əsəri deyil. Yox, bu ümumiləşdirilmiş
bir portretdir, obrazdır. Şərq təfəkkürünün,
Şərq mentalitetinin bir təhtəlşüur
portretidir... Və həm də
bizim xalqın incəsənətə minillik münasibətinin
ruh sxemidir...
Bəli, Xaqaninin qəsidələri, Məhsətinin
rübailəri, Nizaminin poemaları, Füzulinin qəzəlləri
- hamısı sanki bu nar ağacından baxır adama. Çünki
o poeziya nümunələrində də mən eyni həyanı,
eyni təvazökarlığı və nəhayət, gözəlliyə,
estetikaya eyni münasibəti görürəm. Ağacın budaqları arasından boylanan sanki adi
zirə narları deyil, Füzulinin Nizaminin şah beytləridir.
Axı o şah beytlər də eyni utancaqlıqla, eyni həya
hissi ilə poemaların, qəsidələrin, qəzəllərin
içində gizlədilmişdi...
Gözəlliyi
çılpaq şəkildə bəyan eləmək
ayıbdı, həm kişi
üçün, həm qadın üçün - budur,
Şərq müsəlman təfəkkürünün estetik
hissiyyatı... Ona görə də Şərq
həmişə rəmzlərə, simvoliyaya
üstünlük verib. Həya hissi və yüksək ali əxlaq duyğusu imkan verməyib ki, göz
gözəlliklərini çılpaq şəkildə bəyan
eləsin...
Budur, hələ də "Nar ağacı" tablosuna
baxıram; hələ də Baba Əliyevlə üzbəüz
durmuşam sanki. Ağır təbiətli, bir qədər qaraqabaq,
şit zarafatları sevməyən,
qışqır-bağırı bəyənməyən,
müdrik və gözəl Şərq ağsaqqalı... Və qəribə də olsa, bu şəxsiyyətin
ağır, ağayana aurası mənə sanki fikirlərimi
də tam yazmağa imkan vermir. Elə bil
özü də istəmir ki, onun gözəllik simvolu olan bu
tablonun bütün gizli sirləri açılıb
tökülsün. Ona görə mən də bu əsərlə
bağlı hiss və duyğularıma, fikir və
düşüncələrimə pauza verirəm...
Abırlı, həyalı, utancaq gözəli çox
vəsf eləməzlər. Ayıbdı...
P.S. Xalq rəssamı
Baba Əliyevin 100 illik yubileyi ilə bağlı təşkil
olunan sərgidə "Nar ağacı" tablosunu görmədim...
Bu əsər hələ də onun emalatxanasında ən qiymətli
bir relikviya kimi yad gözlərdən qorunur...
Bəlkə bu da taleyin bir rəmzi işarəsidir. Rəssamın
ən gözəl əsəri, ən simvolik tablosu yenə də
gizlində qaldı. Ən ali gözəlliklərin
gizlində saxlanıldığı kimi...
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.- 2022.- 29 yanvar.- S.24.