Sentimentalizm: Azərbaycan modeli
- Abdulla bəy Divanbəyoğlu
XVIII əsrin II yarısında
meydana çıxan sentimentalizm cərəyanı
klassisizm cərəyanına
əks mövqeni, bu cərəyanın kanonlarına etirazı özündə ehtiva edirdi. Klassisizm tələblərinin, çərçivələrinin sərtliyinə, öz inkişafında artıq psevdoklassisizm mərhələsinə
qədəm qoyduğuna,
sırf elitar, aristokratik ədəbiyyata
çevrildiyinə görə
yeni çağın
aparıcı qüvvəsinə
çevrilməkdə olan
orta təbəqənin
tələblərinə cavab
verməkdə aciz idi. Klassisizmin antik ədəbiyyatdan
bəhrələnən qəhrəmanları,
süjetləri artıq
oxucunu cəlb etmirdi. Bu kontekstdə
yaranan sentimentalizm sadə insanları, onların cari həyatını, məişətini,
duyğularını, təbiət
təsvirlərini, psixoloji
məqamları ədəbiyyata
gətirdi.
Bəzən sentimentalizmi romantizmlə eyniləşdirirlər. Lakin bu iki cərəyana məxsus əsərlər
təsvir və obraz elementləri baxımından oxşar görünsələr də,
mahiyyət və ideyaca tam fərqli nümunələrdir. Romantizmin əsas
obyekti qəhrəman,
sentimentalizmin obyekti isə duyğulardır.
Bu iki cərəyanın
qəhrəmanları xarakter
baxımından da fərqlənirlər. Sentimental
qəhrəman xeyirxah
və sadə olduğu halda romantik qəhrəman melanxolik və mürəkkəbdir. Məhəbbət sentimental
qəhrəmanı mənəvi
baxımdan xilas edir, romantik qəhrəman isə məhəbbətin qurbanına
çevrilir. Azərbaycan ədəbiyyatında
Əbdül (A.Divanbəyoğlu)
və Arif (H.Cavid) obrazları sentimentalizmlə romantizmin
səciyyəvi qəhrəmanları
kimi bu sadaladığımız
xüsusiyyətləri simvollaşdırırlar.
Dünya ədəbiyyatşünaslığında A.Grenet, C.Jodry, L.Guilhamet, J.Barkhausen, J.Mullan, P.Orlov, M.Trinskaya sentimentalizmin nəzəri əsasları
ilə bağlı araşdırmaların müəllifi
kimi tanınırlar. Azərbaycan ədəbiyyatşünaslığında
sentimentalizmin tədqiqindən
söz açdıqda
isə ilk xatırlanan
imza mərhum ədəbiyyatşünas professor Hüseyn Həşimlidir.
Onun
1990-cı ildə dərc
olunmuş "Ədəbiyyat
nəzəriyyəsi kursunda
sentimentalizm ədəbi
cərəyanının öyrədilməsi"
adlı metodik göstərişi bu cərəyanın Azərbaycan
ədəbiyyatşünaslığında
tədqiqi sahəsində
atılan ilk addımlardandır.
Hüseyn Həşimli daha
sonralar bu sahədə tədqiqatlarını
davam etdirərək
"Azərbaycan ədəbiyyatında
sentimentalizm" (1998) adlı
sanballı araşdırmasını
elmi ictimaiyyətə
təqdim etmişdir.
Bu cərəyanla bağlı nəşr edilmiş tədqiqatlar sırasında Baba Babazadənin
"Azərbaycan sentimentalizmi"
(2003) monoqrafiyasını da
göstərə bilərik.
Qərb və Rusiya ədəbiyyatından fərqli
olaraq Azərbaycan ədəbiyyatında sentimentalizm
cərəyanı öz
ifadəsini əsasən
XX əsrin əvvəllərində
yaranan bədii nümunələrdə tapmışdır. "Ədəbiyyatımızda S.M.Qənizadə,
A.Divanbəyoğlu, İ.Musabəyov,
N.Bəsir, C.Cabbarlı
və başqalarının
yaradıcılığında təzahür edən sentimentalizm" (H.Həşimli)
A.Divanbəyoğlunun yaradıcılığında
daha aydın və ardıcıl şəkildə izlənir.
"Duman", "Fəhlə",
"İlan", "Ərdoy
dərəsi", "Cəng",
"Dan ulduzu", "Can yanğısı",
"Əbdül və
Şahzadə" əsərlərinin
müəllifi olan Abdulla
bəy Divanbəyoğlu
həm də tariximiz, folklorumuzla bağlı materialları
toplayaraq tədqiq etmiş, ömrünün
sonuna qədər elmi və pedaqoji
fəaliyyətlə məşğul
olmuşdur. Abdulla bəy
Divanbəyoğlunun "Əbdül
və Şahzadə"
və "Can yanğısı"
əsərləri Azərbaycan
ədəbiyyatında sentimentalizm
kanonlarının tədqiqi
üçün önəmli
bədii mənbə rolunda çıxış
edir.
"Əbdül və
Şahzadə" povestinin
əsas qəhrəmanı
Əbdül sentimentalizmin
qəhrəman konsepsiyasına
- duyğularla dərk
edən və başqalarının dərdlərini
anlayıb əzab çəkən insan obrazına tam uyğundur. Povestin əsas
atributları sentimental göz
yaşları və ölüm səhnələridir.
Cəmiyyətin duyğulara düşmən
kəsilməsinə etiraz
edən Əbdülün
əmisi qızı Şahzadə ilə məhəbbəti də insanın qəlbini heçə sayan bu qaragüruhun qurbanı olur.
Sıradan insanların duyğularını,
fundamental mənəvi dəyərləri,
sadə həyatı təsvir edən Qərb sentimental romanlarından
fərqli olaraq A.Divanbəyoğlunun əsərində
bütün bu sadalanan keyfiyyətlərlə
yanaşı, maarifçilik
ideyaları, qadın azadlığı problemi əsas xətt kimi vurğulanır. Əsər boyu Əbdülü məşğul
edən əsas problem
qadınların duyğularının
cəmiyyət tərəfindən
diqqətə alınmaması
və bunun doğurduğu problemlərdir:
"Əbdül tətil
günlərini evdə
keçirirdi. Hər şey
onun xoşuna gəlirdi, ancaq bir şey - qadınların kişilər
qarşısında cəsarətsizliyi,
utancaqlığı, hətta
çəkinməyi və
qorxması onu təşvişə salırdı".
Bu cəhət sentimentalizm cərəyanının
Azərbaycan variantının
əsas fərqləndirici
keyfiyyətlərindəndir. Sentimentalizmin
maarifçilik və qadın azadlığı
ideyaları ilə tandemdə yaranan bu milli variantı
tarixi şəraitdən,
milli-mənəvi keyfiyyətlərdən
qaynaqlanır. Əsərin Əbdüllə Sonanın
sevgisi ilə bitməsi isə sentimentalizmin qəhrəmanın
məhəbbətlə xilası
ideyasının bədii
ifadəsi kimi təzahür edir.
Abdulla bəy Divanbəyoğlunun
"Can yanğısı" povestinin də əsas mövzusu duyğuların əsarətinin
və qadın hüquqsuzluğunun gətirdiyi
faciələrdir Əsərin
əsas xəttini namus ləkəsini təmizləyib qaçaq
düşən Əhmədin
kənddə rast gəlib sevdiyi Ruqiyyə ilə məhəbbəti təşkil
edir. Böyük məhəbbətlə bir-birinə bağlanan cütlük şəhərə
köçdükdən sonra
əsərin kulminasiya
nöqtəsi başlayır.
Şəhər mühiti Əhmədin
xarakterindəki gizli, mənfi məqamların aşkara çıxmasına
şərait yaradır.
Onun Ruqiyyəyə olan sevdası uzaq bir xatirəyə çevrilir. Əhmədin dönüklüyü, onun
üstünə günü
gətirməsi Ruqiyyənin
dərddən çərləyib
ölməsinə, Əhmədin
isə peşman olaraq dərviş həyatına qədəm
qoymasına səbəb
olur. Sentimental kanona
uyğun olaraq təsvir olunana əzab, ölüm və peşmanlıq triadası fonunda qəhrəmanın duyğu
təkamülü problemi
önə çəkilir:
"Dərviş bir dua zikr etdi
və sonra dedi:
- Böylə bir gurultu onda, Ruqiyyə
can verəndə də
oldu. O gurultu mənim canıma elə bir fəna
qorxu salıbdır ki, əvvəl gurultu canıma vahimə salır, amma sonra bərkişəndə
qorxu çıxır...
Ruqiyyə məni belə
gündə qoydu, canını xilas etdi. Canımda yanğı, qəlbimdə
yanğı, könlümdə
yanğı, gözlərimdə
yaş qoyub getdi... Ruqiyyə öldü, köhnə eşq, köhnə məhəbbət oyandı...".
"Can yanğısı" povestində sentimentalizmin əsas kanonlarından daha biri - qəhrəman-şəhər
təzadı da öz əksini tapmışdır. Bu cəhət
də sentimentalizmi romantizmdən fərqləndirən
əsas keyfiyyətlərdəndir.
Romantizmdə qəhrəman cəmiyyətə
qarşı qoyulursa sentimentalizmdə əsas antaqonist ünsür şəhərdir. Bu səbəbdən də Əhmədlə Ruqiyyənin
məhəbbətinin həzin
sonu məhz qəhrəmanların şəhərə
köçmələri ilə
bağlıdır.
Abdulla bəy Divanbəyoğlunun
yaradıcılığı sentimentalizmin əsas keyfiyyətlərini özündə
ehtiva etməklə yanaşı, cərəyanın
Azərbaycan modelinin əsas keyfiyyətlərini
- maarifçi-didaktik ünsürləri
və dövrün çağırışlarını - qadın azadlığı
məsələsini əks
etdirir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti.-2022.-29 yanvar.-S.25