Başqa yazı
Vallah, hər
yazıya oxşamıram mən,
Vallah, hiss edirəm,
başqa yazıyam.
Dünənin, bu günün
şairi deyil,
Binadan şairəm, başdan yazıyam!
Bir
başqa yazıyam sirli-sehirli,
Bir ayrı
taleyəm, qədərəm
mən də.
Dünyanın əvvəli, sonu
qədərəm,
Özümdən özümə qədərəm
mən də!
Dil nədi,
bilməyən, yuxluyan çoxdu,
Dilini bilmirəm
başqa yazının.
Yoxdu, mənim kimi oxuyan yoxdu
Sirrinin qayada, daşda yazının!
Yer yoxdu,
özümə yer eyləyirəm,
Ürəkdə yazıdan, başda yazıdan.
Mənim yazılarım hardan başlanır? -
Əlbəttə, həmişə başqa
yazıdan!
Canımı
söz üçün qurban demişəm,
Qurbandı ürək də,
baş da, yazıya!
Ürəyim dincəlir, ruhum
dincəlir
Baxanda bu doğma-başqa yazıya!
Ölsəm,
görəcəksiz təzə ölmürəm,
Ölüm də başqadı məndən ötəri.
Binadan yazıdı,
başdan yazıdı.
O başdaşındakı adımmı
mənim?
Dönün, yaxşı baxın...
başqa yazıdı!?
Göylər padşahı
Min illər
boyudur yoldadır bəşər,
Gətirib gələn var sözü bəriyə.
Götürüb gedən var sözü anrıya!
Sanıram yol gəlir, yol gedir bəşər,
Cavid əfəndidən üzü
bəriyə,
Cavid əfəndidən üzü
anrıya!
"Ana"
sı hamıya ana olubdu,
Şeyxlər şeyxidir
"Şeyx Sənan"ı.
"Kiyaz"ı kiyazdır,
"Afət"i afət,
"Topal Teymur"udur tutan dünyanı!
Yan-yanaşı
şair, sərkərdə kimi
"Siyavuş"u gəlir,
"Xəyyamı"ı gəlir.
Başda
qərar tutub "Peyğəmbər"i də,
Nuruna qərq edir əyyamı, gəlir!
Özü də bir sənət peyğəmbəridir,
Ölməyib, yaşayır, guya bilmirsiz?!
Yaşadır bizlərdə azəri
"Azər",
Öldürüb bizlərdə İblisi
"İblis".
Min ildi
aşiqtək sevir, sevilir,
Qoca Şərqin
Şekspri sayılır.
Enir Adəm kimi
göylərdən, enmir!
Göylərdədir "Hüsnü
Xuda şair"i,
Bu yerlər şairi, göylər şairi!
Yaşadı
göylərin padşahı kimi,
Dövranını sürdü, ömrün eylədi.
Sibirdən bir axşam qayıdıb gəldi,
Sibirin özünü
sürgün eylədi.
Elə
anlamışam, elə duymuşam,
Sanıram dünyada tələsir
hamı,
Onu anlamaqçün,
Onu sevməkçün.
Oğlumun adını Cavid
qoymuşam,
Evdə-eşikdə də Cavid deməkçün!
Göylər
üzündədir... yerlər üzünə
Düşəndə göydən yox, özündən düşüb.
Bəşərin gözünə eynək
olubdu,
Özünün eynəyi gözündən
düşüb!..
Qubanın ağ
alması
Yenə
də almalar ağ,
qırmızıdır,
Aran almasıdır,
dağ almasıdır.
O qızın gözündə
bütün almalar
Nə vaxtdı Qubanın ağ almasıdır!
Yolunu
gözləyir şəhid yarının,
Kim deyir ağlamır,
yar
yası tutmur.
Ha həkim çağırır,
dəva edirlər,
Ha sarğı qoyurlar, yarası tutmur!
Əlləri
havada, ağzı duada,
İstəyir bir də qan-qada
olmasın.
Alma ağacları yəqin ki, küsməz,
Yarına
saxlayıb Quba alması!
Uzanır
döyüşə döyüşə, yollar,
Şəhidin, o qızın canından
keçir.
Onun nəzərində döyüşə
yollar,
Quba almasının
yanından keçir.
Quba
almasına and içir içsə,
Ona haqqın
özgə adını
vermir.
Aldığı meyvələr dadlı
olsa da,
Quba almasının dadına vermir!
Yoxdu,
başqa barda gözləri, yoxdu,
Olub ümidinin barı-Gələcək!
Quba almasını əkib qapıda,
Bilir, eşidincə yarı gələcək!?
Başından
dumanlar, tüstülər qalxır,
Ağırdı ayrılıq, o gözəl
duyur.
Hələ də yolların
üstünə çıxır,
Hələ də yollara baxıb oxuyur:
"Qubanın
ağ alması,
Yeməyə bağ alması.
Yarım
gələnə qaldı,
Yaramın sağalması!"
Küsənlər
Elə
istəyirəm kefin gələndə
Məndən inciyəsən, məndən
küsəsən.
Tənha
qalmayasan... tənha qalanda
Məndən inciyəsən, məndən
küsəsən.
Can-ciyər
olanla canciyərəm ha,
Məndən inciməsən inciyərəm
ha!
İstəyirəm könlün-gözün doyunca,
Məndən inciyəsən, məndən
küsəsən!
Neyləyim
dadına çatan tapmasan,
Könlünə mənimtək yatan
tapmasan!
Kaş ki, inciməyə adam tapmasan
Məndən inciyəsən, məndən
küsəsən!
Hardan
tapasıyıq bu şirinliyi,
Hardan bulasıyıq
bu şirin meyi?
Küsmək nə şirinmiş,
nə şirin, deyib,
Məndən inciyəsən, məndən
küsəsən!
Gəlmək
mümkündümü yanına asan,
Az səni qısqanım, az məni
qısqan!
İnciyib küsəndə yanılmayasan,
Məndən inciyəsən, məndən
küsəsən!
İnciklik
saymaram incikliyini,
Duymasa küsməyin incikliyimi!
Kaş elə özündən küsürmüş kimi,
Məndən inciyəsən, məndən
küsəsən!
Necə vurulmayım, vurulum sənə? -
Min bir ömrüm olsa yar olum sənə!
Ömür, bilirsənmi, verilib
sənə,
Məndən inciyəsən,məndən
küsəsən!
Neynirik,
Yazımız Yaz olsa ayrı,
Bu alın yazımız yazılsa ayrı!
Haqqın
var... qəbrimiz
qazılsa ayrı
Məndən inciyəsən, məndən
küsəsən!
Ağa şapalağı
İsrafil ağa Qazaxda məscidin qarşısına gələndə
görür ki, Gəncə quberniyasından göndərilmiş
bir çar rəisi camaatın üstünə ağzına
gələn təhqiramiz sözlər, söyüşlər
yağdırır. Ağanın şapalağı
açılan kimi rəis dığırlanıb
öz atından bu el igidinin atının dırnaqları altda
düşür...
Alacaq
payını haqqı saymayan,
Bu xalqın haqını
qapan yağıdır.
Allah! O nə
səsdi, Sur səsidimi?
İsrafil ağanın şapalağıdır!
Elə
çatdadı ki, nadan üzündə,
Çaxdı ildırımın sanki
şax səsi!
Yıxdı ildırımın səsindən
qabaq,
Axmağın birini şapalaq
səsi!
Dözməyib
ağanın ağır zəhminə
Qaçan bax özünü itirib qaçdı.
"Di sürük!" - deyincə
çar rəisinə,
Qaçdı, dabanına tüpürüb
qaçdı!
Xalqın
üzərinə töksün, nədəndi,
Yaşıl zəhərini hər ilan-əfi?!
Xalqın
təəssübü belə
çəkilər,
Belə
saxlanılar xalqın
tərəfi!
Kim dedi,
kiməsə yalvar, kim desə,
Hər kişi kişimi?
Üzü ağ olmur!
Baxma şapalaqlıq əl var kimdəsə,
Hər kəsdə əl olur... şapalaq olmur!
Arxa
olduğuyçün xalqa, xalq kimi
Arxası
var imiş şapalağın da!
Şapalaq da elə-belə
olmurmuş,
Ağası var imiş şapalağın da!?
Qoymaz gizlənməyə,
tapar yağını,
Çapar, namərd harda,
Alçaq hardadır!
İsrafil ağanın şapalağının
Hələ şaqqıltısı qulaqlardadır!
Pıçıltılar
Yavaşca-yavaşca
dolur buludlar,
Yavaşca-yavaşca yağır yağışlar
Dənizlər kükrəyib köpürmək
üçün
Yavaşdan yavaşca axmağa başlar.
Yavaşca-yavaşca
açır çiçəklər,
Qönçə geyimini soyunur güllər.
Yavaşca-yavaşca gülə çevrilib,
Geyinirlər öz gül donunu güllər!
Götürüb
götürən zaman gücünü -
Bulaqlar tutumu pıçıltısından.
Bir bax, sükut edən qəbiristanlara,
Qulaqlar tutulur pıçıltısından!?
Eyləsə
özüylə dava eyləyir,
Yoxdu iş-gücü göz yaşının da,
Başqa
dava-dalaş, savaşla,
axır...
Nədən
iti sular iti görünür,
Yavaşca başlayıb...
yavaşca axır?
Gör
ana təbiət al lalələrə
Nələr öyrətməyib... nələr öyrədib.
Ucadan axmağı şəlalələrə
Pıçıltıyla axan sular öyrədib.
Elə
düşünmə ki, ucadır sözü
Əsl aşıq-aşiq
olmayan kəsin.
Yiyəsi
utanır... sazı çalınır,
Səsini
alçaldan ucaldır
sözü,
Səsi ucalanın özü alçalır.
Uyma
çaqqalların qışqırtısına,
Hələ ağzını yum,
danışma, əylən!
Qulaq as otların pıçıltısına,
Adam balasıtək danışmaq
öyrən!
Pıçılda
qələmim, pıçılda masam,
Yoxsa kor qəpiyə dəyə
bilmərəm.
"Bir dur, qulağını
bəri tut" deyib,
Sözün qulağına pıçıldamasam,
Mən də bir sözümü
deyə bilmərəm!
Bir vaxt bu
dünyada bu hay-küy deyil,
Hay-küyü yox edən
pıçıltı vardı.
Çoxunu çox edən pıçıltı vardı.
Məni
şair edən qışqırtılar yox,
Məni
şair edən pıçıltılardı!
Neçə
ki, söz deyir pıçıltı ilə,
O saat pərvanə şamı eşidir.
Ucadan səslənsin deyə, sözümü
Yavaşdan deyirəm... hamı eşidir?!
Barat Vüsal
Ədəbiyyat qəzeti.- 2023.- 1
aprel.- S.25.