İlahi əsər
Ağaclar Eyfel qülləsindən,
dağlar Misir piramidalarından
daha gözəldi...
Möcüzə dənizlər, nəhrlər,
yağışlar, küləklər,
ucsuz-bucaqsız çöllərdi...
Dünya
Allahın möcüzəsi
-
İlahi
bir əsərdi!
Ramazan
Oruc tutar müsəlman
Bu ay gəldiyi zaman.
İlin
ən göyçək
ayı
Ramazandı, Ramazan.
Bu ay nəfsi dinləyib
Baxmadınsa sözünə.
Cənnətin qapıları
Açıq olar üzünə.
Xeyirdi, bərəkətdi,
Mərhəmətdi Ramazan.
Allahdan insanlara
Bir nemətdi Ramazan!
Günəş
Hamı
onu əzizlər
Söhbətində-sözündə.
Bəs günəş necə durub
Görən göyün üzündə?
Yerə düşə bilərmi?
Düşsə yandırar bizi.
Onu göydə saxlayan
Düşündürmür bəs sizi?
Göyqurşağı
Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam.
Hərdən görünürəm mən
Yeddi rəngli
donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.
De, hansı rəssam
çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?
Arı
Sarı
gülə bənzərəm
Lalə kimi xalım var.
Min bir dərdin dərmanı
Dadlı, şirin balım var.
Gəzərəm, dolanaram
Bağçaları, bağları.
Aşaram
qanadımla
Uca-uca dağları.
Ətirli
çiçəklərin
Şirəsini çəkərəm.
Bir məlhəm hazırlayıb
Pətəyimə tökərəm.
Mühəndisəm, aşbazam...
Həmişə çalışaram.
Mən öz düşmənlərimlə
İynəmlə savaşaram.
Özümü öyməyim çox
Varmı bunun niyəsi?
Özüm də, pətəyim
də
Allahın möcüzəsi!
Mina RƏŞİD
Ədəbiyyat qəzeti.- 2023.-
1 aprel.- S.27.