Müəllif barədə bilgilər
Əsl adı-soyadı Mustafa İzzət Baqi olan
Əbdülbaqi Gölpınarlı (1900-1982) ədəbiyyat
tarixçisi, şərqşünas və tərcüməçi
kimi tanınıb. Ata tərəfi Azərbaycanın Gəncə qəzasına
aid Göyçay bölgəsinin Gölbulaq kəndindən
imiş. Sonradan Bursa şəhərini
özünə məskən seçən ailə məhz bu
səbəbdən özünə eyni mənaya gələn
"Gölpınarlızadələr" soyadını
seçib. Atası Əhməd Agah əfəndi
Mövləvi təriqətinin üzvü olub, "Tərcümani-həqiqət"
qəzetində jurnalist kimi fəaliyyət göstərib.
1877-78-ci illərin Türk-rus hərbi əsnasında
ailə (indiki Bolqarıstanın) Ruscuk şəhərindən
İstanbula köçməli olub. Anası
Adıgey bölgəsində böyümüş Aliyə
Şöhrət xanım adlı bir çərkəz
qızı ilə də İstanbulda tanışlıq qurub,
evlənib.
Ailədə doğulan uşaqlar çox
yaşamadığından doğma babasının
adını daşıyan balaca Mustafa İzzətə sonradan
"Əbdülbaqi" (ərəbcə - qalıcı, əbədi)
adı verilib.
7-8 yaşlarından etibarən Əbdülbaqi Bahariyyə
mövləvixanasına ayaq açıb, təsəvvüflə
bağlı ilk biliklərinə də orada yiyələnib. Yeniyetmə ikən
atasını itirdiyi üçün maddi sıxıntı
çəkən ailəsinə yardım məqsədilə
təhsilini yarımçıq buraxıb, kitab
satışı ilə məşğul olmağa
başlayıb. Bir müddət
Çorumda müəllimlik edib, inzibati işlərdə
çalışıb. 1922-ci ildə
İstanbula dönüb, əvvəlcə Kişi Müəllimlər
Məktəbindən, daha sonra isə İstanbul Universitetinin
Ədəbiyyat fakültəsindən məzun olub. 1930-cu ildə müdafiə etdiyi diplom işi
üçün də yaxından bələd olduğu "Məlamilik
və məlamilər" mövzusunu seçib.
Sonrakı illərdə ədəbiyyat müəllimi kimi
Konya, Kayseri, Balıkəsir və Kastamonu liseylərində,
İstanbuldakı Heydərpaşa liseyində, 1939-cu ildən
isə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində
fars dilini tədris eləyib. Vaxtilə tələbəsi
olduğu İstanbul Universitetində İslam və Türk
tarixində təsəvvüfün yeri ilə bağlı
silsilə mühazirələr oxuyub.
1945-ci ilin aprelində solçu-marksist fəaliyyətinə
görə 10 aylığa həbsə atılsa da, bəraət
qərarı aldıqdan sonra təkrar pedaqoji fəaliyyətə
dönüb.
1949-cu ildə isə öz istəyi ilə
pensiyaya çıxıb.
Əslən həmyerlimiz sayılan Ə.Gölpınarlı
İstanbulun Üsküdar səmtinin Seyidəhməd məhəlləsindəki
Şiə məzarlığında torpağa
tapşırılıb.
Alimin şərqşünaslıq mövzularına həsr
olunan xeyli sayda elmi məqalə və araşdırması o
dövrün nüfuzlu qəzet-jurnallarında dərc olunub. Bunlarla
yanaşı, o, "İslam ensiklopediyası" və
"Türk ensiklopediyası" üçün bir sıra
mövzularla bağlı materiallar da hazırlayıb. "Divan ədəbiyyatı bunları bəyan
edir" (1945) adlı kitabında sözügedən ədəbiyyatı
ədəbi-tənqidi kontekstdən kənar və əsasən
ideoloji baxımdan dəyərləndirdiyinə görə
alim öz həmkarlarının sərt tənqidlərinə
məruz qalıb.
O köhnə Ramazanlar
Ramazan
ayında rastlaşanların bir-birinə verdikləri suallar
eyni idi:
- Ramazanla
aran necədir?
Amma bu suala alınan cavablar xeyli dərəcədə fərqlənirdi. Kimsə
gündəlik həyatındakı hadisələrdən
söz salırdı. Məsələn,
deyirdi ki, başına fəs qoymadan küçəyə
çıxdığı üçün özünə
gülənləri görüb, durumu anlayaraq, əlüstü
evə dönübmüş. Qıldığı
namazı bitirəndə anlayıbmış ki, abdəst
almağı unudub. Ya da məsciddə
xütbə dinləyərkən yuxuladığı
üçün qaloşları
çırpışdırılıb. Bəziləri də
özündənrazı tövrlə deyirdi:
"Gözümün işığı olan Rəbbim dərd
də verir, səbr və dərman da. Bu
mübarək ayın necə gəlib, necə getdiyi heç
hiss olunmur ha!" Əlbəttə, bu
sonuncu cavab yay mövsümünə düşən
ramazanlara, yəni günlərin uzandığı vaxtlara
uyğun gəlirdi.
Bəzi
cavablar isə zarafatla yoğrulurdu:
"Bəktaşiyə
"Ramazanla aran necədir?" sualı ünvanlananda
cavabı belə olubmuş: "Yola gedirik də, ay ərənlər!
Nə mən o mübarək fağırı
incidirəm, nə də o, biz fağırlara dəyib-dolaşır".
Ramazanın on beşindən sonra böyük iftar
süfrələri qurulurdu. Elə imarətlər
var idi ki, gələnlərin üzünə
qapılarını laybalay açırdı. İçəri girən hər kəs də
keçib, özünə layiq bildiyi süfrələrdən
birinin başında əyləşirdi. Yeməkdən
sonra həmin imarətləri tərk edən qonaqlar ciblərinə
hələ "diş kirası" adlanan müəyyən
məbləğdə xərclik də qoyulmaqla yola
salınırdılar.
Bir gün Bəktaşi (Anadolu türklərinin
folklorunda öz hazırcavablığı ilə seçilən
bir lətifə qəhrəmanı - A.Y.) iftar süfrəsində
təsadüfən din alimiylə yanaşı əyləşməli
olur. Ev sahibi rind (1. Əhli-keyf, 2.
Səxavətli - A.Y.) bir adam imiş. İftar bitdikdən sonra qəhvələr də
içilir və söhbətə başlayırlar. Bəktaşinin ağzını arayırlar ki, dəm
alarsan, ya yox?
Bəktaşi
də etiraz eləməyib: "Eyvallah! - deyir.
- Əfyuna da eyvallah, qayğısıza da
eyvallah, qızıldəliyə də eyvallah (bu sadalananlar
insana qısa müddətə xoş ovqat bəxş edən
yüngül bihuşdarılardır - A.Y.). Yəni könül əyləndirməyin hər
növünə "eyvallah"ım var".
Din aliminə
də eyni suallar verilir, amma o, ciddiyyətini heç pozmadan
bütün təklifləri rədd edir, hər dəfə:
"Əstəğfürullah!" cavabını verir. Qapıdan çıxarkən xəzinədarın
köməkçisi bunların hər ikisinə atlas kisəciyin
içində "diş kirası" adlanan məbləği
təqdim eləyir. Bəktaşi buna da:
"Eyvallah!" - deyərək, həmin
kisəciyi alıb cibinə qoyur.
Yolları ayrılınca din alimi səbrini basa bilmir, kisəciyin
ağzını aralayıb baxanda görür ki, oradakı
bir mətəlik (on quruş, Osmanlıda xeyli aşağı
dəyərə malik sikkə - A.Y.) boynunu burub ona baxır. Tez ardınca
qaçmaqla Bəktaşini yaxalayır və maraqlanır ki,
bəs sənə nə qədər pul veriblər? Bəktaşi deyir ki, mən hələ
baxmamışam. Din alimi onu dürtmələyir ki, bir
baxsana. Kisəciyi açan Bəktaşi orada
qızıl bir sikkə görür. Din alimi deyir:
"Yox, bu bölgüdə nəsə yanlışlıq
olub. Gəl, ora, yəni geri dönək".
Həmin evə qayıdırlar. Bölgü ilə bağlı
suallarına xidmətçilərdən cavab ala bilməyincə,
birbaşa ev sahibinin yanına yollanırlar.
Din alimi ondan xəbər alır: "Bölgüdə
yanlışa yol verilib. Yoxsa bu zındıq
(dinsiz, Allaha və axirətə inanmayan kəs - A.Y.) hərifə
altın sikkənin, iman adamı kimi mənə isə bir mətəliyin
verilməsi heç rəvadırmı?!"
Ev sahibi
deyir:
-
Bölgümüzdə heç bir yanlışlıq-zad
yoxdur: o əhli-keyf hərifin xərcləri üçün
bir altın belə azdır, sən isə gözütox birisən,
odur ki, elə o mətəliklə də bir gününü
yola verə bilərsən.
Eləcə iftar deyibən də keçməyin,
çünki iftar süfrəsinə düzülən o
iftariyyəliklər arasında nələr olmazdı, nələr? Yeyib-doyan insanoğlu bu təamların
yeyildikcə artdığını görcək, tam əminliklə
öz hökmünü verərdi:
- Bu
mübarək ay - bərəkət ayıdır, vəssalam.
İftariyyədən sonra süfrəyə şorba, ət,
tərəvəz, börək, sütlaç və ya mühəlləbi,
iki şirniyyatın arasında müəyyən fasilə
yaransın deyə, plov, bunun ardınca paxlava, ya xəmirli bir
şirni, ya da qaymaqlı güllaç gətirilirdi. Həm də
bu sadaladıqlarım irili-xırdalı istənilən imarət
üçün keçərli idi. Bəzən
elə iftar məclisləri qurulurdu ki, süfrəyə verilən
ləziz təamların ardı-arası kəsilmək
bilmirdi. İnsan övladı da, eynilə Molla Nəsrəddin
kimi, bu duanı təkrarlayıb dururdu: "Ya rəbb, ya mədəmi
genişlət, ya da gözümü doyur". Sanki
bu on bir ayın sultanı sayılan Ramazan on bir aylıq ərzağı,
üstəlik də, şirini-duzlusu, ətlisi-südlüsü
də daxil, hər çeşidiylə birgə təkbətək
bir yerə yığıb-toplayıbmış, sonra isə
hamısını birdən insanoğlunun qarşısına
düzürmüş.
İftardan sonra sadə qəhvələr içilincə,
təravih namazının da vaxtı yetişirdi. Təravihi xətmlə
bir arada qıldıran məscid imamlarına da rast gəlinirdi.
Bahariyyə mövləvixanasının imamı (ona
"Zındıq Hafiz" də deyirdilər)
"Qaragöz" tamaşalarına gedəcəyi gecələrdə
otuz rükət namazı hətta on beş
dəqiqəyə də sığdırmağı
bacarırdı. İri imarətlər
üçün ayrıca imamlar tutulur və təravih
namazı elə imarətin qonaqlara ayrılan zalında
qıldırılırdı. Bu da Ramazan
ayına xas bir başqa şərəf idi.
Təravih namazı qılındıqdan sonra hər kəs
öz zövqünə uyğun bir əyləncənin seyrinə
çıxırdı. Kimisi mahyaların (əsasən Ramazan
aylarında iri məscidlərin qoşa minarəsi arasında
asılan işıqlı yazı və ya rəsm - A.Y.)
tamaşasına dururdu. Həqiqətən
də, bundan alınan həzz doyumsuz bir şey idi.
Mahyaçı ustalar Ramazan ayının on beş
gecəsi boyu qoşa minarənin arasını qəndillərdən
qurduqları yazılarla bəzəyirdilər. İlk
günlərdə "Mərhaba" və ya "Xoş gəldin"
şüarlarına, bunun ardınca isə ayə və hədislərə
üstünlük verilərdi. On
beşinci gecədən sonra rəsmlərə keçilirdi -
qızılgülə, qərənfilə, laləyə…
İyirmi yeddinci gecədə, bəzi iri məscidlərdə
isə məhz bayram gecəsi minarəyə xüsusi qaftan
geyindirilərdi. Yəni minarənin
külahından (baş qismindən - A.Y.) başlamış
ta şərəfəsinə qədərki bölümü
silsilə qəndillərin köməyi ilə bir növ
parlaq duvağa bürünərdi.
Mahyalara tamaşa etməyi diləməyənlər, ya
da bundan artıq doyanlar isə "Qaragöz"ə, meydan
oyununa, məddahın məzə dolu söhbətinə, o
dövrdə modern bir şey sayılan kukla teatrına
baxmağa yollanardılar. Könül
ovçuları isə "Dirəklərarası" adlanan
səmtdəki seyrana qatılar, təravih namazından
çıxan dilbərlərə mövsümdən
asılı olaraq, lalə, qızılgül, ya da noğul
atar, lavanda suyu fısqırdar, gözlərini
süzdürüb ah çəkməklə, müəyyən
jestlərin köməyilə onlara öz iltifatlarını
bildirərdilər. O arada Zənci bacıdan çətir
zərbəsi yeyənlərə də rast gəlinirdi.
Bütün
bu sadalanan əyləncələr ta sahura qədər
sürürdü: sahurda isə hər kəs öz evinə
yollanmaqla, hazır süfrənin başında oturur,
qarnını doyurub, siqareti-siqaretə calayandan sonra isə
başını atıb yatırdı.
Məşhur bir lətifə də var. Bəktaşi
iftar vaxtı bir evə gedir. Ev sahibi onun söhbətlərindən
necə dərin feyzə dalırsa, təklif edir ki:
"Sultanım, qal, sahuru da birgə yeyək". Onsuz da dəm
vaxtı keçibmiş deyə, bu fikirlə əlüstü
razılaşan Bəktaşi: "Eyvallah" - deyir.
Yeyib-içirlər, qonaq durub getmək istəyəndə, ev sahibi: "Bu saatda yola çıxmazlar ki! - deyir. - Qal, səhər
açılanda gedərsən". Yıxılıb
yatırlar. Gecə yuxusu da Allahın nemətidir
zatən, odur ki, səhəri gün üzü günortaya
doğru oyanırlar. Ev sahibinin hüzuruna gedən Bəktaşi
"diş kirası"nı alaraq,
artıq yola rəvan olmaq istədiyini dilə gətirəndə
adam deyir ki: "Onsuz da gün yarılanıb, gəl, bir
axşam da mehmanım ol". Çarəsiz
qalan Bəktaşi buna da razılıq verir. Günortadan sonra birlikdə evdən
çıxırlar. O məscid sənin, bu məscid mənim
deyə dolaşınca, təkrar axşam düşür.
Şam yeməyini bitirən və üstündən bircə
fincan qəhvə içməyən Bəktaşi
qayıdır ki: "Sultanım, mən fağıra dəstur
(izn, icazə - A.Y.) ver". Ondan sonra ev yiyəsi
hər nə qədər dilə tutsa da, qonaq qalmağa
razı olmur ki, olmur. "Diş kirası"nı
alan kimi özünü qapıdan dışarı atır. Ondan sonrası isə… arif kəslərə hər
halda məlumdur. Həmin Ramazan ayı bitincə qurulan
hansısa məclisdə din alimlərindən biri heyfsilənərək
deyir: "Eh, eh, bilmirəm necə oldusa, o mübarək
Ramazanın bir gününü əldən
qaçırdım". Orada olan bizim Bəktaşi tez ona belə
təsəlli verir: "Heç heyfsilənmə, xocam, o
fürsət əsla hədər getmədi: sənin əldən
qaçırtdığın o günü şəxsən mən
yaxaladım".
Adət
üzrə deyərdilər: "Ramazanın on beşinə qədər
sanki yoxuş qalxırsan, on beşindən sonrası isə
enişi xatırladır". Bu iftar süfrəsi
açmalar, iftara getmələr, "gecəboyu nəylə
baş qataq, sahura nə bişirək" kimi qayğılar
sıralanıb gedir. Ayın iyirmi biri də
gəlir, iyirmi yeddisi də. Bu da ki - xətm
(sonluq - A.Y.).
O ərəfədə
Eyyub Sultanda iftar, hər hansı bir dərgaha baş çəkmə,
ya da Xirqeyi-Səadətin ziyarətləri tamamlanınca bir də
ayılırdın ki, bayramdan öncəki gün də gəlib
çatıb. Mahyaçı həmin gecə minarələrin
arasına ya "Əl-fəraq", ya da "Əl-vida"
sözlərini yazır, ya da bir top arabası rəsmi
yaratmaqla, topun lüləsindən çıxan mərmini
qırmızı qəndillərlə təsvir edirdi. Ay da beləcə
bitirdi.
Mətn 1962-ci ildə İstanbulda nəşr olunmuş
"Ramazan gəldi, xoş gəldi" adlı kitabda gedib.
Dilimizə
uyğunlaşdırdı:
Azad Yaşar
Əbdülbaqi GÖLPINARLI
Ədəbiyyat qəzeti.- 2023.- 1
aprel.- S.2.