Zamanı olmayan sevgi - Vətən sevgisi
...Yaşı, zamanı olmayan bir sevgidən,
bu sevgini özündə təzahür
edən "Bakı buxtası - 20 Yanvar" kitabından danışırıq.
Qeyri-adi bir olaydan, igidlikdən
danışanda ürəyin
səsini dinləmək
lazımdır. Necə
ki, düz 32 il əvvəl
yanvarın 19-dan 20-nə keçən
gecə Vətən fədailəri ürəklərinin
səsinə qulaq asdı, sinələrini düşmənin zirehli texnikasına sipər etdilər. Elə bil dünən idi. Onda hava
beləcə boz-bulanıq
idi...
Bəzən "Onları əliyalın
odlu silahların qarşısına çıxmağa
kim və nə vadar etdi,
hətta gərək çıxmayaydılar" deyənlər
də olur. Çox yanlış düşüncədir. Analoji
olaraq başqa bir sual da
vermək olar: "Bəs imperiyanın qaniçənlərini ölkəyə
qonaqmı dəvət
etmişdik?". İnsanın
ürəyində dünyanın
bütün silahlarından
qüdrətli olan bir silah var. Onun adı vətən
sevgisi, müstəqillik
arzusu, qeyrət hissidir. Bu olan yerdə istənilən atəşin qarşısını
almaq olar. O gecə şəhid olan 132 nəfər, yaralanan 612 nəfər bunu qəhrəmanlıqla
sübut etdilər.
Bu, nəhəng bir imperiyanın dayaqlarının
sarsılması demək
idi. O zaman Londonda çıxan
"Times" qəzeti yazırdı:
"Azərbaycandakı hərbi
əməliyyatdan 10 gün
sonra Sovet rəhbərliyi arasında
ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi
deməkdir".
Bəzən 20 Yanvara niyə
qara yanvar deyirlər, - kimi fikirlər də səslənir. Yəni bu qara təkcə
bədlik, bədbinlik
nişanəsi deyil ki... Qara dünyanı
yaradan rənglərdən
biridir. Qarada bir əzəmətlilik, ləngərlilik, igidlik
var. Bir dastanda deyilir ki, İgidlər
keçdi qaradan - yəni qəhrəmanlıq
mərhələsindən.
Qara rəngin funksiyası çoxdur və o, qoşulduğu sözlərdə
müxtəlif mənalar
ifadə edir. Bir fikrə görə, adlardakı
"qara" xaqanlıqda
xanların titulunu bildirir. Başqa bir fikrə görə isə "qara", "titul" yox, "başçı,
böyük" deməkdir.
Qara vəzir deyirdilər, yəni əsas, baş vəzir.
Bu baxımdan qara Yanvar deməyə çəkinmək yox, qürur duymaq lazımdır. Yəni qəhrəmanlıq tarixinin
şərəfli bir səhifəsi kimi. Elə bu şərəfli
səhifənin yazılmasında
igidlik göstərmiş
dənizçilərimizin şücaətindən
bəhs edən şair qardaşımız
Faiqin "Bakı buxtası - 20 Yanvar" kitabının məlum hadisələrin baş verməsinin otuz ikinci ildönümü ərəfəsində işıq
üzü görməsi
bir neçə baxımdan önəmlidir.
Əvvəla, 32 il əvvəl
- o dəhşətli gecədə
Bakı buxtasında çalışan qəhrəman
dənizçilərimizin fədakarlığı
təkcə buxta üçün deyil, bütövlükdə Azərbaycanın
şərəf tarixi
üçün əvəzsiz
səhifələrdir. İkincisi,
o zaman 26 yaşında
olan kitab müəllifinin və buxta hadisələrinin iştirakçısının aradan 32 il keçəndən
sonra bir də bu mövzuya
qayıtması, öz-özlüyündə
alqışlanandır. Bir
də qayıtması
- ona görə deyirəm ki, Faiq Balabəyli 20 Yanvar hadisələrində
Bakı buxtasında dənizçilərin öz
əməlləri ilə
yazdığı igidlik
tarixini sistemli şəkildə araşdıran
tək müəllifdir.
Hələ 2003-cü ildə
o, bu mövzuda "Kəsilməyən həyəcan
fiti" adlı birinci kitabı yazmışdı.
Annotasiyada qeyd edildiyi kimi, kitabda 1990-cı il yanvar ayının
19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç
bir xəbərdarlıq
etmədən, Bakı
şəhərində dinc
sakinlərin qətlə
yetirməsinə etiraz
olaraq Bakı buxtasına toplaşıb
ölkəmizə edilən
hərbi təcavüzün
dünya ictimaiyyətinə
dəqiq çatdırılmasında
mühüm və əsas rol oynayan
Azərbaycan dənizçilərinin
misilsiz qəhrəmanlığından
bəhs olunur. Eyni zamanda hadisələrin
iştirakçılarının xatirələri, vətənpərvər
ziyalılarımızın qəhrəman dənizçilərimizin
şücaəti haqqında
fikirləri yer alıb.
Yanvarın 20-də bütün dənizçilərin özünə
komandir bildikləri
"Sabit Orusov" gəmisinin kapitanı Mövlud Əliyevin xatirələri ürək
titrədir: "Yanvarın
17-də məzuniyyətdən təcili geri çağırıldım. Elə
həmin gün kapitanı olduğum "Sabit Orucov" gəmisi ilə Bakıda yaşayan 593 ermənini Türkmənistan
Respublikasının Krasnovodsk
şəhərinə apardıq.
Yanvarın 19-da səhər
Bakıya qayıtdım
və Dəniz Vağzalında növbəyə
gedən neftçilərlə
Neft Daşlarına gedəsi olduq. Axşam Bakıya qayıtdıq, evə getdim. Səhər, yanvarın 20-si gəmiyə
gəlmək üçün
evdən çıxanda
nə isə bir faciənin baş verdiyini insanların üzündən
hiss etdim. Şəhər qəmli
görünürdü. Canlı, diri Bakıdan əsər-əlamət
yox idi".
"Şirvan-2"
gəmisinin kapitanının baş köməkçisi
Ağalar İbrahimov xatirələrində deyir: "Dəniz
vağzalında rusların bizi həbs etdikləri ana
kinostudiyanın direktoru Ramiz Fətəliyevin iş
otağında baxdım. Bütün hadisələr lentə
alınmışdı. Yanvarın 24-də "Sabit
Orucov" gəmisində həbs olunduq".
Hazırda
Türkiyədə çalışan baş mexanik Malik
Mikayılov danışır ki, yanvarın 19-da saat 16:00-da
Bakı buxtasının cənub hövzəsində lövbərdə
dayanmışdıq. Televiziya ilə mühüm məlumat
veriləcəyi haqda xəbərlər gəlirdi. Birdən
televiziya verilişləri kəsildi. Gecə saat 20:23 radələrində
"Vodoley-4" su daşıyan gəmisi bizim gəmiyə
yan alaraq məlumat verdi ki, şəhər əhalisi Bakıya
qoşun yeridilməsinə etiraz əlaməti olaraq giriş
qapılarında barrikalar qurub. Biz "Vixr-12" gəmisinin
işçiləri "Vodoley-4" gəmisinə mindik.
Özümüzlə 2 ədəd "priçal" tipli
hava telefonu götürmüşdük. Radiostansiyanın biri
məndə, digəri isə kapitanın baş köməkçisi
Rəhimdə idi".
"Bakı
buxtası - 20 Yanvar" kitabının "20 Yanvar hadisələri
zamanı Xəzər Dəniz Neft Donanması ziyalılarımızın
yaddaşında" bölməsində AYB sədri, Xalq
yazıçısı Anar, Xalq şairləri Fikrət Qoca,
Sabir Rüstəmxanlı, ziyalılar Meyxoş Abdullah, Abbas
Abdulla, Arif Əmrahoğlu, Valeh Mirzə, Oqtay Rza, Əlibala
Hacızadə, Əjdər Ol, Şərafəddin İlkin,
İsa Qəmbər, Aydın Quliyev, Hikmət Babaoğlu, Əlisahib
Hüseynov, Yunus Oğuz və Damət Salmanoğlunun 20 Yanvar
hadisələrinin Azərbaycan tarixindəki, bu hadisələr
zamanı qəhrəman dənizçilərimizin fədakarlıqları
haqqında fikirləri yer alıb.
...Həmin
gün dənizçilər sanki bir çağırışla
səfərbər olmuşdular. Müəllifin kitabın
girişində yazdığı kimi: "Bakı
buxtasını mühasirəyə alan Xəzər Dəniz
Neft Donanmasının gəmiləri yanvarın 20-si səhər
saatlarından 24-ü saat 14:30-a qədər Sovet-rus hərbi gəmiləri
ilə əsl müharibə şəraitində yaşadı".
...Sevginin
zamanı olmaz - illah da Vətən sevgisinin. 20 Yanvar şəhidliyini,
1988-ci ildən başlayan azadlıq mücadiləsini,
2016-cı ilin Aprel döyüşlərini, 2020-ci il 27
sentyabrda başlayıb 10 noyabrda başa çatan 44
günlük Zəfər Savaşını da doğuran bu sevgi
idi - zamansız vətən sevgisi.
Dünyada
informasiya, təbliğat müharibəsi deyilən bir anlam
var. İndi dünya daha çox bu vasitə ilə idarə
olunur. Bir dövləti daxilindən parçalamaq, insanları
kütlə halına gətirmək üçün bu ən
asan vasitədir. Hərdən belə də eşidirik, hər
il bunları xatırlayıb ah-vay çəkməyə dəyməz.
Dəyər, vallah! Onsuz da bizi eşitmək zamanı gələndə
dünyanın bir qulağı kar, bir gozü kor olur.
İnformasiya savaşında daha çox uğur qazanmaq
üçün dəyər... Çünki Yanvar hadisəsi
vətəndaş olaraq bizim hər birimizə bu yenilməz
millətin övladı olmağımızla fəxr etmək
imkanı qazandırdı... Hər gün yazsaq da azdır...
Hə bir də, bu
dəyərli kitabı
işıq üzünə
çıxaran "Elm və
Təhsil" nəşriyyatının
kollektivinə, kitabın
redaktoru Elnur Nəhmədə, tərtibçisi
Tural Balabəyliyə,
korrektoru Aytəkin Faiqqızına və sözsüz ki, kitabın işıq üzü görməsi üçün maliyyə
dəstəyi göstərdiyinə
görə AXDG QSC-yə
bir oxucu, bir vətəndaş minnətdarlığını çatdırmağı borc
bilirəm.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.-2022.-29
yanvar.-S.28