Araşdırmalardan aydın olur ki, M.Ə.Rəsulzadə Nizami əsərlərinin orijinaldan ilk tərcüməçisidir. Doğrudur, bu tərcümələr Türkiyə türkcəsinə çevrilsə də, azərbaycançılıq ruhu aşkar hiss olunmaqdadır. Əlavə edək ki, 1940-cı illərə qədər Nizaminin əsərlərinin Azərbaycan dilində oxunması mümkün olmayıb. 1940-cı illərdəki tərcümələr isə sətri tərcümələr əsasında hazırlanırdı. Bu sahədə 1933-cü ildə yaradılmış Ədəbiyyat İnstitutunun işçiləri fəallıq göstərir və şairin əsərlərini sətri tərcümə edir, bu əsasda S.Vurğun, A.Şaiq, R.Rza, S.Rüstəm, M.Rahim, M.Rzaquluzadə kimi görkəmli şairlər isə poetik tərcümələr hazırlayırdı. Yəni, Nizaminin birbaşa fars dilindən tərcüməsi ortalıqda yox idi. Bu tərcümələrdə isə bəzən də dövrün ideoloji tələbləri ilə bağlı ciddi nöqsanlar mövcud idi. 1988-ci ildə isə şair X.Rza Nizaminin "Sirlər xəzinəsi"ni fars dilindən Azərbaycan dilinə tərcümə edərək "Bədii sözün tanrısı" adlı giriş sözü ilə nəşr etdirdi.

M.Ə.Rəsulzadə tərcümələrinin üstünlüyü fars dilindən, yəni orijinaldan edilməsi, Azərbaycan türkcəsində asan başa düşülməsidir. Digər tərəfdən, M.Ə.Rəsulzadə şeirlər və tərcümələr müəllifi kimi də Nizami əsərlərinin bütün ruhunu duymuşdur. Bu onunla bağlıdır ki, M.Ə.Rəsulzadə fars dilini dərindən bilirdi və farscadan o zamana qədər kitablar tərcümə etmiş, İranda farsca nəşr edilən (1909-1911-ci illərdə) "İrani-nov"("Yeni İran") qəzetinin baş redaktoru olmuşdu. Bu üstünlüklər M.Ə.Rəsulzadə tərcümələrinin yüksək sənətkarlığının təsdiqidir. Nizaminin əsərləri onun tərəfindən çox yüksək poetik istedadla dilimizə çevrilib.M.Ə.Rəsulzadənin Nizamidən tərcümələri: 1) "Allah haqqında"; 2) "Söz"; 3) "Sözçü"; 4) "İnsanlığın dəyəri"; 5) "İxtiyar qadın ilə Sultan Səncər"; 6) "Tuğlaçı (Kərpickəsən - red.) ixtiyar"; 7) "Bayquş düyünü"; 8) "Qıpçaq qadınları"; 9) "İskəndərin qulaqları"; 10) "Xosrov ilə Fərhad".

M.Ə.Rəsulzadə Nizamidən tərcümələrin müəllifi olduğunu və bu məqamlarda çevirmələrinin şairin "əsərinə layiq bir şəkildə" olması iddiasından uzaqda dayandığını qeyd edir.

Qeyd edək ki, M.Ə.Rəsulzadə İkinci Dünya savaşından sonra Türkiyəyə qayıtdığı 1947-ci ildən başlayaraq Nizami haqqında əsərini nəşr etdirməyə çalışmaqla yanaşı, iştirak etdiyi müxtəlif tədbirlərdə də bu mövzuda fikirlər irəli sürmüşdür. Əlavə edək ki, onun Nizami haqqındakı çıxışlarının və məqalələrinin əsasını böyük şair haqqındakı "Azərbaycan şairi Nizami" əsərindən hissələr təşkil edir. Sadəcə, müəyyən yeni fikirlər bu məqalələrdə mövcuddur və istisnadır. M.Ə.Rəsulzadə Nizamidən etdiyi "İxtiyar qadın ilə Sultan Səncər" əsərini ilk olaraq 1952-ci ildə Ankarada çap olunan "Azərbaycan" jurnalında çap etdirmişdi.

Nizami irsini tədqiq edənlərdə maraq doğuracağını nəzərə alıb M.Ə.Rəsulzadənin Nizamidən, fars dilindən etdiyi tərcümələri oxuculara təqdim edirəm.

 

Nəsiman Yaqublu

Tarix elmləri doktoru, professor

 

Ədəbiyyat qəzeti.-2022.-29 yanvar.-S.26.