Ömrün ən gözəl
çağları
İş
elə gətirib ki, Əkbər Qoşalının ədəbiyyata
gəlişi hardasa mənim ölkədən gedişimə təsadüf
edib. Onun ilk ədəbi addımlarını atdığı
otuz il bundan əvvəlin o başında mən artıq
Respublika gənclik ədəbi birliyininə rəhbərlik
etmirdim. Belə bir vaxtda qəzetlərin ədəbiyyat səhifələrində
mənim ədəbi birlikdən tanımadığım yeni
bir imza da boy göstərməyə başlayacaqdı: Əkbər
Qoşalı. Yəni beləcə mən hardasa Əkbərin
özüylə şəxsi tanışlıqdan əvvəl
sözüylə tanış olacaqdım. Şeirlərindən
haralı olduğunu kəsdirmək elə də asan deyildi.
Çünki onun oxucularına təqdim etdiyi ilk qələm
təcrübələri Qoşalı soyadının məndə
oyatdığı Tovuz aşıq-saz mühitinə
uyğunlaşmırdı. Həm də bu gənc şairin
imzası qonşuluğunda Dünya Gəncləri Türk
Yazıçılar Birliyinin başqanı ünvanı da
çox şey deyirdi. Elə gənc yaşda belə bir təşkilat
haqqında düşünmək və yaratmaq 20-23
yaşlı bir gənc üçün qeyri-adi hadisə idi.
Bəlkə belə bir təşkilat haqqında
düşünmək olardı, amma bu təşkilatı
yaratmaq, onu işlək hala gətirmək hardasa bir adamın
işi deyildi. Əkbər Qoşalı zaman içində bu
düşüncəni kağızdan həyata da keçirəcəkdi.
Bəlkə bu fikrim birilərinə qəribə gələ
bilər - günümüzün reallığına
çevrilən Türk Dövlətləri Birliyinin ilk
addımları, bəlkə elə Əkbər
Qoşalının ilk təşəbbüsündən
başlayacaqdı, kim bilir. Belə olmasa da, o keçid dönəmində
Türk Dünyası birliyi təşəbbüslərindən
biri də, heç şübhəsiz, Əkbər
Qoşalıya aiddir. Zaman içərisində onun
yaratmış olduğu təşkilat gerçəkdən də
Türk dünyasında nüfuzlu bir yerə sahib olacaqdı.
Maddi imkanların qısıtlı olduğu o dönəmlərdə
Türk dünyası ədəbi gəncliyini bir araya gətirmək,
onların şeir səhifələrini hazırlamaq,
almanaxlarını buraxdırmaq elə də asan iş deyildi.
Bunu axına qarşı üzən balıq misalı, ancaq
Əkbər kimi təşəbbüskar bir gənc bacara bilərdi.
Heç də təsadüfi deyil ki, bu gün onun bu yöndəki
xidmətləri Türk dünyasında yetəri qədər
dəyərləndirilir, ayrı-ayrı ödüllərə,
mükafatlara layiq görülür.
Əkbərlə ilk şəxsi tanışlığımız
da elə onun Dünya Gəncləri Türk
Yazıçılar Birliyinin fəaliyyətə
başladığı ilk zamanlarda baş tutacaqdı. Onda biləcəkdim ki, biz
Əkbərlə eyni məkanın övladlarıyıq. O
zaman Birliyin Azərbaycandakı üzvləri ilə
görüşüm olacaqdı. Bu ilk
görüşümüz başlanan bu yolun ciddiyyətini də
mənə inandıracaqdı. Və onların bir çoxunun
şeirlərini Türkiyənin köklü
"Çağrı" dərgisində ön
sözümlə birlikdə çap etdirəcəkdim.
Dedim ki, "Qoşalı" soyadı hələ şəxsi
tanışlığımızdan əvvəl ilgimi çəkmişdi
və bu ilgi şübhələrimi doğruladacaqdı. Biz
Əkbərlə eyni dərənin suyunu içmişik.
Əkbərin doğulduğu bir kitabın iki səhifəsi
kimi üz-üzə açılmış bir dağ
yamacının iki yaxasında qərar tutan Qoşa kəndi həqiqətən
də təbiəti ilə Tovuzun ən seçkin kəndlərindən
biridir. Təbiətinin gözəlliyi öz yerində amma
oradan - dağların, qayaların, meşələrin
keçilməz qoynundan deyil dünyaya açılmaq,
heç aşağılara - rayon mərkəzi Tovuza getmək
də asan iş deyildi. Amma Əkbər əzmin zəfəri
ilə deyil Tovuza, Bakıya, yavaş-yavaş dünyaya
açılmağa başladı. Bitməsi çətindi
daşda ağacın, Bitdimi əbədi göyərəcəkdi.
Eloğlum bir şair kimi də, bir təşkilatçı
kimi də bu keçən illər ərzində bir çox
uğurlara imza atıb. O artıq Azərbaycanda yox, Türk
dünyasında seçilib-sayılan bir fiqura çevrilib, səsi-sorağı
Türk dünyasının çeşitli mərkəzlərindən
gəlir...
Öz təcrübəmdən
bilirəm, 50 yaş ömrün ən gözəl
çağlarıdır. Bu yaş olsa-olsa gələcək
uğurların sağlam özülü sayıla bilər. Hələ
bu sağlam özül üzərindən nə qədər
yeni ucalıqlar başlayacaq, çünki harda
başlanğıc var, orda davamiyyət də olacaq. Əlli
yaşın mübarək, eloğlu, daha böyük
başarı və uğur diləkləriylə, sənin Məmməd
əmin.
Məmməd İsmayıl
Ədəbiyyat qəzeti.-
2023.-1 aprel.- S.22.