Bircə kərə...
Bəxtimə qaş-qabaq tökdün...
Dərdim oyandı ahıma.
Hansı
sözün cəzasıdı
Hökm oxudun günahıma?
Yaşatdığın ədavəti
Axı necə
alqışlayım?
Üzümə bax bircə kərə,
Sənə ömür bağışlayım...
İndi, indi...
Getmə
uzaqlara... bezdi o yollar,
Bulana-bulana soyudu hava.
Üz-üzə oturub qapını
örtsək
Görərik sükutdu ən zalım dava.
Ta xəbər dalınca yüyürmə, gecdi...
Ləngitdik bahara açan çiçəyi.
Payız
küləyinin hirsi sovurdu
Bir vədə
arxanca qaçan çiçəyi.
Əcəl də əzəldən
bərədə ovçu...
Min şübhə oyadar bir can ovuna.
Hələ də nağıllar
uydururuq biz
Quru təsəlliylə
kimdi ovunan?
Bu gündə sözümü
qoşdum adına,
Ona da ayrılıq sahib çıxdı,
bax.
Kimsə
şam söndürüb...
ulduz uçurdu,
Qurulu bir eşqi belə yıxdı, bax.
Daha dağıntı da, tozanaqdayıq...
Abad könül sevməz
bayquş xisləti.
İndi
yüz gümanı bir zamana yığ
-
Gətirsən, ömrümə aydınlıq,
gətir.
Doğulandan davayam...
Qəfil
demə, qəflətə...
Hardasa söz-nizam
var.
Bu arxayın zamanı
Bircə anla pozan var.
Bilirsən, bilmədiyin,
Tərəfin içindəsən.
Haqqı,
halalı qovan
Tərifin içindəsən.
Ağılda başda qəza
Dəliyə dolu xəbər.
Ömür sürməyə dəyməz,
Təhlükə yolu - xəbər...
Məndə sözdə, sükutda
Qalmışam aralıqda.
Vaxt, vədə şoranlığı
Yer deyil... buralıqda.
Ütüyə gəlmirəm ki,
Qırışam, codam, bala.
Doğulandan davayam,
Neyləsin, adam, bala?
Gec, tez...
Yoxsa istəklərim
qorxu böyütdü?
Çaşdırdı səni də dilimdəki söz.
Gör necə işıqlar çilikləndi, bax,
Cavabsız suala bacardıqca
döz...
Yozduğun mənadı, pozduğun
cığır -
Bir də ayaq basmaz xəyallar
bura.
Ayın
aydınlığı küsən
yerlərin
Nədən sevdaları çatmaz uğura.
Hələ bilmədiyim sözdü
olanlar
Qaş-qabaq tökməklə könül
açılmaz.
Utancaq bənövşə təbəssümündə
Gərək nəfəsini dərəsən
bir az.
Səhər o səhərdi, axşam
o axşam...
Bir evin altıdı susub, ağlayan.
Nə qədər ayrılıq
çəksə də
ömür -
Gec-tez yol açandı, yolu bağlayan.
Bax, odur...
Yaman arxayınıq bu boşluqlara
Gerçək yaşamağın xəyalları
qıt.
Hardan gəldiyimi,
hardan biləsən? -
Qayıt, gəlmədiyin tərəfə
qayıt.
O yorğun səmada bulud da incik...
Giley-güzarlardan olma xəbərsiz.
Dünyanın altını üstə
çevirib
İndi bilirsənmi neyləmişik
biz?
Qalmışıq ömürlə, vaxtla
üz-üzə...
Sən demə
qış imiş - bəd, soyuq baxış.
O uçan yuvaya, quruyan çaya
Necə söyləyim ki, barışma, barış?
Bir də yaxşı düşün olacaqları
Balta var qorxusu meşə qurudur.
Yamanca inciyik bir-birimizdən -
Görmürsən dəryanı milçəklər
udur?..
Uzan kölgəliyə utan demirəm -
Tər tökən
zamanın bizik günahı.
Gərək yuxuların əlindən
alaq
Hər ötən gecəni, doğan sabahı...
Sanma dava-dalaş xeyir gətirə
Hamımız bir yerdə dünyaya əlac.
Bütün günahlara xoş
bir cavabdı, -
Bax, odur puçurda... əkdiyim ağac...
Dumduru...
Dumduru su kimidi...
Bu adam başdan-başa.
İncitməz, inciməz ki -
Sözünü tutub yaşa...
Üzünü üzdən üzüb
Kimsəyə varam - deməz.
İçini yeyə-yeyə...
Bir tikə
haram yeməz.
Ocağa
qapı açıb
-
Ocağa çəkər yadı.
Pozulmaz nizamında
Duz dadı,
düzün dadı.
Gündoğan ki, budu, bu...
Dil götürməz
duadan.
Alnına
bax, darıxma
Əl tut, qopma
dünyadan.
Sənsə...
Sən məni bağışla
o doğan günə
-
Şəfəqlər yanılmaz öz sevgisində.
Ötəri deyil ha... könül
əzabı
Mən də inadkaram susduğum vədə.
Hələ xəyalımız görüş
uydurur,
Hələ çağırıram ayı
köməyə.
Gör necə çarəsiz, necə gücsüzəm,
Sənə pıçıldayıb nəsə
deməyə?
Bağışla, qəhrəman olmaq
çətindi
Çiçəklə savaşı tutmaz ürəyin.
Dünyanı fəth etmək
bəlkə də budu -
Gizlində, aşkarda xoş söz deməyin.
Yaman buludludu havalar burda,
Duman da sürünür sirli pərdətək.
Bir azdan özümdən çıxıb gedəcəm
-
Sənsə bu xəbərə
dözəsən gərək...
Yuxunu mənə danış...
Necə
xoşdu, necə xoş...
İndi səni düşünmək.
Biz ki, bahar içində
Əl-ələyik nəfəstək...
Sən də darıxan adam
Baxışların tamaşa.
Əhsən, deyər, əzabım
Ta buluda, yağışa.
Fikrində sözlər işıq...
Qaranlığın qənimi.
Nə yaxşı yaşadırsan
Öz nəbzində
qəmimi.
Burdan durub getməyə
Yoxdu bir cənnət arzum.
Yuxunu mənə danış -
Səni
şeirə yozum...
Çətinmi...
Oyanmış, bir yorğun təbəssüm ilə,
Susdun qarşıladın
vaxtı, vədəni.
Saat da qaçaraq tərəddüdlərin -
Neyləsin yolundan çıxıb gedəni?
Dilində küsülü bir
giley-güzar
Harasa arxayın
atılan daşdı.
Aramız,
arada yaman soyudu -
İstəklər nə yaman gözləri yaşlı...
Yoxsa yaşımızın
davasındayıq? -
Yoxsa yanlışdımı
bu gördüklərim?
Ta dayaz çayları rahat keçirik -
Di gəl ki, gözündə kədərin
dərin.
Gah sağa, gah sola əyilir hava
Deyən sabahımız dumanlı əldə.
Günah
teyləməyə, qovmağa
dəyməz
Nahaqca salmışıq
ömürü əldən.
Qaranlıq qorxulu, işıqda
dözüm...
Çətinmi bu dərdə sevgi deməyə?
Sözümüz üz-üzə öcə
düşsə də,
Xəlvətdə, gizlində gülümsəyərək
-
Yenə sözləşirik nəfəs
dərməyə.
Bu da bir şeirdi, şeir...
Bu şeir də bir bəla...
Od-ocaq yuvasında.
Sülhə gəlməz ki,
balam,
Fil, böcək
davasında.
Küsdürmə, fikrindədi
O çirkinin, göyçəyin.
Naşı xəyal ovçusu
-
Torunda hörümçəyin...
Qapıdı, pəncərədi...
Gah qaranlıq,
gah işıq.
Əlini
üzmə əldən
-
Fürsətləri barışıq.
Dizini, qucub durar
Bir qala bürcündə o.
Fırlayar yer üzünü
Kəpənək gücündə o...
Dönər göz yaşlarında
Misra-misra ulduza.
Belə
yaşayar, belə -
O uduza, uduza...
Kimdi ki...
Sən öz sükutuna, öz harayına...
Nə doğma
bilirsən, nə də yad məni.
Hələ ötür-ötür görüşlərində
Dalana yozursan sözü, cümləni...
Üzrxah
təbəssüm, ilıq
güzəştlər...
Yorğun yoxuşlarda qara nəfəsdi.
Deyəsən olacaq... yanlışdı
nəsə
Gizlində, aşkarda, taleyin qəsdi.
Rəhimli baxışın yaman
haçalı...
Sevgi vəd eyləyir uzağa, yada.
Şübhələr sındırsa o
şüşə qəlbi,
-
Gerçəyi sahmanla, alt-üst
et, ya da...
İnanma
qələbə marşı
çalına,
İnanma bu qorxu çıxarmaya
qan.
Endir pərdələri, oyunu saxla -
Kimdi ki, sağ axan bu
tamaşadan.
İnqilab İSAQ
Ədəbiyyat qəzeti.- 2023.-
1 aprel.- S.10.