Taleyini sözün ixtiyarına verən şair  

 

Mən gənc şair dostlarımdan birinin xahişi ilə "Region poeziyası" adlı silsilə məqalələr yazmışam.dalət" qəzetinin bir neçə sayında dərc olunub. Bunu bilən bəzi həmkarlarım dedilər ki, regionlarda sənin tənqid və tədqiqatına layiq şair yoxdur. Mən heç kimə qulaq asmadım, inad və inamla yazdım (Bax. Şəmsizadə N. "Estetik meyar və bədii mahiyyət" Bakı, "Elm və Təhsil", 2022.s.242-299)

Region sözü poeziyanın ədəbi istiqamət və keyfiyyət göstəricisi deyil, paytaxtdan kənar ərazi mənasındadır. Mən bu yazıda regionda yaşayan 12 şairin - Arzu Baxaşoğlunun, İskəndər Fərhadoğlunun, Mətləb Millinin, İldırım Əlişoğlunun, Ələsgər Talıboğlunun, Elçin Məlhəmlinin, Nəcməddin Mürvətovun, Elnur Baxışın, Natiq Əlisoyun, Gileyli Bəylərin, Gəray Bayramın və İnqilab İsaqın şeirlərinin müasir ədəbi proses kontekstində ədəbi-tənqidi, nəzəri-analitik təhlil predmetinə çevirib, bəzi ümumləşmələr apardım.

Əslində, məqsədim regionda şeir prosesində nələr baş verdiyini aşkara çıxarmaq, bu şairlərin ədəbi-tarixi dəyərini qiymətləndirmək idi. Bu işə məni Gəncə ətrafında yaşayan şair dostum İnqilab İsaqın zəngin və mənalı yaradıcılığı istiqamətləndirdi. Otuz ilə yaxındır ki, İnqilabın yaradıcılığını izləyirəm, onun istedadı və bütöv şəxsiyyəti, inadkar poetik axtarışları bizi həm də dost edib.

Özü demişkən, "Taleyi sözün ixtiyarında olan", Azərbaycanın tanınmış şairi İnqilab İsaq 31 mart 19530cü ildə Daşkəsən rayonunda anadan olub. Bu o deməkdir ki, 2023-cü il martın 31-də şair İnqilab İsaqın 70 yaşı tamam olur. İnqilab həm orta, həm də ali təhsilini Gəncədə alıb, Gəncə ədəbi mühitinin yetirməsidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub - Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında baş müəllim işləyib. Yanaşı olaraq jurnalist kimi fəaliyyət göstərib. 2014-cü ildə Prezident mükafatına, 2015-ci ildə Rəsul Rza adına Beynəlxalq Mükafata layiq görülüb. Əsərləri rus, ingilis, ukrayna, özbək, gürcü və türk dillərinə tərcümə olunub. İnqilab ana dilində və bəzisi bu dillərdə çap olunmuş 14 kitabın müəllifidir:

Müəllif haqqında ən obyektiv sözü onun kitabları söylər: "Deməyə sözüm var" (1997), "Aləm cənnətə dönsə" (1999) "Aydan axan bulaq" (1999. Uşaqlar üçün) "Bir çəmənin çiçəkləri" (1999), "Obaları gəzə-gəzə" (2000.Publisistika), "Ümidə borclu dünya" (2014) "İndi elə təkəm ki. (2018), "Nərgizin nərgizləri" (2020. Uşaqlar üçün), "Savaş sevdası" (2020) "Gizli buluşmalar (2020. İstanbul), "Sözün nəbzi" (2022. Gürcü dilində) və "Poeziya, poeziya. İnqilab İsaq imzası" (2021 haqqında).

Sonuncu kitab şair-publisist İniqalb İsaq yaradıcılığını, şəxsiyyəti barəsində məqalələr toplusudur. Bu kitaba İnqilab İsaqın şair və vətəndaş imzasını təsdiq edir.

XIX əsr ədəbiyyatının klassiki, "Sovremenniki" dərgisinin redaktoru Nekrasov deyib: "Sən şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan!" İnqilab həm istedadlı şair, həm də təəssübkeş vətəndaşdır. Bu iki keyfiyyətlə o, ədəbi-ictimai mühitdə seçilib və hörmət qazanıb. Bunu onun ən yaxşı şeirləri əyani olaraq təsdiq etməkdədir.

İnqilab "Taleyi sözün ixtiyarında olan" şairdir. O, öz taleyini Sözün taleyi ilə birləşdirən, Sözü sevən və Sözün sevdiyi şairdir. O söz vurğunudur. Mənə elə gəlir ki, o, sözdən başqa heç nəyi sevmir. Sözdə isə dərdləri sevir, ümumən o dərdi, əzabı, kədəri özünküləşdirməyi sevməyi bacarır:

 

Səni xoşbəxt eyləyən

Dərdlərin keçib başa?

Məni oyaq saxlayan

Yaşa, əzabım, yaşa!

 

Və yaxud, belə bir beyt:

Ürəyim dərdlərin saxlanc yeridi,

Amandı bərk tutun, yerə salmayın.

 

 

İnqilabın böyük sələfi, dahi Füzuli deyirdi: "Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir" (6 cildlik əsərləri. III c. s.15)

Dərd, azar, kədər, qəm insana ən doğma olan hisslərdir. Onlar insana kənardan verilmir, insanın öz içindən boy atır.

 

Ağrıma əlacı özüm bilirəm,

Çox sirrin önündə dilsizdi adam.

Yaşadım, heç kimə gücüm çatmadı

Bu sakit ömrümün davakarıyam.

 

İnqilabın lirik qəhrəmanı nə yerdə, nə də göydə qərar tutmayan, yerlə göy arasındakı fəzada yaşayan insandır.

 

Udduğum payız havası

Köçüm köçdə yarpaq-yarpaq.

Bir ömürə söykənmişəm -

Göyə yaxın, yarə uzaq...

 

Şairlər adi insanlardan frəqli olaraq, yerdə ömür sürsələr də, göydə yaşayırlar. Çünki onlar göydən gələn səslərin hənirini duyurlar, şeiri göydən alırlar. Göydən enən şeir əvvəlcə onların yaddaşına, sonra da qəlbinə qonur. Həqiqi şeir qəlbin yavrusudur. İnqilabın şeirlərində ümid pöhrələri cücərir, yaddaş harayları eşidilir, lirik qəhrəman buludlarla həmsöhbət olur.

Onun lirik qəhrəmanı sevgi dərdi gerçək olduğu üçün "Xəyalında gizlə məni" deyir. Xəyalda gizlənən bu aşiq -

 

Gözləri yol çəkən qadın,

Ömür kimi gözlə məni.

İtsəm əgər bu gerçəkdə,

Xəyalında gözlə məni

 

- deyərək sevgisinin ünvanını nişan verir. Ümumən, ümid, xəyal, xatirə, ruh, yuxu, bulud, səma onun lirik qəhrəmanlarının dolaşdığı, sevib-sevildiyi poetik məkanlardır.

İnqilab bədii metaforalardan bacarıqla istifadə edir. Sözü gözlənilməz məqamda işlətməklə simvolik bədii mühit yaradır.

Qorxma

Ayaq səsimdən,

Diksinmə baxışımdan.

Uzaqdan gəlirəm,

Sizin ağacın

Kölgəsindən.

Sənə deyəcəyim

sözün bəlkəsindən.

Nəbzin

adını döyəcləyir

ürəyimə

Bağışlama günahımı

hədər,

Sükutun

yaddaşa dönənə

qədər.

 

"Bağışlama" şeirindən misal verdiyim bu misralar bədii labirintlər adlana bilər: "Uzaqdan gəlirəm" - hara imiş bu uzaq? Sən demə, bu məkan "Sizin ağacın kölgəsi" imiş. Şair poeziyada çox işlənən həsrəti belə - özünəməxsus şəkildə görür. Bu həsrətin ünvanı "Sənə deyəcəyim sözün bəlkəsidir" "Bəlkə" güman, ehtimal qeyri-müəyyənlik bildirir. Bu qeyri müəyyənlik lirik qəhrəmanın - şeirin deyəcəyi sözün məzmunu kimi çıxış edir: "Nəbzin adını döyəcləyir ürəyimə" - poetik metaforası bu Eşqin ötəri yox əbədi olduğuna işarədir.

Sükutun yaddaqa dönməsi - orijinal deyimdir. Burada Sükutun sirri açılır.

 

Sözüm sözümə baxan deyil

Sözümə kim baxır indi?

 

- təkcə söz oyunu sözdən söz çıxarmaq deyil, bu, bir bədii qayəsi ərköyün sözə şikayətdir. Daha bir novator poetik düşüncə tərzi:

 

Kölgələr içində kölgəm fikirli,

Yenə qorxulara qaça-qaç düşüb.

Təbirlər düzəldən nizə ucundan

Körpə bələyinə paslı xaç düşüb.

 

Bu bənd bədii-fəlsədi tutumuna görə tarixi həqiqəti - bütöv bir epoxanı xatırladır. Ümumən, "Qanlı köynəklərin qəzəbi" şeiri şairin dərin vətəndaş qəzəbini yaxşı ifadə edir:

 

Qanlı köynəklərin qəzəbi kimi

Fələyin üzünə qırpım sözümü.

 

Onun lirik qəhrəmanı dünyanı onu dərdlərini tanıyacağına ümid bəsləyir. "Bəlkə dünya tanıya" şeirində dəli bir ümid yaşayır: "Sözlərimin aram yeri - ürəyim" deyə şair maraqlı bir bənzətmə yaradır:

 

Hayana yol aşır, gedir bu axın,

Mən kimə uzağam, kim mənə yaxın?

Mən dərd güzgüsüyəm, buyurun, baxın

Bəlkə dünya, bəlkə dünya tanıya.

 

"Dərd güzgüsü" şairin - İnqilab İsaqın hamının baxdığı, fəqət heç kimin görmədiyi obrazıdır. Bu toplayıcı güzgüdür - psixoloji materialdan düzəlib.

İnqilab İsaq tizfəhm deyimlər ustasıdır. "İndi elə təkəm ki" kitabından bəzi bədii-fəlsəfi və poetik cəhətdən uğurlu misralara nəzər salaq:

"Ümidi arxayın şumlama dincəl", "Gecikən yolları tutma qarğışa", "Ən uca zirvənin sükutu da lal", "Yenə ürəyimin tutması tutub - Qorxu böyüdürəm azan səsində", "Həsrətdən dodağı yarıldı narın - Yağış da narındı, çiskin də narın", "Batmış səsin dalğasıyam", "Bir qaya səbrində bulaq qaynayır", "Sabaha vədəli tale yolları", "Açılan çiçəklər xəyalım kimi - könlümü kəpənək köçünə çəkir" və s. Belə misalların sayını artırmaq olar. Məxləsi budur ki, bu obrazlı deyimlərin müəllifi Sözü duyan, söz fəhmi olan, sözün nazını çəkməyi bacaran həqiqi şairdir.

"Arzu qızmarında üşüdüm axı - Neyləyim, nağılım işıq tapmadı" misraları İnqilabın şair ovqatını dəqiq əks etdirir. Mən də şairin yaşıdı və müasiri olaraq son vaxtlar görürəm ki, ürəyim arzular qəbristanlığıdır, bu arzular qəbristanlığında qızmar bir üşütmə var. Bunu ancaq adam 70 yaşa çatanda hiss edir.

İnqilab İsaqın güclü keyfiyyətlərindən biri də budur ki, o, bu yaşda da gənclik ehtirası ilə yazıb-yaradır. Onun şeirləri diridir, canlıdır, insanı gözəl xəyallar aləminə aparır. Bir daha qeyd edirəm, o, "arzu qızmarında üşüməyi" bacarır. Bu, əsl şair fəzilətidir. "Xəyal gerçəkliyə atılan toxumdur" - deyir böyük türk oğlu R.T.Ərdoğan. İnqilabın şeirləri tarixə səpilmiş xəyal toxumlarına bənzəyir, onlar hələ gələcəkdə cücərib sevgi gülşəninə çevriləcək. Şeirlərinin birində İnqilab özünü "Tale məhbusu" adlandırır. Bu məhbəsdə onun fikri də qəza çəkir": "tale məhbusu" və "cəzaçəkən fikir dərin poetik - fəlsəfi mənaya malikdir. "Xəyalları qarğış tutub", "Sözümün beşiyi, yuxu çimiri", "Göz yaşında yol uzaqdır" simvolik poetik ifadə deyil, bəs nədir?! "Burda söykəndiyim fikirli ağac - Alnımda günəşdi ovcumda torpaq" misralarında özəl bir məntiq, dialektik düşüncə tərzi var. Təkcə ona görə yox ki, fikrirli ağac" metaforası insan obrazı kimi təzədir, həm də və daha çox ona görə ki, "Alnında günəş, ovcunda torpaq" tutan adam yerlə göy-torpaqla günəş arasında nəhəng ümid körpüsüdür və bu körpüdən həssas insan taleləri keçir.

Böyük filosof Spinoza deyir ki, "Dünyanı ölçülər idarə edir".

Bu hansı ölçülərdir? İnqilab onu belə görür: "Dərdə yönlü ölçü mənəm":

 

Canım, canın söz odunda

Hər havaya düşməz adam.

Sətirlərim qəm möhürü,

Çətin oxunan kitabam.

 

Söz şair "mən"ini (Onun lirik qəhrəmanı bu "Mən"dən boy atır!) belə ifadə edir: Sətirləri qəm töhürü olan çətin oxunan kitab! Bu misraları da əlavə etmək olar: "Ahımı külək danışır".

 

"Mən öz eşqimdə bişmişəm"

 

Göylərin göy qatında

Bir uşaq yuxu dərir.

Buludların ovcunda

Dəryadan damla dərin.

Zülmün qisas yerində

Fikirli bir şam yanır.

 

Bu misralarda sufii poeziyaya xas vəhdəti-vücud var: "Buludların ovcunda dəryadan damla dərin". Adi düşüncəyə görə "zülmün qisas yeri" mücərrəd səslənir. Lakin "Zülmün qisas yerində yanan "fikirli şam" çox ciddi fəlsəsi məzmunu olan poetik metaforadır...

Beləcə, İnqilab İsaqın lirik şeirlərini ilmə-ilmə incələmək olar.

Nəticədə, qarşımıza filosof bir şair çıxacaq: həssas, duyğusal.

 

Nizaməddin ŞƏMSİZADƏ

 

Ədəbiyyat qəzeti.- 2023.- 1 aprel.- S.11.