Sevməzdim səni?!
Müharibədən
sonra...
Mərmilərin səsindən oğurlayıb
qulağımda polkovnikin hələ də vıyıldayan
"bu gecə bəlkə hücuma keçdilər"
sözləriylə başlayan
müharibə yuxusuzluğundan
körpə yuxusuna aparan
şirin, lay-lay sözlərin
olmasaydı
sevməzdim səni.
Əsgərlərinin ölümündən
qopa bilməyən
özünü bir ipdən asan qazi kimi
onun o ipə aşiq olduğu, xilas gördüyütək
qəlbim asılıb
hörüklərindən.
Saçların hörük olmasaydı
İnan,
sevməzdim səni.
Ovcumdakı güllələri,
içində adım
yazılmış gilizi
unutduran
sərçə barmaqların
olmasaydı
sevməzdim səni.
Əsəb, müharibə stresi
Və Şuşa dağlarının
vurduğu dondan
zəifləyən gözlərimə
işıq olan
məsum, çocukca
baxışın olmasaydı
sevməzdim səni.
Hələ də gözümün
önündə
qan ağlayır
əldən ayrı
düşən əsgərimin
barmağı.
Qəlbimin ağrısı yuyan
su kimi gülüşün olmasaydı
sevməzdim səni.
Ayaqsız döyüşçüləri görəndə
ayaqlarım büdrəyir,
utanıram özümün
addım səsindən.
Yerimə
addımlayan
yerişin olmasaydı
sevməzdim səni.
Burda insanlar
daha qəddardı mərmilərdən.
Top atışından,
ya da bir
minomyot mərmisindən
daha öldürücü,
daha gerçəkdir
İnsanların saxta könülləri.
Körpə qoxusu qədər
saf və müqəddəs
ürəyin olmasaydı
sevməzdim səni.
Gizlənqaç oynayırıq burda
dronlarla
gah torpaq, gah da buludlar
ən doğma xilaskarımızdı indi.
Harda olsam məni tapan
güllə dəcəlliyin
olmasaydı
sevməzdim səni.
Bu göy sənin, bu yer sənin,
dəniz sənin,
şəhər sənin,
istədiyin hər şey sənin.
heç nə istəmirəm -
Təkcə səni istəyirəm.
Mənə lay-lay olan şirin
sözlərini,
qəlbim asılan
saçlarının hörüyünü
güllələri unutduran
sərçə barmaqlarını,
mənə ver,
özünsə çıx
get.
Gözlərimə işıq olan
baxışını,
könlümün ağrısını
yuyan su kimi gülüşünü,
mənə ver,
özünsə, gedə
bilsən, get.
Yerimə
addımlayan yerişini,
körpə qoxusu ürəyini, ruhunu,
məni hər yerdə tapan güllə dəcəlliyini,
burda qoy,
özünsə...
Özün bilərsən...
De indi:
Mən sevməzdim
səni?
Sevməzdim səni?
Sevməzdim?
Sən, mən və pianino
Boyatlamış dərdlərin var,
boyat, köhnə dərdlərin.
Adam da sadiq olar
-
dərdlərinə, dərdlərinə?!
Əl atıb qoparsam
ürəyindən kədərini.
Görərsənmi -
əllərimi, əllərimi?!
Dəcəl barmaqların var,
dəcəl barmaqların.
Pianinonun
dillərində
yandıracaq yalnızlığın
işığını.
Söndürsəm "min illik" alovunu-
elə pianinonun dilləri üstdə
elə pianinonun qucağında,
qucağında.
Sevərsənmi -
günahımı, günahımı?!
Bir qızımız olar
gözləri qəhvəyi
gülən -
elə sənin kimi.
Qoşulub ona gülə-gülə
saçlarımı yolarsanmı,
Yolarsanmı?!
Alın
yazımın qalan vərəqlərini
qoydum dizinə sənin.
Kimi istəsən sil alnımdan,
yaz öz adını.
Yazarsanmı adını,
yazarsanmı?!
Sənsiz
-
Oyuncağı əlindən alınmış
uşaq kimiyəm.
Çağırsam ki, gəl -
sevindir bu saqqallı uşağı
-
Gələrsənmi,
Gələrsənmi?!
Emin Piri
Ədbiyyat qəzeti.- 2023.- 1 aprel.-
S.15.