Anam bilmir
Uşaq
vaxtı anam mənə
yemək yedizdirəndə
üstümə dağıdardım,
anam əsəbləşərdi...
İndi
öz əllərimlə
qəm yeyirəm,
yerə-göyə dağıdıram...
Anam bilmir!
Səkkiz
martda
əlimdə gül
"Ana"
şeiri oxuyardım...
İndi
ona oxuduğum şeirləri
mən yazıram...
Anam bilmir!
Evə gec çıxardım, darıxdığından
qucaqlayıb qoxlayardı:
İndi
üstümdən siqaret
iyi gəlir...
Anam bilmir!
Yalan nəsə deyəndə mən
Allaha
and içməyimi istəyərdi...
İndi
anamın canına and
içirəm...
Anam bilmir!
Müharibə olmasın
Olmasın müharibələr:
Şəhidlər xiyabanında
havaya yaylım atəşi
açılmasın...
Analar diz döyə-döyə
cansız oğullar
gətirən
cənazənin qabağına
dizi üstə yıxılmasın...
Atalar ah
çəkə-çəkə
Vətən sağ olsun deyərək
üçrəngli, aylı-ulduzlu
bayraqlara sarılmasın...
Kitablara,
heykəllərə,
bulaqlara, şəkillərə
"Filankəs filan tarixdə
filan şəhərin
uğrunda
Şəhid olub" yazılmasın...
Olmasın müharibələr:
Göyərçinin qanadları
qırılmasın...
Ölümümdən
bir gün qabaq...
Öləcəyim günü bilsəm,
ölümümdən bir gün qabaq
Allahın mənə verdiyi
illərə qurban kəsərəm -
Ömrümün qalan hissəsin
düz tən ortadan kəsərəm...
Elə özüm düzəldərəm
divardakı öz şəklimi:
qoymaram qızım şəklimin
tozun göz yaşıyla silə,
qoymaram oğlum şəklimin
çərçivəsin hazırlaya
-
İstəmirəm qızım məni
toz izindən,
oğlum məni
çərçivədən xatırlaya...
Örtərəm kirpiklərimi,
gözüm öyrəşsin
sabaha,
bəlkə də mən sabah bu vaxt
heç nə görməyəcəm daha...
Öləcəyim günü bilsəm,
ölümümdən bir gün qabaq
ölümdən şeir
yazaram!
Atılan daşlar
Körpəliyin daşın atdım,
Daşa
dəydi ayağım
-
Onda bildim iməkləmək yaxşıdır yeriməkdən...
İstəməzdim böyüyüm
-
Əgər anam bezməsəydi,
Körpəsinin arxasıyca oyuncaq
sürüməkdən...
Uşaqlığın daşın atdım,
Getdi dəydi qonşu pəncərəsinə,
Şüşə oldu çilik-çilik...
Onda başa düşdüm kasıblıq nədi -
Atamın
cibinin canı yox idi bir
şüşəlik...
Daş atmağın daşın
atdım,
Axır-əvvəl anladım ki, daşın düşən yeri var...
Hələ ki peşman deyiləm,
Allah bilir, subaylığın daşın atsam nə olar!?
Gəlmişəm
Nəfsimi boğmamış
boğulmuşam mən,
Dərd
məni yormamış
yorulmuşam mən.
Fələk doğulmamış
doğulmuşam mən
-
Ondan əvvəl saya-saya gəlmişəm...
Yer qatında
işıq saçan
adamam,
Mən Günəşə
süfrə açan
adamam -
Qışın soyuğundan
qaçan adamam,
Allah-Allah
deyib yaya gəlmişəm...
Dünya
daralmayıb,
yenə genişdi,
Həmin
görkəm,
həmin o görünüşdü
-
Çox
tanış gəlir,
hə, yadıma düşdü,
Bir dəfə də doqquz aya gəlmişəm...
Kasıbın olanından
Dünən yazılanları
nöqtə, vergülünəcən
üzündən köçürürəm
-
Bu gün də
Əlinin
papağın Vəlinin
başına,
Vəlinin papağın Əlinin
başına
keçirirəm...
İşdən evə
bir tikə dərd aparıram
abrıma bükə-bükə
-
Dar otaqda beş
adamlıq ailə
dərd yeyir çəkə-çəkə...
Axşam
qonaq gələcək:
anam plov dəmləyir
üç ay əvvəl
aldığı düyünün
qalanından;
nənəm mətbəxdən
süfrəyə daşıyır
kasıbın olanından...
Üç parça
Kağız parçasında şeirlər
gəzir,
Şeir
sətir-sətir əsrlər
gəzir -
Dilimdə bitməmiş sətirlər
gəzir,
içimdə söz parçası var...
Qapqaradı ağıl dişi
dərdimin,
Gözündən yaş gəlir
kişi dərdimin -
Yavaş-yavaş yatır şişi
dərdimin,
üstündə buz parçası var...
Bəxtimdən toz-duman çəkilmir
hələ:
Yağış da yağmır,
su da gəlmir
hələ -
Küçəmizə gələn yar bilmir hələ
qolunda toz parçası var...
Xoş bəxt
Bəd bəxtlər yazan xoş bəxtə çatmayıb,
Nəzərində xoşbəxt adam tutmayıb -
Xoşbəxtlik evdən çıxıb
qayıtmayıb:
Axtarırıq hər tərəfi,
tapılmır...
Bəxtimin üstünə atın
qərənfil,
Ölümü qismətdi, cinayət
deyil -
Lənətləyib kimsə məni elə bil:
Bəxtimin bəxti bağlanıb,
açılmır...
Qolumda qandal var, ürəyimdə
yar,
Gözlərim kor olur, qulaqlarım kar,
Bircə
ayağımın göz
yaddaşı var:
Daşları üzdən tanıyır,
yıxılmır...
Məğlub ayrılmışam mübarizədən,
Çarxı fırla, təzə
şans ver bizə də -
Fələk, götür zəri,
başla təzədən:
Bayaq bəxtim gətirmədi,
sayılmır...
Qara günəş
(8+7)
Səhər qara pişik keçib
Günəşin qabağından -
Əlləşir, çıxa bilmir
ümidsizlik zolağından...
Yer qaradı, göy qaradı,
göz gözü görə bilmir -
İşıq dirəkləri də
ürək-dirək verə
bilmir...
Günəşə həsrətlə
baxır
Ömrümün cavanlığı -
İşığın yerin tapın,
söndürün bu qaranlığı...
Asılqan
Zəhər şirinləşib, ilan dəyişib,
saat soldan gedir, zaman dəyişib.
Aman
Allah, dünya yaman dəyişib,
söyüd ağacından
bəhər asılıb...
Dünyanı ovcunda sıxıb
əyəsən,
səhvini üzünə
bir-bir deyəsən.
Göydən yerə dərd
tökülür, deyəsən,
ekvator xəttindən kədər asılıb...
Qürursuz çoxunun qürurun
əzib,
arif olan ondan aralı gəzib.
Dünyanın axırıdır, dünyadan
bezib
boğazından milyon nəfər asılıb...
Dünyanı alan alıb, satan satıb,
ona tabe olan arzuya çatıb.
Dünya
çoxdan intihara əl atıb,
göyün dirəyindən
kəmər asılıb...
Deyən yoxdu
Söz var qılınc gücündə də,
yanılmışıq seçimdə
də -
Şairlərin içində də
düzü düzgün
deyən yoxdu...
Tanrı, hanı qərar günü?
kölgəni sal, apar günü...
Hamı
deyir "bazar günü" -
yeddinci gün deyən yoxdu...
Haqqa tutsan tay
özünü,
göstərəcək sərt
üzünü...
Yer qatının son sözünü
Göydən üstün deyən
yoxdu!
Qadınsız şərab
İlk dəfə içdiyim şərab
ilk dəfə sevdiyim qadın qədər qalıb yadımda...
Xəyalımda üzbəüz durub
əvvəlki qadınla,
indiki sərxoşluğum
-
İçəndə doldururam
həyatımda olmayanın
boşluğun...
Qadın
sevgisinin mükəmməlliyin
gülüşündən anladım,
gözlərindən oxudum -
Bir qədəh də süzün mənə,
istəmirəm unudum...
Məndən sənə
aldığım qızılgülün
solan ləçəyi
qaldı,
Səndən mənə
bir şüşəlik
xatirə -
O da qızılgülün
ətri azaldıqca azaldı...
Nişanlı qız
Yolunu gözləməkdən
göz yorulub, bilirəm.
Yolun tən ortasına
daş qoyulub, bilirəm...
Üç il keçib aradan,
istəmədi Yaradan.
Mənim
bəxtim anadan
gec doğulub, bilirəm...
Məni
salma yadına,
getdin üzük badına.
Artıq
gecdi, adına
ad qoşulub, bilirəm...
Bizdən
başqa, sevənlər
xoşbəxt olub, bilirəm.
On dördüncü qızılgül
çoxdan solub bilirəm...
Elvin İNTİQAMOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
29 yanvar.- S.31.