Mənalı ömrün
yeni baharı
Sənətkar şəxsiyyəti ilə
ömür yolunun üst-üstə düşdüyü,
bir-birini tamamladığı
məqamdan söz düşəndə göz
önünə gələnlərdən
biri də Əməkdar incəsənət
xadimi, şair, tərcüməçi, publisist
Ayaz Vəfalıdır. Ayaz müəllimə
həyatın bəxş
etdiyi ata nisgili onun çoxşaxəli
yaradıcılığının bütün qatlarına hopub. Bir ziyalı kimi
xarakterinin hamıya bəlli olmayan çalarlarını təyin
edib. "Dörd yaşında fikir çəkdim" deyən Ayaz ata nisgili ilə
yaşayıb, atasının
varlığından xəbərdar
olan şair Ayaz Vəfalı varlıqla yoxluq arasında qalıb, ancaq qan yaddaşı
ona qalib gəlib. Sovetlərin
sərt rejiminin acılarına tab gətirib.
1976-cı ildə prof.
Abbas Zamanova müraciətlə deyib:
"Abbas müəllim
Babəkin də oğlu əsir alınıb, Stalinin də oğlu əsir alınıb. Stalin özü deyirdi
ki, ata oğluna
cavabdeh deyil, ancaq mən oğul, üzünü də təsəvvür edə bilmədiyim atama cavabdeh olmağa hazıram".
Onun şair
qəlbinə yoğrulmuş
bu ağrıların
poetik səsi bütün yaradıcılığının
ruhunda dayanır.
Xatirimə bir gün düşüb,
Qələm tutmur əlim, Krım;
Atam burda itkin düşüb
-
Mən necə
dincəlim, Krım?
Ayaz müəllim
atasına qovuşmağın
sevincini dost-tanışla,
qohum-əqrəba ilə
ürəyi istədiyi
kimi bölüşə
bilmədi, ancaq bütün acılara sinə gərdi, qardaş Türkiyədə
doğmalara qovuşdu. Ayaz Vəfalıya
mənəvi güc verən onun mənsub olduğu elin-obanın əxlaq dərsləridir. Onun şeirlərindəki
motivlərdən gəlir
həyatın çətin,
dar günlərini ötüşdürmək, "oddan keçib gələnlər" həyatın
hər cür qasırğasına tab gətirirlər.
Ocağımız sönməyincə -
Kəsilməzdi səsimiz;
Evdəkilər dinməyincə -
Qayıtmazdıq evə biz.
...Deməyin ki, əylənmişik,
Duymamışıq heç nəyi,
Bəlkə onda öyrənmişik,
Od içindən keçməyi.
Ayaz Vəfalının
təhsil aldığı
illər Bakı Dövlət Universitetinin filologiya fakültəsi həm poetik, həm də milli-ictimai düşüncənin
mərkəzi idi. Bu fakültədə Bəxtiyar
Vahabzadə poeziya dərnəyinə rəhbərlik
edirdi. Bu dərnəyin bir çox üzvləri adlı-sanlı şair oldular. Hər şeydən qabaq
milli düşüncə
sahibinə çevrildilər.
Bu dərnəkdə qızğın müzakirələr
zamanı gənc poetik istedadlar sözün bədii şiələrini öyrənməklə
yanaşı Azərbaycan
Cümhuriyyətinin banilərinin
də adını eşidir, milli ədəbi dilin keşikçiləri kimi
geniş auditoriyaya çıxırdılar. Həmin dərnəyin fəal üzvlərindən biri kimi Ayaz Vəfalı
da yaradıcılığı
boyu sözün bədii mahiyyətinə ehtiramla yanaşdı, öz istedadının hüdudları çərçivəsində
həm öz şeirlərində, poemalarında,
həmçinin tərcümələrində
sözə xəyanət
etmədi. "Novruzgülü", "Eşq
əfsanəsi" kimi
şeirləri 60-cı illər
poeziyasının yaddaqalan
nümunələridir.
...Tərk edəndə dağı-daşı,
Ağ buludlar tökdü yaşı.
Az yaşadı... amma qışı,
Bahar etdi Novruzgülü.
...Üzərimə bulud çökür,
Yağış gəlir yağa-yağa.
Şimşək qızıl xətlər
çəkir,
Səmadakı göy varağa.
Ayaz müəllimin yaradıcılıq
yolunun bütün tərəflərini ürək
genişliyi ilə dəyərləndirən Xalq
yazıçısı, professor Elçin təbrik teleqramında yazırdı:
"Səni - görkəmli
şair və ədəbiyyatşünası səksən illik yubileyin münasibəti ilə təbrik edirəm. Sən bu yubileyi həm şair və ədəbiyyatşünas,
həm də bir insan kimi
üzüağ qarşılayırsan.
Sənin
poeziyan həmişə
sənin hisslərinin,
təbii düşüncələrinin
bədii ifadəsi olub və poetik
səmimilik, təbiilik
gənc yaşlarından
etibarən həmişə
səninlə birlikdə
olub. Sənin elmi yaradıcılığın
da bu mənada
həmişə poeziyanla
üst-üstə düşüb,
obyektivliyi, həqiqəti
əks etdirib".
Ayaz müəllim
ciddi ədəbiyyatşünas
və publisistdir. Onun klassiklər haqqında yazdığı silsilə
məqalələr, xüsusən
klassik irs və folklor problemi haqqındakı tədqiqatları ədəbiyyatşünaslığımızın bu
istiqamətdəki inkişafına
təkan oldu. Onun prof.M.H.Təhmasibin rəhbərliyi
ilə yazdığı
"Füzuli və folklor" əsəri elmi-metodoloji dəyərini
saxlamaqdadır. Bu əsər onun folklora yanaşma meyarlarını, prinsiplərini
elmi həssaslıqla ortaya qoyur. Şairliklə alimliyin qovuşduğu
onun Sarı aşıq, Vaqif, Nəsimi, Kərkük ədəbiyyatı, Şəhriyar
barədəki tədqiqatlarına
emosional bir ton verməklə yanaşı,
mətnin alt qatlarını
dərk edib dəyərləndirməkdə yardımçı olur.
Ayaz müəllim
klassik ədəbiyyatla
folklor qaynaqlarının
ideya-poetik ənənələrinin
qarşılıqlı əlaqələrini
professional ədəbiyyatşünas kimi tədqiq etməklə yanaşı
folklor nümunələrinin
toplanması və nəşri ilə də ardıcıl məşğul olmuşdur. Onun 1976-cı ildə nəşr etdirdiyi "Atalar sözü, ağlın gözü" kitabı ölkəmizdə və ondan kənarda geniş əks-səda doğurdu. Bu kitabın
yeni, üç qrafikada (latın,
kiril, ərəb) nəşrini Ayaz Vəfalı ona ata əvəzi olmuş anasının xatirəsinə həsr etmişdir:
Ananın
südüylə əmdiyim
layla
Kükrədi qanımda səssiz harayla.
Özü qol çəkməyi
bilmədi, amma
Məni yazar etdi İlahi
payla.
Dünya xalqlarının atalar sözlərinin tərcüməsi
əsasında hazırlanmış
bu kitab öz tədqiqatçısını
gözləyir. Yarım əsrdən artıq, daha doğrusu 54 il "Ədəbiyyat qəzeti"ndə çalışan
Ayaz Vəfalı XX əsrin sonu XXI əsrin əvvəli tarixi ədəbi prosesin canlı şahidi və iştirakçısıdır. Ədəbi hərəkatın qaynar mərkəzində olan Ayaz müəllimin yaddaşındakılar yəqin
ki, ədəbi-ictimai
fikir tariximizi öyrənməkdə mötəbər
mənbə olardı.
Bunu ondan gözləyirik.
Yarım
əsrlik yaradıcılıq
yolu keçmiş, həqiqi ədəbiyyat cəfakeşi olan Ayaz Vəfalı ədəbiyyatımızın təbliği, qardaş xalqlar ədəbiyyatından
tərcümələri ilə
həmişə fəaliyyətdə
olmuşdur. Xüsusən
Lesya Ukrainka, K.Simonov, Həmid Əlimcan, Erkin Vahiddən etdiyi tərcümələr yaradıcı
tərcümələrdir. Çünki tərcüməçi bu şairlərin yaradıcılığını dərindən öyrənmişdi,
seçdiyi əsərlər
onun zövqünə
və ruhuna uyğun idi. Bu sıradan Ə.Nəvainin
"Leyli və Məcnun", K.Simonovun
"Gözlə məni"
əsərlərinin tərcümə
sənətkarlığını xüsusi qeyd edərdim.
Ayaz Vəfalı
öz ustadlarına və dostlarına həmişə sədaqətli
olub. Atası ilə bağlı
Rəsul Rzanın qiymətsiz qayğısı
zamanı yetişən
kimi bəyan etdi. Prof.Qəzənfər Paşayevlə uzun
müddət dostluq, qardaşlıq münasibətləri
ədəbiyyatımıza xidmət nümunəsidir.
Xüsusən Kərkük ədəbiyyatının
və bu ədəbiyyatı təmsil
edənlərin Azərbaycanda
tanınmasında bu iki ziyalının xidməti tükənməzdir.
Ayaz müəllim
bir insan kimi ehtiyatlı və təvazökardır. Həyatın hər cür ağrısın, acısın
dadıb. Onun şəxsiyyəti haqqında
Mirzə İbrahimov öz müşahidələri
əsasında obrazlı,
təmkinli bir intonasiya ilə yazırdı: "...Boş
hikkə və iddialar onun təbiətinə
ziddir. O, yavaş-yavaş,
tələsmədən, səliqə
ilə külüng çalan, hər hansı bir binanın özülünü
hazırlayan, o bunun üçün hamar və tarazlı daşlar yonan, sonra da onu
qaydası ilə tikməyə başlayan bənnanı xatırladır".
Ömrünün 86-cı baharını qarşılayan
hörmətli qələm
dostumuza, təpədən-dırnağa
ədəbiyyat və
elm adamına 90 illiyini
birgə keçirmək
arzusu ilə.
Şirindil Alışanlı
Ədəbiyyat qəzeti.- 2023.-
1 aprel.- S.13.