Əkbər Qoşalının 50 yaşına

 

Əkbər Qoşalının həm xalq şeirindən, folklordan qaynaqlanan, həm sərbəst şeirimizin ənənələrinə söykənən poeziyası öz oxucusu ilə asanlıqla dil tapıb. Bəzən lirik səciyyəli, bəzən Vətənə, torpağa sevgidən ilhamlanan maraqlı şeirləri oxucularının qəlbini oxşayıb. Əkbər Qoşalı həm o ədəbi isimlərdəndir ki, ömrünün düz yarısını yazıb-yaratmaqla yanaşı, ardıcıl məhsuldar şəkildə ədəbiyyatımızın təbliğinə, türkdilli ölkələr xalqlar arasında ədəbi mübadilə işinin təşkilinə həsr edib. Bu işdə çoxlu uğurlar qazanıb.

Əsərləri onlarla dilə tərcümə edilərək nüfuzlu dərgilərdə, ayrıca kitablar kimi nəşr edilib. Prezident təqaüdünə layiq görülüb. Əkbər həm ədəbiyyata, sözə, həm həqiqi vətəndaş ziyalı kimi dövlətə xalqa səmimiyyətlə xidmət edib.

Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi Əkbər Qoşalının 50 yaşı tamam olur. Əkbəri təbrik edirəm. Qoy ömrü bundan sonra da elə əvvəlki kimi dolğun, yaradıcılıq coşqusu ilə keçsin.

Hörmətlə,

 

ANAR,

Xalq yazıçısı,

Azərbaycan Yazıçılar Birliyinin sədri

 

Ədəbiyyat qəzeti.- 2023.- 1 aprel.- S.22.