Milyon illik sevginin əlli illik taleyi

 

Hamımız gənc idik, həm çox gənc. Ədəbi mühitdə bizi heç gənc yerinə qoyan yox idi. Onlarla gənc, eyni nəsil, təcrübəsiz kiçik addımlarla hara gedirdiksə, bizi mədəni şəkildə qovurdular. Təzə-təzə yeriyən uşaqlar kimi, ilantutan vaxtımız idi, əlimizi nəyə uzadırdıqsa "cız, olmaz", - deyib əlimizin üstündən vururdular. Düz-əməlli şeir yaza bilmirdik, amma içimizdə dəli bir sevda var idi, söz sevdası. Yekə-yekə ədəbiyyat adamları bizi görəndə burnunu yan çevirib gedirdi. Birdən bir adam gəldi... O adam Əkbər Qoşalı idi. Bütün gəncləri bağrına basdı.

O vaxtlardan illər keçib. İndi o gənclərin hərəsi bir vəzifədə, bir mövqe sahibidir. Əksəriyyəti ədəbi mühitdə özünə ad-san qazanıb. Əkbər Qoşalı təkcə bizi bağrına basıb böyük qardaşlıq etmədi, bizə həm şeirdə, hekayədə vətəni sevməyi, xalqı sevməyi öyrətdi, millətə bağlılığı, türkçülüyün böyüklüyünü göstərdi. Təbii ki, hamını bağrına basa bilmək, hamıya sevgisini çatdırmaq, bölmək Əkbər Qoşalının xalq, millət, vətən sevgisindən irəli gəlirdi, milli dəyərlərə bağlılığından, azərbaycançılıq, türkçülük sevdasından qaynaqlanırdı.

Əkbər Qoşalı bir insan kimi , vətəndaş kimi , yazıçı, şair kimi öz yanaşması, öz tərəfi olan ziyalıdır. Onun şair taleyi, şeir dili həmişə fərqliliyi ilə seçilib:

 

Bəlkə bir gələn var,

Gözlərim yol çəkir, yol;

Ölü dillər kimiyəm,

Sözlərim yol çəkir, yol...

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu - qələm, bu - kağızdı,

Özləri qol çəkir, qol...

Uzaq yolum təngiyir,

Uzun qolum ləngiyir;

Sağ gözümdü səyriyir,

Ürəyim sol çəkir, sol...

 

Təbii ki, ürəyi sol çəkən şairin gözləri yol çəkər, sözləri . Çünki ürəyimiz solumuzdadır, içində isə vətən var, millət var, eşq var, sevdiklərimiz, doğmalarımız var.

Əkbər Qoşalı obrazı təkcə ədəbiyyatda deyil, cəmiyyətdə sevgi elçisi kimidir. Əkbər Qoşalı Tanrıdan sevgi gətirib. Sevgi paylamaq, sevgi yaymaq din yaymaqdan da çətindir. Çünki onu sən yox, sol tərəfin edir, ürəyin. Bu mənada Əkbər Qoşalı sevgi ənamçısıdır. Yolda qarşısına çıxan dilənçi uşağa bir təbəssüm sədəqə vermək, kefsiz dostunun bir kəlmə xoş sözlə könlünü açmaq, hamını bağrına basa bilmək, sevmək elə sevgi peyğəmbəri olmaq demək deyilmi? Şair özü bir şeirində belə deyir:

 

Dindən əvvəl Sevgi özü Din idi,

Onda aşiq - yardı, onda yar - aşiq.

Əvvəl sözün susma idi, din idi,

İndi isə susmaq olub yaraşıq.

 

Böyük düşünən böyük sevən insanlar üçün vətən sevgisi alidir. İnsan böyük sənətkar ola bilər, mütəxəssis ola bilər, böyük ixtira sahibi ola bilər, amma cılız düşünər. İnsanın böyüklüyü böyük düşünən böyük sevənliyindən görünür. Bu mənada, Əkbər Qoşalı vətən sevgisi ilə yoğrulmuş şeirlərinin birində Şuşaya xitabən deyir:

 

Biz səni tərk etmişdik,

Sən bizi tərk etmədin.

Biz səndə olmasaq da,

Can, Şuşa, sən bizdəydin!

 

Əkbər Qoşalı hər gün yenidən aşiq olan adamdır. Yazında çiçəyinə, yayında günəşinə, payızında yarpağına, qışında qar dənəsinə aşiq olmaq torpağı, havanı, suyu, odu sevməkdir, yəni vətənə aşıq olmaqdır. Tanrı sevgisi, bəndə sevgisi bunların içindədir. Şair özü belə deyir:

 

Mən ona hər gün aşiqəm,

O mənə... - bilə bilmirəm.

Xəyalıyla dərdləşirəm,

Özünə... - dinə bilmirəm.

 

Can deyirəm, canım olmur,

Sevirəm sultanım olmur,

Olmur, , ay canım,  olmur,

Könlümdən silə bilmirəm.

 

Necə ki, vətəni qədər sevsək azdır, çünki sevgi sevdikcə çoxalır, Əkbər Qoşalı haqqında qədər yazsaq da azdır. Çünki Əkbər Qoşalı bir məktəbdir. Eşq məktəbi, sevgi məktəbi, insanlıq məktəbi. İndi Əkbər müəllimin 50 yaşı tamam olur. Milyon illik sevginin əlli illik taleyi Əkbər Qoşalıda cəmlidir. Yarım əsrlik sevgin mübarək olsun, abi.

 

Elşad BARAT

 

Ədəbiyyat qəzeti.- 2023.-1 aprel.- S.23.